Keçid - Afayət Afiqin hekayəsi

Xəstəxananın bahalı və parlaq dəhlizi sonsuzluq qədər uzun görünürdü. Göz qamaşdıran işıqlar onun dünyasını aydınlatmaqdan daha çox, qaranlıqlaşdırırdı. Başı getdikcə daha çox fırlanırdı, daha çox tərləyirdi. Hər addımda taqəti daha da tükənirdi.
Ağlamayacağına söz vermiş qadınlar, əslində, bu sözü çox tez-tez yaddan çıxarırlar. Doğrudur, heç kimsə onları belə bir vəd verməyə məcbur etmir, lakin tez-tez bir daha, əsla ağla mayacaqlarına dair qərar qəbul edir və az əvvəl də qeyd etdiyim kimi, əksər hallarda öz sözlərinə naxələf çıxırlar. O gün, Danə də dəli kimi ağlamaq həvəsindəydi, həm də şərait buna əl verirdi. Tam ağlamaq ab-havası vardı. Üstəlik o an ağlamasını heç kəs qınamazdı, o an ağlamaq onun ən təbii haqqı idi. Xəstəxana dəhlizinin ucsuzbucaq sızlığı baş döndərirdi. Bu dəhlizin sonunda ta mam başqa bir həyatın başlanğıcı onu gözləyirdi.
Ağrı-acı içində divarın yuxarı küncündəki hörümçək toruna diqqəti qaçdı. Heç bir məna ifadə etməyən təsəlli səsləri, onu ürək lən dir məkdən daha çox əsə - biləşdirirdi. Həyatda sevdiyi səslər, bu vəziyyətdə onu qıcıqlandırmaqdan başqa bir işə yaramırdı. Anasını düşündükcə qorxurdu. Ona bir şey olsa idi, anası yaşaya bilməzdi. Bəli, bu qorxu, anasına bir şey ola biləcəyi düşüncəsi ruhunu, çəkdiyi ağrılar isə bütün varlığını titrədirdi. Ona görə də ağlamamalı olduğunu bilirdi.
Amma ağlasa, dəlilər kimi qışqırsa, hər şey bitəcəkdi. Rahatlaşacaqdı. Lakin dünyadakı ən dəyərli varlığını təhlükəyə atmağı heç bir səbəb haqlı çıxara bilməzdi. Nə anasızlığa dözərdi, nə də anasının yaşamına ziyan gətirməyin verəcəyi vicdan əzabını daşıya bilərdi. Acının böyüklüyü və getdikcə daha da dözülməz olması, yəqin ki, onun üçün bir sınaq idi... Bu an susmaq, onun üçün ən azından övladlıq borcu idi, Zəhra xanım qızının acı çəkdiyini düşünüb həyəcanlanmamalı, üzülməməli idi. Belə düşünür, özü özünə ümid vermək istəyirdi. O səbəbdən də canını dişinə tutub dözməyin daha məqsədəuyğun olacağına qərar verdi.
Buna qədər hər şeyi incəliklə düşünmüşdü. Müxtəlif dərgilərdən, jurnallardan analıqla, körpələrlə bağlı hər şeyi ən incə təfərrüatına qədər öyrənmişdi. Doğum günü üçün çantasını həftələr öncədən hazırlamış, qeydiyyatdan keçdiyi xəstəxanadakı tibb bacılarına, uşaq baxıcılarına təlimatlar vermişdi. Hətta doğuş zamanı üzündə tər izlərinin qalmamasına diqqət etməsi üçün tibb bacısına xəbərdarlıq etmişdi. Çünki uşaq yaşlarından gözəlliyinə, şəxsi baxımına xüsusi əhəmiyyət verən, qayğı ilə yanaşan biri idi. Doğumdan sonra artıq çəkidən xilas olmaq üçün icra edəcəyi pəhriz cədvəlini, hansı tarixdə hansı kiloda olacağını da müəyyənləşdirmişdi.
İndi isə ağrıdan hər şeyi unutmuş, hafizəsi anası Zəhra xanımdan başqa hər şeyi, hər kəsi özündən xaric etmişdi. Danənin dizlərində taqət qalmamışdı, bircə dəfə möhkəm ağlasa, bircə dəfə ürək dolusu hayqırsa, sakitləşərdi, bədəni yüngüllük tapardı. Lakin olmazdı, olmamalıydı, nəfəsini güclə alaraq, hər iki qolundan yapışan ağ xələtli qızlara boylandı, göz qapağını güclə açaraq dəhlizin sonsuzluğu qarşısında çarəsizcə diz çökdü. Bitmək bilməyən yol. O getdikcə bir az da uzanırdı. Qızlar onu qaldırıb, az qaldı, deyə ürəkləndirdilər.
- Geriyə baxma, - qızlar sərt səs tonuyla onu xəbərdar etdilər. Onların “geri” deyə ifadə etdikləri sözdə Danənin dünyası, anası dururdu. - Niyə, anamı, anamı görüm, bəlkə bu sondu? - İrəliyə bax, sənin üçün yaxşı olmayacaq sonra. - Anam, anam orda axı... - Bura bax, ay qız, az naz elə bizə, baxırsan bax, çevril bax. İnsan dilində deyiləni an - lamırsansa, bax! Bircə yol baxsan, dönüb irəli baxa bilməyəcəksən. - Yaxşı, baxmıram. Aparın məni!
Sahib olduğu bütün hisslər bədənindən beyninə, beynindən ürəyinə axmağa başladı. Qorxu, nifrət, acı, sevgi, həsrət, qəzəb. Hamısı Danədə toplaşmışdı. Leylasını dünyaya gətir məsinə az qalmışdı. Ağlı isə həyəcandan dəhlizin o başında tir-tir əsən anasında idi. Nəhayət, dəhlizin sonundan sola buruldular. Danə son dəfə diz çökdü, qışqırmaq istədi və sonrasını xatırlamır...
Gözlərini araladı, ağrı iliyinə işləyirdi. Ətindən ət kəsirdilər sanki... Bir an öləcəyini düşündü, hər şeyin dəhşət dolu bir yuxu, kabus olduğunu zənn etdi. Sonra hər şeyin gerçək olduğunu, iki metrə boyu olan, limon sarısı saçları onun açıq yaralı bədəninə qədər tökülmüş həkimi, siqaretdən gərləşmiş səsindən anladı. Sankisi yox idi bu işin, Danənin ətindən həqiqətən ət kəsilirdi. Ona doğuş əməliyyatı üçün narkoz verilmiş, cərrah isə əməliyyata gecikmişdi. Bunun nəticəsidir ki, əməliyyatın ortasında narkozun təsiri keçməyə başlamışdı, Danə ayılırdı.
Cərrah, telefonla danışırdı. Əliylə xəstəni kəsib tikən cərrah boynunu yana əymişdi, boynu ilə çiyni arasında sıxışdırıb tutduğu telefonla məişət problemlərindən danışırdı. Cərrahın yardımçısı “xəstə ayılır” deyə təlaşa düşdü.
- Lilit xanım, xəstə ayılır. Hələ əməliyyatın ortasıdır, - gənc cərrah assisenti ürkək səslə dilləndi.
- Bir şey olmaz, eybi yoxdur. Sən işinə fikir ver. - Lilit xanım, telefon söhbətini davam etdirir, əliylə Danənin bədənində nəsə edirdi. Danənin ürəyi çəkilirdi, bayaq dəhlizdə yaşadığı, çəkilməz sandığı ağrı, əməliyyat otağında, bıçaq altında çəkdiklərinin yanında bir heç idi. Dünya gözündə dəyərsizləşdi və ağrını canının dibinə qədər duydu. İndi qışqırmaqdan başqa yolu yox idi. Bu zaman Lilit xanımdan sərt mesaj gəldi: səsini çıxartsan, uşaq travma ala bilər.
- Bədənini bərkitmə, dartınma, qımıldama, həyəcanlanma, rahat nəfəs al!.. - bədənində ayıq halda, kəsinti, biçinti aparılan xəstəyə xitabən cərrah feilin əmr şəklində danışırdı.
- Lilit xanım, bəlkə ikinci keyitmə vuraq?
- Məsləhətini özünə saxla, Mehdi, lazımın olar, - cərrah Lilit artıq uşağı əlində tuturdu.
Danə fəryadını nə içinə ata bilirdi, nə çölə. Sakit olmalısan. Bəli, sakit olmalı idi, yeri gəlsə, dilim-dilim doğransa da, uşağının yaşaması üçün ürəyini dişi ilə sıxmağa məcbur idi. Leylası bu dünyaya tam sağlam gəlməli idi. Bu onun ilk analıq vəzifəsi idi. Leylanın yaxşı olduğunu bildirdilər.
- Bax, qızım, sonuna qədər dözməlisən, əgər bu tikişlərdə dartılma və əyrilik olsa, sonra uşağını əmizdirə bilməyəcəksən, - cərrah, əmr edirmişcəsinə danışmağa davam edirdi.
Danə özündən keçmiş, ürəyində bu acılara dayana bilməsi üçün Allahdan dözüm diləyirdi. “Bu sondur, Allahım, bir daha səndən özüm üçün bir şey istəməyəcəm, mənə dözüm ver. Bir az dözüm, Allahım! Qızım üçün, sadəcə qızım üçün bir azacıq daha dözüm...” Bədəninə batan iynələri, qarnının altına naxış kimi salınan sapları hiss etmirdi artıq. Ağrı özünün maksimumunu keçmiş, hissedilməzlik dərəcəsinə çatmışdı. Danənin bədəni uyuşmuşdu. Hər şey sona yaxınlaşırdı. O qədər sona ki, həkimin “hər şey qaydasındadır, istədiyin qədər ağla” sözü səslənəndə, Danə huşunu itirdi.
Çobanyastığı çiçəyinin ətri bütün otağı əsir almışdı. “Gözlərini yavaş-yavaş araladı. Güllər və ətirləri möhtəşəmdir, lakin onların yeri açıq çəmənlərdir”
-Danənin yenicə oyanan düşüncəsində bu cümlə xəyal kimi keçdi. Baxışlarını azca dikəldəndə çarpayısının sol yanında uşaq beşiyini, beşiklə çarpayı arasında Zəhra qadını gördü. Hər yer bahar gülləri ilə dolmuşdu, otaqdan sevgi yağırdı. Anası Danənin alnından öpüb, Leylasını qucağına verdi. O, indi duyğularını hiss etmirdi. Sevinc hissi bütün hüdudları aşıb, gənc ananın ürəyini coşdurmuşdu.
Deməyə söz tapmırdı. Əsası, bütün olanları kabus kimi deyil, olduğu kimi xatırlayırdı. Heç bir ağrısını oğurluq yaşamamışdı. Alın təriylə, bütün halal əziyyətlərini çəkib bitirmişdi. Zəhra qadın həm nənə olmanın xoşbəxtliyini yaşayırdı, həm də çətin əməliyyatdan sonra övladına sağ-salamat qovuşmağın sevincini... Danə isə həm övlad olaraq, həm ana olaraq xoşbəxt və vicdanı rahat idi. O, bu keçidi alnıaçıq keçə bilmişdi.../Ulduz.-2016.-N4/
MANERA.AZ