manera.az
manera.az

Nənənin acı xatirəsi - Hekayə

Nənənin acı xatirəsi - Hekayə
Mircəfər Seyid

Balaca Xədicə adəti üzrə bu dəfə də yuxudan Nənəsi Fatimənin sübh namazının səsinə oyandı. Artıq buna adət etdiyindən dodaqlarına təbəssüm qondu, çöhrəsi işıqlandı. Yatağında dirsəklənib nənəsinin hərəkətlərinə göz qoydu.

Fatimə nənə ibadətini qurtarıb ona göz qoyan nəvəsinə nəvazişlə baxdı. “Səni yuxudan oyatdım ...”deyib ona yaxınlaşandan sonra əlavə etdi:
-Sübh duaları ilə yuxudan oyanmaq yaxşı əlamətdir. Ancaq hələ sən çox balacasan, yatmalısan. Bir az böyüyəndən sonra sənə də namaz qılmağı öyrədərəm, Allaha ibadət edərsən. İndi isə yat dincəl, mən də səhər yeməyi hazırlayım.
-Yox yatmaq istəmirəm. Bu gün bazar günüdür. Məktəbə getməyəcəm.
-Elə istirahət günü olduğuna görə istəyirəm ki, dincələsən,-deyə Fatimə nənə Xədicənin çarpayısına yaxınlaşıb ona nəvaziş göstərmək istədi. Ancaq inadkar Xədicə yatmaq fikrində deyildi.
-Müəllim bizə deyib ki, hər səhər tezdən yuxudan duranda Allaha dua edin
Fatimə nənə bir anlığa duruxdu. Qulaqlarına inanmırmış kimi bir az da yaxına gəldi. Əli ilə nəvəsinin saçını sığallayıb soruşdu:
-Mənim balam, nə deyib müəlliminiz?..
-Deyib ki, uşaqların səsi Allaha daha tez çatır. Ona görə də hər səhər yuxudan duran kimi dua edin. – Xədicə uşaq səmimiyyətilə sözünə davam etdi: - Müəllimimiz deyir ki, dua etsəniz atanızın, ananızın işi yaxşı olar, xalqımız firavan yaşayar, işğal edilmiş torpaqlarımız azad olar.
-Halal olsun bu dünyanın naz-neməti ona, - deyə Fatimə nənə dodaqaltı pıçıldadı. Gözləri önündə öz uşaqlıq dövrü canlandı. O vaxt o da Xədicə boyda idi. Müharibə hələ başlamamışdı. Yaşıdları kimi qırmızı qalstuk bağlayıb məktəbə gedirdi. Ana dili müəllimi hər gün olduğu kimi həmin səhər də dərs başlamamış dedi:
-Siz pionersiniz. Sözün düzünü deməlisiniz .Valideynləriniz sizə nə deyibsə hamısını bir-bir danışın. Fatimə bu gün birinci səndən başlayaq. Hə, danış görək.
Fatimə müəllimin nəzərlərinin ona tuşlandığını görüb özünü itirdi:
-Mən, müəllim? –Deyə qeyri-ixtiyari dilləndi.
-Bəli, bəli, sən Fatimə. Danış görüm evdə valideynlərin sənə nə deyiblər? – Müəllim bir neçə addım da Fatiməyə yaxınlaşdı. Fatimə yenə özünü itirdi. “Heç nə”,-deyə özündən asılı olmayaraq titrək bir səslə cavab verdi.
-Necə heç nə? – Müəllim Fatimənin başı üzərində dayanıb yenidən amiranə bir səslə dilləndi. Bir anlıq fasilədən sonra daha sərt tonda:
- Axı, sən rionersən! Pioner yalan danışmaz. Acı olsa da həqiqəti söylə. Bu həqiqət qoy sənin şanlı vətənimizə bir hədiyyən olsun. Biz düşmənlərimizə də bu həqiqətlə qalib gələcəyik. Dünyada proletariatın zəfərini də bu həqiqətlərlə qazanacağıq.

Fatimənin dodaqları titrədi. Yaddaşını vərəqlədi. Axı, doğrudan da valideynləri onun yanında nə dövlətin, nə hökümətin, nə müəllimlərin əleyhinə bir söz deməmişdilər. Birdən yadına babasının namaz qılmağı düşdü. Bu səhər dediyi sözləri xatırlamağa çalışdı. “Hər səhər yuxudan duranda, bir də gecə yatanda Allaha dua et ki, işlərimiz yaxşı getsin, məhsulumuz bol olsun, ailəmizdə salamatçılıq olsun. Uşaqların səsi Allaha daha tez çatır.”
-Hə, nə oldu, danışacaqsan, ya yox?!. – Müəllimin təkidlə ondan cavab istəməsi Fatiməni vahimələndirdi. Göz gəzdirib sinif yoldaşlarına baxdı. Onların da nəzərləri Fatiməyə tuşlanmışdı. Sanki baxışları ilə onlar da “danış” deyirdilər. Fatiməyə elə gəldi ki, yalan danışsa hər şey alt-üst olacaq. Kapitalistlər gəlib bütün fəhlələri, kəndliləri qıracaqlar. Atasını da, anasını da, babasını da, qardaş və bacılarını da, müəllimlərini də, sinif yoldaşlarını da öldürəcəklər.
-Mənim babam... – Fatimənin dodaqları kilidləndi.
-Hə, baban nə deyib sənə?.. – Müəllim toruna ov düşmüş insafsız ovçu kimi yırtıcı bir hərisliklə başını aşağı əyib yaxşı eşitsin deyə əlini qulağının dibinə söykədi.
-Babam hər gün namaz qılır. Mənə də deyir ki, səhər yuxudan duranda, gecə yatanda Allaha dua et. – Fatimənin çiynindən elə bil dağ boyda yük götürüldü.

Müəllim nəsə kəşf edən adamlar kimi az qaldı sevincindən çırtıq çalıb oynasın. Sonra üzünü uşaqlara tutub coşqunluqla dilləndi:
-Gördünüz Fatimənin qəhrəmanlığını. Qorxmadan, çəkinmədən babasının namaz qılmasını etiraf etdi. Əsl pioner kimi sözün düzünü dedi. Onsuz da biz onun camaat arasında dini təbliğat apardığını, köhnə əyyamın havası ilə yaşadığını, evinizə kimlərin gəlib getdiyini yaxşı bilirdik.-Sonra Fatimənin əlindən yapışaraq üzünü ona tutdu:
-Sən heç nədən qorxma. Babanın sözlərinə də fikir vermə. Sənin arxanda böyük sovet xalqı, yenilməz bir ölkə dayanıb. Baban kimilərinin isə özünün dili ilə desək fatihəsi çoxdan oxunub. Türk qoşununda bolşeviklərə qarşı vuruşduğu gündən, iyirmialtılara, yoldaş Şaumyana güllə atdığı vaxtdan... İndi də pionerləri yolundan azdırmaq istəyir?.. Bircə onu görməyəcək. Elə bu gün onun haqqında tədbir görəcəyik.
Həmin gecə Fatiməgilin evinin yanında qara rəngli maşın dayandı.Babasını apardılar. Bir daha geri qayıtmadı.

Fatiməni heç kim sorğu-suala tutmasa da elədiyi səhv onun uşaq yaddaşına elə həkk olundu ki, bu vaxta kimi də onu incitməkdəydi. Özünü dərk edib səhvini başa düşəndən sonra isə çıxış yolunu babası kimi namaz qılmaqda, Allaha ibadət etməkdə, Ulu Tanrıdan günahının bağışlanmasını istəməkdə gördü.
İndi budur o özü namaz qılır, nəvəsi isə özünü ona oxşatmaq istəyirdi...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930