Kitablar yuxu dərmanımdır... | MANERA.AZ
![]()
manera.az
Kitablar mənim yuxu dərmanımdır - hər gecə 10-15 səhifə oxumasam, yata bilmərəm. Oxuya-oxuya müəllifləri, əsərləri müqayisə edirsən, kimin kimdən yaxşı yazdığını anışdıra bilirsən. Herman Hessedən sonra Mirzə İbrahimovu, Hüqodan sonra Süleyman Rəhimovu, Markesdən sonra Aslan Quliyevi, Tolstoydan sonra Mehti Hüseyni, Esmarxdan sonra Anarı, Koelyodan sonra Elçini, Daniel Defodan sonra Salam Qədirzadəni, Kafkadan sonra Qan Turalı, Sartrdan sonra Seymur Baycanı.., oxumaq bilsəniz necə maraqlıdır... Yuxuya getmək üçün oxusam da, bir sual nə vaxtdandır içimi gəmirir, yuxuma haram qatır, - “Axı niyə o əjdahadan bizdə yoxdur?”.
Səbəblərdən biri odur ki, doğma nəsr dilimiz yalnış və dayaz zəmindən rişələnir. Digəri odur ki, bizdən əvvəlki sovet nəsri çərçivə ədəbiyyatı olduğundan, ondan sonrakı nəslə də böyük ilham və stimul ola bilmir, ürf-adət çərçivəsi, milli mentalitet çərçivəsi imkan vermir - adam, “yağışdan çıxıb yağmura düşür”. Bir səbəb də budur ki, dünya klassiklərinə əli çatan yazarlarımız dünyəvi dəyərləri görür, ancaq, ana dilində bədii tablo yarada bilmir. Nəticədə, əksər halda quru, cansıxıcı, ölüvay və cansız mətnlə üz-üzə qalırıq. Sonra da söylənir ki, guya dilimiz nəsr üçün yatımlı deyilmiş. Amma mən deyirəm ki, dilimizin şirinliyi çox dərindədir, nəsrimizin kökü o dərinliyə gedə bilmir. Bunun da çoxlu “niyələri” var. Ancaq, mən bu niyələrin iynənin ucu boyda olanından misal gətirmək istəyirəm. Bizdə sanballı milli nəsri yaratmaq üçün hərflərdən biri - həm də ən sanballısı çatışmır. Bu çatışmazlıq dilimiz və ədəbiyyatımızı yarımcan, şikəst qoyub.
Sağır-nundan danışıram - aşıq, xalq dilinin şirinliyini özündə gizlədən hərfdən - eynilə ingilis dilindəki morning, coming, going sözlərinin axırıncı iki hərfinin birgə yaratdığı [ŋ] səsindən (fonetik və digər qanunauyğunluqlarını ingilis dilinin qrammatika qaydalarından öyrənə bilərsiniz).
Əgər yanınızda bircə hərflik xətrim olmasını istəyirsinizsə, “sağır nun”la yazdığım bir dialoqla fikrimi daha da aydınlaşdırmağa çalışım...
İkimiz də gəzək yaslı-yaralı ...
Aşıq Ələsgər
Uzun və gərgin gecədən yorğun düşmüş Ay, gərnəşib şirin yuxuya dalmaq üçün yorğanını sinəsinə çəkirdi. Yerə keşik çəkmək növbəsi indi Günəşin idi. O, pırtlaşıq saçlarını səhmana salıb öz sarı donunu əyninə geydi. Sevgilisi Ayın dodaqlarından öpüb gözucu Yerə boylandı.
Kəndin xoruzları toyuqları itələyib ağacdan salsa da, hələ sinədolusu banlamamışdılar. Adamlar mal-qoyunu topa-topa “Yal Məhlə”dəki yığınaq yerinə gətirib nobata qatırdılar. Asfalt yolun qaraltısında qoyun sürülərinin ağ kölgəsi güclə sezilirdi.
Naxış da qoyunlarını nobata qatıb, bayaqdan yol boyu qulağını dələn, onu bağırdalaq eliyən qaz qaqqıltısına tərəf dartınırdı. Səs Tubunun məhləsindən gəlirdi, – “Bəlkə ölmüşün qazlarına çaqqal-canavar cumub..?”. Tubunun mal nobatına gedəcək kimi-kimsəsi olmadığından qoyun-keçi marağını toyuq-cücəyə, qaz-hinduşqaya vermişdi. Naxış həyətin yolağasını aralayıb içəri girən kimi, çöməltmə oturub qaz yolan Tubunu aldı ağzına:
– Ağız, a səni başıhəşirinə qalasan, görüm elə başıŋa əlləmə düşsün sənin, vallah, cəhənnəmdə yanacaqsan. A dernəyi dağılmış, nədi belə herağaşdan – xoruz banlamamış bu qazların çığırtısını salmısan kəndə!? Yazıqların qaqqıltısı ta.., Həcərin evinin yanınacan gəlir. Yazığın gəlmirmi bu qazlara?! Diri-diri də qaz yolarlarmı? Sənin imanın-dinin yoxdurmu? Hamı şirin yuxudadı, sən də cəhənnəm qazanını səhər ertədən qalayıb ərəsət qoparıbsan! Heç ölmürsən?!
Tubu əlindəki lələklərdən yumuşaq tükləri sivirib bardama qoyandan sonra atakən dədə sərçə kimi biləyini yanına dayadı:
– Ağzıŋa qara daşlar çalım elə! Arvad olanda nolar, səhər-səhər bir salamın-kalamın yoxdurmu? Get bunları toğlu axtalayan ərıŋa de. Sırağagün kövşənə yenəndə evi-nizin yanından keçməli deyildi, ərin yazıq erkəklərin bəyirtisini salmışdı kəndə, kövşənəcən adamın əti ürpənirdi. Qazın yoxdu deyənə yırtılırsan hı..? Nədi, ağzıŋı niyə əyirsən, düz demirəm?
Naxış, başqasına qismət olası ürəyi zəbt etdiyini çox yaxşı bilirdi. Canı çıxsa da, söz altında qalmazdı: – Diliŋı dinc saxla, ərimnən nə işin var! Vallah başıŋa bir oyun açaram ki, qazların kimi səsin kəndi başına götürər!
– Durub səni qaz kimi yolaram, rədd ol burdan..! – Tubu bardaşını açıb əllərini dizinin birində daraqladı.
– Bah! Qorxudan döşümdə südüm qurudu, ağız!
– Sənin döşün yerli-dibli quruyeydi kaş! Budu ey, toğluburan ərin də gəlir... - bu heynidə Naxışın əri Salantur əlində çomaq məhlənin yolağasını araladı: – Nədi az, yenə nə əl qatmısıŋız özüŋuza, bu nə ərəsətdir səhər-səhər!?
Tubunun ayağı yer aldı: – Sərədərsiz arvadınnan soruş! Həşirdi ki, – “Qazları yolma, səsdən yata bilmirəm...”. Buna bir bax, yatmaqdan yanbızları kırkıra daşlarına dönüb arsızın! Belə qaz tükündən yastıq qayırıb başımı qoyub rahat yatacam, əlimin içindən gəlir! Di hı!
Naxış: – Həyasızın danışdığına bax ey! Səni görüm elə qız qarıyasan! Gör yad kişinin yanında nə danışır!
Tubu: – Allah ağzıŋı yumsun! Burda yad olan sənsən.., lənət şeytana!
Amma insafsız Salantur arvadına qahmar çıxdı: – Adamın üstündə Allah var – düz deyir dayna... Yolursan, günorta yol, səhər-səhər səs götürüb kəndi başına...
– Bəs sən toğluları burub axtalıyanda səsləri kəndi başına götürmürdü!? – Tubunun gözünü qan örtmüşdü, Salanturun arvadına qahmar çıxmağı şəstinə toxunmuşdu.
Salantur:
– Axtalamağın qaydası budu...
Tubu:
– Qaz yolmağın da qaydası budu! Sonra!?
Salantur:
– Bəlkə kəsəndə yolaydın..?
– Yox əşşi! İndi bir yastıq düzəltmək üçün iyirmi qaz kəsəcəyəmmi?! Onda sən niyə öz toğlularının xayalarını apres edib axtalamırsan, adam da bir canlının xayalarını əzib yazıqları bağırdalaq eliyər!? Heç insafın yoxdu!?
Naxış özünü murdar çömçə kimi ortaya atdı:
– A məğmun, neynirsən bu qədər yastığı?
Tubu:
– Canıŋa dərd olsun deyə özümə cehiz düzəldirəm!
Salantur hiss edəndə ki, iki arvadın arasında qalacaq və dava qızışacaq, arvadına acıqlandı:
– Yeri çıx get evə!
Amma Naxış buruntağını gəmirən at kimi Tubuya tərəf dartınırdı. Salantur bu dəfə səsini bir az da qaldırdı: – Ağız, nə gözüŋu döyürsən, rədd ol evə dedim sənə (saŋa yox ha! – R.B)!
Naxış məğlub olmaq istəmirdi. Ərinə yan baxan bir qadın girəvəsinə keçmişkən, içindəkilərin hamısını birdəfəlik töküb boşalmaq istəyirdi: – Nə var ey, səni yırtan nədi!?
Salantur çomağın sapını əlində tarazladı: – Azzar var, çor var, rədd ol dedim sənə, köpəyin qızı, köpək!
– Ta niyə səsıŋı başıŋa atırsan itin-qurdun yanında, gedirəm dayna... – Naxış mısmırığını salladı. Həm ərinin Tubu ilə birlikdə qalmasını namusuna sığışdırmırdı, həm də Tubunun yanında ərindən çomaq yemək istəmirdi, – Səni görüm “ər” deyə-deyə əriyib gəbərəsən! – Tubuya atdı bu tulamazı. Naxış yolağadan çıxanadək məhləyə cansıxıcı sü-kut çökdü.
Siftə Salantur dilləndi:
– Tubu...
– Can Tubu...
– Tubu, sənə qurban olum, axı doğrudan günahdı...
– Bilirəm, ay Salantur, axı səninki də günahdı... Niyə acığıŋı yazıq erkəklərin üstünə tökürsən?...
Salantur təvərə kepkasını başından çıxarıb taxçanın üstündə oturdu: – Görəsən bizim taleyimiz niyə belə bəd gətirdi. Bir-birimizə nə vaxta qədər uzaqdan yad kimi baxacağıq?
Tubu:
– Sənin ananla, mənim dədəmi dərin yatsınlar! Onlar elədi hamısını. Öz nəfslərinin qurbanı elədilər doğmaca balalarını. Nədi, nədi bəlkə qovuşdular. Onlar qovuşmadılarsa, biz necə qovuşacağıq? Mən qaz yolmuram e, saçlarımı yoluram, qara taleyimə şivən qoparıram sabah-sabah!
– Deyirəm ay Tubu, qovuşsaydılar indi bacı-qardaşıydıq... – xısın-xısın qımışdı.
– Zəvzəmə, ə! Səni dayıŋın canı, bir arvadıŋın yerişinə bax, elə bil baltadı zalımın qızı... – kəndin asfalt yolunda bir gözü onlarda qalan Naxışı süzdülər.
Salantur:
– O gün başı ağrıyırdı, deyəsən qovuşmağımıza az qalıb...
– O ölən-zad deyil, o bizi qəbirə qoymayınca özü ölməyəcək...
– Tubu..
– Nədi, başıŋa dönüm..
– Tubu, səni and verirəm Allaha, qazları belə yolma, günahdı...
– Yaxşı, qadaŋı alım. İmansız, gecə yenə yuxuda görmüşdüm səni.., ona görə hirsimi tökürdüm... Amma sənin də o erkəklərə yazığın gəlsin, adamın tükləri biz-biz olur – əlində yolduğu qazı buraxdı, – Salantur.., deyirsən Naxışın başı ağrıyır?
– Hə, vallah...
– Onda biraz da gözləyək dayna, görək başımıza nə iş gəlir... Di get eviŋa, özüŋa muğayat ol, yaman düşkünləmisən. Hara gedirdin belə sapoqlu-zaddı?
– Arxı badlamağa gedirik. Yanaqlarıŋa uzaqdan baxmaqdan sınıxaram da, düşgünlüyərəm də, kəklik yerişli Tubum mənim. Yaxşı, di salamat qal... – kepkasını başına qoyub ayağa durdu.
– Sağ ol ağrın ürəyimə. Özüŋa korluq vermə, sən allah. Tez-tez görsən, yoxsa təklikdən bağrım çatlar. Səni görməsəm havalanaram. İstəyirsən günorta gəl, sənə qaz ətindən yaxşı bir soyutma hazırlayım...
– Yox. Kənd yeridir, görüb-eliyən olar, adıŋa söz çıxar.
– Bu kənd dağılsın elə! Necə istəyirsən! Heç gəlmə!
– Di küsmə yenə, yekə qızsan!
– Hə.., yekə qız... əlli iki yaşlı qız... Qız Tubu! Çıx get cəhənnəmıŋa, gözüm görməsin səni!... – biləyi ilə yanağını sildi.
Salantur qızın könlünü aldı: – Qısqanc Tubum, mələk Tubum, gözəl Tubum mənim! Biz qovuşacağıq, mütləq qovuşacağıq...
Tubu doluxsunmuşdu: – Hə, qovuşacağıq. Ancaq, cəhənnəmdə!
– Orda nə işimiz var?
– Sən axtaladığın toğluların, mən də yolduğum qazların qan-qarğışını, günahını ödəmək üçün...
* * *
...Di hı, qayıdaq bayaqkı mətləbimizə! Düzdür, qarabağ şivəmi də qatıb bəzi ədəbiyyat qaydalarını da özüm qəsdən pozdum, ancaq, onu de¬mək istəyirəm ki, biri qaydası üzrə kağıza yazsa ki, – “Başına daş düşsün..!” – hansı ki, qayda elə bu cürdür – həmən, yaxasından yapışıb sual verərik, – “Kimin başına deyirsən?!”. Bu yersiz sualı ona görə veririk ki, qarğışın ünvanı, yeyəsi hələ dəqiq göstərilməmiş olur, – ismin hansısa halı (ya yeyəlik, ya da yönlük haldır deyəsən...) burda pozulub və şəxs əvəzliyinin qeyri-müəyyənliyi (şəxs əvəzliklərinin eyniləşməsi baş verir, – bir söz iki şəxsə də şamil edilə bilir, – “sənin başına”, “onun başına”) yaranır. Amma deyəndə ki, – “Başıŋa daş düşsün!”, – artıq bu zaman xirtdəyindən yapışmadan birbaşa yumruğu ovurduna vururuq. Burda, “sənin” sözünü yazmamaqla xeyli qənaət və ünvanı birbaşa ayırd etmiş oluruq.
Digər bir məsələ – sağır nunun yoxluğundan yaranan şivələrə baxın... Misal, – “Sənin öləninin göru çatlasın!” qarğışı. “Öləninin” sözündəkı “-ninin” hissəsi dilə dolaşır, pəltək effekti yaradır, türklərin “gəliyorum”undakı “-liyorum” kimi ağız orqanlarını əzib-büzür. Odur ki, “öləninin” əvəzinə “ölənuun”, “ölənuyun”, “ölənüvün”, “ölənıqın”, “öləniin” və s. çoxtirəlik yaranır. Odur ki, fikrimcə, bu sözün ütülü deyilişi “öləniŋın” şəklində daha münasibdir. Əgər belə olsa, yazı dilimizdən didərgin düşmüş çoxlu sayda doğma sözlərimiz mətndəki öz “yer-yurdlarına” qayıdacaq – aŋışdırmaq, gıŋaşmaq... və ilaxır sözlər kimi.
Oxucu kimi, mənimki bura qədərdir, qalanı dilçilərin insafına qalır... Qarğışlarımıza baxın: “Adın qalsın!”, “Səsin batsın!”... Sağır nunun adı batıb, amma, səsi qalıb. Bir hərf neçə illərdir ki, doğma dilindən didərgin salınıb. Can verən bir doğma hərfə süni nəfəs vermək istədim. Süni tənəffüs qaydalarını isə hər kəs bilməlidir – həkim də, mühəndis də, filoloq da, oxucu da...
Nənəmin, ən çox lağa qoyduğum bu deyimini, – “Uşaqda sikəpərdiliyə bax ey, sən allah! Ay bala birjə hovur dıŋ-dincəl dayna! Bıy ayıb ola, ağız.., şitənmə dedikcə gədə ərəmşiyir ey! Səs-küyündən tilvizorda oxuyanı da aŋışdıra bilmirəm!” – elə orijinal deyimindəki kimi yazmaq mümkün deyilsə, ya da ədəbiyyatın duzsuz “ənlik-kirşanıyla” bəzəyib yazmalıyıqsa, onda nəsrimizdən sanballı və kamil mətn gözləmək əbəs xülyadır.
Əminəm ki, “sağır nun” hərfinə qovuşsaydıq, bu əsrin ən böyük divanını yazanlardan biri də mən olardım. Qurana and olsun ki, ondan sonra bir dastanlar yazardım ki, gəl görəsən!
Cəhənnəmdə, ya cənnətdə “sağır nun”un hüzurunda görüşərik inşallah!
Rəşid Bərgüşadlı
Manera.az