manera.az
manera.az

Darıxırsan, bilirəm - "Şahanənin nağılı"ndan şeirlər

📅 21.11.2018 12:00

Darıxırsan, bilirəm - "Şahanənin nağılı"ndan şeirlər
Manera.az gənc şair Şahanə Müşfiqin "Şahanənin nağılı" kitabından şeirlər təqdim edir:

Darıxan qadın...

Nə üzlü qonaqmış bu darıxmaq da,
Fikrimdən qovuram, qəlbimdən gəlir.
İndi bahar fəsli deyil, mən bilən,
Bəs necə burnumda qoxun güllənir?

Belə darıxmağı kim icad edib?
Görüm darıxmaqdan məntək boğulsun...
Sənsiz gözlərim də yolun itirib,
Gəl ki, yazıqlar da “evə yığılsın”...

Xoşbəxt günümüzdən xatirə şəkil
Gözümün kökütək saralıb indi.
Yollar da üstümə sənsiz qayıdır,
Görüm zəhrimara qalsın həsrəti!

Boyumdan yekədi, əynimə gendi,
İçində itmişəm bu darıxmağın
Qayıt, duman gözlüm, qayıt, yubanma,
Yolunda boy atıb “Darıxan qadın”.

Mənim sənsizliyim yaman paxıldı...

Gözümdən dünyanı elə salmısan,
Adını dilimə ala bilmirəm.
Gecəmlə gündüzüm qarışıq düşüb,
Əl atıb sahmana sala bilmirəm.

Həsrətin əynimə elə yaraşıb,
Özgə bər-bəzəyi, düzü, götürmür.
Mənim sənsizliyim yaman paxıldı,
Sənli günlərimi gözü götürmür.

Yığıb-yığışdırdım qalan günləri,
Eləcə ölümü gözləmək üçün.
Ovcuma yığmışam xatirələri,
Sənsiz həyatımdan gizləmək üçün...

Yadam özümə...

Bu külək özünə oxşamır nəsə,
Əhvalı dəyişib, halı dəyişib.
Hara əsdiyini özü də bilmir,
Cığırı dəyişib, yolu dəyişib.

Bu küçə heç tanış gəlmədi mənə,
Necə səssizlikdir, necə qaranlıq.
Yoxmu bu küçədə Allah bəndəsi,
Dayanıb dinləsə məni bir anlıq?

Bu yollar nə qədər yaddır, İlahi,
Əvvəl heç düşməyib yolum bu yola.
Sonu haralardır, hara aparır?
Nə yolla özümü salım bu yola?

Mən ki tanımıram bu adamları,
Nə yaman soyuqlar, nə yaman yadlar.
Sanki bu dünyada yaşamırlar heç,
Bəlkə yaşamaqdan daha doyublar?

Güzgüdən boylanan o adam kimdir?
Gözləri nə qədər kədərli baxır.
Həyat pərçimlənib sanki gözünə,
Ordan damla-damla torpağa axır.

Tanıya bilmirəm daha heç kimi,
Özüm də yad oldum özümə, Allah!
Daha istəmirəm xatirə, yaddaş,
Məni heç qaytarma özümə, Allah!

Darıxırsan, bilirəm!

Darıxırsan, bilirəm,
Özünə zülm etmə, yaz.
Bir soruş, gör necəyəm,
Deyim dərd çox, dərman az.

Heç soruşma halımı,
Xəbər alma kefimi.
Bir salam yaz, sonra de:
“Bağışlayın, səhv getdi”.

Unutdururmu məni
İçkinin yüz qramı?
Dağıdırmı ətrimi
Siqaretin dumanı?!

Neçə mesaj yazıram,
Göndərməmiş pozuram.
Həsrəti yuxu kimi
Min bir yerə yozuram.

Sənsiz elə tənbələm,
Göz yaşımı silmirəm.
Biz niyə ayrılmışıq?
Unutmuşam, bilmirəm...

Qürura çox güvənmə,
Sənlə birgə ağlamaz.
Gecə tək darıxanda
Saçlarını oxşamaz.

Darıxırsan, bilirəm,
Özünə zülm etmə, yaz.
Bir soruş, gör necəyəm,
Deyim dərd çox, dərman az...

Deyirsən, dönəcəm yayda...

Səndən uzaq bu şəhərdə
Sazaq əllərimi kəsir.
Saçlarımın qoxusunu
Külək nəfəsinə çəkir.

Qış kəsdirib qapımızı,
Ora da gəlibmi soyuq?!
Deyirsən, dönəcəm yayda,
Donuram...gəl, indi qayıt!

Yetməyir nə ocaq, nə gün
Buza dönmüş sənsizliyə.
Deyir, sabah qar yağacaq,
Əlin, ver geyim əlimə...

Gözümün yaşı da donub,
Asılıbdı kipriyimdən.
Şəhər də kimsəsizləşib,
Sən çıxıb getdiyin gündən.

İsidəmmir heç günəş də
Bircə “sevirəm” sözüntək...
Düzü, qış da bəhanədir,
Qayıt ki, döyünsün ürək!

Ata gözləyir...

Yaman gec kəsişdi ömür yolumuz,
Mən hələ gedirdim, sən qayıdırdın.
Gözündən tanıdım, həmin adamdın,
Qəlbində bir dünya qəm qayıdırdın.

Nə yaman qəddarmış bəxt yazanımız,
Hansımız əsəbi vaxtına düşdük?
Min illər yol gəldik bir-birimizə,
İşə bax, ayrılıq günü görüşdük.
Onca il səninçün nəydi, İlahi?!
On ili yaşadım bir neçə gündə.
Ayın da üzünə ləkə düşərmiş,
Günəş hər batanda, qürub edəndə...

Yorğunluq qoxurdu üst-başın tamam,
Gördüm saçlarında dən çiçəkləyir.
Dedim: - “Bu dünyadan uzaqlaşaq, gəl”,
Dedin: - “Uşaqlarım ata gözləyir...”

Küçənizdə...

Həyatım çiliklənib,
Tənhalıq dənizində.
Bir sevgi itirmişəm
Bu gün dar küçənizdə.

Necə tapım, görəsən?!
İzi-tozu da yoxdu.
Küçənizin havası
Çıx, gör necə soyuqdu.

Saçıma sığal çəkən
Əlindəmi unutdum?
“Səni sevirəm” - deyən
Dilindəmi unutdum?

Ağaclara yazdığım
Adında qalıb sevgim.
Bir də ki, küçənizin
Yadında qalıb sevgim...

Tələs ayrılığa...

Sevgidən yıxılan nə çox,
Gəl, birinci biz yol alaq.
Qovuşmağa gecikmişik,
Tələs, ayrılığa çataq...

Beləcə, dönsün heçliyə,
Gözümüzdəki əksimiz...
Boylansın başqa yönlərə,
Yollarda ayaq izimiz.

Saatın əqrəbləri də
Tərsinə işləyir artıq...
Haqqı nədi ödəmişəm,
Düş, əzizim, sona çatdıq.

Danışsam nə fərqi, sussam nə fərqi

Ovcumda kövrək bir ürək tutmuşam,
Görəsən hayana qoyum, sınmasın?
Mən belə ürəyi necə tutum ki,
O Canıyanmışın canı yanmasin...?!

Neynim, varaqlar da üzümə baxmır,
Qələmim didərgin düşüb əlimdən.
Sözümün nazını çəkməyir daha,
Yaxşısı, siz məni asın dilimdən.

Danışsam nə fərqi, sussam nə fərqi,
Yetmir, atam-anam, söz adamlara.
İlahi, bu dünyan hələ dönürsə,
Borclusan bir ovuc düz adamlara.

Yuxusu gəlir dünyanın

Deyəsən, canı ağrıyır,
Adamları durub qəsdə.
Yuxusu gəlir dünyanın,
Yuxulayır dizim üstə.

Hər il oyaq qala-qala,
Həyatın hər üzün gördü.
Bircə gedəydi yuxuya,
Bəlkə yuxuda gün gördü.

Dizlərimi bükən dünya
Dizlərimə qısılacaq.
Bəlkə gözümdən tökülüb,
Yuxusundan asılacaq...

Bir qızım gələcək dünyaya

Bir səhər
köhnə doğum evinin
alaqaranlıq otağında
doğacaq günəş;
Ölüm yuxusundan oyanacaq şəhər
bir körpə səsiylə;
Və noyabr soyuğu dağılacaq nəfəslərdən
bir ananın ilıq təbəssümüylə...
Bir qızım gələcək dünyaya
həmin səhər
bütün gedənlərin əvəzinə...
Özüylə bərabər gətirəcək
dünyaya anasını da...
Minicik ovuclarından
ümid səpəcək ömrümə,
Hər gülüşündə bir az daha öyrədəcək
gülməyi mənə,
Barmağımdan yapışan
o xırdaca barmaqlarından öyrənəcəm
həyata sarılmağı
və hər gecə dünyanın ən gözəl
musiqisi səslənəcək
qaranlıq otağımda
qızımın yemək zamanı...
Bir qızım gələcək dünyaya;
Boynuma dolanan
kiçicik qolları
qılınca dönüb kəsəcək
tənhalıqları;
Bütün güllələrə cavab atəşi olacaq
qığırtıları
Və bütün tankları əzib keçəcək
qorxaq addımları...
Hər yaz bənövşə toplayıb bağçamızdan
paylayacağıq yalnızlara...
Bir qızım gələcək dünyaya;
Məsələn, anasının şeirlərini oxumaq üçün
öyrənəcək hərfləri,
ya da insanların sifətini saymaq üçün rəqəmləri...
Bir qızım gələcək dünyaya;
Saçları ipək,
gözləri huzur yuvası,
Qəmzəsində əriyəcək
bu həyatın hər cəfası...
Bir qızım gələcək dünyaya;
Bütün saxta “sevirəm”ləri külə döndərəcək
bir tək “ANA!” nidası!..

Getmək düşüb könlünə

Getmək düşüb könlünə,
Vaxt yetişdi,
Zaman çatdımı deyirsən?
Niyə elə küskün-küskün gülürsən?
Sən də tutulmusan tənhalıq mərəzinə,
Addım-addım,
Qarış-qarış,
Nəfəs-nəfəs,
əl-əl məlhəm gəzirsən.

Sən də qaçırsan fəlsəfəyə,
Həyatı duymaq,
Həzz almaq,
Yaşamaq keçir ürəyindən.
Sənindəmi itib ağzının dadı?
Oysa ki, hər səhər günəşin sənin üçün,
Hə, bax elə sənin üçün gülümsəməsində
Nə şirinlik var,
bir bilsən.

Getmək düşüb könlünə,
Görürəm bir ayağın qapının kandarında
Yolun gözləyir o birinin.
Getmək istəməyəndə qadına dönər sol ayağımız
bir anda,
Nə makyajı bitər,
Nə saçı,
Yaxşısını da seçə bilmir geyiminin.

Getmək düşüb könlünə,
Unudulmaq da vare... şair,
Unudulmaq da...
Həmişə unudanlardan gileyləndik,
Oysa ki, getməsəydi gedənlər,
Unutmazdı unudanlar,
Inciməsən deyərdim ki,
Gedənlərdən daha vəfalıdı qalanlar...

Getmək düşüb könlünə,
Tələsmə, qurban sənə...
Getmək həmişə var,
O yol, o sən...
Mənsə təzəcə şeir dəmləmişəm,
Gəl bir otur,
İçək şeirimizi isti-isti,
Təzə film çəkilib romantik-komedi,
Ona baxaq,
Bir musiqi dinləyək,
Bir mahnı oxuyaq...

Getmək düşüb könlünə,
Getməyin qalmışdı gecəyə?
Yıxıl yat, qurban sənə,
Allah kərimdi səhərə...

MANERA.AZ


Baxış sayı - 1 904 | Yüklənmə tarixi: 21.11.2018 12:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031