manera.az
manera.az

Hüseyn Cavid irsinin görkəmli tədqiqatçısı

Hüseyn Cavid irsinin görkəmli tədqiqatçısı
Şirindil ALIŞANLI
Filologiya elmləri doktoru, professor

XX əsr ədəbiyyatşünaslığının tarixi təcrübəsi göstərir ki, romantik sənət haqqında nəzəri qənaətlər və konsepsiyalar bütün tərəfləri ilə elmi fikrin ümumi nailiyyəti kimi formalaşıb, onun metodoloji inkişaf mərhələlərini özündə əks etdirib.

Romantizm tədqiqatçıdan yüksək nəzəri hazırlıq və dünya romantizm hadisəsinə bələdçiliklə yanaşı, bu sənəti duymaq baxımından xüsusi istedad tələb edir. Təsadüfən demirlər ki, romantizm incə və mürəkkəb problemdir, o, estetik düşüncənin mahiyyətini duymaq göstəricisidir.

XX əsr Azərbaycan ədəbiyyatşünaslığının nəzəri-metodoloji inkişaf mərhələləri onun romantizmə münasibətdə rəhbər tutduğu konsepsiya, təhlil prinsipləri ilə bağlı olmuşdur. Hələ ötən əsrin 20-30-cu illərində romantizmi öz estetik norma və prinsipləri olan bir sənət kimi dəyərləndirməyin müəyyən təcrübəsi yaranmışdı. Xüsusən H.Zeynallının H.Cavid haqqında məqalələri bu gün də öz dəyərini saxlamaqdadır. H.Zeynallının “Peygəmbər” əsərini təhlil edərkən rəhbər tutduğu təhlil prinsipi romantizmi öz estetik qanunları və sərhədləri çərçivəsində dəyərləndirməyin ilk nümunələrindən idi. Sonralar M.Cəlal, M.Cəfər, Ə.Sultanlı, C.Xəndan, K.Talıbzadə, M.Əlioğlu, Ə.Mirəhmədov, Y.Qarayev kimi müəlliflərin əsərlərində romantik ədəbiyyatın poetika problemləri haqqında orijinal təhlillər bu ədəbiyyatın estetik fərdiliyini üzə çıxarmağa kömək edirdi. Ötən əsrin 60-cı illərindən romantik sənətə münasibətdə yeni mərhələ formalaşdı. M.Cəfər, M.Əlioğlu, Ə.Mirəhmədov, Y.Qarayev kimi görkəmli alimlərin qənaətləri eyni olmasa da, mübahisəli məqamlara baxmayaraq, belə bir yekdil rəy formalaşırdı ki, Azərbaycan ədəbiyyatında romantik ədəbiyyatın müstəsna yeri vardır və ədəbi fikir tariximizin bir çox problemləri məhz bu sənətin kontekstində öyrənilməlidir. Xüsusən akademik M.Cəfərin “Hüseyn Cavid” və “Azərbaycan ədəbiyyatında romantizm” monoqrafiyaları romantizmi öyrənməyin elmi əsaslarını hazırladı.

Bu gün ədəbiyyatşünaslıq elmimizin görkəmli nümayəndələrindən olan Kamran Əliyev romantik sənət haqqında söz demək, bu sahədəki araşdırmalara istiqamət vermək səlahiyyəti qazanmışdır. Mən Kamranı tələbəlik illərindən tanıyıram, onun şəxsiyyətini təyin edən, ona nüfuz qazandıran mənəvi dəyərlərin zamanın sərt sınağından necə çıxdığının şahidiyəm. Romantik sənət haqqında ancaq mənən ləyaqətli, natura etibari ilə məhz romantik alimlər danışa və yaza bilərlər. Kamran Əliyev bütün ömrünü bu sənətin bitib-tükənməyən yaradıcılıq sirlərini öyrənməyə sərf edib və Azərbaycan elminə bir-birini tamamlayan monoqrafiyalar bəxş edib.
Hüseyn Cavid irsinin görkəmli tədqiqatçısı
Kamranın elmə gəldiyi illərdə romantizmə güclü qayıdış var idi. Romantizm artıq realizmin sənət prinsipləri ilə müqayisədə yox, öz estetik normaları çərçivəsində dəyərləndirilirdi. Kamranın romantizm haqqında tədqiqatlarının bitkinliyini onun nəzəri konteksti ehtiva edir. Namizədlik dissertasiyası kimi yazdığı “Azərbaycan romantizminin nəzəriyyəsi” monoqrafiyası onun bu yaradıcılıq tipinin bədii-estetik dərinliyinə enmək üçün başlanğıc oldu. Azərbaycan romantiklərinin nəzəri görüşlərini dünya romantizm estetikasının təcrübəsi fonunda tədqiqi ədəbiyyatşünaslığımızda romantizmi yeni estetik kateqoriyalar müstəvisində öyrənmək üçün zəmin hazırladı. Kamran Əliyevin “Azərbaycan romantizminin poetikası” monoqrafiyası ədəbiyyatşünaslığımızdakı mövcud boşluğu doldurdu.

Azərbaycan romantizmi bu monoqrafiyada öz estetik kateqoriyaları hüdudlarında tədqiq olundu. 60-70-ci illərin dünya, xüsusən rus ədəbiyyatşünaslığının nailiyyətlərinə əsaslanan bu əsər romantik ədəbiyyatımızın ideya-bədii qaynaqları ilə yanaşı, onun bədii ifadə sistemi haqqında təsəvvürləri konkretləşdirdi.

Kamran Əliyevin bütün tədqiqatlarının mərkəzində H.Cavid sənəti dayanır. O, Cavidi ədəbi-bədii fikrin, bədii tərəqqinin aparıcı siması kimi öyrənir, hər dəfə də bu ecazkar sənətin gözlənilməz bədii çalarlarını dövriyyəyə gətirir. Müəllif haqlı olaraq belə bir mövqedə dayanır ki, “Hüseyn Cavid XX əsr Azərbaycan romantizminin tarixi taleyidir”. Bu monoqrafiyanı cavidşünaslıqda fərqləndirən hansl keyfiyyətlərdir? İlk növbədə müəllifin müasir demokratik elmi prinsiplərin bərqərar olduğu, onun ehtiva etdiyi obyektiv dəyərləndirmə prinsipinə riayət etməsində Kamran heç nəyi şişirtmədən milli bədii tərəqqidə H.Cavidin yerini və rolunu müəyyən edir. H.Cavidin sənəti ilə şəxsiyyətinin kəsişdiyi yaradıcılıq məqamları bu əsərdə həssaslıqla təhlil edilir. H.Cavidin bədii dünyagörüşünü formalaşdıran amillər, onun ideyalar aləmi, H.Cavid və folklor, bu böyük sənətkarın bədii kəşfləri səriştəli bir alimin qənaətləri kimi mənalı və düşündürücüdür.

Bu monoqrafiya, eləcə də Kamranın H.Cavid haqqında çap etdirdiyi əsərlərinin sayı və sanbalı onun elmi maraq dairəsinin sabitliyinə dəlalət etməklə yanaşı, cavidşünaslığı zənginləşdirən dəyərli əsərlərdir.

Yarım əsrə yaxın tanıdığım, tələbəlik və aspirantlıq dövrünün şirinliyini və acılarını bir yaşadığımız əziz dostum Kamrana yeri düşəndə deyirəm ki, sənin xətrini dünyalar qədər istəyirəm, səbəbini isə bilmirəm və bu haqda düşünmürəm də! Sən demə, yarım əsrin yaddaşımda iz qoyduğu aşağıdakı dəyərlər tez-tez görüşməsək Kamranı mənə əziz, doğma edən insanlıq və alimlik meyarları imiş: sadəlik, səmimilik, bütün dəyərli insanlara məxsus təvazökarlıq, gözlərində oxunan xeyirxahlıq, uşaq məsumluğunu xatırladan təbəssüm!

Dəyərli monoqrafiyaların müəllifi, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamran İmran oğlu Əliyev uğurları ilə sevindiyim, fəxarət duyduğum nadir dostlarımdandır../525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031