“Bəxtiyar Vahabzadənin pedaqoji görüşləri: müəllim həssaslığı, gənclərə qayğı”

Buludxan Xəlilov,
filologiya elmləri doktoru, professor
“Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyi olan görkəmli simalardandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi”.
(Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2015-ci il tarixli sərəncamından)
Həssaslıq biganəliyin, laqeydliyin əksidir. Həssaslıq hiss etmədən başlayır və hər adamda da olmur. Bu keyfiyyətin daşıyıcıları hər şeyi məqamındaca gözündən vurmağı bacarırlar. Onların ovqatı gündə yüz dəfələrlə dəyişir, çünki hadisələr çoxdur, ətraf mühit yeknəsək deyil. Həssaslar ətraflarında baş verən hadisələrin hər birini ürəklərindən, beyinlərindən keçirir, onların hər birinə duyğulu və həssas yanaşırlar.
Müəllimlərdə həssaslıq olmazsa, o, şagirdlərə, tələbələrə diqqət göstərə bilməz. Məhz bu həssaslıq Bəxtiyar Vahabzadənin şair, müəllim qəlbinə uyarlı olub. Bəlkə də onu bu keyfiyyət başqalarından daha çox fərqləndirib. O, müəllim kimi tələbələrinin yoxlama yazı işinə, kurs işinə, daha doğrusu, oradakı tələbə fikrinin özünəməxsusluğuna və orijinallığına xüsusi diqqət yetirib.
Bəxtiyar Vahabzadə “Pıçıltı” məqaləsində yazır: “Tələbələrimə sovet ədəbiyyatından kurs işi mövzuları vermişdim. Onları yoxlayanda nəzərimi maraqlı bir yazı cəlb etdi. Həmin yazıdan bir neçə cümləni eynilə köçürürəm: “Mən şeir dəlisiyəm. Şeir məni ikinci dəfə doğub desəm – sizə qəribə gəlməsin. Bircə anlığa xəyalıma gətirsəm ki, şeir yoxdur, mənim üçün həyat dayanar. Çünki şeir yoxdursa, ürək yoxdur, şeir yoxdursa, həyat yoxdur...” (“Pıçıltı” – Bəxtiyar Vahabzadə. “Sənətkar və zaman” Bakı, Gənclik, 1976, s.187-188)
Əvvəla, tələbə çox yaxşı bilib ki, Bəxtiyar müəllim tələbələrə həssasdır. İkincisi, tələbə o müəllimlə hissini, duyğusunu bölüşür ki, həmin müəllimə inanır. Belə olduğundan tələbə çəkinmədən, utanmadan öz fikrini, mülahizəsini, ürək sözünü müəlliminə deyir. İnanır ki, müəllimi ona səmimi və qayğılı yanaşacaq. Ümumiyyətlə, insan öz ürək sözünü hər adama demir, yalnız inandığına deyir və onunla bölüşür.
Azərbaycan cəmiyyətində müəllim sənəti həmişə elə müqəddəs sənət olub ki, insanlar bu sənət sahibləri ilə bölüşməkdən çəkinməmiş və onlardan məsləhətlər almışlar. Bu mənada Bəxtiyar müəllim “Pıçıltı” məqaləsini yazanda o məqama da diqqət yetirib ki, tələbə müəllimindən məsləhət umur. Odur ki, “Pıçıltı” məqaləsində tələbənin yazdıqlarını davam etdirirdi: “Mən şeiri niyə sevirəm? – Bilmirəm. Onu bilirəm ki, hər dəfə gözəl bir şeir oxuyanda elə bil dünyaya ilk dəfə baxıram, elə bil təzədən doğuluram. Oxuduğum şeir köhnə dünyanı mənə təzə göstərir. Kiminsə qəlbinin, fikirlərinin əks – sədası olan bir şeir “mənimləşir”. Oxuduğum bu şeir mənim həyata, vətənə, insanlara sevgimi yeniləşdirir, dərinləşdirir, ülviləşdirir. Həyat məhəbbətdir, şeir – məhəbbət çeşməsi. Həyat günəşdir, şeir – günəş şüaları. Həyat sudur, şeir – su şırıltısı”. Əlbəttə, tələbənin bu fikirləri Bəxtiyar müəllimi məcbur etmişdi ki, o, tələbəni axtarsın və tapsın. Belə də olur. Bəxtiyar müəllim tələbəni tapır, onun şeirlərini oxuyur, şeirləri barədə xoş sözlər yazır. Bu, müəllimin tələbəsinə olan diqqətdən, sayğıdan, həssas münasibətdən başqa bir şey deyil. Bəxtiyar Vahabzadə yazırdı: “Tələbəni tapdım. Özünün də şeir yazıb – yazmadığını xəbər aldım. Utandı, bir söz demədi.
Bu əhvalatdan bir qədər sonra Rahilənin rəfiqəsi mənə onun bir neçə şeirini verdi. Mən yanılmamışdım. Şeirin, sənətin mahiyyətini özünəməxsus şəkildə dərk edən bu tələbənin şeirlərində də kurs işində gördüyüm orijinal və səmimi, yeni və təravətli duyğular məni isitdi. Bu şeirlərdə qışqırıq yoxdur, pıçıltı var. Ona görə ki, ürək söhbəti sakit və pıçıltılı olur”. Bəxtiyar Vahabzadənin təcrübəsiz bir tələbəyə qayğısı, diqqəti, hətta onun şeirləri barədə xoş söz deməsi görkəmli bir sənətkarın – şairin həssaslığı ilə yanaşı, həm də müəllim kimi şəxsi nümunəsidir. Bununla da o, tələbənin özünə inamını artırır və gələcək fəaliyyətini stimullaşdırır. Bu cəhət uşaq, gənc, eləcə də hər bir şəxs üçün çox əhəmiyyətlidir. Ancaq müəllimlərimiz bunu bəzən unudurlar, yaxud da əhəmiyyət vermirlər. Yeri gəlmişkən, onu da qeyd edək ki, valideynlərimizdə belə bir mental xüsusiyyət var. Valideynlərimiz uşaqlarını oynamağa yaxud başqa yerə (məktəbə, dükana və s.) göndərəndə tez-tez məsləhətləri belə olur ki, heç kəsə yaxınlaşma, çəkil və kənarda dayan, qayğı və problem yaratma və s. Bununla da valideynlərimiz uşağın özünə inamını itirirlər. Ancaq müqayisə üçün qeyd edək ki, hər hansı bir yəhudi uşağını həyətə oynamağa göndərəndə ona deyir ki, sən hamıdan yaxşısan, qəşəngsən, ağıllısan. Bununla da yəhudi valideyn öz övladında inam yaradır.
Bəxtiyar Vahabzadə öz hissi, qəlbi, fikri, yaradıcı münasibəti olan gənclərə həmişə üstünlük verib. Hətta o vaxt qəbul imtahanları zamanı belə gənclərin üzünə ali məktəblərin qapılarını açmağı tövsiyə edirdi. 1971-ci ildə yazdığı “Qəbul imtahanları barədə” məqaləsində qəbulla bağlı bir sıra ciddi məsələləri qaldırmaqla yanaşı, seçim prosesində kimlərə üstünlük verilməsinə də diqqətlə yanaşırdı. O yazırdı: “... sərbəst mövzuda yazan, xırda-para səhvi də olsa, dörd səhifəlik vərəqə öz qəlbini qoyan, öz hisslərinin tərcümanına çevrilən abituriyentlərə üstünlük verilsin. Qoy onun cümlələri ütülü olmasın, hamar olmasın, məlum fikirləri belə öz sözü ilə desin. Öz sözünü demək istedadın ilk əlamətidir. Biz ali məktəbə belələrini seçməliyik”. Seçim prosesində öz sözü olan abituriyentlərə üstünlüyün verilməsini Bəxtiyar Vahabzadə təsadüfi bir fikir kimi söyləmirdi. Ona görə ki, vaxtilə onun özünə də, istedadına, öz fikri olmasına görə qayğı göstərilmişdi. Məhz o, gördüyü bu münasibəti başqalarına da əsirgəmirdi. O hesab edirdi ki, qəbul zamanı konkret mövzuları yazanlara, durğu işarələrini yerli-yerində qoyanlara, orfoqrafik səhvlər buraxmayanlara yalnız qrammatik savada görə “əla” qiymət verilməsi düzgün deyil.
Bəxtiyar Vahabzadə öz sözü olan gənclərə üstünlük verərək yazırdı: “Mən Ermənistandan gələn Telli adlı bir gəncin sərbəst yazı işindən danışmaq istəyirəm. Onun “Mənim Azərbaycanım” mövzusunda yazdığı iş belə başlanır: “Mən doğma Bakımı birinci dəfə görürəm. Mən bura təhsilə gəlmişəm. Doğma vətənimdən qanad almağa gəlmişəm... Bizim evimiz dəmir yolunun kənarındadır. Vaqonlar bizim evin yanından ötüb keçir. Vaqonların üstünə yazılır: “Yerevan – Bakı”. Vaqonlar ötüb keçirdi, arxasınca baxırdım. Relsləri, qollarını mənə doğru uzadan anamın qollarına bənzədirdim. Vaqonların dalınca anama doğru uçar, uçardım”.
Bu yazı işinə qəbul zamanı dilçilərimiz aşağı qiymət vermək istəyirdilər. Ona görə ki, abituriyent “t” və “d” hərflərini qarışıq salmış (qanad əvəzinə qanat yazır), bir neçə yerdə vergül xətası buraxmışdı. Ancaq burda təmiz his-slər, obrazlı təfəkkür, ümumiləşdirmə qabiliyyəti, yaradıcılıq və s. var. Belə gənclər gələcəkdə yaxşı ədəbiyyatçı ola bilər.
Doğrudan da, təcrübəli müəllimlərin seçimində heç bir yanlışlıq ola bilməz. Bəxtiyar Vahabzadənin seçimi də belədir. Onun haqqında söhbət açdığı Telli Əliyeva – Telli Pənahqızı Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təbliği sahəsində əvəzsiz xidmətləri olan jurnalist oldu. Telli xanım şəxsən bu sətirlərin müəllifinə danışdı ki, o, abituriyent kimi ədəbiyyat fənnindən yazılı imtahan verərkən Bəxtiyar Vahabzadə müəyyən sözlərin yazılışı barədə suallar verirmiş. Bəxtiyar müəllim Telli xanımın bu cəsarətinə rəğbətlə yanaşır və ondan soruşur ki, sən hansı mövzunu yazırsan? Telli xanım deyir ki, sərbəst mövzunu. Bəxtiyar müəllim Tellinin yazdığı sərbəst mövzunu başdan ayağa qədər oxuyur. Auditoriyadakı uşaqlara üzünü tutub deyir ki, bir-birinizə nə çox qısılmısınız? Baxın bu qara qız sərbəst mövzu yazır, özü də yaxşı yazır. Telli xanım onu da deyir ki, yazdığım inşada “Qara daşlar”ın adını işlətməliydim. Bəxtiyar müəllimdən soruşdum ki, “Qara daşlar” necə yazılır? O, auditoriyada onunla birgə imtahan götürən və nisbətən ondan cavan olan müəllimə dedi ki, eynəyimi gətir. O, eynəyi gözünə taxdı və mənim yazımı diqqətlə oxumağa başladı. Telli xanım mənə söhbət edəndə dedi ki, indiki kimi yadımdadır: “Bəxtiyar müəllim yazımı oxuyub qurtarandan sonra yüksək qiymət alacağımı söylədi. Sonra növbəti imtahan gəldi. Bu imtahan ədəbiyyatdan şifahi imtahan idi. Onun dediyinə görə, Bəxtiyar müəllim yenə də bizim auditoriyaya gəlmişdi. Ancaq sonra məlum oldu ki, o, başqa bir auditoriyada imtahan götürməlidir. Cəlal Abdullayev ona dedi ki, Bəxtiyar müəllim, imtahanı o biri auditoriyada götürməlisiniz. Bəxtiyar müəllim isə Cəlal müəllimə sərbəst mövzunu yazan Tellini göstərib onun bilikli, savadlı olduğunu dedi. Bununla da o, bir istedadlı qızı – Tellini yaxşı mənada qorudu. Telli xanım deyir ki, mən ədəbiyyat proqramı üzrə bütün materialları bilirdim. Hardan nə sual versələr, cavab verirdim. Şeir parçalarını əzbərdən söyləyirdim. Ancaq, təbii ki, Bəxtiyar müəllimin bu jesti ona olan diqqəti xeyli artırmış və Tellinin daha da ürəkli etmişdi. Telli xanım bu sətirlərin müəllifi ilə söhbət zamanı onu da dedi ki, sentyabr ayının 1- də dərsə gələndə o, universitetin həyətində Bəxtiyar müəllimi görür və sevinə - sevinə ona qəbul olduğunu bildirir. Bəxtiyar müəllim isə cavab verir ki, bilirəm. Ancaq bu gün “Kommunist” qəzetində səninlə bağlı bir yazı yazmışam. Get, onu al, oxu. I kursun tələbəsinə - Telli xanıma bundan böyük nə hədiyyə ola bilərdi?! Yeri gəlmişkən, onu da qeyd edək ki, Bəxtiyar Vahabzadənin “Qəbul imtahanları barədə” məqaləsi o vaxt ilk dəfə “Kommunist” qəzetində çap olunmuşdu.
Bəxtiyar Vahabzadə həmişə istedadlı gənclərə, yaradıcılıq qabiliyyəti olan gənclərə köməklik göstərib və onların qayğısına qalıb. O vaxt qəbul imtahanını müəllimlər aparan zaman Bəxtiyar müəllim xeyli abituriyentin hazırlığından razı qaldığı üçün onları nəzarətə götürmüş, qayğı və diqqətini onlardan əsirgəməmişdi. Bəxtiyar müəllim həmin abituri-yentlərdən o vaxt mətbuatda da bəhs etmişdi, onların ümidverici gələcəyinə inam bəsləmişdi.
Ədəbiyyat fənnindən yazılı imtahan zamanı belə qayğını Rövşən Novruzoğlu da görmüşdü. Kənddən gəlmiş gənc Rövşən Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə sənədlərini verir. Birinci imtahana-ədəbiyyatdan yazılı imtahana gəlir. İstedadına və cəsarətinə inandığından sərbəst mövzuda inşa yazmağa girişir. O, “Kəndimiz” mövzusunda inşa yazısını yazır. Bəxtiyar müəllim sərbəst mövzuda inşa yazanları nəzarətə götürürmüş, hətta yaxınlaşıb onların yazısını da oxuyurmuş. Xoşu gəldikdə elə yerindəcə, hamının yanında abituriyentləri tərif edir, sonrakı imtahanları isə nəzarətə götürürmüş.
Bəxtiyar müəllim görür ki, abituriyentlərdən birisi sərbəst mövzuda inşa yazır. Ona yaxınlaşır. Abituriyentin yazdığı inşanı oxuyur. Xoşu gəlir. Bu, Rövşənin yazdığı inşaymış.
Bəxtiyar müəllim üzünü Rövşənə tutub deyir:
- Bala, yazdığın kifayətdir. Mən sənə “beş” yazıram. İmtahandan gedə bilərsən.
Təcrübəsiz, kənddən gəlmiş Rövşən bir az qorxuya düşür, xoflanır. Yerindən durmaq istəmir. Həm də bilmir ki, Bəxtiyar müəllimə nə desin.
Bəxtiyar müəllim:
- Bala, sənə dedim ki, “beş” yazıram. İmtahandan çıxa bilərsən.
Elə bu dəmdə Bəxtiyar müəllim onunla birgə imtahan götürən Pənah Xəlilovu da tələbənin yanına çağırır. Hər ikisi Rövşənin başı üstündə dayanırlar. Onun yazısına bir daha diqqət yetirirlər. Yəni Pənah Xəlilov da yazıya nəzər salır. Hər ikisi məmnun bir vəziyyətdə Rövşənin yazısını abituriyentlərin içərisində tərif edirlər.
Rövşən imtahandan çıxır, ancaq hələ də nəticənin ne¬cə olacağına inana bilmir. Əlqərəz... İmtahanın nəticəsi elan olunanda görür ki, doğrudan da “beş” alıb.
Rövşən növbəti imtahanını ədəbiyyatdan şifahi verir. İmtahanı Firudin Hüseynov götürürmüş. İmtahan gedən otağa Bəxtiyar Vahabzadə və Pənah Xəlilov daxil olur. Bəxtiyar müəllim üzünü Firudin müəllimə tutur:
- Ay Firudin müəllim, burada Rövşən adlı oğlan var. Onun istedadı və yaradıcılıq qabiliyyəti bizi valeh edib.
Pənah Xəlilov da söhbətə müdaxilə edərək:
- Firudin müəllim, doğrudan belədir. Bu uşaq sərbəst mövzuda aləm bir inşa yazıb, - deyır.
Hər üçünün iştirakı ilə (Bəxtiyar Vahabzadənin, Pənah Xəlilovun, Firudin Hüseynovun) Rövşəndən ədəbiyyat fənnindən şifahi imtahan götürülür. Yenə də Rövşənə “beş” yazırlar.
Növbəti imtahan tarix fənnindən olur. Rövşən tarix fənninə də yaxşı hazırlaşmasına baxmayaraq, qorxur ki, birdən aşağı qiymət alar, müsabiqədən keçə bilməz. Yaxşı deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Tarix fənnindan olan imtahanı – üçüncü imtahanı Xəlil Əlimirzəyev aparır. Yenə də eyni qaydada Bəxtiyar müəllim, Pənah müəllim və özlərinə Firudin müəllimi də qoşaraq birgə auditoriyaya daxil olurlar. Bəxtiyar müəllim Xəlil Əlimirzəyevə ərkyana deyir:
- Xəlil, bu uşaq iki imtahandan “ beş ” alıb. Sən də soruş. Tarixi yaxşı bilir.
Rövşən bilet çəkir və biletdəki suallara cavab verir. Bəxtiyar müəllim, Pənah müəllim və Firudin müəllim Xəlil müəllimə deyirlər ki, di uşağın “beş”ini yaz. Beləliklə, Rövşən üçüncü beşi də alır. Dördüncü imtahan – xarici dildən (ingilis dilindən) olur. Xarici dildən imtahanı Abdulla Qarayev aparır. Açığı, Rövşənin xarici dildən biliyi elə “üç”lük olur. Onun xarici dildən “dörd”, “beş” alacaq biliyi ol¬mur. Təbii ki, bu imtahan onu daha çox narahat edir. İmtahan başlayanda Bəxtiyar müəllim ənənəyə sadiq qalaraq Pənah müəllimi, Firudin müəllimi və Xəlil müəllimi imtahan auditoriyasına gətirir. Abdulla Qarayev nəm-nüm edir. Rövşənə yuxarı qiymət yazmaq istəmir. Rövşənə suallar verir. Bəxtiyar müəllim:
- Görürsən, uşaq bilir, nə istəyirsən? Yaz dördünü.
Rövşən xarici dil imtahanından “dörd” alır. Beləliklə, üç fəndən “beş”, bir fəndən “dörd” almaqla universitetə daxil olur.
Bəxtiyar Vahabzadə abituriyentlərin qəbul zamanı biliyinin qiymətləndirilməsində qarşıya çıxan bir sıra çətinliklərə də öz münasibətini bildirirdi. Məsələn, onun fikrincə, ədəbiyyatdan şifahi imtahan vermək üçün tərtib olunmuş biletlər abituriyentlərin bilik və idrak səviyyəsini müəyyənləşdirməyə əsas vermir. O, konkret olaraq biletdəki suallardan nümunələr gətirirdi: “Seyid Əzim Şirvaninin din və mövhumat əleyhinə şeirləri”. Abituriyent bu suala cavab verərkən Seyid Əzim Şirvaninin din mövhumat əleyhinə bir – iki satirik şeirinin adını çəkir və onları izah edir. Tələbə qeyd edir ki, Seyid Əzim Şirvani bu şeirləri ilə zəmanəsini tənqid etmiş, mollaları, ruhaniləri satira atəşinə tutmuşdur. Ancaq abituriyentdən soruşanda ki satira nədir? Abituriyent bunun mahiyyətini dərk etmədiyi üçün cavab verə bilmir. Doğrudan da, abituriyentin ümumi səviyyəsi, dünyagörüşü, dərketmə qabiliyyəti olmalıdır. Abituriyentin hansı əsəri kimin yazmasını, nə vaxt yazmasını bilməsi hələ onun bilik səviyyəsini, qabiliyyətini öyrənməyə əsas vermir. Bəxtiyar Vahabzadə yazırdı: “Beləliklə, biz suallarımızdan abituriyentin yaddaşını yox, mahiyyətini, ümumi səviyyəsini, zövq dərəcəsini öyrənməyə çalışmalıyıq”. Yaxud: “İstedad, oxuduğunu olduğu kimi deməz. Onu öz qəlbinin, öz ağlının prizmasından keçirib təqdim edər. Burada prizmaya düşən şüanın sınma qanununu nəzərə alsaq, hər şey bizə aydın olar. Şüa prizmanın əks tərəfindən sınıb çıxdığı kimi, istedad da aldığını olduğu kimi vermir, onu dəyişdirib təqdim edir. Bu sınma şüanın mənbəyinə uyğun gəl-mədiyindən pedant müəllim abituriyentin cavabını səhv kimi başa düşür. İmtahan götürən müəllim bu incə nöqtəyə xüsusi diqqət yetirməlidir”.
İmtahan qaydalarının necə olması məsələsi bütün zamanlarda ziyalıları düşündürmüşdür. Bütün zamanlarda imtahan qaydaları ziyalıları razı salmamışdır. Bu mənada, Bəxtiyar Vahabzadəni də imtahan qaydalarının bəzi məqamları qane etməmişdir. Məsələn, texniki fakültələrə ərizə verən abituriyentlər ixtisas fənlərindən yüksək qiymət alsalar da, bəzən o vaxt yazı işindən kəsilir və ali məktəbə qəbul olunmurdu. Bəxtiyar Vahabzadənin fikrincə, belələri haqqında ayrıca düşünmək lazımdır. Əks halda biz ali məktəbin qapılarını istedadların üzünə qapamış olarıq. Çünki istedad norma tanımır. O, ütülənmiş cümlələrlə fikrini ifadə etmir. Biz onu qrammatik normalar qəlibinə sala bilmərik. Çünki onun öz istedadına münasib öz üslubu var. Çünki o, istedadının dili ilə danışır. Bunu təyin etmək isə müəllimdən son dərəcə həssaslıq, vaxt, səbir və hövsələ tələb edir.
Bəxtiyar Vahabzadə müəllimin həssaslığını ən mühüm keyfiyyət kimi, vəzifə borcu kimi dəyərləndirir. Doğrudan da, tələbəni bir – birindən ayırmaq, seçmək, fərqləndirmək üçün müəllimin məsuliyyəti böyükdür. Bəxtiyar Vahabzadə bu məsuliyyətdən çıxış edən bir müəl¬lim kimi deyirdi: “İmtahan qəbul edən müəllim, birinci növbədə cəmiyyət qarşısında boynuna götürdüyü vəzifənin çətinliyini dərk etməlidir. Yaxud: “Müəllim pedant olduqca ali məktəb üçün seçdiyi gənclər də pedant olacaq. Mən imtahan qaydalarındakı bu pedan-tizmin əleyhinəyəm”..../"Ulduz" jurnali.-2015.-May./