Mən qürbət şairi, dərd şairiyəm.. - ŞEİRLƏR

Manera.az tanınmış şair Nəsib Nəbioğlunun şeirlərini təqdim edir:
Anama bir müjdə verə bilmədim
Anamın arzusu gözündə qaldı,
Dağlar həsrətini duydumu görən?
Bu da bir tərəfdən dağdı dağlara.
Nə yağış ələndi, nə qar çiləndi,
Qəm-qüssə, dərd-kədər yağdı dağlara,
Anama bir müjdə verə bilmədim.
Deyirdi,- dağlardan xəbər gəldimi?
Gələndən-gedəndən soraqlayırdı.
Qoynuna qoyduğu pul kisəsində
Bir xışma muştuluq pul saxlayırdı.
Anama bir müjdə verə bilmədim.
Nələr uydurmadım, nələr demədim,
Birtəhər ovudub, başını qatdım.
Sözümdən, misramdan bir heykəl yonub
Anamdan ölümsüz heykəl yaratdım.
Anama bir müjdə verə bilmədim.
Haraya yollandım, haraya getdim,
Namərdlər, nadanlar çıxdı qarşıma.
Sərgərdan elədi bu fələk məni,
Dərdi yağış kimi tökdü başıma.
Bu dərdə sinəmi gərə bilmədim,
Anama bir müjdə verə bilmədim.
Əlim boşa çıxdı, hara əl atdım,
Yarıyan olmadı bir işə məndən.
Anam gözlərini yoluma dikdi,
Xoş xəbər gözlədi həmişə məndən,
Anama bir müjdə verə bilmədim.
Belə düyün olmaz, belə dağ olmaz,
Dünya özü boyda qəmdi-kədərdi.
Anamın laylası düşüb könlümə,
Qəlbimdə yaşayır bir ana dərdi.
Anam bircə məndən xəbər gözlədi,
Anama bir müjdə verə bilmədim.
Hələ xəyalımda nurlu cöhrəsi,
Haqsızlıq önündə hələ donuram.
Evimdə bir dərdli ana ruhu var,
Adına sözümlə heykəl yonuram!
Ömürlük yandırıb-yaxacaq məni,
Dünyada dərd varmı bu dərddən betər.
Mən hardan biləydim bir ana dərdi
Köksümün içindən göyərər, bitər.
Hər axşam, hər səhər ağladı getdi,
Getdi, sinəmizi dağladı, getdi.
Yalvarıb-yaxarıb dedim ağlama,
Könlünü sevincdən hörə bilmədim.
Anam bir xoş xəbər istədi məndən,
Anama bir müjdə verə bilmədim.
Yuva həsrətindən, yurd həsrətindən,
Səbri tükənmişdi yol gözləməkdən.
Bəlkə haqsızlıqdan doymuşdu anam?
Muştuluq pulunu son nəfəsində
Hamımızdan gizlin, hər kəsdən xəlvət
Masanın üstünə qoymuşdu anam.
Anama bir müjdə verə bilmədim.
Dağların dərdinə dözmədi anam
Görəsən hayandan əsdi bu külək,
Ayrıldı dağ adlı səltənətindən.
Əridi günbəgün, yumağa döndü,
Əridi dağlara məhəbbətindən.
Dağların dərdinə dözə bilmədi,
Özüylə apardı dağlar dərdini,
Qürbətdə bir şair göz yaşı tökər,
Ağlar gizli-gizli, ağlar dərdini.
Ta tabım qalmayıb, anasızlığa,
Anasız səbr edib, dözmək çətindir.
Qəhər boğa-boğa, dərd boğa-boğa
Anasız yaşamaq, gəzmək çətindir.
Ağlıma gəlməzdi ana yoxluğu,
Üzümü Allaha tutub deyərdim,-
Başından bircə tük əskik olmasın.
Məndə dözümə bax, ürəyə bir bax,
İndi saxlayıram anamın yasın.
Həmişə oğluna inanan anam,
Daha oğlundan da üz döndərmişdi.
"Məni ovutmasın yalanlarıyla",
Gileyli-güzarlı söz göndərmişdi.
Başını əymişdi günahkar kimi,
Elində sevinclə gəzə bilmədi.
Çox-çox itkilərə tablaşan anam,
Yurdun itkisinə dözə bilmədi.
Hələ də tilsimi açılmır nədən,
Bəlkələr ruhumu sındıracaqdı.
Onu bilirəm ki, bu həsrət, bu dərd
Məni qəbirəcən yandıracaqdı.
Taqətim də yoxdu danışam, dinəm,
Qovruldum içimdə, yandım, sızladım.
Ana həsrətindən alışdı sinəm
Bu axşam nə yaman anasızladım.
Ağlaya-ağlaya qaldım bu axşam,
Allah qismətini sərt verdi ona.
Sınağa çəkdimi öz bəndəsini?
Dərdindən də ağır dərd verdi ona.
Haqsızlıq başımın üstünü aldı,
Bu qərib könlümü taladı, sökdü.
Kirpik düzəldənlər, qaş düzəldənlər
Vurub bu dünyanın gözünü tökdü.
Qürbətdə bir şair ömrü yaşadım
Yağdı leysan-leysan yağış ömrümə,
Görən kim elədi qarğış ömrümə,
Kənardan boylan bax, bu qış ömrümə,
Qürbətdə bir şair ömrü yaşadım!
Onda da naşıydım, yenə naşıyam,
Yüküm elə ağır çətin daşıyam,
Qoymadılar insan ömrü yaşıyam,
Qürbətdə bir şair ömrü yaşadım!
Cəsarət tapmadım aşam Murovu,
Saçımda Kəpəzin qarı-qırovu,
Mən özüm dağların qərib girovu,
Qürbətdə bir şair ömrü yaşadım!
Dünya yalan imiş, nədir vecinə,
Cənnət yaradarmış heçin heçinə,
Qoşula bilmədim durna köçünə,
Qürbətdə bir şair ömrü yaşadım!
Qəlbimin nisgili necə silinsin,
Yuxuma gəlginən gecə silinsin,
Çətin bu ayrılıq düzələ bilsin,
Qürbətdə bir şair ömrü yaşadım!
Qürbət el adamı salır nə kökə,
Deyirdim bu dünya düzələ bəlkə,
Yaşadım birtəhər, qəm çəkə-çəkə,
Qürbətdə bir şair ömrü yaşadım!
Həsrəti qəlbimdən silə bilmədim,
Dərdimi bir kəslə bölə bilmədim,
Deyirdim gələrəm, gələ bilmədim,
Qürbətdə bir şair ömrü yaşadım!
Dağlardır, dilimin sözü, kəlməsi,
Tale naxışımın qaçıb ilməsi,
Getdi bir şairin deyib gülməsi,
Qürbətdə bir şair ömrü yaşadım!
Məni
Dünyanın əlində oyuncaq oldum,
Ha qovdu, ha atdı, ha tutdu məni.
Sonu bilinməyən cığıra çəkdi,
Neçə döngəsində ovutdu məni.
Qəlbində haqq səsi, ədalət səsi,
Düz oldu urvası,təmiz kündəsi,
Dedi belə olar əsl bəndəsi,
Allah sevgisində yaşatdı məni.
Vətənsiz susmuşam, dilim ta laldı,
Gözümdə o yamac, o doğma yaldı,
Saldı uzaq elə,qürbətə saldı,
Başımı bişirdi, uvatdı məni
Bu qoca dünyanın əməli ayrı,
Özülü sirr dolu, təməli ayrı,
Mən deyən deyilmiş, deməli ayrı,
Tutub əllərində fırlatdı məni.
Dərdi ayrı imiş daşın, dağın da,
Nisgili təşnəymiş dar ayağında,
Qürbətdə yatmışdım fil qulağında,
Yaxı ki, yuxudan oyatdı məni.
Bu qoca dünyanı yıxılı gördüm,
Nəyini gördümsə yuxulu gördüm,
Getdiyim yolları qorxulu gördüm,
Qismətim, taleyim unutdu məni.
Mən necə qoparım göylərdən səni?
Eh fikrim-xəyalım özümdən qabaq,
Səni addım-addım izlədi onda.
O boyda sevgini,o boyda eşqi,
Bir balaca ürək gizlədi onda.
Səni gizli sevdim,bilmədi bir kəs,
Sənin xəyalınla yaşaya bildim.
Dinyaya sığmayan məhəbbətimi,
Bir yandan bir yana daşıya bildim
Elə gözəl idi dünya gözümdə,
Elə yaraşırdı gül-çiçək sənə.
İndi bu yazdığım bu nəğmə bəlkə,
Durna harayında gələcək sənə.
Qınayan da oldu,qınamayan da,
Eşqi topuğunda olan oğlanı.
Bir görən olmadı,duyan olmadı,
Qəlbi viran,boran,talan oğlanı.
Qeyb oldun,yox oldun günün birində,
De haraya gedib,qaldın hayanda?
Bilirdim ki,tayın,bərabərin yox,
Mələk olduğunu bilmirdim onda!
Sən elə uzaqsan,uzaqsan indi,
Elə soraqladım hər yerdən səni
Çəkildin göylərin yeddi qatına,
Mən necə qoparım göylərdən səni?
Analı kəndimiz girir yuxuma
Analı kəndimiz girir yuxuma,
Yenə dolanıram, bağı,məhləni.
Qışın oğlan çağı bu nə yuxudu,
Güllü məhləmizə aparıb məni.
Yenə görürəm ki gileylənirlər,
Çiçək bir tərəfdən, gül bir tərəfdən.
Ayağım altına döşənib cəmən,
Deyir tapdalama keç bu tərəfdən.
Anam əllərində alma gətirir,
-Əlinlə əkdiyin ağac barıdır.
Nə yaxşı,nə yaxşı gəlmisən oğul,
Nə yaxşı yolların kəndə sarıdır.
-Nə yaxşı gəlmisən, küsənlərim çox,
Sənin gəlişinlə barışacaqlar.
Sənin hesabına kənd uşaqları,
Yenə ağaclara darışacaqlar.
Deyirəm ay ana yollarım uzaq,
Elə bilirsən ki,gəlmək asandır?
Kəsir qaranlıqlar,kəsir yolumu,
Ana o çırağı təzədən yandır.
Səsi qulağımdan getmir ay ana,
Ayrıla bilmirəm cəhrəndən sənin.
Gözümə pərişan dəyirsən yaman,
Kədər,qəm tökülür cöhrəndən sənin.
Eh nələr görmədi bəlalı başım,
Balan bədnəzərin odundan çıxıb.
Deyəsə,ay ana baçımın üstə,
Üzərrik yandırmaq yadından çıxıb.
Yarımçıq ayılıb yuxularımdan,
Təsəlli alıram divardan,daşdan.
Kədər yuxusunu,dərd yuxusunu,
Durub danışacam yenə o başdan.
Mən qürbət şairi, dərd şairiyəm
Söykədim çiynimi arxasızlara,
Onlar qürbət eldə sirdaşlarımdı.
Dönük taleyindən gileyli olan,
Oğullar çətində qardaşlarımdı.
Neçə arzularım qaldı gözümdə,
Qəlbimdən keçəni bir kəs duymadı.
Uzaq səfərimdən qayıdım deyə,
Anam əllərinə xına qoymadı.
Çığırlar yad səmtə apardı məni,
Gördüm sərt üzünü daşın, dağın da.
Zaman sərt üzünü göstərdi mənə.
Rahatlıq tapmadım yad torpağında.
Haqsızlar yol tapıb keçdilər başa,
Haqqım tapdalandı hər addım başı.
Haqsız dünya imiş bu dünya demə,
Yurdum talan-talan, oğullar naşı.
Bir elin yanında üzüm qaradı.
Dağların dağlarsız pərt şairiyəm.
Sizin sevdiyiniz şair deyiləm,
Mən qürbət şairi, dərd şairiyəm.
Anamın dərdini duyan olmadı
İsti yuvasından uzaq düşəndən,
Həmişə danışdı el-obasından.
Xiffətini çəkdi doğma yurdunun,
Bir gün də çıxmadı qəm libasından.
Bayatılarında, laylalarında,
Dağlar deyə-deyə kiridi anam.
Gözüm görə-görə.
Kor olsun gözüm,
Hər gün damla-damla əridi anam.
Kədərə büründü analı dünyam,
Cilk-cilik oldu mənalı dünyam.
Deyirlər, qədər var, yazı-pozu var,
Fələyin çərxini saxlamaq olmaz.
Fələyin çərxini hara döndərim.
Gücüm yox, tabım yox,
ta taqətim yox,
Bilmədim anamı hara göndərim!
Yığıb sinəsinə dağlar dərdini,
Belədən-beləyə daşıdı anam,
Dağlar həsrətiylə yaşadı anam.
Göydən insaf umdu,
yerdən mərhəmət,
Yandırdı qəlbini dağların dərdi.
Qucağında qəbir yeri gözlədi.
Çağırdı yanına şair oğlunu,
Bir zəfər, qələbə şeiri gözlədi.
Fələyi qınadı gündə min kərə,
Dərdini aləmə yaydı, danışdı.
Dərdini hər axşam, səhər danışdı.
Göz yaşı danışdı,
qəhər danışdı.
Bu dərddən bir bölük adam danışdı,
Anamdan bir böyük şəhər danışdı.
Bu haqsız dünyanın haqsız işləri,
Bir az da azaltdı ümidlərini.
Xəyalı dağlardan geri dönmədi,
Tablaşa bilmədi yurd həsrətinə.
İnamı azaldı, günbəgün onun,
Bizi yaradanın mərhəmətinə.
Bu geniş dünyada yeri olmadı,
Özünü dünyanın qəribi sandı.
Anama dar gəldi bu böyük şəhər,
Bu şəhər anama həyan olmadı.
Bu qərib şəhərdə bu neçə ildə,
Anamın dərdini duyan olmadı.
Kədərə büründü analı dünyam,
Cilk-cilik oldu mənalı dünyam.
Anamı kiridə bilmirəm, Allah
Ahıyla bağrımı yandırdı, yaxdı,
Gözünü yığmadı, yollara baxdı,
Didərgin düşübdü bu qoca vaxtı,
Anamı kiridə bilmirəm, Allah!
Xəyalında ötən çağlar qalıbdı,
El köçüb, sinəsi dağlar qalıbdı,
Əlləri qoynunda ağlar qalıbdı,
Anamı kiridə bilmirəm, Allah!
Bir xəbər gözləyir el-obasından,
On ildi çıxmayır yas libasından,
Min kədər süzülür bayatısından,
Anamı kiridə bilmirəm, Allah!
Ömür yoldaşını itirib, dözmür,
Bacı-qardaşını itirib, dözmür,
Tamam göz yaşını itirib, dözmür,
Anamı kiridə bilmirəm, Allah!
Anam ayrı düşüb öz dünyasından,
Söhbət dünyasından, söz dünyasından,
Anam aralanıb öz anasından,
Anamı kiridə bilmirəm, Allah!
Gül verrəm, deyir ki, qoxusu yoxdu,
Dövranın haqq üstə qurğusu yoxdu,
On ildi anamın yuxusu yoxdu,
Anamı kiridə bilmirəm, Allah!
Yığıb yaratdığı var talan olub,
Gözündə həqiqət ağ yalan olub,
Bir uşağa dönüb, ağlağan olub,
Anamı kiridə bilmirəm, Allah!
Qəmin qarşısında heykəldi-təkdi,
Dərdin gah arana, gah dağa çəkdi,
Deyir ki, günahkar təkcə fələkdi,
Anamı kiridə bilmirəm, Allah!
Bir əlçim ağ bulud başının üstə,
Əlləri qalıbdı qaşının üstə,
Yaman inadkardı, durubdu qəsdə,
Anamı kiridə bilmirəm, Allah!
Dağların verdiyi dözüm qalmayıb,
Sözlərində şirin düzüm qalmayıb,
Yalvarram, kirimir sözüm qalmayıb,
Anamı kiridə bilmirəm, Allah!
Dərdi elə dərddi, tapılmır çarə,
Qurtarmaz, köksündə qövr edər yara,
Eh, Dəlidağ hara, Moskva hara,
Anamı kiridə bilmirəm, Allah!
Söz adamıyam
Yaradan yaradır belə düz əhli,
Belədir qürbətin alov, köz əhli,
Biri şair deyir, biri söz əhli,
Elə doğulandan söz adamıyam!
Çeşmələr təzədən oxutmaz məni,
Girib qılığıma ovutmaz məni,
Dumanı, çiskini qorxutmaz məni,
Elə bu dağların öz adamıyam!
Nadanlar əlində ləlik olmuşam,
Haqsızlıq önündə necə lalmışam,
Görürsənmi, fələk düzdə qalmışam,
Çünki mən Allahın düz adamıyam.
Dünyada qalası malım qalmadı,
Əlləşdim, çalışdım yolum qalmadı,
Dağlarsız dözümüm, halım qalmadı,
Əzəldən mən təpə, düz adamıyam!
Apardım belədən belə dərdimi,
Danışaram gülə-gülə dərdimi,
Bir oğul gərəkdi bölə dərdimi,
Salmışam, pozulmaz iz adamıyam!
Sinəmin yarası, çarpaz yerində,
Çarəsi dağlardı dərdi dərində,
Çıxıb gedəcəyəm günün birində,
Bilirəm bir arşın bez adamıyam!
Səni
Uçan durnaların sırasındasan,
Vurğun gözlərimin sırasındasan,
Dedim çiçəklərin arasındasan,
Çıxmışam çəmənə axtaram səni!
Yoxsa qeyb olmusan sən bilə-bilə,
Haradan yazılıb bu qismət belə,
Səni küləklərdən soruşdum hələ,
Qış keçər baharda taparam səni!
Qoymaram bir namərd toxuna birdə,
Bələnim ətrinə, qoxuna birdə,
Yüyürüb gələrəm yaxına birdə,
Həsrətin əlindən qoparam səni!
Bu sevda bir əzab, bu sevda zülüm,
Gəlim ayağının altında ölüm,
Gözümün içindən çıxarıb, gülüm,
Köksümün içinə ataram səni!
Mənsiz o çiçəyi dərən olmaya,
Qulac hörükləri hörən olmaya,
Yolumu, izimi görən olmaya,
Tutub uzaqlara aparam səni!
Yaxşı ki, sevmədin məni
Bilirsənmi şairlərin,
Gecənin qəmli çağında
yuxunun şirin yerində,
yerindən getməyi olur.
şairlərin, qaranlıq bir küncə çəkilib,
özü-özünə dil-dil ötməyi olur.
Zülmətin,dərdin içində,
əriyib itməyi olur.
Buz bağlamış eyvanında,
səhərəcən,
heykəl tək bitməyi olur,
Yaxşı ki, sevmədin məni.
Haqqını əlindən alınıb,
dönüb havalı olardın.
Anlayanın az olardı,
başı qovğalı olardan,
Vallah mənə qoşulsaydın,
yazıq, zavallı olardın.
Yaxşı ki, sevmədin məni
Şairlərin yükü ağır,
şələsi ağır şələdir,
Başının dumanı açılmaz,
Sinəsinin dərdi bol-bol,
Gözlərində yaş silədir.
Sevəndə də elə sevir,
Həm Məcnundur, həm Sənandır,
Həm Kərəmdir,həm lələdir
Yaxşı ki, sevmədin məni
Bu taleyi,bu qisməti,
Verən niyə belə verib?
Şairlər yaranan gündən,
Haqsızlığa sinə gərib.
Qaçqın düşüb,
köçgün düşüb
yetim olub,yesir olub,
Baş əyməyib sultanlara,
Məhəbbətə əsir olub.
Sən də ona qoşulsaydın
Ayrı düşüb yurd-yuvandan
Vətəninə həsrət qalıb,
Boylanardın qərib-qərib.
Yaxşı ki, sevmədin məni.
Bir şer qoçardım adına,
Odlu misraya dönərdin,
Şeirimin qanadında,
Göylərə qalxıb enərdin
Vur-tut bir sözə çevrilib,
Donub dilimdə qalardın.
Sən də elə mənim kimi,
Vallah zülümdə qalardın
Mənlə gedəsi olsaydin,
bu yolun bir sərt yerində
ölüb əlimdə qalardın.
Yaxşı ki, sevmədin məni.
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ