Türkiyəli rejissor: “Məqsəd kinodan pul qazanmaq deyil”
Xəbər verdiyimiz kimi, bu ilin 23-27 noyabr tarixlərində Nizami Kino Mərkəzində Türk film həftəsi keçiriləcək. “Türk film həftəsi”nin koordinatoru Önər Kılıç layihə haqqında MANERA.AZ-a danışıb. Söhbəti təqdim edirik:
- Xoş gördük, Önər bəy. İstərdik söhbətimizə özünüz haqda qısa məlumatla başlayaq:
- Rejissor, “Türk film həftəsi”nin koordinatoru Öner Kılıç. 2010-cu ildən etibarən Türk dünyası kinosu ilə bağlı layihələr həyata keçirirəm. Məqsəd türk dünyası filmi ilə bağlı forum yaratmaq, ortaq tük dünyası kinosu formu olaraq rejissorlar, ssenaristlər, pradüsserləri bir mərkəzdə birləşdirərək ortaq mədəniyyəti, dili olan topluluqların ortaq sənət əsərlərini yaratmaqdır.
- “Türk film həftəsi” layihəsi nə zamandan həyata keçirilir?
- 2015-ci ildən... O zaman Mədəniyyət və Turizm naziri, hazırda isə prezidentin baş məsləhətçisi Yalçın Topçuya bu layihə ilə müraciət etdim. Türk filmləri bütün dünya festivallarına qatılır, tanınır, amma niyəsə bizə yaxın olan, doğma olan digər türkdilli xalqların yaşadığı yerlərə getmirdi. Bu məsələ ilə bağlı bir film festivalı düşündüyümü dedim. O da razılaşdı, amma bir şərt dedi .
- Hansı şərt idi o?
- Yalçın bəy layihənin əvvəlcə Azərbaycanda keçirilməsini istədi. Biz də razılaşdıq və hazırlaşmağa başladıq. 2015-ci ilin noyabr ayında ilk dəfə Azərbaycanda Türk filmləri həftəsi keçirtdik. Artıq Azərbaycanda noyabr ayı Türk filmləri ayı oldu. Bu il dördüncüsünü keçiririk. Azərbaycandan sonra Qazaxıstan və Qırğızıstanda keçirtdik. Və təbii ki, “övlad yurd” dediyimiz Balkanları da daxil etdik. Gələn il Özbəkistanı da layihəyə daxil etmək istəyirik. Çünki Türküstan coğrafiyasının ən önəmli ölkələrindən biri də Özbəkistandır. Layihənin ümumi mənada coğrafi ərazisi budur.
- Layihədə əsas məqsəd nədir?
- Əsas məqsəd Türk dünyası kino adamlarının bir-birini tanıması, bir-birləri ilə daha sıx münasibət qurmaqları və ortaq mədəniyyətimiz üzərinə birgə kinolar istehsal etməkdir.
- Bəs gözləntilərinizi qarşılaya bilirsinizmi?
- Gözləntilərimiz əslində xeyli irəliləyib. "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmoğlu ilə bu məsələ ətrafında xeyli müzakirələrimiz oldu. Qırğızıstan, Qazaxıstan kino müdirləri ilə də eyniylə. Artıq layihəmiz müəyyən qədər məsafə qət edərək bir yerlərə gəlib çıxıb. Fərdi olaraq da bu ölkələrdəki prodüsserlər artıq bir-birləri ilə əlaqədədirlər. Bu il Türkiyədə Mədəniyyət Nazirliyinin dəstəklədiyi bir film var, onun rejissorluğunu qırğız rejissor həyata keçirəcək. Prodüsseri Türkiyədən, rejissoru Qırğızıstandan.
- Maraqlıdır...
- Bəli. 2019-cu il üçün Mədəniyyət Nazirliyimiz və Türkiyə Tanıtma Fonduna bir müraciətimiz oldu. İyun, ya da iyul ayında Qaradənizdə- Orduda Türk Dünyası Film konfransı planlaşdırırıq. Hər ölkədən 2-3 film iştirak edəcək. Amma həmin ölkələrdən filmdən əlavə, kino adamları da toplanıb bir həftə müddətində müzakirələr edəcəyik. Bizim ortaq dəyərlərimiz, hansı filmlər çəkək, filmlərdə hansı məkanlardan istifadə edək kimi məsələlərin müzakirə olunacağı layihədir. Sevindirici haldır ki, maraq hər keçən gün daha da artır. Başda Azərbaycan olmaqla getdiyimiz ölkələrdə kino adamları, bu sahənin mütəxəssisləri bizimlə əlaqə saxlayırlar, birlikdə ortaq filmlər çəkək, toplantılar, layihələr həyata keçirək deyə təkliflər gəlir. Hətta on gün öncə Qazaxıstanda bu festivalın dördüncüsünü keçirtdik və təxminən 20 nəfər qazaxıstanlı müstəqil prodüsserlər bizimlə görüşdülər. Fevral ayında onlar Türkiyəyə gələcəklər. Biz də qazaxlar üçün Türkiyədə bir həftəlik davam edəcək görüşlər nəzərdə tutmuşuq. Görüşlər çərçivəsində müxtəlif səpkidə fikir mübadiləsi aparacağıq. Onlarla TIYAP-ın (Red.: Film Yapımcıları Meslek Birliği) toplantı salonunda görüşəcək, sonra maraq dairələrinə görə film çəkiliş məkanlarına aparacağıq.
- Önər bəy, belə layihələrə maraq hardan qaynaqlanır?
- Türk olmağımdan qaynaqlanır (gülür...) Türk dünyasının hamısı mənim qohumlarımdır. Biz ailəmizdə belə böyümüşük.
- Əslən hansı bölgədənsiz?
- Azərbaycanın Qazax bölgəsindənik. 1826-cı ilə Osmanlı-rus müharibəsində Qazaxın ruslar tərəfindən alınmasından sonra ailəmizi Anadolu, Osmanlı
torpaqlarına köçürüblər. Çünki mənim babam o dövrdə Osmanlı ordusunda çalışırmış və rusların əlinə keçsə, strateji məlumatlar alına bilərdi. Uşaqlığımızdan bəri bu hekayələrlə böyümüşük. Burada bizim qohumlarımız olduğunu bizə öyrdiblər. Qohum deyəndə qan bağı önəmli deyil, eyni soykökdən gəlmək önəmlidir. Biz də oğuz soyundan gəlirik hamımız. 1992-ci ilə TRT-də işləyirdim. Türk dövlətləri müstəqilliyini qazananda TRT-dən bir heyət hazırlandı və bu bölgələrdən reportajlar hazırlamaq üçün könüllü heyətə daxil olan rejissorlardanam. Azərbaycandan Çin səddinə qədər 9 ay bu bölgədə sənədli filmlər çəkdik. O zamanda hər biri üç bölümdən ibarət altı ölkə üçün 18 sənədli film hazırladıq. Onlar da TRT-də yayımladılar. Sonralar mən yenə də gedib gəlirdim. Dediyim kimi, Azərbaycan mənim ata yurdumdur. Qazaxıstanda Əhməd Yəsəvi Uiversitetində kino-televiziya fakültəsində bir il müəllim kimi çalışdım. Türk dünyasının birləşməsi deyəndə mütləq fiziki birləşmə nəzərdə tutulmur, ruhən birləşməyi nəzərdə tuturuq. Bunun ən yaxşı yollarından biri də kinodur.
- Türk dünyasını əhatə edən bu layihənin ən çox təsirini harda görürsünüz?
- Azərbaycan ilk başladığımız yerdir və buranın dil üstünlüyü də var. Bizim sizinlə sadəcə şivə fərqimiz var. Biz Azərbaycanı ikinci ölkə kimi görmürük, öz ölkəmiz kimi qəbul edirik. Ondan başqa, Qazaxıstan və Qırğızıstanda da böyük maraq görürük. Bu festivalı Qazaxıstanda dörd dəfə təşkil etdik, maraq çox oldu. Sonuncu dəfə Qazaxıstanda düzənlədiyimiz film həftəsinə də böyük maraq oldu. Çünki orada insanlar hələ yeni-yeni Türk kinosunu tanımağa başlayırlar. Onlar bizə çox dedilər ki, yenidən gəlin, davamlı bu layihəni burada keçirin. Biz də onlara təklif etdik ki, siz də gəlin, Türkiyədə keçirin belə bir layihə, sizin də kinonuz Türkiyədə tanınsın. Biz bunu da istəyirik.
- Önər bəy, bəs bugünkü Azərbaycan kinosuna münasibətiniz necədir, biz də belə bir layihəyə hazırıqmı?
- Bir kino adamı kimi kino adamlarının çatışmayan tərəflərində danışmaq doğru olmaz. Azərbaycan kinosu Sovet dövründən sonra müstəqilliyin ilk çağlarında yenidən qurulma dövrünə girdi. Bu dövrün də təbii ki, sancıları var. Hazırda Azərbaycandakı kino adamları o sancıları yaşayırlar. Yeni-yeni özünəməxsus kino yaratmağa çalışırlar və bu müddət çox çətindir. Türkiyənin 110 illik bir kinosu var və bu 110 il həmişə müstəqil olub. Yəni, biz öz filmimizi çəkmişik həmişə. Azərbaycan kinosu da 120 illik bir kinodur, amma uzun müddət Rusiyanın təsirində qaldığı üçün Azərbaycana məxsus kino yox idi. O dövrdə çox gözəl filmlər çəkildi. “Babək”, “Nəsimi” kimi filmlər var ki, çox uğurlu filmlərdir.
- Bunlar əvvəlki filmlərdir... Bəs yenilər?
- Yenilər hələ ki, yaranmaq, özünü toplamaq dövründədir. Məsələn, Elçin Musaoğlunun “Nabat” filmi var. Çox uğurlu filmdir, bəyəndim. Keçən il Malatya film festivalında bir Azərbaycan filmi ən yaxşı xarici film mükafatını aldı: “Nar” filmi. Özünəməxsus filmlər çəkən həmkarlarımız var, amma az sayda. Dünyada yeni bir tendensiya yarandı. Bu, dünyanın hər yerində var, eləcə də Türkiyədə: absurd komediya.
- Bizdə də yeni komediya filmləri çəkilir...
- Bəli, sizdə də var. Türk dünyasında komediya anlayışı hələ ta öncələrdən var. Biz Molla Nəsrəddin kimi ağıllı gülüşləri olan bir millətik. Bu cür gülüşlərdən sonra "sulu" komediyalar bir az qəribə təsir bağışlayır. Bu, təkcə Azərbaycana xas deyil. Elə Türkiyədəki komediyalar haqqında da bu düşüncədəyəm. Eləcə də Qırğızıstanda, Almaniyada, Fransada da izləmişəm. Son 10 ildə nədənsə dünyada “sulu” komediyalar çəkilir.
- Yəni, sizi qane etmir?
- Bəli, etmir. Yumor dünyanın ən ağıllı işidir və ağıllı insanlar yumor etməyi bacarır. Yumorla insanlara mesajlarınızı verə bilərsiniz. Xüsusən Türkiyə 1980-ci illərdə Kamal Sunal filmləri ilə bunu göstərirdi. Cəmiyyətin hansısa problemləri gülüşlə, satira ilə əks olunurdu. Məsələn, “Çöpçülər kralı”, “Qapıçılar kralı”, “Qolçular kralı” kimi incə satiralı filmlər çəkdi. Türkiyədə ağalıq çox geniş yayılmışdı, cəmiyyət bundan əziyyət çəkirdi. Buna görə “Zühüd ağa” deyə bir film çəkdi ki, o da komediya idi. Komediya demək, sadəcə söyüş söymək, ağzı, gözü əyərək, fiziki hərəkətlərlə deyilən bir şey deyil, çox ağıllı işdir. Bizim xalqımızın folklordan gəlmə mizah anlayışı var onsuz da. Biz belə ağıllı insana Molla Nəsrəddin adını vermişik. Ağıllı gülüşə sahib millət ikən sulu komediyaya keçmək məni kədərləndirir. Amma bunu eliyən həmkarlarımız da ticari qayğılarla, yoxsa cəmiyyət bunu istəyir deyəmi edirlər, bilmirəm.
- Önər bəy, bu problem indiki tamaşaçıların daha çox “fast food” həyata meyl göstərməsiylə əlaqədar ola bilərmi?
- Əlbəttə. “Fast food” həyat təkcə yeməyə aid deyil, artıq həyatlarımız da belədir. Bu, çox acıdır. Hər şeyimiz sürətlənib. Bu, sosioloji mövzudur, üzərində düşünmək, araşdırmaq lazımdır. Amma bunu tamaşaçıya biz verdik, biz ərz etdik, onlar isə istəməyə başladılar. Kino insanlar arasında ən güclü təsirə malik bir şeydir. Vaxtilə intellektual insanlar indi düşünməyən, sürətli həyata sahib bir cəmiyyət yaratdılar. Bunun da başlıca təsiredici qüvvəsi kinodur.
- Necə düşünürsünüz, kinoda daha çox hansı mövzulara üstünlük verilməlidir?
- Mövzu axtarsanız kinonu çərçivələmiş olacaqsınız. Hər mövzu işlənə bilər, amma daha diqqətli və daha səviyyəli şeylər seçmək lazımdır. Biz əslində hekyayə anlatmağı bacaran xalqlarıq. Şərq mədəniyyətinin üstünlüyü budur. Bizdə “Kitabi- Dədə Qorqud” hekayələri, “Min bir gecə” nağılları var. Biz bunu bacarırıq. Kino da görüntülü hekayə anlatmaq sənətidir. Keçmişdəki hekayə anlatmaq texnikasını kinoya daşıya bilsək, əslində hər şey çox da daha gözəl olacaq. Biz isə hazıra, ucuza qaçırıq. Təkcə maddi anlamda deyil, fikiz anlamında qaçırıq və daha bəsit mövzularla kino çəkməyə çalışırıq. Kinoda bəlli mövzular var: qəhrəmanlıq, məhəbbət, komediya və dram. Kino ədəbiyyatdan uzaqda mövcud olmaz. Biz ədəbiyyat tariximizə geri dönsək, dünya məhəbbət mövzulu kino çəkiləndə hər kəs “Romeo və Cülyetta”nı örnək alır. Amma “Romeo və Cülyetta”dan 300 il qabaq Şərqdə Nizami Gəncəvi “Leyli və Məcnun”u yazmışdı. Yəni, bunu dünyaya biz öyrətmişik. Əgər sevgi hekayəsi işlənəcəksə, bizim onsuz da belə bir hekayəmiz var, onu örnək alaq. Qəhrəmanlıq mövzusunda “Robin Qud”u örnək alırlar. Amma ondan yüzillər öncə yaşamış Koroğlularımız var bizim. Deməli, bizim bu mövzuda da xarakter yaradarkən başqalarına getməyimizə ehtiyac yoxdur.
- Önər bəy, “Dədə Qorqud”la bağlı da işləriniz nə yerdədir?
- Bildiyiniz kimi, “Dədə Qoqud”la bağlı sənədli filmlər hazırlayıram. İndiysə “Dədə Qorqud”un öz filmini çəkmək istəyirik. Türkiyədə də ssenarist dostlarımız bunun üzərində işləyirlər. Ən böyük qəhrəman elə Dədə Qorqudun özüdür. Digər qəhrəmanlara can verən də odur. Biz də onun filmini çəkməyi düşünürük.
- Nə zamana planlaşdırsınız?
- Əslində, tək bizim işimiz deyil. Çünki bütün Türk dünyasını əhatə edən bir mövzudur. Bu, oğuz boyluların ortaq dəyəridir. Yeni Zellandiya “Üzüklərin əfəndisi” deyə bir film çəkdi və orada Qandaq adlı dörd yüz il yaşayıb hər şeyə ad verən, məsləhətlər verən bir obraz daxil etdi. Bizim də üç yüz il yaşamız “Dədə Qoqrud”umuz var, biz də onu dünyaya tanıtmalıyıq. Ssenaristlərimiz bu mövzulardan qaçırlar. Xüsusən yaşayan insanların ssenarisini yazmağa çətinlik çəkirlər.
- Bəs bu gün yazılan ssenarilər haqda nə düşünürsünüz?
- Vallah çox da yaxşı şeylər düşünmürəm (gülür). Türkiyədəkiləri də, Azərbaycandakıları da yaxşı hesab etmirəm. Biz hekayə yaza bilmirik...
- Sizcə problem nədir?
- Kinoda bazar payımız yoxdur. Kino çox bahalı bir işdir. Biz isə dünyaya film sata bilmirik. Bunun üçün evrənsəl mövzuları işləmək lazımdır. Təəssüf ki, bizim kinolarımız millidir. Amma mədəniyyət olaraq, biz universal mədəniyyətə sahibik. On min illik bir mədəniyyətimiz var. Dünyada indi yaşayan 4-5 mədəniyyət var ki, onun biri də türklərin mədəniyyətləridir. Belə bir millət kinosunda universal mövzuları dünyaya anlada bilmir. Bizim kino sektorunun da problemləri çoxdur. Yaxşı kinoya yaxşı pul xərcləmək lazımdır. Azərbaycanı bu mövzuda çox da qınamaq olmur; burada ilə iki milyon bilet satılır. Türkiyədə bu rəqəm 80 milyonu ötür. Artıq Türkiyə kinosu xaricə də çıxmağa başlayıb. Cənubi Amerikada belə türk filmləri satılır...
- Bu Türkiyə üçün çox yaxşı irəliləyişdir...
- Bəli, irəliləyişdir. Mövzuları da düzgün seçməliyik. Dünya bizimlə maraqlanır və biz öz mədəniyyətimizi dünyaya satmağa başlamışıq. Bunun üçün də güc birliyi lazımdır. Bu, təkcə Türkiyənin işi deyil. Birlikdə daha böyük işlər görmək lazımdır.
- Necə düşünürsünüz, birgə ustad dərsləri təşkil etmək effektli olmazmı?
- Bunu Yanvar-fevral ayında Azərbaycanda, İyun-iyul aylarında isə bütün türk dünyası ilə edəcəyik. Orada bütün problemləri müzakirəyə çıxarıb həlli yollarını tapmalıyıq. Hər şeyi dövlətin üzərinə yıxmaq düzgün deyil. Biz də əlimizdən gələnləri etməliyik.
- Qayıdaq “IV Türk filmləri həftəsi”ə...
- IV Türk filmləri həftəsi 23-27 noyabrda Nizami Kino Mərkəzində olacaq. 5 gün ərzində, gündə iki seans olaraq filmlərimiz yayımlanacaq. Bütün filmlər PULSUZ nümayiş olunacaq. Bu layihədə əsas məqsəd pul qazanmaq deyil, mədəniyyətarası əlaqə yaratmaqdır. Bəzi filmlərin rejissor, prodüsserləri də burada olacaq. Filmlərdən sonra tamaşaçılarla görüş, sual-cavab da olacaq. Məsələn, “Güllər” filmi hələ heç Türkiyədə nümayişə girməyib, Qala gecəsi keçirilməyib. Biz burada Qalanı o filmlə edəcəyik. “Güllərin” dünya primyerası Azərbaycanda keçirilmiş olacaq. Filmdən sonra rejissor və baş rol ifaçısı ilə sual-cavab da keçiriləcək. “Anons” filmi bu il Venedik film festivalında “Ən yaxşı” film mükafatını aldı. Hətta 15 Avqustda Malatya film festivalında da eyni mükafatı aldı. Biz də mükafat qazanmış filmləri nümayiş etdirəcəyik.
- Azyaşlıların da baxa biləcəyi film olacaqmı?
- Əlbəttə. Biz uşaqları da unutmadıq. Onlar üçün “Hay” adlı animasiya filmi gətirdik. 25 noyabr saat 16:30-da bütün azərbaycanlı uşaqlarımızı bu filmə dəvət edirik. Həmin gün uşaqlarımızın günü olacaq. Nümayiş üçün bilərəkdən bazar gününü seçdik ki, dərs günü olmasın.
- Önər bəy, eşq, məhəbbət vazkeçilməz mövzulardandır. Biz də duyğusal millətik axı... Film həftəsində sevgi filmi də olacaqmı?
- Təbii. Bunun üçün “Səni sevirəm, Adamım” deyə bir film nümayiş olunacaq.
- Bəs qəhrəmanlıq mövzusunda?
- Türkiyədə Özəl Hərəkat deyə bir qurum var. Bu təkcə öz sərhədlərimiz daxilində deyil, eləcə ə qonşu xalqlara qarşı edilən zülmlərə cavab verən bir özəl hərəkatdır. Buna görə Türkiyədə bir sıra filmlər çəkildi. Onlardan biri də Türkiyədə yenicə nümayişdən çıxan “Can fəda” filmidir ki, onu da gətirmişik. Qəhrəmanlıq təkcə tarixdən olmur, türk hər zaman qəhrəmandır. Məsələn, 1990-cı illərdə Azərbaycanın Ermənistanla olan Qarabağ savaşındakı qəhrəmanlarını çox gözəl bilirik. Burada Mübariz İbrahimov var, hazırda yaşayan qəhrəman İbad Hüseynov var. Bizim hər dövrdə qəhrəmanlarımız olub. Bunun ən yaxşı örnəyini Türkiyə üç il öncə 15 iyun hadisələrində yaşadı...
- Yeri gəlmişkən, 15 İyunla bağlı film çəkilməyib hələ?
- Hazırda bununla məşğul olan dostlar var. Bu çox həssas mövzudur, hər kəs istifadə edə bilməz.
- Bir də bu hadisəni tamaşaçıya düzgün anlatmaq məsələsi də var...
- Bəli. Türkiyə üzərində çox böyük bir oyun oynanıldı. Xalq Vətəninin keşiyində durdu. Biz qəhrəman millətik, çətin anlarda birləşə bilirik. Həmin gün siyasi ədavəti olan insanlar belə çiyin-çiyinə Amerikanın və terror qüvvə FETÖ-nün cavabını verdi. Hadisə bitdi və yenə də siyasi olaraq mübahisələrimiz davam edir. Mən inanıram ki, Bakıda da belə bir hadisə olarsa, Azərbaycanın ən ucqar kəndindən belə insanlar evlərini, eşiklərini buraxıb gələr, paytaxtda bu hadisənin qarşısını alarlar.
- Düşünürəm ki, belə hadisələri dünyaya doğru şəkildə çatdıran filmlərə ehtiyac var...
- Təkcə bu mövzunu anlatmaq məsələ deyil... Terrorizm dünyanın hər yerində olan bir şeydir. Terrorun dili, dini, irqi yoxdur. Tarix boyunca da terrordan daha çox əziyyət çəkən xalq bizik. Hər zaman da terrorun öhdəsindən gələ bilən də biz türklər olmuşuq. İndi elə bir film olmalıdır ki, bəli, biz terroru yaşamışıq, amma hər zaman onun öhdəsindən gəlmişik mesajını versin. O filmdə alimlərin də fəaliyyətini göstərmək lazımdır.
- Yəni fikir savaşı?
- Bəli, fikir savaşı. Aliminiz olmazsa, istədiyiniz qədər qolunuzda güc olsun, dünyaya hökm edə bilməzsiniz. Bizim belə alimlərə ehtiyacımız var, özü də hər sahədə. Buna görə də, bizim tariximizdəki ən böyük alimlərimizdən Xoca Əhməd Yəsəvini də dünyaya tanıtmağımız lazımdır. Onun haqqında da film çəkməliyik. Bunları edərsək, terrora hər zaman necə qalib gəldiyimizi anlatmış olacağıq.
- Bəs Bakı IV Türk filmləri həftəsindən gözləntiləriniz nələrdir?
- Bu layihənin adınakı “türk” sözü türkiyə demək deyil. Azərbaycan da bizm artıq özümüzdür, heç bir fərq görümürk. Hətta burada o qədər maraq, ilgi görürük ki, düşünürük, görəsən, biz bu ilgini qarşılaya biləcəkmiyik?
- Önər bəy, əgər bu qədər yaxın və eyniyiksə, nə gərək var belə bir layihəyə?
- Film həftələrinin özünə ehtiyac var. Qarşılıqlı film həftələri keçirilməlidir. Biz hər zaman gəlib gedə bilmirik. Ona görə də birliyimizi, bərabərliyimizi, sevincimizi bu yollarla bölüşə bilərik. Bu həftənin də ən böyük məqsədi kino adamlarını bir araya gətirməkdir.
- Bakı IV Türk film həftəsində hansı filmlər nümayiş olunacaq?
- Bu il Bakı IV Türk filmlər həftəsinə beş filmlə qatılırıq. Bunlar “Güllər”, “Anons”, “Səni sevirəm, Adamım”, “Can fəda” və “Hay” filmləridir. Sənətçi olaraq “Güllər”in rejissoru Mehmet Gün və baş rol ifaçısı Dəniz Oral bəy, “Anons” filminin prodüsseri Halil Kardeş, ayrıca bu filmdə oynamayan, amma Azərbaycanda da çox tanınan “Diriliş Ərtoğrul” serialında Sunqur Təkini canlandıran Sezgin Ərdəmir, “Hay” filminin prodüsseri Əhməd Edabali, siyasətçi olaraq isə Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu və millət vəkili Mətin Gündoğu gələcəklər. Surpriz olaraq bir neçə aktyorlar da olacaq...
- İki ölkənin sənətçiləri arasında görüşlər, müzakirələr təşkil olunacaqmı?
- “Azərfilm” belə bir görüş təşkil edərsə, Azərbaycandakı rejissorlar, ssenaristlər, aktyorlarla görüşmək istəyirik. İki il öncə belə bir görüş həyata keçirtmişdik. Çox da gözəl nəticələri olmuşdu. Qazaxıstan və Qırğızıstanda hər il təşkil edirik. Azərbaycanda da belə bir toplantını əslində çox istəyirdim. Burada bir Film birliyi olarsa, görüşüb gələcək işlərlə bağlı söhbətlər etmək lazımdır.
- Düşünürəm ki, Türk filmləri həftəsi çərçivəsində Bakıda seminarlar, master klasslar təşkil ediləsə daha faydalı olar...
- O mütləq olmalıdır. Gələcək üçün belə bir şey planlaşdırırıq. Universitetlərdə tələbələrlə görüşlərimiz olur. Təbii ki, buradakı kino adamları ilə də ortaq panellər təşkil edilə bilər. Bəzi şeylərin zamana ehtiyacı var. Biz yüz illər boyunca birlikdə idik, 90 il bizi bir-birimizdən ayırdılar. İndi yenidən qovuşuruq. Hər şeyi birdən eləmək olmur, zamanla hər şey öz yerini tutacaq. Təcrübə paylaşımları edərsək onda daha uğurlu olacağıq. Özü də bir panel deyil, həftə içərisində bir neçə panel keçirtməliyik. Bəlkə kinoda ədəbiyyatın yeri mövzusuna ədəbiyyatçılar görüşə bilər, kinoda görüntü mövzusunda görüntü rejissorları görüşə bilər və s. Panellər, ustad dərslərinin keçirilməsi şərtdir. Xüsusən kinoyla maraqlanan gəncləri buraya cəlb etmək olar. Təkcə bu sahəni, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri deyil, həvəskar filmlər çəkən gənclərimizi də toplayıb onlara ustad dərsləri keçirilə bilər.
- Bizdə bu sahədə istedadlı gənclərimiz çoxdur, amma təcrübə qazanacağı yerlər çox azdır...
- Bilirəm. Buradan gənclərdən bizə yazanlar, məsləhət istəyənlər də çox olur. Biz Mədəniyyət və İncəsənət Universiteti və “Azərfilm”lə danışıb onlar üçün də ustad dərsləri edə bilərik. Başlanğıc olaraq qısa filmlər necə çəkilir bu haqda praktiki dərslər keçə bilərik. Onlar öz düşüncələrini, ideyalarını bildirsinlər. Məsələn, bir neçə gün onlarla məşğul olub, sonra istədikləri qısa filmləri çəkməklərinə şərait yaradıb, filmlər həftəsinin son gününü onların çəkdikləri bu filmlərlə bağlanışı edə bilərik.
- Bu daha faydalı olar...
- Mən də ona inanıram. Zamanla hamısı düzələcək. Mədəniyyət və İncəsənət univerisitetinin də bu mövzuda bizə dəstək verəcəyinə inanıram. Yaxşı oldu ki, müsahibəmizdə bunu mənə xatırlatdınız. Elə bu müsahibə vasitəsilə buradakı gənc həvəskarlarımıza bir elan verək ki, gələn il üçün hazırlaşsınlar. Çoxunda mənim sosial hesabım var. Oradan da mənimlə əlaqə saxlaya bilərlər.
- Önər bəy, Azərbaycanda başınıza gələn maraqlı hadisə, anlaşılmazlıq olubmu?
- Mən 1992-ci ilən ilk Azərbaycana gəlişimdən bəri buranı yaxşı bilirəm. Köküm də burdan oluğuna görə daha doğmadır və Azərbaycan ləhcəsini yaxşı bilirəm. Amma dörd il öncə işlə bağlı heyətdən bir yoldaşla buraya gəlmişdik. İşlərimizi bitirdik və br nəfərlə görüşmək üçün gedirik. Yolda soruşduq, dedilər iki-üç küçə arxadadır gedəcəyimiz yer. Hava da gözəldi, taksiyə falan minmədik, gəzə-gəzə gedirik. Yoldan keçəndə yaşlı bir dayı gördüm. “Salam, əleyküm, dayı”- dedim. O da “əleyküm salam, balam”-dedi. “Dayı, biz filan yerə gədəcəyik”- dedim. O da “oğul, irəlilə, sağa dön, orda qabağına çıxacaq” dedi. Mən də təşəkkür etdim. Yanımdakı yolaşım ilk dəfə idi ki, Azərbaycanda olurdu. Təəccüblə soruşdu ki, “nə qabağı?” Dedim: “İrəlidə qabaq tarlası varmış, bizim gedəcəyimiz yer də o tarlada imiş”. Dedi: “şəhərin ortasındamı?” Dedim: “vallah, adamların şəhərin ortasında qabaq tarlaları varmış” (gülür...) Onunla belə bir zarafat etmişdim.
Mən anamdan, atamdan bu dili bilirəm, bilməyən üçün qəribə gəlir. Onda həmin yoldaşa “qabaq” nə anlamda olduğunu başa salmışdım. Mən evdə də uşaqlarımla tərəkəmə ləhcəsində danışıram.
- Bizim ləhcə fərqimizi göstərən “Yanlış anlama” adlı film də çəkilib bu yaxınlarda... Baxmısız?
- Bəli, baxmışam. Kaş ki çəkilməsəydi. O filmdə nə Türkiyə, nə də Azərbaycan anladılır... “Yanlış anlama”da dostlarımız özləri olayı yalnış anlayıblar... Heç bir zaman nə Türkiyədə, nə də Azərbaycanda elə bir kobudluqlar olmayıb. Biz bir-birimizi anlayırıq, anlamayanda gülüb keçirik, sevirik. Bir-birimizə qarşı əsla sayğısızlıq etmirik. Mən gecənin bir yarısı Azərbaycanda küçənin ortasında ac qalsam, istənilən bir qapını döysəm o evdə məni qonaq edəcəklər. Eyni şəkildə azərbaycanlı üçün də Anadoluda istənilən yer belədir. Təəssüf ki, bəhs etdiyiniz filmdə bunların əksi göstərilir...
- Önər bəy, geniş müsahibə üçün təşəkkür edirəm!
- Mən də Manera.az saytına layihəmizə verdiyi informasiya dəstəyinə görə təşəkkür edirəm.
Söhbətləşdi:
Şəhla Aslan,
Manera.az