manera.az
manera.az

Çıldırmış şairin titrəyən misraları

📅 22.08.2017 16:09

Çıldırmış şairin titrəyən misraları


Gülsadə İbrahimli

Mənə sual verilsə ki, ”ƏDƏBİYYAT NƏDİR?” cavabım bu olardı; “Ədəbiyyat, dağlara, düzənlərə, dənizlərə, səhralara, ölkələrə, sərhədlərə ayrılmış dünyanın bütünlüyü, bərabərliyi, hüdudsuzluğudur. Rəngindən, irqindən asılı olmayaraq eyni dildə danışmayan insanların belə, eyni duyğunu paylaşması,nəbzinin eyni vurması, gözünün eyni dolmasıdır. Ədəbiyyat ayrı-ayrı qəlblərin eyni dərd ortağı olmasıdır”

Yadıma Səməd Vurğunun “ ZƏNCİNİN ARZULARI “ şeiri düşür: Məgər bu şeiri şairə yazdıran ayrı irqlərin iki fərqli insanının eyni ağrını yaşaması deyildimi?! Jan Pol Sartrın sözləriylə desək: ”emosiya, ehtiras, ictimai qeyz, siyasi nifrət… Şeirin mənşəyidir” Hər şey kimi, ədəbiyyat da qloballaşır. Xalqlar bir-birinin istər klassik, istərsə də müasir ədəbiyyatı ilə maraqlanır, öyrənir, yeri gəldiyində tətbiq edir. Bu gün Cənubi Azərbaycanda yaşayıb -yaradan, sərhədləri, şeirin sərhədsizliyinə tabe edən, istər cənubi, istər də şimali Azərbaycanda tanınan, müasir şeirin ən sevilən adı Məhəmməd Çalğınla tanış olacayıq. Dili dilimiz, dərdi dərdimiz, dərdimiz dərdi olan şair, Araz boyda bir ağrının içindən axdığı, Qarabağın sancısını ürəyindən daş asdığı o tay-bu tay Azərbaycandır şeiriyyətiylə.

Culfadan baş aldım araz yenişə

Yolları sürünə-sürünə getdim.

Bələşdim arazın ləpələrinə

Dumana bürünə-bürünə getdim.

Bir gözəl o taydan nigaran baxır,

Bəlkə də səyəngi qalıbdı çayda.

Bəlkə də yaylığın yel aparıbdır,

Bəlkə də sevgisi qalıb bu tayda.

Mənə əl açmışdı Qarabağ, Şuşa

Kəlbəcər dadına məni çağırdı.

Bağışla Dəlidağ, bağışla məni

Mənim öz niskilim səndən ağırdı.

Deyən bir şairi tanımaq bu dərdi daşıyan hər Azərbaycanlı üçün maraqlı olardı. Çalğın Məhəmməd 1977 -ci ildə Təbriz şəhərində doğulub. Ali təhsilini Təbriz universitetində alıb. 13 yaşından şeir yazmaqla məşğul olan şair, klassik qəliblərdə şeir yazmağa başlayıb. Bir müddət xalça rəssamlığıyla məşğul olmuş, tanınmış bir xalça rəssamı kimi işləmişdir. Yenidən şeirə qayıdan Çalğın ” ağ şeirlər” yazmağa başlayıb. Modern və posmodern şeirlər yazmış, şeirləri Bakıda, Türkiyədə, Rusiyada, Qazağıstanda, İranda müxtəlif yerlərdə çap olunmuşdur. Hal hazırda iki şeir kitabı Bakıda nəşr olunub. “ƏLVİDA” və ”YALAN SƏRGİSİ” şeir kitabları şeirlə bağlı qəliblənmiş ənənəvi fikirlərin kökündən dəyişdirilməsinə hesablamış ədəbi partlayışdır. İLESAM-ın İranda təmsilçisi, AYB VƏ DGTYB-nin Məsləhət Şürasının üzvüdür.

Qan iyisi gəlir bu tüfəngdən .

Yaralarımı toprağa kirayə versəmdə ,

Baxışlarım Qarabağa qohumdur.

Döşlərimə yatırdıram qundağı

Günəş, burnumu yerə sürtür.

Paltarımın içində gizlənmişəm.

Köynəyimin altından keçir düşmən, “Ağıllı düşmən”

İçərimdən bir papaq qalxır… Doğuz dərisindən

Özünü buynuzunun irtifasından atır başıma.

Lənət olsun Lənət olsun qışa,!

Min doqquz yüz doxsan ikiyə lənət olsun !

Dırnaqlarımın altında bir səs göynəyir

Bir gəlin səsi “Qarabağın şikəstəsi”

İrtifa: UCALIQ

Şeir-şeir ağrıyan bir şairin hər kəlməsindən yüksələn harayı Qarabağda, Şuşa qalasında dağların köksünə dəli dalğa kimi özünü çırpır, səs-səda salır. O səs ki, hələ də dünyanı oyatmır, ədalət yerini tapmır.

”SARKSİYANA MƏKTUB “ şeirində;

Dünən, Günəşin kölgəsində Azərbaycanlılar Quylandılar.

Xocalıda, Ağdamda,

….

Bu gün,

Bir həzin yağışdan sonra Min kimi cücərirlər.

Fizulinin həndəvərində.



Sabah….

Olduğu kimi.

Modern şeirin ən gözəl nümnələrini yaratmağı bacaran şairin şeirində klassik ədəbiyyatın ətrini, türk şeirinin şirinliyini, iran şeirinin oynaqlığını duyuram.

Xına gözlərində bir pəncərə açılır

günəşə doğru dağlar məmələnirlər .

uzaqlardan ətəklərində otlayır bir sürü ceyran.

xına gözlərində yağış yağır rənglərdən

bu yagışın altında islanır Leonard Davinçi

Jokondun dodağlarının nömrəsinin güdazına gedir, bütün rənglər

xına gözlərində yayda qar yağır

ayrana bulaşır bütün küçələr, gəlinləşir Təbriz

bu gəlinin qurşağını bağlayıram şeirlərimdə .

xına gözlərində pullarım itirlər

yeddi yaşımda anamın dəstərxanımızın

ucuna bagladıgı çörək pulları

başmaqlarımı isladıram gözlərinin günortasında

ayaqlarım agırlaşırlar qalıram orda, xına gözlərində

kaşki kehliklənəydim xına gözlərində…

şairlər oğurluğa çıxırlar gözlərindən axşam üstləri.

Kaşki şair olaydım mən də.

Mən bir yazar, eləcə də bir oxucu kimi əlimdəki bu şeirləri təhlil edərkən bu qənaətə gəlirəm ki, Çalğının şeirləri yalnız Azərbaycanın deyil dünyanın olmağa hazırdır. Klassik ədəbiyyatdan suyunu alıb, dünya ədəbiyatının günəşində böyümüş bu şeirlər ədəbiyyatımızda yeni bir iz açır ki, artıq bu izdə mən də, olmaqla çox gənc yazarlar yeriyir. Sadəcə bəzi nümunələri oxucu diqqətinə çatdıra bildiyim bu yazıyla inanıram ki, ədəbiyyatsevərləri möhtəşəm bir şairlə qiyabi də olsa, tanış edə bildim. Yaxın aylarda Bakıda kitablarının təqdimatı keçiriləcək olan şairin tezliklə Naxçıvanlı oxucuların da könlünü qazanacağına və onların da görüşünə gələcəyinə inanıram. Axı biz “BİR KÖYNƏK DAHA YAXINIQ”


Baxış sayı - 1 618 | Yüklənmə tarixi: 22.08.2017 16:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031