“Azərbaycan tərcümə ensiklopediyası” kitabı işıq üzü görüb

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı (28 fevral 2018-ci il, pr. № 16) ilə nəşr olunan “Azərbaycan tərcümə ensiklopediyası” kitabı universitetin rektoryanı şurasının iclasında təqdim edilib.
MANERA.AZ xəbər verir ki, ölkəmizdə ilk dəfə oxuculara təqdim olunan “Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, Azərbaycanda tərcümə tarixinin mühüm məqamları, nəzəri-praktik məsələləri, həmçinin personaliyalar əhatə olunub.
Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərini ehtiva edir.
Ensiklopediyada tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar yer alıb.
Ensiklopediyanın nəzəri və praktik hissələri, personarilər elmi işlər üçün son dərəcə ciddi və möhkəm həm faktoloji, həm də nəzəri bünövrə rolunu oynayır.
Kitabın redaksiya heyətində Kamal Abdulla (baş redaktor), Anar, Leyla Əliyeva (məsul katib), Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev təmsil olunur. Rəyçilər isə filologiya üzrə elmlər doktorları Cəlil Nağıyev, Aydın Ələkbərov, Lidiya Qranovskaya və Etibar Əliyevdir.
Kitabın ideya müəllifi Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla qeyd edib ki, 10 ildən çox müddət ərzində tərtib edilən bu əsər əsl bilik xəzinəsidir. Rektor qeyd edib ki, Azərbaycan ədəbiyyatında praktik tərcümə ilə bağlı heç bir vacib şəxs, heç bir əhəmiyyətli əsər bu kitabda unudulmayıb:
“Ola bilər ki, bəziləri barədə daha dolğun məlumat əldə edə bilməmişik, lakin onlar haqqında məlumatlar növbəti nəşrimizdə mütləq yer alacaq. Kitabın hazırlanmasının arxasında çox böyük zəhmət dayanır. Burada böyük bir komandanın əziyyəti var. Biz Bakı Slavyan Universitetində belə bir nəfis kitabı ərsəyə gətirmək üçün illər öncə çox ciddi işlərə başlamışdıq və artıq işimizi yekunlaşdırdıq. İnanıram ki, bu kitab tərcüməşünaslar, mədəniyyətşünaslar, filoloqlar, yazıçılar, ümumiyyətlə, elm və Azərbaycan mədəniyyətinin tərcümə üfiqlərini öyrənmək istəyən hər bir şəxs üçün son dərəcə əhəmiyyətli bir vəsait olacaq”.
Tədris işləri üzrə prorektoru Əfqan Abdullayev, rektorun müşavirləri Seyfəl Həsənov, Ələddin Əliyev, fakültə dekanları İbrahim Kazımbəyli, Bənövşə Məmmədova, Fikrət Cahangirov, Vüsalə Ağabəyli, Azad Həmkarlar İttifaqının sədri Misgər Məmmədov “Azərbaycan tərcümə ensiklopediyası” kitabının gənclərin stolüstü vəsaitinə çeviriləcəyini vurğulayıblar.
Qeyd olunub ki, həm də dövlət sərəncamlarının, sənədlərin, “Dünya ədəbiyyatı kitabxanası”na daxil olunmuş əsərlərin siyahısının yer aldığı bu kitab, şübhəsiz ki, tərcümə sənəti və tərcümə elminə, Azərbaycan tərcümə tarixinə dair bir çox önəmli məqamları özündə ehtiva edir.
Yaxın müddətdə Azərbaycan Dillər Universitetində, həmçinin digər elm və təhsil ocaqlarında, kitabxanalarda “Azərbaycan tərcümə ensiklopediyası” kitabnın təqdimat mərasimi keçiriləcək.