Türkiyəli şair Coşğun Qarabuludla görüş olub
Sumqayıtda türkiyəli şair Coşğun Qarabuludla görüş olub
MANERA.Az xəbər verir ki, Əli Kərim adına Sumqayıt Poeziya klubunun təşkilatçılığı və dəstəyi ilə, Sumqayıt şəhərində, ulu dədələri Azərbaycanın Şəki şəhərindən Qars vilayətinin Sarıqamış elinə köçüb gedən tanınmış türk yazarı Coşğun Qarabuludla görüş oldu. Şair hal- hazırda Fəthiyə şəhərində yaşayıb, yaradır. Uzun illər dədələrinin doğulub böyüdüyü Şəki şəhərini, ana yurdu Azərbaycanı görməyi arzu edən şairlə görüş kövrək notlara kökləndi...
Şair Coşğun Qarabulud millət vəkili Cavanşir Feyziyevin dəvəti ilə 8 oktyabr tarixində Azərbaycan gəlib. Şairin Şəkidə, Bakıda və birdigər yerlərdə yaddaqalan, unudulmaz görüşləri olub.
Tədbiri giriş sözüylə Sumqayıt "Poeziya Evin"in direktoru, şair İbrahim İlyaslı açdı. Şairə öz dədə- baba ocağına "xoş gəldin etdi." Türkiyə - Azərbaycan qardaşlığından, ədəbi əlaqələrdən geniş bəhs etdi.
Qeyd edək ki, Coşğun Qarabuludun Azərbaycanda ilk dəfə “Hardan haraya “ adlı şeirlər kitabı işıq üzü görüb. Kitabı Azərbaycan türkcəsinə uyğunlaşdıran, tərtib edən şair, tərcüməçi Nazilə Gültac, redaktoru şair, publisist Əkbər Qoşalıdı. Kitab millət vəkili Cavanşir Feyziyevin dəstəyi ilə çap olunub.
Tədbirdə şair Əkbər Qoşalı Coşğun Qarabuludun həyat və yardıcılığından danışdı.
Şairlərdən Ofelya Babayeva, Namiq Dəlidağlı, Ədalət Nicat, Namiq Məna, Xatirə Fərəcli, Asif Asiman, Nazir Rüstəm, Sevinc Qərib, E.Qayalı, jurnalistlərdən Zümrüd Baloğlanova, Rəhman Orxan və digərləri çıxış edərək, şairin kitabındakı şeirlərin dərin fəlsəfi məna yükündən, insanı düşündürən mətləblərdən bəhs etdiyini dilə gətirdilər.
C. Qarabulud Sarıqamış Bələdiyyəsinin təşəkkür bəlgəsini şair İbrahim İlyaslıya təqdim etdi, ona göstərilən isti münasibətə görə tədbir iştirakşılarına təşəkkürünü bildirdi, şeirlərindən oxudu. Söz və sözün insan həyatında, onun formalaşmasındakı təsirindən danışdı.
Mahmud Kaşkari adına Beynəlxalq Fondun başqanı, şair Elxan Zal Qaraxanlı Türk xalqları ədəbiyyatının Azərbaycanda təbliğinə və ədəbi uğurlarına görə Nazilə Gültaca “Şan Yarlığı” mükafatı təqdim etdi.
Qonaq kitablarını tədbir iştirakçılarına hədiyyə verdi.