manera.az
manera.az

Qızları aldadıb sevən məhəbbət şairi - Şəhanə Müşfiq

📅 19.04.2018 16:44

Qızları aldadıb sevən məhəbbət şairi - Şəhanə Müşfiq
Gənc şair Vasif Zöhraboğlunun şeirləri haqqında

Şairlər vardır, bənd-bənd şeirlər yazarlar, böyük ustalıqla misraları bir-birinin ardınca düzərlər, baxarsan pafoslu, bərli-bəzəkli sözlər göz oxşayar, amma di gəl ki, şeirin içinə girmək istəyəndə qarışıq, dolaşıq fikirlərin arasındaca azıb qalarsan, şairin nə demək istədiyini, diqqəti nəyin üstünə çəkdiyini anlamaqda çətinlik çəkərsən. Elə həmin andaca bütün o bəndlər, muncuq kimi düzülmüş misralar, bəzəkli sözlər hamısı öz sehrini itirər və sənin şeirə olan bütün həvəsin sönər.

Ancaq bir digər qrup şairlər də var ki, şeiri bər-bəzəkdən, pafosdan uzaq olmağına baxmayaraq, oxuduqca səni özünə çəkər və öz qanadları üzərindəcə alar aparar uzaq-uzaq diyarlara, bir andaca xəyalların ağuşunda taparsan özünü... Bəs nədir bu şeirləri bu qədər duyğu yüklü edən? Əlbəttə ki, misraları arasında gizlənən bir duyğusal şair ürəyi, şair səmimiyyəti... Sanki, şair öz ürəyini bir süfrə kimi açıb sərir gözlərinin önünə və sənə deyir: “bax, əzizi oxucum, bu, mənəm. Nə az, nə çox, mən sənin oxuduğun qədərəm...” Daha nələr tapmazsan o misraların arasında, daha nələr görməzsən o kövrək sətirlər arasında... Şairlə olan o üç bəndlik söhbətin bir insanla olan bir ömürlük tanışlıqdan daha çox hisslər, daha çox düşüncələr qazandırar sənə...

...Hələ ki, ayrılıq havası deyil,
Qoymaram arzumu puç eyləyəsən.
Ürəyim qaranquş yuvası deyil,
Hər payız gələndə köç eyləyəsən...


Bu misralar mənə dediklərini sizə də pıçıldadımı? Siz də bu bəndi qələmə alan insanın şair ürəyinə toxuna bildinizmi? Duydunuzmu dörd misraya sığan həsrəti, itirmək qorxusunu, yalnızlığı, çarəsizliyi..?

Əslində, Azərbaycana “şairlər ölkəsi” də deyə bilərik. Coşğun ürəkli, həssas ruhlu hər Azərbaycan insanının ürəyində bir şair gizlənib. Ancaq baxır kim o şairin pıçıldadıqlarını necə dilə gətirir, ya da vərəqə tökür...

Cavan yaşına baxmayaraq, az zamanda özünə kifayət qədər oxucu kütləsi toplamağı bacaran şair Vasif Zöhraboğlu məhz ürəyini oxucusuna süfrə kimi açan nadir səmimiyyət sahiblərindən biridir. Bəzi gənc şair həmkarlarımdan fərqli olaraq, Vasifi ilk dəfə sözü ilə, şeirləri ilə bir şair kimi tanımışdım. Onda heç şəxsi tanışlığımız yox idi, uzun müddət də olmadı. Ancaq o zamanlarda belə mən bu insanın ürəyini, ruhunu tanıdığıma, duyduğuma əmin idim. Sanki Vasif oxuduğum hər şeiri ilə mənlə danışırdı, söhbət edirdi. Bəzən də onun elə şeiri olurdu ki, onu oxuyarkən məni qəribə təşviş bürüyürdü, axı, bu insan mənim hisslərimi hardan öyrənib belə yazar bilir deyə... Lakin sonradan dərk etdim ki, əslində, Vasif nə məni yazır, nə onu, nə də bir başqasını, Vasif elə özünü yazır, hikmət isə nə yazdığında yox, necə yazdığındadır.

...Eşqin qapısında nökərəm, nökər,
Ruhum bu qapıda göz yaşın tökər.
Bilmirəm, bilmirəm nə qədər çəkər,
Hələ ki, mən səni unutmamışam...

Vasif Zöhraboğluna bəzən “məhəbbət şairi” də deyirlər. Doğrusuna qalsa, yanılmırlar da... Həqiqətən də, əsrlər boyunca şanına mədhiyyələr yazılan, şeirlər qoşulan, cild-cild kitablar həsr olunan məhəbbət Vasifin yaradıcılığının əsas qayəsini təşkil edir. Ancaq zaman-zaman bu məhəbbət müxtəlif obrazlarda qarşımıza çıxır. Bəzən biz qəhrəmanın sevgi nəşəsindən xumarlandığını, bəzən əksinə, həsrətin əlindən qanlı yaşlar tökdüyünü, bəzən isə onu atıb gedən, sonra isə peşman olub geri dönən sevgilisinə qarşı nə qədər zalım olduğunu görürük:

Axı, ürək sənsizliyə dayanmaz,
Vüsal hicran ilə birgə yaşanmaz.
Gülə-gülə yox söylədi utanmaz,
Ürəyinə mehman olmaq istədim...


Və ya:

Mən ki, unutmuşdum bu intizarı,
Məni bu yuxudan oyatmayaydın.
Getmişdin, əbədi gedəydin barı
Ömrümə bir daha qayıtmayaydın.


Şairin lirik qəhrəmanını sıxan ən böyük problem isə kasıblıqdır. Bu problem bir və ya iki şeirində deyil, bütün yaradıcılığında kök salıb. Əlinin zəhməti ilə halal çörəyini qazanan qəhrəman sevdiyi insanı itirməsində günahkar kimi məhz bunu görür:

"Əlinin qabarı tikandı" - dedin,
Qorxuram görüşsək, əlimə batar.
Kasıbsan çörəyin yavandı dedin,
Dedim ki, sevgimiz şirinlik qatar...

Və ya həmin şeirin son bəndində şair deyir:

Gərək düşünəydin "yox" söyləyəndə,
Mən ki göz ustası, qaş ustasıyam.
Gülüm, ürəyini daş eyləyəndə,
Sən hardan bildin ki, daş ustasıyam...?!


Yuxarıda nümunə kimi seçdiyim misralardan da göründüyü kimi kasıblıq sevgisinə qovuşmağa bir maneə olsa da, qəhrəman bu kasıblığından utanmır, əksinə, əlinin halal zəhməti ilə fəxr edir və bunu hər fürsətdə dilə gətirir. Çünki onun pulu, bər-bəzəkli həyatı, cah-cəlallı evi olmasa da, bunların hamısından üstün ola biləcək sevən ürəyi, sevdiyi qadına sədaqəti var. Bunları pulla, zənginliklə almaq mümkünmü ki?! Bəzən “Allahın sevdiyi kasıb bəndəni, Allahın qarnı tox bəndəsi sevməz”- deyib ümidsizliyə düşən şair, bəzən də bu fikirləri tamamilə başından qovub yeni fikrə düşür:

...Vasif, gənc ömrünü sovurma yelə,
Göz yaşın kükrəyib dönməsin selə.
Eh nə dərdin var ki, çəkirsən belə,
Dənizdə batacaq gəmin yoxdusa.


Vasif Zöhraboğlu qələminin özünəməxsus cəhətlərindən biri də ən adi, ən təbii hissləri qeyri-adi şəkildə təqdim etməyi bacarmasıdır. Onun qələmində hər söz özünün ilkin mənasından çıxıb başqalaşa, daha da gözəlləşə bilir. Məsələn, şair bir şeirində deyir:

...Ələndi əməlim ələk də saydı,
Sağdan da, soldan da mələk də saydı.
Mən saydım, mənimlə fələk də saydı,
Özgəyə atdığım daş başımdadır.


Bir il öncə Vasifin ilk kitabı olan “Ömür bir günlük yuxudu” kitabı işıq üzü gördü. Elə o zaman onu daha yaxından tanıma şansı qazandım. Məni heyrətə gətirən hələ ədəbiyyatda ilk addımlarını atan bir şairin yaradıcılığına olan bu qədər böyük maraq idi. İstər ədəbiyyatda söz sahibi olan ziyalılar, istərsə də sadə oxucu kütləsinin şairə, onu yaradıcılığına qarşı olan diqqəti, sevgisi hər insana nəsib olmur.

Vasifin yaradıcılığının mənə bu qədər doğma olmasındakı əsas səbəb isə onunla özüm arasındakı kəşf etdiyim ortaq cəhətimizdir. Biri var hansısa insanı (qadın və ya kişi) sevmək, biri də sevginin özünü sevmək, sevgiyə aşiq olmaq. Vasif də mənim kimi sevgiyə aşiq olan insanlardandır. Onun üçün qarşındakının onu sevməsi əsasdır, əlbəttə, ancaq şərt deyil. Çünki o, sevərkən qarşındakını deyil, sevginin özünü düşünərək sevir. Sevdiyi insan onu sevsə də, sevməsə də sevəcək. Sevgini sevməyi hər kəs bacarmaz, belə insanları da hər kəs anlaya bilməz.

Neynirəm bir dünya varı, dövləti,
Mənim ki, gözlərim toxdur, ac deyil.
Gətir cehizində saf məhəbbəti,
Sevgi ki, həyatdır, ehtiyac deyil.


“Bir qaçaq sevgini qorumaq üçün, hər gecə ürəyim üstə yatıram”- deyən şair burada da adi fiziki vərdişi poeziyanın elementinə çevirməyə müvəffəq olmuşdur. Sən demə, bu şairin həyatdakı ən böyük qorxusu sevgidən uzaq düşmək, sevgilisindən ayrılmaq imiş. Buna görə də qəhrəman ürəyini kölgə kimi addım-addım izləyən ayrılıqdan qüvvəsi çatınca qorumaq istəyir, qaçıb ondan yaxa qurtarmağa çalışır.
Yuxarıdakı nümunədə gördüyümüz fikrin davamı kimi bir başqa şeirdə “bilmirəm əynimə nə geyinim ki, sinəmin altında üşüməyəsən” misralarına rast gəlirik. Heç bir ədəbiyyat təhsili olmayan birinin sözləri, onların mənasını və bənzətmələri bu cür həssaslıqla duyma qabiliyyəti tək məni yox, bu şeirləri oxuyan hər kəsi heyrətləndirə bilər.
Bənzətmələrdən, epitet, metafora, mübaliğə kimi bədii təsvir vasitələrindən böyük ustalıqla istifadə edən şair əslində bu cür söz oyunlarından bilərəkdən yan qaçır, yeni, qeyri-adi nəsə “icad etmək” fikrindən tamamilə uzaqdır. Onu düşündürən tək şey hisslərinin, duyğularının aydın ifadəsidir.

Adam ölməyə də darıxır hərdən,
Bir ucuz ölümün möhtacı olur.
Həyatı dünyaya gəldiyi yerdən,
Getdiyi yerəcən tapmaca olur.


Bəzən isə şairin sevgi şeirlərinin lirik qəhrəmanı qarşımıza mərd, özündən, sevgisindən əmin bir obrazda çıxır. Bu zaman o, sevdiyi xanımın məhəbbətini qazanacağına heç bir şübhə etmir. Çünki özünün sevgisi o qədər dərin, sonsuz və tükənməzdir ki, ən pis halda bu cür sevginin özü sevilməlidir. Şair də nə vaxtsa, sevdiyi insan tərəfindən seviləcəyinə ümid bəsləyir, hətta buna inanır.

Gəl tələsmə yox deməyə,
Gülüm, sən də sevəcəksən.
Çəkdirmə sevən ürəyə
zülüm, sən də sevəcəksən.

Ol məni eşidən, duyan,
Sən ol dizimdə uyuyan.
Ay başıma ağıl qoyan,
Dəlim, sən də sevəcəksən...


Şair Vasif Zöhraboğluna həsr etdiyim yazımın demək olar ki, hər sətrində onun sevgisi, məhəbbətlə döyünən ürəyi, sədaqəti haqqında danışdım. Ancaq dahi Füzuli əbəs yerə deməyib axı, “aldanma ki, şair sözü əlbəttə, yalandır”. Vasif də şeirlərinin birində çəkdiyi sevgi əzabının əsl səbəbini elə özü öz diliylə deyir, daha doğrusu, etiraf edir:

...Eh, kimi yarıtdım, kimdən yarıyam,
Neçə göz yaşının səbəbkarıyam.
Mən də bu sevginin inadkarıyam,
Mən bütün qızları aldadıb sevdim...


Etirafdan söz düşmüşkən, yazımın sonunda mən də Vasif Zöhraboğluna və onun oxucularına bir gerçəyi etiraf etmək istəyirəm. Əslində, Vasifin yaradıcılığı haqqındakı bu məqaləni ta bir il öncə, onun “Ömür də bir yuxudu” adlı ilk şeirlər kitabı işıq üzü görən vaxtlarda yazmağa başlamışdım. Ancaq onun şeirlərilə tanış olan sırada bir şeiri mənə elə güclü təsir bağışladı ki, özümün hələ Vasif haqqında yazmağa hazır olmadığımı gördüm. Ona görə də sakitcə qələmi yerə qoyub doğru zamanın gəlməyini gözlədim. Əlbəttə, bu müddət ərzində onun yaradıcılığını da yaxından izləyirdim.

Bu günlərdə şairin son şeirini oxudum və şeir elə ilk misralardan mənə sanki itirdiym, nə vaxtdır axtardığım, bəlkə də gözlədiyim nəyisə tapmağıma köməkçi oldu. Nəticədə mən bir il öncə yarımçıq qoyduğum yazıya geri dönmək ehtiyacı hiss etdim. Elə yazımı həmin şeirin bir bəndi ilə bitirirəm, şərhsiz...

Könlüm küsdü sevgilərin dadından,
Çoxmu gördün sən mənə bir salamı?
Elə gözəl çıxıram ki, yadından,
Sən nə gözəl unudursan adamı.

Şəhanə MÜŞFİQ
"525-ci qəzet"in mədəniyyət müxbiri


Baxış sayı - 2 368 | Yüklənmə tarixi: 19.04.2018 16:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031