manera.az
manera.az

Bu köhnə dünyada təzə qəm gördüm - Rəşad Məcidin şeirləri

📅 21.08.2018 19:21

Bu köhnə dünyada təzə qəm gördüm - Rəşad Məcidin şeirləri

Bu gün tanınmış şair, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin doğum günüdür. Manera.az Rəşad Məcidin şeirlərini təqdim edir:

Atmaram səni

Mən heç çürük dişimi çəkdirmirəm,
Səni hara atıram?
Q.Ağsəs

Yolumun üstündə hər gün gözləyən
Günəşim, ulduzum, ayım olsa da,
Mənə lütf eləyib, rəhm göstərən
Tanrıdan təzə bir payım olsa da –
atmaram səni!

Qızıl taxt quralar buludlar üstə,
İstə, qışda günəş, yayda qar istə.
Desələr qəlbində hər nə var istə –
atmaram səni!

Yol getdim Hicridən Milada kimi,
Əzildim, sağ çıxdım, duydun səsimi.
Qırram hər cadunu, çətin tilsimi –
atmaram səni!

Yenə zülm etsən də,
Yox olub itsən də,
Sən atıb getsən də,
Atmaram səni!

Getdin

Bütün keçənləri alt-üst elədin,
Bir ümid qalmadı gələcəyə də.
İndi tapınmağa nə kitab, nə din,
Hardasa bir işıq axtarmaq hədər.

Yaxşı nə vardısa, səndə göründü,
Huri də, mələk də sən oldun ancaq.
Bürüdün ömrümü sehrlə, sirlə,
Dörd yanımda təkcə sən oldun ancaq.

Sən məni təklədin, hər kəsdən etdin,
Açdın adamlara savaş dünyada.
Axırda özün də qeyb olub getdin,
Yalqız ulayıram bu boş dünyada.

Bilə-bilə ki...

Sən bilə-bilə ki, burda ölürəm,
Sən bilə-bilə ki, cızdağım çıxır,
Bir kəlmə yazmırsan, bir söz demirsən,
Qıvrılıb sinəmdən min ahım çıxır.

Yolun ortasında tək qoyursansa,
Vecə almırsansa ərzi-halımı.
Duya bilmirsənsə əzablarımı,
Heçə sayırsansa bu əhvalımı...

Demək söz oyunun, ulduz nağılın
Beləcə qurtardı, burdaca bitdi.
Beynimdən ən gözəl xatirələrim,
Ən gözəl anlarım silindi getdi!

Daha

Daha səni üzməyəcəm,
Üstündə əsəcəm sənin.
Ən gözəl gülləri yığıb,
Telinə düzəcəm sənin.

Sənə həzin bəstələri,
Nəğmələri yollayacam.
İsti, kövrək cümlələri,
Kəlmələri yollayacam.

Gülüşümlə həyatını
İsidəcəm şüa kimi.
Nəfəsimi kürəyində
Duyacaqsan dua kimi.

Daha yaşarmasın gözlər,
Əzizim, möhtacam sənə.
Ruhunu oxşayan sözlər,
Şeirlər yazacam sənə.

Məni

Özüm də bilmirəm, görəsən, nədi
Bu qədər əzabdan qoruyan məni?
Necə adlamışam bu qədər səddi,
Niyə aparmadı bu tufan məni?

Hərdən mat qalıram sağ qaldığıma,
Bu acı mərəzdən sağaldığıma.
Min cür şübhə, güman gəlir ağlıma,
Bəlkə, hifz eləyib Yaradan məni?!

Bir sözü qatildi, bir sözü qurban,
Özü həm dərd verdi, həm də ki dərman.
Özü xilas etdi öz azarından,
Allahın bəxşişi – o adam məni!

Xoşuma gəlir

Bir az gec duyduğun zarafatlarım
Yadıma düşəndə gülürəm indi.
Dönür sevinclərim, göz yaşlarımı
Sevinə-sevinə silirəm indi.

Heyrətlə baxmağın xoşuma gəlir,
Könlümü yıxmağın xoşuma gəlir.
Sənlə birgə çağım xoşuma gəlir,
Deyəsən, özümə gəlirəm indi.

Uzağa gedəndə lap sərt oluram,
Bir acı sözündən tez pərt oluram,
Yarıcan oluram, şikəst oluram,
Sənsiz yaşayamam – bilirəm indi.

Yaza-yaza

Əzabın, sitəmin içində azdım,
Gah kəfən geyindim, gah qəbir qazdım.
Bilsəydim, əvvəldən heç başlamazdım,
Öldüm yaza-yaza bu şeirləri.

Daşıdım əlimlə baş daşlarımı,
Başladım yenidən savaşlarımı.
Hər gün neçə dəfə göz yaşlarımı,
Sildim yaza-yaza bu şeirləri.

Günəşim yox olar, işığım sönər,
Hər sözün kədərə, qəhərə dönər.
Sənsiz yaşamağım zəhərə dönər,
Bildim yaza-yaza bu şeirləri.

Üzünə qurban

Ötən hər sirli gecənə,
Gələn gündüzünə qurban.
Kədərlənən baxışına,
Gülən gül üzünə qurban.

Əsən qara tellərinə,
Nur yayan ağ əllərinə.
Doğru deyən dillərinə,
Hər yalan sözünə qurban.

Gah müdriksən, gah uşaqsan,
Həm günahkar, həm də haqsan.
Ayrılmaram hardan baxsam,
Qurban, hər üzünə qurban

Bilmədim

Bilmədim bu şeirlərlə
Mən nələri əfv elədim.
Ya bir təzə sevgi tapdım,
Ya ağlayıb dəfn elədim?

Bəlkə, bir qəlb yaraladım,
Ağrıları sıraladım,
Bəlkə, nahaq qaraladım,
Bəlkə, böyük səhv elədim?

Dedim doğru-yalanı da,
Olmayanı, olanı da,
Bəlkə, olub qalanı da
Yerə çırpıb məhv elədim?

Qoy yolunda talan olum,
Sərxoş olum, viran olum,
Elə bilmə, qurban olum,
Elə bilmə kef elədim.

Yat…

Beynindəki bu qaynaşan dərdləri
Unutmağın bir yolu var – yıxıl yat.
Yuxun yoxsa şərablardan nuş elə,
Çək başına, viski, araq, çaxır, yat.

Keçmiş olsun yaşananlar, olanlar,
Şükr elə ki, hələ yenə qalan var.
Özün tovla öz başını yalanla
Kim danışar indi sənə nağıl, yat!

Düşündükcə bu dərd səni yeyəsi,
Gözünü yum, gəlsin tütək, ney səsi,
Hər günahın öz sahibi, yiyəsi,
Qəm eləmə Tanrı göydən baxır, yat.

Pozuldu

Adlarımız yanaşıydı nə vaxtdı,
Heç bilmədim haçan adım pozuldu.
Bədənimin istiliyi çəkildi,
Damağımın şirin dadı pozuldu.

Sellər axdı, sular keçdi aradan,
Sona qədər olammadın yarıdan.
Kim saxladı bu röyanı yarıda,
Bu nağılın sonu, ardı pozuldu.

Yaşatdığın günlərimə baxırdım,
Naxış-naxış, ilmə-ilmə baxırdım.
Nootbukda sanki filmə baxırdım,
Düyməsini qurdaladım, pozuldu.

Heç vaxt...

Ürəyimin sol küncü
göyüm-göyüm göynəsə də,
beynim suallardan ağırlaşıb dağılsa da,
hirsimin ən şahə qalxan çağında
Kədərli üzünə,
nəmli gözünə baxıb birdən anladım –
Heç vaxt ayrıla bilməyəcəyəm.

Mənim eram…

Gəlişindən 46 il əvvəl doğuldum,
Gəlişinə 39 il qalmış məktəbə getdim
əlifbanı öyrəndim…
Gəlişindən 19 il qabaq daddım sevginin dadını
Gəlişinə 14 il qalmış tamını da duydum.
Sevdim, ayrıldım, öyrəndim, oxudum.
Gəlişindən il yarım sonra bildim
Hamısı boşunaymış öyrəndiklərim…
Təzədən başladım hər şeyə…

Çıxma beynimdən

Qurban olum, çıxma beynimdən –
elə et ki, sənsiz bir addım da atmayım,
sənsiz bir işim olmasın,
gecəmi-gündüzümü sənə görə bölüm,
yuxudan sənə görə ayılım,
sən varsan deyə yuyum əl-üzümü,
siqareti sənə görə çəkim.
Səndən baxım aləmə
elə et ki –
şeiri sənə görə yazım,
evdən sənə görə çıxım,
işə sənə görə gedim.
Elə elə ki,
sənə görə sevim, sənə görə yaşayım,
diriyə sənə görə sevinim,
ölüyə sənə görə ağlayım…
Ən böyük zövq o işdi ki, orda sən varsan –
Tanrıdan ərməğandı, ilahi bəxşişdi.
Sən olmadığın heç nəyi qıyma mənə.
Çıxma beynimdən,
ayrılma bədənimdən,
ruhumdan sıyrılma…

Nə yaxşı gəldin

Bu yarıqaranlıq,
bu kiçik otaq
Necə işıqlandı birdən, ilahi.
Bu qəfil sevinci çox görmə ancaq,
Yolla bəxşişini hərdən, ilahi.

Kədərdə boğulub, qəmdə batırdım
Sən dedin, o gəldi – həyat gətirdi.
Göylərə ucaldım, səmaya qalxdım –
Mənə gəlişiylə qanad gətirdi.

İzn ver, üz tutub söyləyim Ona
Məni həm öldürüb, həm yaşadana
Deyim ki, Tanrıyla yanaşı gəldin,
Söndürdün qəlbimdə təlaşı, gəldin,
Gözümün işığı, nə yaxşı gəldin.

Sənə görədir

Özümü hamıdan güclü sanmağım,
Durduğum yerdəcə qanadlanmağım,
Mənim sevinməyim, ya şadlanmağım
Hamısı, hamısı sənə görədir.

İndi ucadadır yeri taxtımın,
Qızıl dövranıdır indi vaxtımın
Sınıq taleyimin, bağlı baxtımın
Açılan qapısı sənə görədir.

Qalmayıb qəlbimin daha gileyi,
Qəmli çəmənimin açıb çiçəyi
Payızın ortası yazın gəlməyi –
Bu bahar havası sənə görədir.

Ancaq uçulur dam – sən olmayanda
Dərdə dözmür adam sən olmayanda
Hamını sancıram sən olmayanda
Ruhumun davası sənə görədir.

Bölüşmərəm mən

Mən səni heç kimlə bölüşdürmərəm,
Kimsəyə qıymaram bircə telini
Düşmənə vermərəm, dosta vermərəm
Qoymaram bir kimsə öpə əlini.

Bircə dəqiqəni, bircə anını
Bircə duyğunu da bölüşmərəm mən
Gündüz gülüşünü, həyəcanını
Gecə yuxunu da bölüşmərəm mən.

Səni buraxmaram, sənlə qalaram,
Qoy lap ölüm-dirim qovğası gəlsə,
Oyun çıxararam, dava salaram
Ağlına özgənin havası gəlsə.

Bircə dəqiqəni, bircə anını
Bircə duyğunu da bölüşmərəm mən
Gündüz gülüşünü, həyəcanını
Gecə yuxunu da bölüşmərəm mən.

Sənsiz

Ömürdən deyil ki, sənsiz anlarım,
Sənsiz saatlarım yaşamaq deyil.
Sənsiz düşən axşam zindan əzabı,
Sənsiz sabahım da bir sabah deyil.

Həftəm altı gündür, sutkam beş saat
Onu da çox görmə, qısaltma nolar?
Arabir həftəmdən, sutkamdan kəsib
Xoşbəxt anlarımı qısaltma nolar:

Bir az səhərimə tez gəl Günəştək
Bir az axşamımı gec gətir nolar?
Bir az «olmaz»ları yadından çıxar –
Burax bu tərsliyi, höcəti nolar?

İnsaf et, insaf et, barı zəng elə
Üzüyünün qaşı düşməsin nolar?
Bircə axşamımı işığa bələ,
Bir gecəm əzablı keçməsin nolar?

…Ömürdən deyil ki, sənsiz anlarım
Sənsiz saatlarım yaşamaq deyil.
Sənsiz düşən axşam – zindan əzabı,
Sənsiz sabahım da bir sabah deyil.

Vətən

Açıb qollarımı qucaqlayaram,
Sıxaram köksümə genişliyini.
Çən kimi çökərəm, sutək hoparam,
Bu yurd sinəsində bitirər məni.

Qəlbimə sıxılıb qaynayır qanım,
Tərsinə kükrəyən vulkan kimiyəm.
Üzümdə daşlaşıb, içimdə yanıb,
Qədim dərdlərimin od heykəliyəm.

Dərəsi, təpəsi, düzü, dağıyla
Köksümə, qəlbimə yerləşən Vətən.
Nə vaxtdı bölünən bölünməzliyi
Bir namərd baxışlı göz deşən Vətən.

Tarixi gizlənib qala daşında,
Boylanır bu günə əli qaşında.
Bir vaxt var yığımı, var savaşında
Sorulmuş nar kimi büzüşən Vətən.

«Arzudu – daddıqca o dadlanandı».
İkiyə bölünüb bir adlanandı.
Bu tayda sevinci qanadlanandı,
O tayda vuruşan, döyüşən Vətən.

Dikələn qayası, ucalan dağı –
Əyilməz bürcüdür, yanan çırağı.
Yayılıb Kür boyu, Araz qırağı
Arazlaşan Vətən, Kürləşən Vətən.

Açıb qollarımı qucaqlayaram,
Sıxaram köksümə genişliyini.
Çən kimi çökərəm, sutək hoparam,
Bu yurd sinəsində bitirər məni

Baharın yolları

Qəlbdəki ağrılar, qəlbdəki qəmlər
Süzülüb gözdəki yaşdan keçirmiş.
Sinədə göynəyən kövrək duyğular
Çevrilib xəyala, başdan keçirmiş.

Sevinc bir qarışdı, kədərsə dərin,
Boğulmam içində hər dərdi-sərin.
Dünyaya ümidlə baxan kəslərin
İşləri qayadan, daşdan keçirmiş.

Həsrət içindədir – ürək sustalıb,
Onu qəm bələyib, onu qəm alıb.
Ha de ki, bahara bir addım qalıb,
Baharın yolları qışdan keçirmiş.

Kimsə yanar, kimsə gülər

Bir şimşəkdən köz götürdü ürəyim,
Alışıb da qələm aldım əlimə.
Bir ocağın odu oldu dirəyim,
Alov-alov sözlər axdı dilimə.

Yazan yazıb, «ha çağırım, ha yazım»,
Daha məni baha tapar murazım.
İlan kimi qıvrılanda Arazım,
Acıdım da gözlərimin selinə.

Yaraları ha tərpədər qələmim,
Faydası nə, bir körpədir qələmim.
Ürəyimdən alov didər qələmim,
Kimsə yanar, kimsə gülər külümə.

Atama

Qəlbimiz bir olub, ürəyimiz bir,
Mənim kədərimə hər an yanmısan.
Mənim uğuruma özümlə birgə,
Duymuşam, şadlanıb-qanadlanmısan.

Bu cavan yaşımın kiçik səhvləri,
Saçının ağına hopub elə bil.
Mənim ürəyimin gizli ahları
Sənin ürəyindən qopub elə bil.

Ömrüm apaydındı qarşında sənin,
Yaxşımı, pisimi görmüsən, ata.
Bəzən təsəlliyə möhtac olmusan,
Mənəsə təsəlli vermisən, ata.

Bir yol başlamışam üzü günəşə,
Kimsə bu yolumdan döndərə bilməz.
Sevincin önümdə bənzər atəşə,
Onu heç tufan da söndürə bilməz.

Büdrəsəm sızlayar yaran – bilirəm,
Ümid doğrulmasa – yaşamaq çətin.
Oğulluq adını haram bilərəm,
Əgər ucaltmasam başını sənin.

Bir sevgi qoruyur

Dörd yanım günəşli, dörd yanım işıq,
Yox olub yolumun dumanı, çəni.
Bir gözəl dilində dua-alqışım,
Bir sevgi qoruyur nə vaxtdı məni.

Sehrli baxışlar – zərif kəpənək,
Qonur sifətimə hey ürkək-ürkək.
Asılıb sinəmdən göz muncuğutək,
Bir sevgi qoruyur nə vaxtdı məni.

Nə qəribə sehr, nə qəribə sirr!
Ulu qayğıdımı mənimçün əsir?!
Bir nurlu ümidtək üstümdə gəzir,
Bir sevgi qoruyur nə vaxtdı məni.

Ulduztək göyümdə nur saçır hər dəm,
İşığı dağ çəkir kədərə, dərdə.
Hifz edib bəladan, qəza-qədərdən,
Bir sevgi qoruyur nə vaxtdı məni.

Duyulur həniri, görünmür üzü,
Hara qədəm bassam – məndədir gözü.
Həmişə üzümdə bir baxış izi,
Bir sevgi qoruyur nə vaxtdı məni.

Qəlbimin sevgisiz qalan çağından
Olsam da özümün özüm düşməni,
Boylanıb bir ömrün gündoğanından,
Bir sevgi qoruyur nə vaxtdı məni.

Necə unudum

Şimşək çaxdı, alov çıxdı sözündən,
Gilə-gilə kədər yağdı gözündən.
– Unut məni, unut, – dedin, – bu gündən. –
Birdən-birə, söylə, necə unudum?

Göy çəmənlər birdən-birə saralmır,
Qara saçı birdən-birə qar almır,
Bəyaz günlər birdən-birə qaralmır,
Birdən-birə axı necə unudum?

Dediklərin ürəyimi yaralar,
Birdən-birə sağalmaz ki, yaralar.
Gözlərindən qaysaqlanar, qaralar,
Ağrısını birdən-birə unutmaz.

İstəyini boğa bilmək bir hünər,
Niyyətindən öz ürəyim üşünər,
Dilim elə təkrarlayar adını
Qəlbim səni, könlüm səni düşünər.

Dil unutmur, qəlb unutmur bir günə,
Birdən-birə unutmaqmı olar heç?

Bu sevgini hardan tapdı qış görən?
Gözlərində buz oldummu yəni mən?
Birdən-birə sevməmişdim səni mən,
Birdən-birə indi necə unudum?

Əvvəl

Əvvəl qəlbin çırpınacaq
Tora düşmüş quş kimi,
Sonra gözün yol çəkəcək
Gələnin varmış kimi.

Sonra havan çatmayacaq
Daralacaq nəfəsin.
Sənə zindan tək gələcək
Yaşadığın qəfəsin.

Qəfil yada salacaqsan
Səsdən gələn istini.
Dəli kimi qaçacaqsan
Telefonun üstünə.

Tez-tələsik yazacaqsan:
“Planlarım dəyişib...
Bəlkə sabaha keçirək,
Birigünkü görüşü”.

Sonra ağıl qalmayacaq
Düşünməyə ardını.
Sonra nağıl başlayacaq
Unudassan adını.

Qala - adam

Hər adamın sığınmağa
Bir qalası olsun gərək.
Bu qaynaşan pis gözlərdən
Bir xilası olsun gərək.

Nicat yoxdu bolca vardan -
Hündür divar, dik hasardan!
Adamı daş adamlardan
Qala - Adam alsın gərək!

Bu gələn gözəl əladı
Yeriyən, gəzən qaladı.
Bəlkə də təzə bəladı
Dinsin görək, gəlsin görək!!!

Gələrəm

Bir səhər yuxudan
Sən oyat gələrəm!
Çağırsan o dəqiqə,
O saat gələrəm!

Belimdə ağrı var
İkiqat gələrəm!
Önündə dayanıb
Farağat gələrəm!

Baxma ki, xəstəyəm
Ya süstəm - gələrəm.
Əmrin var - baş üstə,
Göz üstə - gələrəm.

Sözümdə dəqiqəm,
Dürüstəm - gələrəm!
Təki sən arzula
Sən istə gələrəm!

Getmək

Sakitcə çəkilib getmək zamanıdı
Üsyan etmədən, çığırmadan, söymədən
Barışıb sevginin bitməsiylə
Yox olmaq vaxtıdı.
Duman ağır-ağır çəkildiyitək,
Hava sakitcə qaraldığıtək
İsti havada əl-üzünü yuduğun suyun
Köynəyinə düşən ləkəsi quruduğutək
Sakitcə, xəbərsiz getmək zamanıdı!

Üzə çıxacaq...

Hirs ki girdi araya
qəzəb ki kükrədi
Bütün pis sözlər, söyüşlər
dildə cimildəşəcək
Onda ilk dəfə corabsız,
dabansız ayaqqabıda
çıxacaqsan qarşıma.
Və üzə çıxacaq bütün
qüsurlar -
ayağındakı, dilindəki,
ürəyindəki...

Gedəcəksən

Ruhun gedib, özün də
Çəkilib gedəcəksən!
Sis kimi, duman kimi
Seyrəlib itəcəksən.

Əzablar güvə kimi
Xoş günləri didəcək.
Qəhər qalacaq, bir də
Sızıltı dolu ürək.

Ağrıdan qurtulmağa
Min bir çarə gəzəcəm
Tapmayıb qıvrılacam -
Tab eləyib, dözəcəm.

Ağrılarla qol-boyun,
Dərdlə həyat sürəcəm!
Başımı qarışdırıb
Ömrü yola verəcəm!

Tural Adışirinin təqdimatında


Baxış sayı - 2 056 | Yüklənmə tarixi: 21.08.2018 19:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031