“Ayıbdır, uşaq baxır, böyük baxır...” - KİNO günü | MANERA.AZ
![]()
Nəinki kino siyasətini yönləndirmək, hətta porno - kadrları qayçılamaq vəzifəsi etibar edilmiş şəxslər mili və dünya ədəbiyyatı tarixini bilməlidirlər
“Kərbəlayi Qəmlonu gəbərtdi”. Mili kinomuzun sovet senzurası tərəfindən qayçılanmış kadrlarından söz düşəndə ilk növbədə “Axırıncı aşırım” bədii filminin orijinal variantından ikinciyə miras qalan bu sözlər yada düşür. Kadrarxası həmin səs heç olmasa, həqiqəti axtarmaq üçün ipucu verir. Axtaran isə tapar, aşkar edər ki, zalım Qəmlonu filmin son variantında təqdim edildiyi kimi, heç də Xudayarın qardaşı deyi, məhz sovetlər düşməni Kərbəlayi İsmayıl öldürüb. O isə qolçomaq idi, sovet ideologiyasına görə qəddarlığı cəzalandıracaq qədər ədalətli ola bilməzdi...
Kino – incəsənət növündən həm də rupor kimi, təbliğat vasitəsi kimi istifadə olunur. Kino ayrı-ayrı qrupların korporativ mənaeyinə də xidmət edə bilər, dövlətlərin siyasi maraqlarına da. Qonşularımız kinodan ideoloji təbliğat vasitəsi kimi yararlanırlar. Buna aid çoxsaylı misallar göstərmək olar:
Bir ara “ANS” telekanalında İran istehsalı olan “Rey müsafiri” adlı çoxseriyalı film göstərilirdi. Filmdəki hadisələr orta əsrlərdə cərəyan edir. Filmin qəhrəmanı Seyid təqibdən yaxa qurtarmaq üçün İraqdan İrana qaçan siyasi mühacirdir. Lakin xilafət hələ güclü olduğundan, İranda da bir yerdə qərar tutmayan Seyid tez-tez yerini dəyişir. Getdiyi hər yerdə şiə təriqətini yaymaqla məşğul olur. İmam Hüseyn tərəfdarlarının sayını artırmağa çalışır. Beləcə gəzib dolaşa-dolaşa ölkənin şimalına doğru hərəkət edir və mədəniyyətsiz, az qala vəhşi kimi təqdim olunan bir tayfanın yaşadığ əyalətə gedib çıxır. Burada başçısı orta yaşlı qadın olan bir ailənin qonağı olur. Söhbət əsnasında məlum olur ki, qadının oğlu qonşuluqda bir qıza nişanlıdır. Qızın atası isə adət (!) üzrə oğlana sınaq müddəti vermişdir. Həmin müddət ərzində oğlan gələcək qayınatasının evindən mümükün qədər çox oğurluq etməlidir. Nə dərəcədə müvəffəq olmasından isə çox şey asılıdır. Çünki bu qövm oğurluğu yaxşı bacaranları qiymətləndirir. Seyidlə ev sahibəsi söhbət etdikləri yerdə oğlan əlində bir kiçik kürk, təngnəfəs halda komaya daxil olur. Onun ardınca da qız, qızın atası və əlavə bir neçə nəfər gəlirlər. Valideynlər mübahisə etməyə başlayırlar. Qızın atası deyir ki, oğlan kürkü oğurlayarkən qızı ona kömək etdiyindən, bu cəhdi uğursuz hesab edir və belə fərasətsiz adamı özünə yeznə seçə bilməz. Nurlu siması, müdrik, nəsihətamiz sözləri, kübar maneraları ilə ünsiyyətdə olduğu şəxslərdə özünə rəğbət oyadan, onlara nüfuz etməyi bacaran qonaq işə müdaxilə edərək, gənclərin valideynlərini dilə tutur və sevənlərin evlənməsinə razılıq vermələrinə nail olur. Missioner – müsafir oğurluğa bəraət verən adəti pisləyir. Elə buradaca filmin yaradıcılarının əsl hədəfi üzə çıxır: Seyid “oğrular tayfasının” üzvlərindən soruşur ki, kimə sitayiş edirlər. Ona nə cavab versələr yaxşıdır: - Babəkə!
Deməli, İran kinosunda azərbaycanlılar oğru kimi təqdim olunur. Çünki Babək azərbaycanlıdır.
İndi isə on il əvvələ qayıdaq. 2005-ci ildə o zaman Azərbaycan efirində yayınlanan “Rossiya” telekanalında “Russkie amazonki” teleserialı göstərilir. Epizodlardan birində ölkəmizin və eləcə də postsovet məkanının ən nüfuzlu ictimai xadimlərindən olan, demək olar ki, xalqımızın fəxarət ünvanlarından sayılan bir şəxsin adı təhqir olunur, filmdə oğru kimi təqdim olunan personaj həmin adla çağırılır: - Bülbüloğlu!
O vaxt rəyi soruşulanların, münasibəti öyrənilənlərin əksəriyyəti filmin yaradıcılarını təkcə həmin şəxsi deyil, onun timsalında bütün Azərbaycan xalqını təhqir etməkdə qınadılar. Kimi bunu filmin əslən Bakıdan olan senaristi Yakuboviçin zarafatı saydı, kimi də “erməni barmağı”ndan şübhələndi.
Doğrudur, Azərbaycanda oğru, İranda cibgir, Rusiyada bunların hər ikisindən həmişə olub, var və olacaqdır. Lakin bunu millətin ümumuləşdirilmiş obrazı kimi təqdim etmək yolverilməzdir. Söz yox, siyasiləşmiş xarici kinonun bu xoşagəlməz replikalarına qarşı adekvat cavab tədbirləri görülməlidir. Amma gəlin razılaşaq ki, filmlərdə “muxtariyyət” təşkil edən həmin epizodları dublyaj mərhələsində kəsib atmaq, yaxud da adları başqası ilə əvəzləmək olardı.Və bu cür “yüngülvari əlgəzdirmə” heç də süjetin ana xəttini əyməzdi.
Gəlin görək, “qayçıladığımız” kadrlar hansılardır: Bu sıranı da seriallardan başlayaq. Çoxseriyalı bədii televiziya filmləri daha çox asudə vaxtlarıolan tamaşaçıların tələbatını ödəməyə hesablanıb. Bundan başqa, belə filmlər telekanallara efir vaxtını doldurmaq imkanı verir. Serial maraqlı olduqda reklamvericilər üçün cəlbedici olur. Azərbaycan telekanalları da seriallar nümayiş etdirirlər. İctimai qınağa tuş gəldikdən sonra Şərq mentalitetinə zidd olan elementlərlə zəngin Braziliya filmlərinin nümayişi dayandırıldı. Türk seriallarının da dubljaj edilməsi ciddiliklə tapşırılandan sonra nümayişi səngidi. Önə çıxarılan milli seriallar da çeşidli səbəblərdən populyarlıq qazana bilmədilər (Bunun üstündə çox dayanmaq istəmirik – müəllif.). Belə alındı ki, xarici serialların hansısa qeyri-məqbul kadrlarını deyil, ucdantutma hamısını çıxdaş elədik.
Tammetrajlı filmlərə gəlincə, “qaşını düzəldərkən vurub gözünü də çıxartığımız” biri də İtaliya – ABŞ istehsalı olan “Bir dəfə Amerikada”dır. Təsəvvür edin, İctimai Televiziyanın həmin filmi tamaşaçıya təqdim etməzdən əvvəl erotik səhnələrini doğrayıb – atmaq üçün qayçını etibar etdiyi naşı əlin sahibi dırnaq tutmaq əvəzinə barmağı da kəsir. Ekran əsərinin kulminasiya nöqtəsi də həmin kadrlarla birgə tullanılır. Filmə tam həcmdə baxmış olanlar bu fərqi aydın görərlər. Bəs elə isə əskikliyi kvadrata yüksəldən amil nədən ibarətdir?: Fimin qəhrəmanları Nyu-Yorkun yetim küçə uşaqlarıdır. Beş dost yeniyetmə cibgirliklə, soyğunçuluqla məşğuldular. Bu dəstənin ən kiçik üzvü onlarla eyni fəaliyyət meydanı uğrunda rəqabət aparan başqa bir qrupun başçısı Baqsi tərəfindən öldürülür. Dostların ən böyüyü – “Əriştə” ləqəbli gənc Devid qisas alaraq qatili qətlə yetirir və zindana düşür... Devid bu dünyanın yalnız sərt üzünü gördüyündən, onun üçün müqəddəs heç nə yox idi. Bircə dostluğa sədaqət andı vardı və bir də... Və bir də balerina olmağa hazırlaşan Deboraya olan saf məhəbbəti. Kasıb, amma ziyalı ailəsində tərbiyə almış Debora da onu sevirdi, amma “gələcəyin dələduzusan, yolumuz ayrıdır” – deyirdi. Devid çətin balet rəqslərini məşq edən Deboranı xəlvətcə güdür, bu gözəlliyi heyranlıqla seyr edir, sonra isə gözünün qurdunu əxlaqsız küçə qadınlarıyla əylənməklə öldürürdü. Dostlarından ən zirəyi Maks ona hey irad tuturdu ki, bu qıza həddən ziyadə diqqət yetirir... Məhbəs həyatı Devidi islah etməmişdi, azadlığa çıxanda ilk görüşdüyü sadiq dostları da artıq yetişkin qanqsterlərə çevrilmişdilər. Dəstə başçısı vəzifəsini öz üzərinə çəkən Maksimilian artıq siyasi cinayətlərə baş qoşurdu. Seçdiyi peşədə böyük uğurlar qazanmağa, məşhur olmağa qərar verən Debora isə hələ də bakirə idi. Görüşlərində Devidə etiraf edir ki, o, öpüşdüyü yeganə kişidir, yalnız onu sevir, amma gəncliyini sənətə qurban verdiyindən, əzələlərini sustalda, elastikiyini itirə, bioritmini poza biləcək intim həyatdan imtina etmək məcburiyyətindədir. Sonra da əlavə edir ki, Hollivuda dəvət aldığından, sabah Kaliforniya reysi ilə uçmalıdır... Ertəsi gün kişi qızı taksi ilə oteldən hava limanına aparır. Yolboyu qız öz gələcək planlarından danışır. Düşüncələrə qərq olan kişi yolun dəniz sahili ilə paralelləşdiyi sakitlik bir yerdə maşını saxlatdırır və... Etdiyi cinsi təcavüzlə kişi həm də qızın bütün arzularının üstündən xətt çəkir. Tamaşaçı bəlkə də Devidə buna qədər törətdiyi bütün cinayətləri bağışlayardı. Şəraitin qulu olan yetim uşağın bu yola düşməsi təəccüblü deyil. Dostunun qanının yerdə qalmayacağına zəmanət verəcək ədalətli məhkəmə də tanımırdı Devid, öz bıçağından savayı. Rüşvətxor polislərə, ikiüzlü siyasətçilərə sitəm elədikləri məqmlarda da Devidgilin günahı böyük görünmür. Ən nəhayət, tamaşaçı Devidə ona görə rəğbətlə yanaşır ki, bu rolu kino ulduzu Robert de Niro oynayır. Amma bu “yaxşı insan” bircə Deboranın illüziyalarını məhv etməklə pis adama, vəhşiyə çevrilir, heç cür bəraət verilməsi mümkün olmayan cinayət işləyir. Acı təəssüf doğurur ki, o, ehtirasını öz pak sevgisini öldürmək hesabına söndürür. Bəlkə də Devidin özünü “duruya çıxarmaq” üçün “tutarlı” arqumentləri var: Bəlkə də Deboranın ərə getməməsinin bir səbəbi də hamının onu məhz kimin sevdiyini bilməsiydi. Bəlkə də Hollivuda çatan kimi Deboranın qarşısına onu isməti ilə vidalaşmağa vadar edəcək şərtlər qoyulacaqdı və Devid bunu yaxşı bilirdi. Bəlkə də Devid qızın namusuna deyil, təkəbbürünə, şöhrət hərisliiynə təcavüz eləmişdi. ( Bu rol sonradan həqiqətən məşhur kinoaktrisaya çevrilən Cennifer Konellinin debütü idi – P. Ş.). Amma nə olur-olsun, bu məhkəməni özü qurmağı, özü hökm çıxarmağı haqq etməmişdi... Beləliklə, İTV-nin montajçıları “uşaq baxır, böyük baxır, qız - gəlin baxır, ayıbdır” - deyə özləri filmə məhkəmə qurmuş, özləri də hökm vermişlər. “İttiham” edib sildikləri kadrlar isə cinayətkarı mələyə çevirmişdir. Yerdə qalan kadrlardan belə çıxır ki, dünya vecinə olmayan, qanunlara tüpürən, ehkamları saymayan, Allahı tanımayan Devid əsl centlmen kimi Deboranın iradəsinə qarşı çıxmır, onu hava limanında yola salır, təyyarə uzaqlaşanadək məhəbbət dolu baxışları ilə izləyir...
Hə, onu da qeyd etməyə dəyər ki, kino siyasətimizi yönləndirmək vəzifəsini etibar etdiyimiz şəxslər mili və dünya ədəbiyyatı tarixini bilməlidirlər. Dərk etməldirlər ki, İsmayıl Şıxlının “Dəli Kür”ü ilə Mixail Şoloxovun “Sakit Don”u arasında oxşarlığı, “Yeddi oğul istərəm”i ilə Akira Kurosavanın Yeddi samuray”ı arasında bənzərliyi müşahidə etmək üçün, özünün gələcəkdə plagiatda suçlanmamağın üçün gərək davamlı mütaliə edəsən, ədəbiyyatı incəsənətdən çox biləsən. Axı kino ssenarisi də əsasən məhz ədəbi əsərlər əsasında qurulur. Əgər ədəbiyyata haram qatııbsa, onun əsasında yaradılmış incəsənət əsərinə də bəri başdan murdarlıq damğası vurulur. Ön mühakiməni dəyişmək isə, fizik Rezerford demişkən, atomu parçalamaqdan çətindir.
Manera.az
(Yazı müəllifin şəxsi mülahizələridir)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.