manera.az
manera.az

Əbülfət MƏDƏTOĞLU: ÖZÜMÜ SİZDƏ TAPMIŞAM

📅 01.08.2018 13:41

Əbülfət MƏDƏTOĞLU: ÖZÜMÜ SİZDƏ TAPMIŞAM


Bu günlər hava durumunu nəzərə almasam, ovqatım bir köç üstündədi. Həm xəyalən, həm daxilən, həm də elə hadisələrin axarında özümün Köçünü hazırlayıram. O istiqamətin şərti adı məlumdur. Bunu yada salmaq, xatırladıb ovqatınızı korlamaq istəmirəm. Amma mübahisə etmək həvəsim də var bir azca. Bu mübahisə də cənnət, cəhənnəm məsələsindədi. Təbii ki, hamı cənnət arzusunda, cənnət sorağındadı. Allah hər kəsə qismət etsin! Bu da mənim onlara diləyim. Amma mənim hara düşəcəyimin proqnozunu verə bilmərəm. Onsuz da onu bilən bilir. Zatən mənim bilməyimə də o qədər ehtiyac yoxdur. Çünki bilsəm də heç nəyi dəyişmək gücündə deyiləm. Ona görə də bu həyat atının cilovunu atmışam üstünə. Necə çapır, hara çapır qoy özü bilsin. Mən də süvari kimi yəhərin daşından tutmuşam. İlk silkələnmədə yıxılmamaq üçün... ilk büdrəmədə başı üstə yerə gəlməmək üçün... Yəni əzablı sonluğu yaşamamaq üçün!..

Hə, bu duyğuların... bu kökləndiyim notun havasında məni ən çox ilgiləndirən... düşündürən biganəlikdi... etinasızlıqdı... laqeydlikdi... özünü bilə-bilə görməməzliyə vurmaqdı... anlaya-anlaya özünü anlaqsız göstərməkdi... Bax, bu hər mənada, özü də hər məqamda məni sancır, məni kəsir, məni doğrayır. Deyə bilərsiniz ki, sən də sənə göstərilən münasibətin olduğu kimi əksini düşün və qarşındakına yaşat. Bunu demək asandı. Amma belə olmaq asan deyil axı! Çünki hər kəsin özülü var, bünövrəsi var, mayası var, gen kodu var. Bunlar bütünlüklə dəyişməyə imkan vermir. Hətta cəhd etsən də alınmır. Alınan süni görünür, yamaq kimi təsir bağışlayır. Bu da adamı gülünc olmağa gətirib çıxarır. Düşünürəm ki, kimsə özünün və sevdiyinin gülünc olmasını heç vaxt istəməz. Ona görə də kirpi ilk təsirdən, ilk toxunuşdan necə özünə çəkilirsə, mən də o cür yığılıram, çəkilirəm içimə. Onda içimdə Allahımı və səni görürəm. Həmişə olduğu kimi, güvəndiyim, himayəsinə sığındığım Allahım! Ayağını qoyduğum yerə and içdiyim Səni! Elə o andın içərisində də təsəlli tapıram, o andın içərisində də nəfəs alıram. Və bir də görürəm ki, əlim qələmdə, diqqətim vərəqdədi. Yazmışam:




Bu sozalan ümidlərim

Vaxtsız, vədəsiz qarıdı...

Ümidsiz, ümidli yerim -

Güldü, həsrətim yarıdı!..




Gözümdə hər gün ucalan

Ucaldıqca da qocalan...

Sevgim zamanla puç olan -

Bardı, həm də ki, barıdı!..




Ruhum bükülən ərəndi

O mənim bəndim, bərəmdi...

Güllərim pərən-pərəndi -

Sanki dağılmış darıdı...




Hay vermir məscid, kilsə

Gələn də deyil ta kimsə?!

Sən demə səndə, kim isə -

Deyə, Əbülfət varıdı!..



***

Tam səmimi etiraf edim ki, yorulmuşam. Özü də hər şeydən. Xüsusilə yaşamaqdan yorulmuşam. Çünki bu yaşamağın kimsəyə faydası olduğunu hiss etmirəm. Əgər kimsə bunu hiss edirsə və yaxud hiss etdirirsə bunu özü bilsin, Allahı bilsin. Mən bu işə qarışmadan, bu mövqeyə münasibət bildirmədən özüm öz içimdəki hesabatdan mənfini müsbəti necə üstələdiyini açıq-aşkar hiss edirəm. Görürəm ki, bu gün dünənkindən bir az da az arzulanıram... bu gün dünənkindən bir az da az yerim görünür... bu gün dünənkindən bir az da az sevilirəm... Bax, bunu özüm hiss etdiyim anda həyatın iqtisadi sıxıntısı da bir az artıq, bir az cəsarətli şəkildə yüklənir çiyinlərimə. Və hər iki yükün altında üzü torpağa tərəf əyilməyə, çökməyə tərəf gedirəm. Doğrudur, torpağa gündə min dəfə əyilməyə, əyilib alın söykəyib öpməyə, and içməyə hazıram. Bu başqa bir məqamdı, başqa bir məsələdi. Lakin içindən girdə Naxçıvan duzu kimi kirkirədən keçmək çox çətindi, ona dözmək olmur. O bir məşhur mahnımızda deyildiyi kimi:


Dözmək olmur ayrılığa,

Kaş ki, bunu biləydin sən.


Çox təəssüf ki, bilmək hər adamın marağında olmur. Ona görə də həyat da sönükləşir, süstləşir, bozarıb bir səhra çöllüyü kimi öz tozanağını qaldırmaqla günü axşam edir...

Mənim yazdığım bu fikirlər bəlkə də pafosludu, bəlkə də həddindən artıq təmtəraqlıdı. Amma inanın ki, gerçəkdi. Gerçəklik də elə bir şeydi ki, gözlərini adamın gözünün içindən çəkmir. Birbaşa alına, ürəyinə söykənmiş tüfəng lüləyi kimi səni təhdid edir, qaçmağa yer qoymur. Bax, bu mənada yorğunluq da mənim indiki durumda özümü ifadə edə biləcəyim yeganə sözdü. Bilirəm ki, dostlar, doğmalar hardasa məni qınayacaq. Bu fikirləri kağıza köçürdüyümə görə təəssüflənəcəklər. Lakin neyləyim ki, düşündüklərimi demək, yazmaq mənim ən böyük günahlarımdan biri olubdu: xoş gəlsə də, gəlməsə də, qınansam da qınanmasam da! Həmin ovqatın içində yazdığım şeirlərdə də mən içimdəkini ifadə etməyə çalışıram. Yəni içimi misralara köçürürəm... İstəklərimi şeirin diliylə deyirəm.




Yorulmuş dəvə kimiyəm

Titrəyən dizim qatlanır...

Düz də yeriyə bilmirəm -

Əyilir, izim qatlanır!




Görünür zamanın həddi

Çətindi keçmək bu səddi...

Bilmirəm yaşdandı, nədi -

Qırışır, üzüm qatlanır...




Ruhum xəfif kölgə salır

Xəyal məni məndən alır...

Vərəqlərin üstdə qalır -

Oxunmur, sözüm qatlanır!..




***

Adətən avqusta "qorabişirən" deyirlər. Bunun səbəbini az-çox bilirəm, mahiyyətindən də xəbərim var. Amma indiki anda bu söz mənə bir az gülünc görünür. Çünki içərisində olduğumuz ayın elə isti günlərini yaşadıq ki, onda torpaq da bişirdi, nəinki qora. Bax, bu adi bir faktı, detalı ona görə qabardıram ki, bəzən biz reallığı nəzərə almırıq. Elə hər şeyi müqəddəs kitabın içərisindən götürülmüş kimi anlayır, dərk edib bu cür də tətbiq etməyə, ifadə etməyə çalışırıq. Burada söhbət nəyisə inkar etməkdən getmir. Əksinə, deyiləni, olanı zamana uyğun gətirməkdən gedir söhbət. Bu uyğunlaşdırma fikrin inkişafı deməkdir... hərəkətdə olması deməkdir... yaşaması, boy atması deməkdir...

Deməli, qorabişirənə qədər hələ barmaqsayı günlər var. Lakin indinin özündə müqayisə aparıb belə bir nəticəyə gəlirəm ki, hətta qorabişirənin özündə də soyuqlamaq, sətəlcəm olmaq, üşümək, donmaq mümkündü. Axı, biz insanıq. Və mən də bu məqamda təbiət hadisələrini nəzərdə tutmuram, iqlim dəyişikliklərini qabartmıram. Əksinə, insanın insana münasibətini, insanın insana sığınmağını, insanın öz içində başqalarının sevincini, kədərini yaşatmaq, ona dəstək olmağını ifadə etmək istəyirəm. Çalışıram ki, soyuğun da, istinin də, necə deyərlər, od-alovla şaxta-boranın da insanın varlığında, iç dünyasında, yəni ürəyində ən pik dərəcədə olduğunu sizə xatırladım. Deyim ki, içimdəki hər şey üçün minnətdar olduğum Allahım və O mənim bu düşüncələrimin doğulmasına, böyüməsinə həm səbəb yaradan, həm də dəstək olandı. Yəni qışın oğlan çağında çölün şaxtası, boranı mənə yaz, yay ovqatını yaşadırsa və yaxud yayın qorabişirənində mən daxilən şaxtanın, boranın içərisində oluramsa, burda təbiəti niyə günahkar saymalıyam? Niyə onunla sorğu-suala çıxmalıyam?!

İndi özünüz də yəqin hiss etdiniz ki, mən harda və nə qədər haqlıyam. Əgər bunu artıq duya bilmisinizsə, onda bu misraların da yozumunu qəbul edib qiymətini, dəyərini verəcəksiniz.




Bir ovuc yağışa

Tək bir isti baxışa...

Əfv et, məni bağışla -

Allahım!..



Göyərən son umuda

Bircə əlçim buluda...

Bağışla, bu qulu da -

Allahım!..




Bu boya biçilən kədər

Sənin yaz

dığın qədər...

Yola ver məni birtəhər -

Allahım!..




***

Hə, mənim "Ədalət" qəzetində son 15 ildə yazdığım yazıların böyük əksəriyyətinin ilk oxucusu, dinləyicisi və bilgisayara köçürəni olan Gülər xanımın sonuncu şeirimə etdiyi redaktə yerinə düşdü. Çünki yazımın adında Allahım və Sənin adın xüsusi qeyd olunmuşdu. Ona görə də bir anlıq susdum və redaktəni məmnuniyyətlə qəbul etdim. Susduğum anda ağlıma ilk gələn o oldu ki, deməli, bura qədər nə diqtə etmişəmsə, nə yazmışamsa, onlar bir oxucu kimi Gülər xanımın diqqətindən yayınmayıb. Əgər ilk oxucu vərəqi qatlamırsa, vərəqi qatlayıb bir kənara atmırsa, deməli, onu ən azı daha bir neçə nəfər oxuyacaq. Mən bilirəm ki, o bir neçə nəfərin içərisində Sən də olacaqsan. Və bir də səndən və hamıdan öncə artıq söylədiklərimi içimin yaşantıları kimi Allahım oxumuşdu, bilirdi. Və hardasa elə Allahımın içimdə göyərtdiyi fikri ifadə etmək bacarığı mənə bu yazını yazmaq imkanı verdi. Deməli, haqdan gələni saxlamaq, gizlətmək, ört-basdır etmək mümkün deyil. Elə mənim Allahımın özünə və sənə olan sevgim də Haqdan gəlib. Ona görə də sən nə qədər bu sevgini duymamağa, hətta aşağılamağa çalışsan da, onu dəyişməyə, onun qarşısında sədd çəkməyə gücüm çatmayacaq. Bu güc ancaq Allaha aiddir. Sadəcə, sadə formada ifadə etsəm, göndərən də, geri alan da yalnız Allahdı. Bu mənada indi söyləyəcəyim misralarda sən bir daha nəyə imza atdığını aydın şəkildə görəcəksən.



Özümü Məcnun bilirdim

Bitməyən dərdə dözümdə..

Bir şair gözümdə öldü -

Bir sevən isə özümdə!..




Qətliam oldu içimdə

Nə dodaq bildi, nə də dil...

Gələ bilmədin üçümdə -

Onu da bağışladım, bil!..




Sadəcə yaddaşı yandır

Tüstüsünə fatihə ver...

Gətirmədi bəxtim andır -

Tikanlıdı yatdığım yer!..




Hə, doğrudan-doğruya qarşınızda etiraf etdim:

- Yorulmuşam, yaman yorulmuşam! Dincəlməyin zamanı deyəsən çatıb. Siz necə bilirsiniz?..

Manera.az


Baxış sayı - 1 493 | Yüklənmə tarixi: 01.08.2018 13:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031