Zərrənin sahibi kimdirsə, kainatın da sahibi Odur | MANERA.AZ
![]()
manera.az
Həmən qaraçıdır – “Qara bayramda” abrını ətəyinə bükdüyüm zil zənguləli dilənçi... Yenə bazar yuxumun içinə acı istiot səpdi ürəkdağlayan zənguləsilə – “Allah əsgərdə olan, imtahan verən balalarınızın işini avand eləsin. Ramazan bayramı xatirinə, əl tutun; balam xəstədi, üç gündür dilinə loxma dəymir, ay bacılar, ay qardaşlar, Allah xatirinə kömək eliyin…”. “Lənət sənə, kor şeytan!” – hirsimdən yerimdə qurcuxdum. Onsuz da yata bilməyəcəyəm – əminəm, birinci dəfə deyil ki. Durdum. Stulun çiyninə atdığım şalvarımın cibini eşələyib birmanatlığı götürdüm. Pəncərəni açıb dilənçini acıqla süzdüm. Tanıdı – keçən dəfədən yanıqlıydı məndən. “Gəl al!” – deyib pulu pəncərədən ona uzatdım. “Allah, səni...” – alqış etmək istəyirdi, sözünü ağzında qoydum, – “Get aralıda çığır!” – deyib pəncərəni hirslə örtdüm.
Təzədən yerimə uzandım. Səki bu gün üçün iki esse yazmağa niyyətlənmişdim – “Bundan sonra esse yazmaq olar?”... “Acıqlı olduğun qaraçıya rəhmin gəlsin, hələ üstəlik, çıxar pul da ver – qarəvəllilikdir”.
Tanrı millətlərə torpaq paylayıb qurtarandan sonra bu qaraçılar gəlib çıxır. Onlar da haqları çatan torpaq paylarını istəyirlər. Allah soruşur ki, – “Bəs indiyədək harda itib-batmısınız, torpaq qalmayıb axı”... Gözlərini yerə dikib ağlaşırlar, – “Yatıb qalmışıq...”. Allahın rəhmi gəlir bu tənbəllərə, – “Öz torpaq payımın ən gözəl parçasını sizə verirəm, di gedin” – deyəndə sevinirlər, – “Bəs hardadır o yer?!” – soruşurlar. Tanrı onlara yandıq verir, – “Deməyəcəyəm, əziyyət çəkib onu da özünüz axtarıb tapın” – deyir və gözdən itir. Deyirlər, ta, o vaxtdan qaraçılar dünyanın dörd yanınına səpələnib o cənnətməkan yeri axtarırlar. Ancaq arxayınam ki, o yer bizim zir-zibilli məhləmiz deyil. Bəlkə də elə bizim məhləymiş, biz buranı zibil günə qoymuşuq..., lənət sənə, kor şeytan!
...“Yazıq şeytan, zavallı kor şeytan, sabah-sabah nə günahın vardı.., qaraçının güdazına lənət yeyəsi oldun”. Ərkimiz çatan elə mayıf şeytandır – palanı çırpmaqdan başqa əlimizdən nə gəlir ki... Bəlkə də şeytan istəmədən günaha batıb, ya işləri düz gətirməyib, ya da belə yaşamaqdan bezibmiş? Biz özümüz şeytanın gününə azmı düşmüşük? Kim bilir... Axı Allahın bağışlamadığı günah yoxdur, illah da, ona illərlə sədaqətlə qulluq etmiş bir mələk ola. Niyə bağışlamayıb görəsən? Vəsvəsə ilə insanın gözünü qamaşdırmaqdan başqa əlindən bir şey gəlməyən mayıf iblisin nə günahı varmış görəsən? Qiyamətədək çəkilən bu cəzanın günahı nədir axı...
Allaha inanmaq, şeytanın varlığına əmin olmaq – təzadlı məsələdir... İnanmaq – təkcə, nəyinsə həqiqət olduğunu qəbul etmək deyil, həm də, həqiqətin varlığını ehtirasla, şiddətli inamla güman etməkdir. Qızılgülün tikanını görürük, əlimizə batarsa, necə ağrıdacağını da bilirik. Amma, yenidən əlimizə batmayınca ağrının həqiqi acılığını tam dərk etmirik. Bu münvanla qızılgül qönçəsinin həqiqətdə qırmızı rəngdə olmasının özü də mübahisəlidir. Rəngi biz necə seçirik, görmənin texnologiyası necədir? Ən böyük güman belədir ki, gülün ləçəklərinin səthində əks olunan şüa gözümüzün tor qişasına düşür, neyronlarla beynimizin görmə mərkəzində çeşidlənir və biz çoxluq olaraq ləçəklərin qırmızı olması qənaətini qəbul edirik. Hamıda belədir? Yox! Daltiniklərdən başqa – onlar rəngləri ayırd edə bilmirlər...
Bəlkə yanılan biz “normallarıq”, doğrusunu daltoniklər görür? Ləçəklə gözümüz arasındakı məkanda sonsuz sayda zərrələrin varlığından əminik – ümumi əminlik bunu təsdiq edir və bu, dərkolunandır, qəbul etdiyimiz son qərardır. Belə olduğu halda, ləçəyin səthində əks olunan şüa bu zərrələrlə toqquşaraq xətalı rəng verməsin? Axı, eyni texnologiya ilə su zərrələri gün işığında yeddirəngli göyqurşağı yaradır – başqa vaxtı bu zərrələrin gücünü belə aydın sezməzdik... Zərrələrin bizi yanıltması mümkündürmü? Məhləmizdə anadangəlmə kor bir oğlan var – səsimizdən “görür” ki gələn filankəsdir... Əslində, qızılgülün rəngi, dadı, qoxusu olmur – bu xassələri biz özümüz ona şamil edirik, – rənginin qırmızı, sarı, çəhrayı olduğuna dair qəti hökm etdiyimiz kimi!
Radioda oxuyanın səsindən Zeynəb Xanlarova olduğundan əminik. Şübhələnəsi olsaq, Aftandilin qarmonundan, Sadığın qoşanağarasından da köməkçi qulp kimi istifadə edirik. Amma heç vaxt Zeynəbin səsini Alim Qasımovun səsiylə dəyişik salmırıq. Alimin, Zeynəbin səsini yüz adamın içində gözüyumulu tanıyarıq. Yenə də sirli zərrələr, məhləmizdəki kor oğlan... Gör bu səs dalğaları radioötürücüdən radiomuzadək, ondan da qulağımızadək nə qədər yol qət edir, yolda nə qədər zərrələrlə toqquşur..? Amma, Zeynəbin səsi Alimin səsinə qarışıb rəngi-ruhunu itirmir. Lənət şeytana, bəs bu zərrənin, bu nizamın sahibi olan Allah-təala hər şeyi belə qüdrətlə qurmağa qadirkən, niyə miskin bir şeytanın əlindən belə yanıqlıdır? Yəni, şeytan (lap olsun iblis) bu qədərmi böyük mətah olub? Yoxsa, səbri tükənən günədək min illərlə Allaha sədaqətlə qulluq etmiş şeytana lənət oxuyacaq qədər savab əməl sahibi və ya zatı alilərik?
Zəka iradə üzərində diqtə edir ki, - “Əmin ol, qızılgül qırmızıdır, oxuyan isə Zeynəbdir”. Fikrimiz daltoniklərdə, gözümüz qonşu kor oğlanda qala-qala hisslərimizə güvənirik və “Bu həqiqətdir” – özümüzü gördüyümüzə inandırırıq. Çünki, çoxluq belə qəbul edir – “Palaza bürün, elnən sürün”. Başqa çarəmiz də yoxdur – ən azından, iki dəqiqə əvvəl dünyaya gələn buzov artıq anasının məmsinin yerini əminliklə bilir – çaşıb-zad elimir. Yoxsa, heyvandan aşağı düşmək istəyirikmi? Əstəfürullah! Heyvan olmaqdan qorxuruq və şeytana lənət deyirik…
İnsan, qanunlar çərçivəsində tam iradə azadlığına malikdir və əməlləri öz iradəsindən asılıdır. Zərrələrin sahibi özünü hər addımda göstərir. Ya, gümanlar ehtiraslı inama çevrilib insanı tanrını axtarmağa məcbur edir, ya da, tanrıdan könüllü imtina edib günahı seçirsən. Günahı seçən insan, azad şəkildə şəri seçərək günahkar olmuş olur. Amma, insan niyə şəri azad şəkildə seçsin ki, ya da Allah insanı niyə elə yaratdı ki, o, şəri könüllü seçir? Adəm üçün tək bir qanun vardı – “Bu meyvəyə toxunmayacaqsan!” – o, tam iradə azadlığına malik ilk insan idi, tam seçim imkanı vardı. Amma, o, günahı seçdi və bütün insanlara günahı seçmə nümunəsi oldu. Ta, o vaxtdan, adəm oğlu günahdan yan keçə bilmir. Seçim və azadlıqlar isə sərt qanunlarla məhdudlaşdırıldı. Hər kəs, az, ya çox günahlıdır. Onda, belə çıxır ki, hər bir insan əbədi lənətə layiqdir. Demək, böyük əksəriyyət lənətlənib, az hissə isə xoşbəxtliyə qovuşacaq. Bu Allahın Qədər, Alın yazısı dediyi öz işi olmasın? Axı Tanrı hər şeyi qabaqcadan bildiyi halda, niyə insana azad seçim haqqı versin – bu təzadlı deyilmi? O, insan günahı işləyərkən ya onunla eyni məkanda birgədir, ya da kənar məkandan ancaq əməlin nəticəsini görə bilir – bəndəsini əməldən çəkindirə bilmir. Burda, kor şeytan günahlının sadəcə yardımçısıdır – “qorxma, qorxma” deyənidir...
Eyni texnologiya ilə ümumiləşdirmə aparaq. Mövcud olan var, bir də mövcud olmalı olan. Haqq və ədalət olmalı olandır. Şər və xəta isə olacaqdır, sonunda günahlı olmaq durur. Elmlər, ancaq mövcud olanları təsvir edir, olmalı olanları isə təfsir edir. Çoxluq, haqq-ədalət həvəsindədir, ancaq günahlıdır deyə, xəta etməkdən çəkinmir. Xətanı günah saymayan, günaha haqq qazandıran dünyada yaşayırıq. Günaha aludəçilik dünyanı vəhşiliyə aparır. Qanun, günahlı insanı şərdən çəkindirə bilməyəcək. Çünki, qanunu yazan günahlılardır və bu, tiranı yaradacaq.
Bəzi şeylər mövcud olmadan yarıyolda dayanır – alma tam yaşıl olmamış, birdən qızarır. İndi biz alma ağacına baxıb – “Bu ağacın alması yaşıl olur” hökmünü verək, yoxsa, – “Yox, qırmızı olur” deyək? Yaşıl, mövcud olmadan yox olur, alma qırmızı olaraq mövcudluq əldə edir. Son meyvə qırmızıdır, qırmızı olan alma dadlıdır və gözlədiyimiz meyvədir. Deməli dəyişiklik məntiqi olaraq hələ hər şey deyil. İnsan, kəfənə bükülüb cənazə namazı qılınanda yetişir. Birini, yeddi ay öndə qatil etmiş beyin hüceyrələrinin heç biri artıq o insanın vücudunda qalmayıb... Günahlı insanın sabah necə olacağına bu gün üçün hökm vermək hövsələsizlikdir. Hisslər aldadır, zəkaya inanmalıyıq – onun analiz etmək üstünlüyü var. Görmədiyimiz şüuru, atomları, Allahı hisslərin umuduna buraxsaq qanunların, məzhəblərin əlində başıpozuq heyvandan da betər əsir-yesir qalacağıq. Rəngi, dadı, çəkisi, qoxusu... olmayanlara zəkayla baxmaq və varlığına şiddətli inamla əmin olmaq məcburiyyətindəyik.
Özümüz atomların cəmindən ibarət olduğumuz halda, atomun əslində malik olmadığı xassələrini necə dərk edə bilərik? Bəs, hamımız Allahın birliyini təşkil edən atomlar olduğumuz halda, Qadir Allahın özünü necə dərk etməliyik? Müqayisədəki fikir sıçrayışı çox kəskin deyil. Axı hiss orqanlarımız da atomlardır – bizi çaşdırmadığına əmin olmadığımız sehrli zərrələr. Bu halda, hiss orqanlarımıza nə dərəcədə etibar edə bilərik? Milyon nəslin sansarası (doğumla ölüm arasında yenilənən tsikl) bu zərrələrin bildiyini bilməyəcək. Allah var, bəs şeytan da varmı..?
Əməllərimiz biliyin cavabları ilə silahlansa, əbədi qalan, müxtəliflikdə vəhdətin mənbəyi olan Yaradanı görəcəyik. O zaman anlayacağık ki, bir şey tam qətidir – zərrənin sahibi kimdirsə, kainatın da sahibi Odur. O, yaradandır, bizi idarə edəndir, zalım deyil və hər şey Onun mərhəmətinə qalır.
Dilənçinin şirin zənguləsi binanın küncündə itməmiş durub pəncərəni o səsin arxasınca açdım. Bu səsdə, günahlı insanlarda mərhəmət hissini oyatmaq istəyən, öz torpağına qovuşa bilməyən sərgərdan qaraçıların şeytani naləsi vardı. Mən isə, lənət şeytana, hələ iki esse yazmalıyam...
Rəşid Bərgüşadlı
Manera.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.