Zamanın nəbzini tutmağı bacaran şair - Rafiq Yusifoğlu yazır..

Rafiq Yusifoğlu
Filologiya elmləri doktoru, professor,
Əməkdar mədəniyyət işçisi
Vaqif İbrahimin özünü tanımamışdan qabaq onun adını eşitmişəm. Səməd Vurğun adına Mədəniyyət Sarayında Sumqayıt Ədəbi birliyi fəaliyyət göstərirdi. Mən tələbə idim, Bakıda, indiki Pedoqoji Universitetin filologiya fakültəsinin birinci kursunda oxuyurdum. Altıncı, bazar günləri çox vaxt Sumqayıta – qohumlarımın yanına gəlirdim. Ürəyim ədəbi həyata can atdığı bir məqamda mənə dedilər ki, hər həftənin altıncı günü Sumqayıtda yaşayıb-yaradan yazı-pozu adamları bir yerə toplaşır, öz təzə şeirlərini oxuyur, müzakirə edirlər.
Elə ilk gündən yazılarımı oxudum, diqqət hədəfinə çevrildim. Istedadlı qələm sahibləri ilə dostlaşdım. Elə həmin gün eşitdim ki, üzünü görmədiyim Vaqif İbrahim üzünü görmədiyim Əşrəf Şəfiyevə yaradıcılıq gecəsi keçirib. Indiki nöqteyi-nəzərdən yanaşsaq, bu, normal hadisədir. Ancaq o vaxt bunun birmənalı qarşılanmaması da təbii hal idi. Vaqif haqqında da, Əşrəf haqqında da kinayəli sözlər eşitdim. Mərhum bibim oğlu, texnika elmləri namizədi Sabir Abdullayev o vaxt mənə dedi ki, Vaqiflə eyni vaxtda Kimya Texnologiya Texnikumunda oxumuşuq. Çox istedadlı oğlandı. Vaqif də, Əşrəf də Ədəbi Birliyin məşğələlərinə gəlmədikləri üçün onlar haqqında belə sözlər deyirlər.
Nəhayət, bir gün Vaqif İbrahimin özü ilə tanış oldum. Fəhlə yataqxanalarının birində onun təzəcə çapdan çıxmış «Ömür balladası» kitabının müzakirəsi keçirilirdi. Balacaboy, çevik bir oğlan özünəməxsus bir ahənglə öz şeirlərini oxuyurdu. Doğrusu, elə o vaxtdan Vaqifin şeirlərini bəyəndim. Tədbirdən sonra Vaqiflə çox səmimi görüşdük, onu təbrik elədim. Vaqif təvazökarlıqla minnətdarlığını bildirdi. Dedi ki, gün o gün olsun ki, sənin də ilk kitabın işıq üzü görsün.
O zaman kitab çap etdirmək hər oğulun işi deyildi. İçində beş-altı şeir toplanmış bapbalaca, «Gənc şairin ilk kitabı» seriyasından çap olunan bu kitabçalara maraq böyük idi. Bütün qələm sahibləri belə bir kitabının çap olunmasını arzulayırdı.
Vaqif İbrahim şəhər radiosunda işləyirdi. Ona görə də onunla tez-tez görüşür, söhbətləşirdik. Şeirlərimi öz ifamda tez-tez səsləndirirdi Vaqif.
Sonralar ali məktəbi bitirəndən sonra mənim də taleyim Sumqayıtla bağlandı, Vaqiflə əlaqələrimiz gücləndi. Mən fəhlə yataqxanasında tərbiyəçi müəllim işləyəndə yataqxanada Vaqifin təşəbbüsü ilə çoxlu poeziya gecələri keçirdim. Tofiq Bayramla, Sərdar Əsədlə, Söhrab Tahirlə, İlyas Tapdıqla keçirdiyimiz görüşləri indi də xatırlayıram. 
Sonralar mən məktəbdə işləyəndə də Vaqifin köməyi ilə çox görüşlər keçirdik. Xalq şairi Rəsul Rza o vaxt görüşlərə getmirdi. Vaqifin vasitəsi ilə mənim ədəbiyyat müəllimi işlədiyim 23 saylı məktəbdə Rəsul Rza ilə keçirdiyimiz görüş əsl poeziya bayramı idi. Sonralar Fikrət Qoca ilə, Elçinlə, Fikrət Sadıqla, Tofiq Mahmudla, Hikmət Ziya ilə, Cabir Novruzla keçirdiyimiz görüşlərin də təşəbbüskarı Vaqif idi. O, bütün varlığı ilə ədəbiyyatın təbliği ilə məşğul olurdu.
Vaqif çox işgüzar, təşəbbüskar idi. O, böyük çətinliklə Sumqayıtda Əli Kərim adına poeziya klubu açdırmağa nail oldu. Xalq şairi Rəsul Rzanın bu klubun fəxri sədri seçilməsi də çox əlamətdar hadisə idi. Şahmat klubunun binasında poeziya klubunun açılışı münasibətilə mərasimi də, «Dalğa» mehmanxanasında, şəhərin digər mədəniyyət obyektlərində keçirilən tədbirləri də çox yaxşı xatırlayıram.
Sumqayıt Vaqif İbrahimin təşəbbüskarlığı sayəsində ədəbi mübarizə meydanına çevrilmişdi. Tez-tez görkəmli qələm sahiblərinin hüzurunda öz şeirlərimizi oxuyar, onların mülahizələrini dinləyərdik. Onu da qeyd edim ki, bütün bunlar gənc qələm sahiblərinin istedadının, ədəbi zövqünün formalaşmasında çox böyük rol oynayırdı. Vaqif civə kimi qaynayırdı. Onun sorağı tez-tez ümumittifaq poeziya festivallarından, BAM-dan gəlirdi. Artıq o, respublika səviyyəsində tanınırdı. Komsomol mükafatı laureatı adına layiq görülmüşdü…
Vaqif İbrahim bir müddət «Ulduz» jurnalında ədəbi işçi işlədi. Sonra tale onu «Göyərçin» jurnalına aparıb çıxardı. Vaqif ömrünün sonuna qədər «Göyərçin» jurnalının məsul katibi vəzifəsində çalışdı. Bunun da nəticəsində onun yaradıcılığı yeni bir çalar, istiqamət aldı. Vaqif gözəl uşaq şeirləri yazmağa başladı, dünya uşaq ədəbiyyatından tərcümələr elədi və tezliklə sübuta yetirdi ki, bu sahədə də təsadüfi adam deyildir.
Ancaq bütün bunlarla kifayətlənmədi. Gənc şairlərin Respublika Ədəbi Birliyini yaratdı. «Göyərçin» jurnalının redaksiyasında keçirilən tədbirlərdə respublikamızın çox görkəmli şair və yazıçıları gənc qələm sahibləri ilə ünsiyyətdə oldular, onlara ağıllı məsləhətlər verdilər. Mirzə Ibrahimov, Rəsul Rza, Anar, Elçin, Əkrəm Əylisli və digər körkəmli qələm sahibləri ilə keçirilən görüşlər unudulmazdır. Vaqif İbrahimin ən böyük xidmətlərindən biri də bu idi ki, respublikamızın müxtəlif guşələrində yaşayıb yaradan istedadlı qələm sahiblərini bir-biri ilə tanış elədi, onların dostlaşmasına zəmin yaratdı. O vaxt Respublika Ədəbi Birliyinin üzvləri kimi fəaliyyət göstərən gənc yazıçaların əksəriyyəti indi ölkəmizin ən nüfuzlu qələm sahiblərinə çevriliblər.
Vaqif İbrahimin təşəbbüsü ilə gənc yazıçılar respublika-mızın ayrı-ayrı rayonlarında oxucuların görüşünə gedirdilər. Bu xətlə mən də bir neçə rayonda - Lənkəranda, Astarada, Şəmkirdə yaradıcılıq ezamiyyətlərində olmuşam. Vaqif Ibrahimin özü ilə Şəkiyə, Qaxa olan səfərlərimizi isə heç zaman unutmaram. Biz yeddi yoldaş idik: Vaqif İbrahim, mən, Əhməd Əsgər, Bəxtiyar Qaraca, Şamxal Rüstəm, Qadir Sultanov və Rasim Sadıqov. Mən soyuqladığım üçün bir az xəstə idim. Ona görə yola düşəndə zarafatla Səməd Vurğunun «Komsomol poeması»ndan bir parçanı deməyim hamının xoşuna gəldi:
Ayazlı, şaxtalı bir qış axşamı,
Yeddi yoldaş olub yola düzəldik…
Mənim Vaqif İbrahimi Bəxtiyar, özümü isə Şahsuvar adlandırmağımı da dostlarım təbəssümlə qarşılamışdılar. Vaqif əvvəlcə çox ciddi idi, hamıya nəzarət edir, heç kəsin artıq-əskik hərəkətinə imkan vermirdi. Lakin səfər zamanı hamımız bir-birimizə o qədər mehribanlaşdıq ki, gəl görəsən.
Qaxda görüşlərimiz maraqlı keçdi. Tədbirlərdə hamımız uğurlu çıxışlar elədik. Axşam isə Ilisu kəndində görüşdə olma-lıydıq. Ilisunun çox gözəl, mənzərəli bir kənd olduğunu eşitdiyimdən, Vaqifi bir kənara çəkib dedim ki, elə et ki, tədbirə axşam yox, gündüz gedək. Çünki axşam getsək, təbiətin gözəlliklərini görə bilməyəcəyik.
Vaqif mənim sözümü yerə salmadı. Səhərisi gün Ilisuya yola düşdük. Hər tərəf bəmbəyaz qarla örtülmüşdü. Ulubaş dağı elə əzəmətli görünürdü ki… Vaqif mənə dedi:
-Rafiq, çox sağ ol ki, ağıllı məsləhət verdin. Yoxsa bu gözəlliyi görə bilməyəcəkdik…
Nə yaxşı ki, o günləri istedadlı fotoqraf qardaşımız Rasim Sadıqov əbədiləşdirib… Qaxda qonaq evində mən tək bir otaqda qalırdım. Otaq soyuq idi. Ancaq pəncərədən elə gözəl mənzərə açılırdı ki, Rasimi çağırıb xahiş elədim ki, bu mənzərəni lentə köçürsün… Indi o şəkillərə baxanda Vaqiflə
birlikdə keçirdiyimiz maraqlı günlər kino lenti kimi gözlərimiz önündə canlanır.
Şəkiyə axşam çatdıq. O qədər zarafatlaşmışdıq, lətifə danışmışdıq ki, Şəkidə doqquzmərtəbəli mehmanxananın olması da, mənə inandırıcı görünmədi. Axşam Vaqiflə bir otaqda qaldıq. Gecəyarıya qədər ordan-burdan söhbətləşdik, şeirdən, sənətdən danışdıq… Səhərisi gün də pedtexnikumda, uşaq evində görüşlərimiz oldu. Texnikumun direktoru Cəmil müəllim, uşaq evinin müdiri, bəstəkar Cavanşir Quliyevin anası Tavat xala bizi çox yaxşı, dərin hörmətlə qarşıladılar. O vaxt pedaqoji texnikumda müəllim işləyən mənim tələbə dostum Nizami Abbasov və onun dostları bizi qonaq elədilər. O qədər lətifə danışdıq, zarafatlaşdıq ki, qatara gecikdik. Yevlaxda da başımıza maraqlı hadisələr gəldi…
Vaqif mənə dedi ki, deyəsən həddimi aşdım, uşaqlarla şit zarafatlar elədim. Toxtaqlıq verdim ki, Vaqif, narahat olma, hər şey gözəl idi… Şəkinin, Qaxın mənzərələrini seyr eləməyimiz də, Hacı Muradın qəbrinin üstünə getməyimiz də yaxşı yadımdadır. Avtobusda həmişə Vaqiflə yanaşı oturur və söhbət edirdik. Elə o zaman o mənə dedi ki, sənə bir sirr açım, ancaq öz aramızda qalsın. Səni «Göyərçin» jurnalına işə aparmaq istəyirlər. Əvvəlcədən səni xəbərdar eləyirəm ki, işini biləsən… Ancaq çox təəssüf ki, Vaqiflə birlikdə işləmək mənə qismət olmadı. Onun faciəli şəkildə vəfatından sonra Hikmət Ziya məsul katib oldu, məni isə şöbə müdiri vəzifəsinə işə qəbul elədilər…
Vaqif çox işgüzar adam idi. Bədii yaradıcılığa xüsusi diqqət yetirirdi. Yazılarının üstündə çox ciddi şəkildə işləyir, şeirlərini cilalayırdı. Dünya və rus ədəbiyyatının görkəmli nümunələrini böyük səylə mütaliə eləyir, öyrənməyə çalışırdı…
Vaqif İbrahimin «Vaxtla üz üzə» kitabı təzəcə çapdan çıxmışdı. O, kitabı mənə bağışlayıb xahiş elədi ki, onun haqqında bir şey yazım. Şəhər qəzetində çap elədiyim məqalə Vaqifin çox xoşuna gəldi. Qələm dostumun ruhuna hörmət əlaməti olaraq o yazının nöqtəsinə, vergülünə toxunmadan burada vermək qərarına gəldim.
Məqalə «Vaxtla üz-üzə» adlanırdı:
«Sənət əsərlərinə əsl qiyməti zaman verir. Bu baxımdan şair Vaqif Ibrahimin öz yeni kitabını «Vaxtla üz-üzə» adlandırması mənalıdır. Kitabdakı şeirlərin altında yazılmış ən köhnə tarix 1962, ən yeni tarix isə 1982-ci ildir. Iyirmi illik yaradıcılıq yolu! Iyirmi illik zəhmətin, yaradıcılıq axtarış¬larının, sevincin, kədərin – insan həyatının poetik salnaməsi canlanır gözümüz önündə. Şeirləri mütaliə edən həssas oxucu iyirmi ildə şairin söz-söz, misra-misra necə böyüdüyünü, onun naşı qələminin necə püxtələşdiyini görməyə bilməz. Bu iyirmi ildə V.İbrahimin «Ömür balladası», «Dünyanın keşiyində», «Baykal-Amur magistralında», «Fəsillər», «Bu torpaqda doğulanlar», «Mehribanlıq işığı» kitabları çap olunub. Şair Respublika Lenin komsomolu mükafatı və M.Qorki adına Ümumittifaq mükafatı laureatı adına layiq görülüb. Onun şeirləri SSRI xalqlarının, həmçinin ingilis, fransız, ispan, çex, polyak və bolqar dillərinə tərcümə edilib.
Vaqif İbrahimin şeirlərində vətənpərvərlik motivləri olduqca güclüdür. O, Vətəni, xalqın igid oğullarını, qızlarını, onların arzu və düşüncələrini, Azərbaycanın füsünkar təbiətini ümumi sözlərlə tərənnüm etmir. Vaqif hər şeirin məzmununa uyğun forma seçir, bədii təsvir və ifadə vasitələrindən məharətlə istifadə etməyi bacarır.
Vətəni dərin məhəbbətlə sevən, «Bizim kimliyimiz pasportdan deyil, bu xalqa, vətənə istəyimizdən bilinməlidir» – deyən, ömrünü mənalı keçirməyə çalışan, «Vətənə göz dəyməsin deyə onun başının üstündə üzərlik kimi yanmağa hazır olan» müasirlərimiz V.İbrahimin əksər şeirlərinin lirik qəhrəmanı kimi yadda qalır:
Biz də bu Vətənə köməyə yetdik,
Göz açdıq…
Yaraşdıq şah vüqarına.
Biz onun ehtiyat saf qanı idik,
Doğulduq –
Vurulduq damarlarına…
V.İbrahimin şeirlərində Nizaminin, Nəsiminin, Füzulinin, Babəkin… adları tez-tez çəkilir. Şair öz oxucularını məsləki, əqidəsi yolunda canından keçən, öz əməlləri ilə Vətənin başını ucaldan insanlardan nümunə götürməyə çağırır. Lakin yaxşı cəhətdir ki, bu çağırışların heç birində təmtaraq, ritorika yoxdur. Şair oxucu ilə söhbətdə həmişə sözün poetik gücünə arxalanır.
Obrazlı deyim tərzi Vaqifin bütün şeirləri üçün xarakterikdir. Yaxşı cəhətdir ki, V.İbrahim bəzi şairlər kimi bir ifadədən, sözdən yapışıb şeir quraşdırmaq yolu ilə getmir. Xarakterik bədii detallar, təşbehlər, metaforalar onun əsərlərinin məzmunundan, ruhundan doğur. Bu baxımdan Vaqifin «Qoca balıqçı», «Ömrün qürub çağında», «Yaşamaq eşqi», «Qağayı», «Makinaçı» şeirləri diqqəti cəlb edir. «Doğum evinin astanasında düşüncələr» şeirində həsrətlə, intizarla öz ilk övladının yolunu gözləyən atanın bədii portretini lakonik cizgilərlə yaratmağa müvəffəq olan şair şeiri aşağıdakı misralarla bitirir:
Balamı gətirən vaxt təyyarəsi,
Bu doğum evinə çatmayıb hələ.
Indicə gələcək balamın səsi,
Bu gözəl dünyaya, ilk beşiyinə
Düşəcək ağ bələk paraşütüylə…
«Cəsarətsiz şeiri qeyrətsiz kişi» hesab edən Vaqif Ibrahim həmişə həqiqətin gözünə dik baxan, öz ürəyinin səsini dinləyən şairlərimizdəndir. Elə buna görə də onun şeirlərinin əksəriyyətində bir-birinə zidd iki əqidə, mənəviyyat üz-üzə dayanır. Bütün bunlar şairin şeirlərindəki dramatizmi artırır, onlara daxili bir gərginlik gətirir. Müəllif pisləri, xəbisləri tənqid edəndə ifrata varmır, yaxşılardan söhbət açanda isə təvazökarlıq hissini itirmir.
Özümdən nə verdim şeirə, sənətə?
Heç bir şey! Çatıram Puşkin yaşına.
Puşkin istedadı olsaydı məndə,
Çoxdan çıxmalıydı Dantes qarşıma.
V.İbrahimin «Istedad», «Lorka Ispaniyanın dərd ölçəniydi», «Güzəşt edə-edə», «Ilhamın don tutsa», «Eh, sənə nə deyim?», «Şampan şüşəsi və istedad», «Şair qələmi» şeirləri onun sənətə estetik münasibətini müəyyənləşdirmək baxımından maraq doğurur. Rəsul Rzaya həsr edilmiş sonuncu şeirdə şair qələmi «ilham köhlənini səyirtmək üçün əldə tutulmuş qamçıya», haqsızlıq görəndə «ilham qınından sıyrılmış qılınca», «göyə millənib dünyanın dərdini tutan antenaya», «qəm tayasına od vuran kibrit çöpünə», «xalqlar arasındakı körpüyə» bənzədilir. Şeirin aşağıdakı misralarla bitməsi də mənalıdır:
Qələmi – ildırımötürən kimi
Səhər də, axşam da millənər göyə.
Vətənin üstünə gələn dərd-qəmi
Ötürər –
Xalqına çatmasın deyə.
V.İbrahimin mövzuları rəngarəngdir. Kitabda təbiət lövhələrinə, qurub-yaradan insanların arzu və düşüncələrinə, ata-ana qayğılarına, beynəlxalq hadisələrə həsr olunmuş xeyli şeir vardır. Bu şeirlərin heç birində Vaqif özündən əvvəl deyilənləri təkrar etmir, həmişə orijinal fikirlər söyləməyə çalışır və çox zaman öz məqsədinə nail olur.
Kitabın «Etiraf» adlanan bölməsində şairin həzin, kövrək, insanda xoş əhvali-ruhiyyə oyadan şeirləri toplanıb. Bu şeirlərdə sevib-sevilən, məhəbbətin şirin əzablarını dadan gənc¬lərimizin hiss və həyəcanları poetik lövhələrlə canlandırılıb.
Kitabda şairin iki poeması da verilib. «Osvensim çağırışı» əsərində müharibənin ibrət dərsləri öz poetik əksini tapıb. «Baykal-Amur yolunda» poemasında isə insan və zaman probleminin bədii həlli məsələsi ön plana gətirilib. Poemanın ilk hissəsinin «Işlədirik zamanı biz» adlandırılması da təsadüfi deyildir. Əsərdə hadisənin özündən çox onun doğurduğu hiss-həyəcan, əhvali-ruhiyyə diqqət mərkəzindədir.
Şeirlərinin forma və məzmun əlvanlığına fikir verən, daim yaradıcılıq axtarışları aparan, «Nə vaxt ki, vaxtın ürəyinə yol tapırıq, – əməlimiz yol açır işıq-işıq» – deyən, zamanın nəbzini tutmağı bacaran Vaqif Ibrahim yaradıcılığının çiçəklənmə dövrünə qədəm qoymuşdur. Oxucuların ondan daha gözəl, bədii sənətkarlıq cəhətdən mükəmməl əsərlər gözləməyə haqqı vardır».
«Sosialist Sumqayıtı» qəzetinin 28 iyun 1983-cü il tarixli nömrəsində çap olunan bu məqalədə Vaqif Ibrahim yaradıcılığının xarakterik cizgiləri ön plana gətirilmişdir. Əlbəttə, Vaqifin əsərləri haqqında həmin məqalə indi yazılsaydı, daha başqa çalar kəsb edə bilərdi. «Puşkin istedadı olsaydı məndə, Çoxdan çıxmalıydı Dantes qarşıma» deyən son dərəcə istedadlı şair bilmirdi ki, onun Dantesi – əcəli Bakı-Sumqayıt magistralında yolunu gözləyir…
Elə insan var ki, yaşasa da, ona diri deməyə adamın dili gəlmir. Eləsi var ki, həyatdan gedən kimi unudulur. Eləsi də var ki, cismani ölümündən sonra onun ikinci ömrü başlayır. Vaqif Ibrahim məhz həyatda özünəməxsus iz qoyub gedən insanlardandır. O, son dərəcə istedadlı və zəhmətkeş idi. Həmişə söhbət düşəndə deyərdi ki, ömür müvəqqətidir, bizdən yadigar qalan yazdıqlarımız olacaq.
Vaqif İbrahimin ilk şeirlərini oxuyan, ona uğurlu yol arzulayan Əli Kərim yazırdı: «Nə qədər ki, mən Vaqifi tanıyıram, inamla demək istəyirəm ki, o, şeirin çox çətin, gecəsi ilə gündüzü bilinməyən keşməkeşli aləmində inamla addımlayacaqdır».
Doğrudan da, ilk şeirini «Sosialist Sumqayıtı» qəzetində çap etdirən Vaqif Ibrahim ömrünün iyirmi ilindən çoxunu şeirə, sənətə, bədii yaradıcılığa, ədəbiyyatın təbliğinə həsr etdi. O, Ümumittifaq poeziya festivallarının, gənc yazıçıların altıncı Ümumittifaq müşavirəsinin iştirakçısı olmuşdu.
V.İbrahim həyata bağlı şair idi. Onun səs-sorağı tez-tez Vətənmizin ucqar guşələrindən, komsomol tikintilərindən, tarlalardan gəlirdi. Öz oxucularının həyatını dərindən müşahidə edən Vaqif müasirlərimizin arzu və düşüncələrini poetik dillə tərənnüm edirdi. SSRI Dövlət Mükafatı laureatı M.Lukonin onun yaradıcılığına yüksək qiymət verərək yazırdı ki, Vaqif Ibrahimin şeirlərində həyatın şəfəqi və nuru vardır.
V.İbrahim qabaqcıl maarif xadimi, BAM-ın fəxri inşaatçısı, SSRI – Bolqarıstan «Drujba» jurnalı redaksiya heyətinin üzvü, «Göyərçin» jurnalının məsul katibi idi. Azərbaycan LKGI Mərkəzi Komitəsinin nəzdindəki Respublika ədəbi Birliyinin sədri kimi məsul bir vəzifəni öhdəsinə götürən V.Ibrahim gənclərin yaradıcılığına qayğı və diqqətlə yanaşır, onları tez-tez görkəmli yazıçılar, alimlər və incəsənət xadimləri ilə görüşdürürdü. O, gənclərin əsərlərindən ibarət üç almanaxı tərtib və nəşr etdirmişdi.
Vaqifin bizə yadigar qalan kitabları az deyil. Vəfatından sonra «Moladaya qvardiya» nəşriyyatında, «Gənclik» nəşriyyatında yeni kitabları çapdan çıxdı. Azərbaycan televiziyasında onun «Yerə məhəbbət» poeması əsasında maraqlı bir veriliş hazırlandı…
Vaqif aramızdan getsə də, oxucuların dostu, məsləhətçisi olaraq qalır.
Dedim, bu dünyada bir iş görməmiş,
Vəsiyyət etmək də axı çətindir!
Həyatda gördüyün ən müqəddəs iş
Bil ki, insanlara vəsiyyətindir.
Vaqif İbrahim qələm dostlarının, eləcə də oxucuların dərin rəğbətini qazanmışdı. Bunu ona həsr olunmuş şeirlər, məqalələr, redaksiyaya gələn məktublar da sübut edir. Şair Oqtay Rzanın Vaqifin xatirəsinə həsr etdiyi şeirdə oxuyuruq:
Kövrəlib Balakən, Şəki, Lerik, Qax,
Ömrü qısa imiş, istəyi sonsuz.
«Yolda öləcəyəm» – deyib, işə bax,
Indi şeirləri yol gedir onsuz…
Q.Qasımzadənin, Isa Ismayılzadənin, Ağasəfanın, Musa Ələkbərlinin, Ələsgər Əlioğlunun və başqalarının şeirlərində Vaqifin xarakterindəki mərdlik, dəyanət, vətənpərvərlik, humanizm, qayğıkeşlik kimi müsbət insani keyfiyyətlər tərənnüm olunur. Doğrudan da, Vaqif sadə, təvazökar, qayğıkeş insan idi. Dəfələrlə onunla birlikdə səfərə çıxmış, xeyirxahlığının, insanpərvərliyinin, təbiətə, insanlara məhəbbətinin canlı şahidinə çevrilmişdim.
Mərhum qələm dostumun avtoqraf yazıb mənə bağışladığı kitablarını dönə-dönə vərəqləmişəm. «Sumqayıt» şeirini oxuyanda bu şəhərin küçələri ilə gəzən Vaqifin yerişi, gülüşü, danışığı xəyalımda canlanıb.
Mənim arxam, dayağım,
Mənim alınmaz qalam.
A fərəhim, bir dənəm,
A mənim fəhlə balam.
Taleyinə, bəxtinə
Xoş günlər seçə-seçə,
Mən səni körpəm kimi
Böyütdüm bina-bina,
Böyütdüm küçə-küçə.
Yolunda gəncliyimi
Üyütmüşəm dən kimi,
Torpağına səpmişəm.
Sənə bu həyatımı,
Ömrümü həsr etmişəm…
Şeiri oxuduqca bina-bina Bakının görüşünə tələsən doğma Sumqayıtın küçələrindən birinin Vaqif Ibrahim ünvanlı görmək arzusu baş qaldırıb ürəyimdə…
Vaqif Sumqayıtdakı 18-ci mikrorayonu görməmişdi. Ağlına də gəlməzdi ki, burada tikiləcək məktəbə onun adı veriləcək. Budur, Vaqif İbrahim adına 35 saylı orta məktəbin qarşısındayam. Məktəbin direktoru N.Yusibov yeni tədris ocağının açılması münasibətilə şagirdləri, müəllimləri, valideynləri təbrik edir. Mən isə ürəyimdə pıçıldayıram: «Salam, Vaqif! Ikinci ömrün mübarək olsun! Sumqayıt sənin şeirlərinin beşiyi idi. Sən hara getsən də, ürəyin Sumqayıta, öz evinə can atırdı. Ömrünün son günündə də Sumqayıta tələsirdin… Neçə ildən sonra Sumqayıta gəlib çıxdın. Adını daşıyan məktəb balalarımızın təhsil ünvanına çevrildi…»
Hər dəfə Vaqif İbrahimn Saray qəbristanlığındakı məzarını dostlarımla ziyarət eləyəndə çox körəlirəm. Yadıma düşür ki, Vaqif anasının qəbrinin üstünə gedəndə bizə demişdi ki, Əhməd Cavadı elə bil indi başa düşürəm. Onun əzizlərindən birinin ölümü münasibətilə yazdığı şeirdə belə misralar var idi: «Can verən sən idin, canı çıxan mən»… Anam da dünyasını dəyişəndə mən həmin hissləri keçirdim.
O vaxt Vaqif İbrahim bu sözləri deyəndə heç ağlına da gəlməzdi ki, ayaq üstə dayanıb bu sözləri dediyi yer onun əbədiyyət ünvanına çevriləcək…
Bir dəfə dostlarımdan biri ilə Vaqifin qəbrinin üstünə getmişdim. Onun məzarı üstünə bir qızılgül qoymuşdum. Bir müddət sonra yenə ziyarətə gedəndə həmin qurumuş gülü yenə də orada gördüm və Vaqifə bir şeir yazdım və onun öz misralarını epiqraf gətirdim.
«Kim yaşamaq istəyir?
Hamı əlini qaldırıb,
başdaşına dönmüş əlini.»
Ölüm haqdı. Əvvəl-axır hamımız bu yolun yolçusu olacayıq. Ancaq o adam xoşbəxtdir ki, şərəfli bir ömür yolu keçir, özündən sonra izi qalır. Vaqif İbrahim məhz belə sənətkarlarımızdandır. Allah ona rəhmət eləsin!