Növbəti rəsm müsabiqəsi elan olunub
"Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə "Start” layihəsi çərçivəsində növbəti dəfə gənc və həvəskar rəssamların qrup sərgisi üçün müsabiqə elan olunub.
Manera.az xəbər verir ki, müsabiqə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə keçirilir.
Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır.
"Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır. Layihədə iştirak etmək istəyənlər əsərlərini noyabrın 30-dək sergi.artscoucil.az elektron ünvanına göndərə bilərlər.
Müsabiqədə qalib gəlmiş sənət əsərlərindən ibarət sərginin dekabrda açılacağı nəzərdə tutulur. Sərgi çərçivəsində qaliblərə diplom və müxtəlif hədiyyələr veriləcək.
MANERA.AZ