Əllərinin vətəni əllərimdi - Oğuz Aydının şeirləri

Manera.az gənc şair Oğuz Aydının şeirlərini təqdim edir:
YENƏ GEDİRSƏN…
Gedirsən ömürdən, elə bil qatar,
Mənzili bilinməz, yolu bilinməz.
Ayrılıq acını şirinə qatar,
Sənli xatirənin tozu silinməz…
Dumanamı döndü getdiyin yollar,
Gözlərin gözümdə qeybə çəkildi.
Sonuncu baxışın qəlbimi odlar,
İzlərin yuxumda tənha gəzirdi.
Bir ömür fəslindən yazılan yazı,
Ani baxışınla pozuldu sənin.
Ətirli güllər də gətirməz yazı,
Eşqin yuxular tək yozuldu sənin…
GÖY QURŞAĞI…
Səsini itirdim, bitdi öpüşlər,
Sevgimiz beləcə dara çəkildi.
Sevinclə parlayan məsum gülüşlər,
Görəsən yox olub, hara çəkildi?
Bir ümidim öldü, adı sən idin,
Yasını kimsəsiz gecələr saxlar.
Arzunun, kamalın dadı sən idin,
Duyğu ağacında sındı budaqlar.
Üzünün cizgisi üzündən qaçıb,
Gizləndi gecənin gizli qoynuna.
Nisgilli günlərim işıqlar saçıb,
Taleyin acılı, sirli oynuna.
Bilmirəm, nə deyim, adsızdır halım,
Ölmüş eşqimizə kəfən kimiyəm.
Atəşə çevrilib durmadan yanım,
Qaranlıq dünyamı oda əliyəm
.
Doğulur könlümdə hicranın sənin,
Göz yaşından sonra, göy qurşağıtək…
Min yara açacaq o anın sənin,
Ayrılıq içində nalə çəkəcək…
EYLƏYİRSƏN
Röyamda qonaqsan sayıq gözlərə,
Cismini yelləyən qayıq gözlərə,
Həsədlə baxırsan oyuq gözlərə,
Elə bil zülmətə lağ eyləyirsən.
Sevginə gör necə sərilib yollar,
Gözümdə yuyulub, silinib yollar,
Tanrıdan hədiyyə verilib yollar,
Həsrəti yoluma dağ eyləyirsən.
Gözümün günəşi qarada qalıb,
Dərmanım dərmansız yarada qalıb,
Baxma, ayrılıq da xaraba qalıb,
Sən onu yamyaşıl bağ eyləyirsən.
Üfürdüm şam kimi, sönən nifrəti,
Yol alıb geriyə dönən nifrəti,
Sevgimin əliylə ölən nifrəti,
Gedərək içimdə sağ eləyirsən.
Xülyada boğulub itən zamanda,
Başlanğıc yerində bitən zamanda,
Ayrılıq məqamı yetən zamanda,
Eşqini ona calaq eyləyirsən.
GECİKMİŞ TEZLİK
Gözlərin gözümdən eşq dilənməsin,
İçimi, çölümü soyub taladın.
Sonra da üşüyüb soyuqluğumdan,
Arzumu yandırıb ocaq qaladın.
Qayıtma dünənə, xatirə gəzmə,
Sən ona sabahla xəyanət etdin.
Sıxılıb indi də həsrətdən bezmə,
Bəs necə bu qədər dəyanət etdin?
Dağıtdın kədərə çəkdiyim bəndi,
Gözünün selində qalmısan, gülüm.
Ürəyim bu sevdadan zəhərləndi,
Onu aparmağa utandı ölüm.
Xərcləyib üzümün sərvətlərini –
Gülüşü, sevinci sənə vermişəm.
Mən öz ovcumdakı tale xəttini,
Sənə bənzətmişəm, sənsən bilmişəm…
Qurumuş dibçəyə su səpmək kimi,
Səpmə sözlərini bu eşq gülünə.
Susuz səhralara gül əkmək kimi,
Əkirsən ümidi sevda çölünə…
GÖZLƏRİN HƏLƏ DƏ QAL DEYİR MƏNƏ
Payız göz yaşımı silib gedirəm,
Susmağı öyrəndim, bilib gedirəm,
Hicran qatarına minib gedirəm,
Gözlərin hələ də qal deyir mənə…
Əllərim əlindən uzağa gedir,
Ümidlər tələyə, duzağa gedir,
Xatirən yanmağa – ocağa gedir,
Gözlərin hələ də qal deyir mənə.
Şirin xəyalları basdırmışıq biz,
Arzunu tək qoyub azdırmışıq biz,
Hisslərə məzarı qazdırmışıq biz,
Gözlərin hələ də qal deyir mənə.
Sevdana susayıb gülüm qurudu,
Dözməyib hicrana ölüm qurudu,
Ağladım göl oldu, gölüm qurudu…
Gözlərin hələ də qal deyir mənə.
Qurduğum saraylar üstümə aşdı,
Eşq dolu ürəyim nifrətlə daşdı,
Günlərim durmadan dərdlə savaşdı,
Gözlərin hələ də qal deyir mənə..
Ümidlər sırayla qurban kəsildi,
Üşüyən qəlbimə buzlar sərildi,
Sinəmə tuşlanan oxlar gərildi,
Gözlərin hələ də qal deyir mənə.
Tufana, leysana dözməz bu çətir,
Mənə itirdiyim günləri gətir,
Dönmürsə geriyə bu fəryad nədir?..
Gözlərin hələ də qal deyir mənə.
İtirdin hər şeyi – özündə məni,
Yandırdın nifrətin közündə məni,
Bircə saxlamısan gözündə məni,
Gözlərin hələ də qal deyir mənə…
QIŞ
Bu soyuq gecədə, bu qış çağında,
Küçənin səsini qaranlıq udur.
Başına qar yağan inam dağında,
Arzular, ümidlər sıraya durur.
Sazaqlı-çovğunlu dərələr düzlər,
Torpağın örpəyi qardan çəkilir.
Dənələr böyüyür, yox olur izlər,
Ürəyə yağan qar hardan çəkilir?
Şaxtanı ayazı içinə çəkib,
Məhəbbət isidər, əridə bilər.
Donan küçələrə ümidlər səpib,
Şaxtanı tufanı kiridə bilər..
Səssizlik – qış deyən əbədi nəğmə,
Xəyala ap-ağır fikir daşıyır.
Əyilən qüruru daha da əymə,
Çovğunlar içimdə yara qaşıyır.
SƏN OLMAQ ÜÇÜN.....
Bax gör necə sığal çəkir sahilə dalğalar,
Əlllərinə bənzəmək istəyən dalğalar..
Bax necə sərxoşdur külək..
Qucağ-qucağa olanda nəfəsimə dəyən
nəfəsin kimi..
Ağuşuna alır mavi dənizi qara buludlar,
Qolların da tapdığım qəfəsin kimi..
Ya da bax necə tutqundu göylər,
Mənim kimi..
Bu gün hərşey sənə bənzəyir,
Bircə dağılmış..xaraba qalan yerlərdən başqa
Təkcə onlar içimə bənzəyir..
Qalan hərşey sənə..
Sənə bənzəmək istəyir.
Təbiət də.
Şəffaf sular təmizliyinə
tələsir.
Sonsuz yollar gözlərinə.
Bütün gözəlliklər sənə tələsir..
Yox.. Mənə tələsənlər də var,
Heç narahat olma..
Bu qara kədər bu qara günlər,
Tələsir saçımda dən olmaq üçün.
Sənsə.. kədər sənsən..sən sərxoşluqsan..
Mən şərab içirəm sən olmaq üçün...
Külək nəfəs
Əsrlərdir içimdə qonaq bürkülər,
İçimin otaqlarında havasızlığ var..
Sən yoxsan deyə,
Bağlıdı bütün pəncərələr, qapılar..
Arzularım da küsüb məndən,
Hərəsi çəklib öz otağına,
Onlar hava istəyir,
Onlar külək istiyir..
Yəni onlar nəfəsini istiyir..
İndi bircə sənə,
Sənin nəfəsinin bircə mehinə,
Həsrət fəsillər var içimdə..
Gəl..
Qayıt..
Əsdir nəfəsini bədənimə,
Biraz titrəyim,
Biraz hürküm,
Duyğularım sərinləsin biraz..
Biraz da ocağ qalasın nəfəsin..
Bədənimin tarixində cizgilər qoyan əllərin,
Qayıtsın geri...
Əllərinin vətəni əllərimdi,
Dodağının vətəni dodaqlarım..
Bilmirsən..Qübətdədilər..
Amma bilirəm əsəcək yenə,
Əsəcək nəfəsin...
Külək kimi...
Tural Adışirinin təqdimatında