"İldırım söndürən"
"İldırım söndürən"
Desəm ki, fikirlərim uzağa gedir, inanmayacaqsız. Dünənə qədər mən də inanmırdım özümə. Ona görə ki, mən də bu dünya adamlarının bir nüsxəsiydim... Bütün əsrlərdə bəlalardan biri bu olub ki, insan həqiqəti çətin qəbul eləmişdir.. Hansı varlıqsa səbirlə, xırda-xırda nələrəsə əyani inandırır bizləri.
O gün suda batan oğlanın yasına getmişdim. Bu faciə insanlara necə təsir eləmişdisə bütün şəhər axışıb gəlmişdi. Başsağlığı verənlərin böyük bir növbəsi düzəlmişdi. Mən də sahiblərinə baş sağıığı verib qayıdarkən insan topası qabağımı kəsdi. Dayandım. Topanın içindən uzunboy, xoşsifət bir oğlan "kişiyə yol verin" deyə səsləndi ətrafındakllara. Adamlar geniş bir yol açdılar qarşımda. İnsanların nəvazişindən sevindim."Nə yaxşı adamlar məni adam kimi görürlər"-deyə düşündüm. Baxmayaraq vəzifəm yox idi, heç kimin də mənə işi düşmürdü. Bunlardan savayı xoşagələn görkəmim də yox idi. Qəddim bir qədər əyilmlşdi. Dünya evinin qapısından çıxmağa hazır dayananlardan idim.. Adətən belələrinə bu gün -sabahlıq kimi baxırlar.
Amma heç kimin xəbəri yoxdur ki, uzağa gedən fikirlərim var. Bununla dünyanın nizamdan çıxan olaylarını yoluna qoyuram. Burası da mənimçin həm maraqlı, həm də
anlaşılmazdır.. Adamlar hansı əlamətimdənsə tanıyıb mənə hörmət bəsləyirlər. Hansı idarəyə gedirəm çətin işim asanlıqla düzəlir.
Məni özümə heyran edən bir möcüzədən danışmağın yeridir.. Hamınızın şahidliyilə baş verən bir vaqiədir.. Yadınızdan çıxmaz, neçə il əvvəl Amerika İran dövlətinə hərb elan eləmişdi. Belə hədələri çox eşitdiyimizdən əvvəl inanmamışdım. Gördüm ki, yalan deyil, hərb gəmiləri Körfəz sularına daxil olmuşdu artıq.
Gəmilərin göyərtıləri ağ milçəkləri xatırladan qırıcı təyyarələrlə dolu idi. Həyəcanlandım. Uzağa gedən fikirlərimi işə salmaq qərarına gəldim Hərçənd nəticə verəcəyinə inamım az idi. Hər halda sınaqdan çıxarmaq lazım idi.
İran tərəfi də müharibəyə hazır dayanmışdı. Baş komandan orduya əmr vermişdi ki, son patrona kimi atsınlar. Öldü var, döndü yoxdur..
Həmin dəqiqələrdə xəyalımdan keçənlər.: "Görmürsənmi dünyada nələr baş verir?" Fikir fikrə calandı."Bu ağılsızları döndərməlisən niyyətlərindən". "Onları qandır, de ki, bu iki ölkənin silah-sursatı alışsa, dünya buna tab gətirməz". "Bu davadan onların özləri də sağ çıxmazlar"....
Hər iki tərəfə seanslar verdim. Bir tərəfə dedim, onlar atəş açmamış atəş açmayın. Səbr eləyin.. Hərb gəmilərinin sahiblərinə də sözümü dedim: "İntihara gedirsiz. Özünüz cəhənnəm, balalarınız yazıqdılar"...
Gəmilərin necə iti getməklərinə tamaşa edərkən diktorun səsini eşitdim. Dedi ki, gəmilərə geri qayıtmaq əmri verilmişdir. Çox çəkmədi gəmilər geri qayıtmağa başladılar.
Məcüzənin reallaşmasını görərkən içimdə danışdım:
--İbrahim, xəbərin var neyləmisən? Soruşdum özümdən.
---Bilirəm,--dedim. Sonra əlavə elədim:-- Təxminən bir milyard insanı ölümdən qurtarmışam
Sonra bu cümləni tərsinə yozdum:
--- Bir milyard insanı dünyaya gətirdim.
Özüm haqqında belə danışmaq xoş idi. Bunu uzatmaq daha xoş idi.
Bu dəm içimdəki paxıl şeytan dilə gəldi:
-- Dünyanın xəbəri varmı bundan?-- Soruşdu.
-- Bu möcüzənin yeganə şahidi mən özüməm,--dedim.
Mən dünya taxt-tac sahiblərinin ağıl və etibarlarına o qədər də inanmıram. Onlar topa halında göy üzündə qərar tutan qara bulutlara bənzəyirlər. Bir-birinə toxunarkən ildırımlaşıb boşalır, nələrisə yandirib külə döndərirlər. Deyirlər hər çarəsizliyin bir çarəsi var. Mən də uzağa gedən fikirlərimlə elektrik yükü ilə dolu bulutları boşaltmağı bacarıram. Görünür bu dünyaya bir ildırım söndürən gərəkdir..
Görürsünüzmü dünya necə dünyadır? Mənim kimi bir adamın onun üzərinə qonmağından xəbərsizdir. Milçəyəm onunçun. O isə heç nəyi vecinə almadan öz oxu ətrafında fırlanmaqdadır. O da ömrünü belə yaşayır, günləri belə başa vurur.....