AFRODİTA İLƏ ZƏRURİ QARŞILAŞMA...

-Qadın!Qışın gəldiyini bilməzdim...
...saçlarından gələn şaxta varlığımı dondurmasaydı...
-Qadın!Gecənin düşdüyünü bilməzdim...
...gözlərin əsrlərin yorğunluğundan bezib
uçulan qəsrlər kimi intihar etməsəydi.
-Qadın!Insanların laqeydliyini anlamazdım...
...Əzrayılın boğazını cırmağına belə məhəl qoymayan qulaqların olmasaydı.
-Qadın!Həyatın durğunluğu kül edərdi ümidlərimi...
Yüzillərdir bu durğun həyatla çarpışan ağaclara bənzəyən
əllərin...ayaqların olmasaydı.
-Qadın!Bütün kişilərin arzuları sənin vicdanında intihar elədi...
Bütün kişilərin xəyalları sənin qürurunda boğuldu...
Bütün kişilərin ümidləri özlərindən əvvəl öldü...
-Qadın!...
Gəl...ver əllərini mənə indi...
Nə qədər Tanrının qəzəbində qırmızı işıq yanır...
Keçirdim səni bu fil körpüsündən...
MARSIAS ÜÇÜN
Alisanın möcüzələr diyarında...
...gənc Verterin iztirablarına sığal çəkirəm...nimfasayağı.
Bu hissə bilirsiz nə deyirlər?...
Ağlamaq...hə,ağlamaq
Mən bu gün ağlamaq istəyirəm sadəcə...
Amma həmişəki kimi yox!...
Bu dəfə daha insani...
Bu dəfə daha təmiz...
Bu dəfə daha pak...
Bilirəm,gözyaşlarım yuya bilməyəcək günahlarımı...
Amma ən azından təmizləyər...paklaşdırar.
Mən bu gün ağlamaq istəyirəm sadəcə...
Dairəmin tam ortasında...
Kvadratımın tam küncündə...
Üçbucağımın tam zirvəsində...
Ağlamaq istəyirəm mən...
...doyunca ağlamaq.
Soyuyunca ağlamaq...
Soyununca ağlamaq...
Mən bu gün ağlamaq istəyirəm sadəcə...
Bəlkə gözyaşlarım yudu apardı bütün saxta gülüşləri...
Bəlkə bir yetimin çirkli paltarı yuyuldu...
Bəlkə bir korun gözləri aydınlandı...
Mən bu gün ağlamaq istəyirəm sadəcə...
Bütün savablarımın üstündən bir qara xətt çəkərək...
Savablar insanı mütiləşdirir...arxayınlaşdırır.
Mən bu gün bütün savablarımı yuyub aparmaq istəyirəm gözyaşlarımla...
Qadınlar öpüldükcə...kişilər ağladıqca unudulur.
Mən bu gün unudulmaq istəyirəm sadəcə...
Mən bu gün ağlamaq istəyirəm...
Dəli kimi...hönkürərək ağlamaq...
Ömrümdə bircə dəfə kimsəni düşünmədən ağlamaq...
Qıraqdan baxanları...
Əlin ağzına aparanları...
Qar-qiyamət qoparanları düşünmədən...
Başımın ağrısını...varlığımın iniltisini...ruhumun sızıltısını duymadan ağlamaq...
Ömrümdən keçən dəqiqələri saymadan ağlamaq...
Müasirliyə uymadan...
...texnologiyanı it yerinə qoymadan ağlamaq...
Hə,dostum...inan mənə...inan
Mən bu gün ağlamaq istəyirəm sadəcə...
Gözlərimə köçmək...gözlərimi qanına qəltan etmək istəyirəm...
Hə,onlar buna layiqdi.
Mənim gözlərim kor olmağa layiqdi.
Onlar gördü hər şeyi...
...gördü və kor olmadı.
Gecəni qızartmaq istəyirəm gözlərimdə...
O boş təsəllidən başqa bir şey deyil.
Sən də ağla...sən də ağla,dost.
Nə qədər gec deyil,ağla...
Ruhun puç deyil,ağla...
Ağla ki,təmizlən...
Insan ağladıqca özünə qayıdır,dost.
Ağladıqca səmimiləşir...ağladıqca özü olur insan.
Ömründə bir dəfə özün ol,dost.
Ağla sadəcə...sadəcə ağla...
KOR QIZ VƏ ÜMİD
Dəniz kənarı...
Günbatımı...
Qədim Şərq musiqisinin yeni mərhələsi...
Həyəcanlı qağayılar var-gəl edir...
Qumsal...skamya...kor qız...
Dünyanın ən böyük bəstəkarıdı o qız
Indi o hamıdan artıq duyur...
Ona görə insan bir şeyi duymaq üçün gözlərini yummalıdı...bir müddətlik...
Həqiqət paylanmasın deyə...
Ümidlər yaralanmasın deyə...
O qız bəşəriyyətin güzgüsüdü
O qız ulduzların sevimli elçisidi...
Məncə hər kəs həyatda heç olmasa bir dəfə...
...bir korla söhbət etməlidi.
Onlar bizə görmədiklərimizi...
...və heç vaxt görməyəcəklərimizi anladır.
Anladır ki...
Qayığa minib dənizi öldürməli deyil...sahildə qalıb dənizi sevməliyik...
Bizim gözlərimiz yalançıdı...
O bizə ancaq yalanları göstərir...
o...o qız hər şeyi görür
dünyanın içinə girir o qız.
O qız ya səmaya,ya dənizə,ya da Tanrıya baxır...ümidlə...
Şeytan insanların gözlərində gizlənib.
Hə...gözlərində.
O qız...o qız şeytana qalib gəlib.
Arada rəqs edir keçmişiylə...
...hələ eşitmədiyimiz melodiyalarla.
Bəşəriyyəti dondurub o qız...
...öz donuq baxışlarında.
Yalnız həqiqətə yönəlib o baxışlar...düzlüyə söykənib.
Başqaları kimi deyil...
...çox səmimi və pak gülür o qız.
Hamının içini bilir o qız.
əksər psixoloqlara dərs verə bilər hətta.
Bilmirəm niyə...
...insan kor adamlara daha tez alışır.
Tanrı kimi olur insan o an...
...o sadəcə hiss olunur.
Niyəsə mənə elə gəlir ki,
O məni görür.
Sadəcə məni utandırmaq istəmir.
Canlı pianodu o qız...bir Şopeni çatmır.
Dünyanın ən gözəl rəsm əsəridi o qız...
...dövrünə işıq tutan bir rəsm əsəri...
Elə bir romandı ki,Tolstoy oxusaydı səcdə eləyərdi qarşısında.
Dəniz kənarı...
Günbatımı...
Qədim Şərq musiqisinin yeni mərhələsi...
Həyəcanlı qağayılar var-gəl edir...
Qumsal...skamya...kor qız...
əllərində sonuncu ümidini bərk bərk sıxıb...
...hıçqıra-hıçqıra Tanrıya deyir...
...”işıq gələn tərəfə yoxsa it hürən tərəfə”...
Ülvi Şirinov