manera.az
manera.az

Dimur – Orhan Arasın hekayəsi

📅 30.03.2018 15:36

Dimur – Orhan Arasın hekayəsi
Orhan Aras 1963-cü ildə İqdırda doğulub. Almaniyada yaşayır. Orada "Referans” dərgisinin baş redaktorudu. Azərbaycan və Almaniya Yazarlar Birliyinin üzvüdü. Türkcə, almanca, Azərbaycan türkcəsində bir çox kitabların müəllifidir.

Onunla bir toyda tanış olmuşdum. İpək kimi ağappaq saçları, qıyıq, qara gözləri, qırışmış yanaqları və donuq baxışlarıyla elə ilk görüşümüzdə diqqətimi çəkmişdi. Sonradan öyrəndim ki, gəlinin babasıdı. Kiçik bir kənddə yaşadığıma görə orda yaşayanların hamısını tanısam da, bu adamı ilk dəfə görürdüm. Kürəkəni tanışlıq verəndən sonra israrla onun yanında oturmağımı xahiş etdi. Domur, ya da Dimur kimi bir adı vardı.
Kürəkən pakistanlıydı. Təmiz, çalışqan bir adamdı. Arabir qarşılaşır, dünya, İslam, insanlar haqqında söhbətləşirdik. Gəncdi, amma dünyagörüşlüydü. Problemlərimizin cəhalətdən qaynaqlandığının fərqindəydi. Bir gün söhbət zamanı alman əsilli bir rus qızı ilə evlənmək istədiyini söylədi və məni də toyuna dəvət etdi.
Toy bizim toylar kimi deyildi. Kiçik bir restoran tutmuş, otuza qədər adam dəvət etmişdi. Salonda adamı bezdirməyən bir hind musiqisi səslənirdi. Dəvət olunanlar stolları birləşdirib söhbətləşirdilər.
Yanında oturduğum adam həm qarşısındakı plovu qaşıqlayır, həm də mənimlə pozuq alman dilində danışırdı. Arada bir dayandı və məndən ərəb əlifbasıyla oxuya bilib-bilmədiyimi soruşdu.

– Oxuya bilirəm, – dedim.
– Mənim kürəkənim də oxuya bilir, ancaq məndə bir kağız var, oxusa da, başa düşmədi, –dedi.
Qoltuq cibindən saralmış bir kağız çıxardıb mənə uzatdı. Kağız üçkünc şəkildə səliqə ilə qatlanmışdı və qatlandığı yerləri qat kəsmişdi. Kağızı səliqə ilə sığalladım və stolun üstünə sərdim. Lap başda gözəl bir xətlə "Bismillah”, sonra onun altında "Bağçasaray rayonu, may ayı 21, sürgün edildik. Vaqonlara mindirildik. Sən Əkrəm oğlu Teymursan”, yazılmışdı.
Həmin qısa cümlənin altında da "Müsəlman” sözü və Fatihə surəsi yazılmışdı. Əvvəl oxuduğum sözlərlə bu adam arasında bir bağlılıq görmədim.
– Bu kağızı hardan tapmısan? – deyə soruşdum.

– Tapmamışam, məndəydi, – dedi. Sonra almanca kəlmələri rus aksentiylə qıra-qıra izah etməyə başladı. – Mən yetimxanada böyümüşəm. Bu kağız bir bezin içinə qoyulmuş və bir iplə sarınıb boynumdan asılmışdı. İyirmi yaşıma qədər eləcə boynumda daşıdım. Sonra açıb baxdım, bir şey anlamadım. Ətrafımızdakıların hamısı alman əsilli ruslardı, onlar da oxuya bilmədilər. Sonra pulqabımda gəzdirdim. Almaniyaya gəlməzdən əvvəl bir özbəyə göstərdim, "duadır”, dedi. Mənimlə nə əlaqəsi var, bilmirəm.
Toyu, ətrafımdakı adamları unutmuşdum. Bu adamın bir ayağı gordaydı və cibindəki bu kağızın onun kimliyi, tale yazısı olduğundan xəbəri yoxdu.
– Adını mənə bir də deyərsənmi? – dedim.
– Dumir, – dedi.
– Sənin adın Dumir deyil, Teymurdur, – dedim.
Sözlərimi anlamadı.
– Bəli, adın Teymur və atanın adı da Əkrəmdir. Sən Krımın paytaxtı Baxçasaraydansan. Sizi Stalin Krımdan sürgün edərkən yəqin ki, bu yazını atan yazıb boynundan asmışdır. Altına da Fatihə surəsini yazıb. Yəni müsəlmanlar üçün namazda oxuduqları bir duadı. İtsən, bir zaman müsəlman olduğunu biləsən deyə.
Adamın sanki dili tutuldu.
– Yəni mən müsəlmanmıyam?
– Bəli, atan, anan müsəlmanmış.

Kimsə eşitdimi deyə ətrafa boylandı. Sonra səsini qısaraq yalnız mənim eşidəcəyim şəkildə:
– Bilirsənmi mən protestantam və hər bazar kilsəyə gedirəm, hər bazar. Yəni dindar bir adamam.
Nə deyə bilərdim? Dinmədim. On dəqiqəyə qədər sanki məni unutdu. Sonra ikiəlli əlimi tutdu.
– Sabah nə edəcəksən? – deyə soruşdu.
– İşə gedəcəyəm, – dedim.
– Nə olar, işdən sonra bir yerdə görüşək, – dedi.
– Yaxşı, – dedim.
O gündən sonra üç-dörd dəfə gizlicə görüşdük. Dindar qarısından və ətrafındakılardan çəkinirdi. Mən Krımı, Bağçasarayı, ordakı adamların sürgün edildiklərini, faciələrini anlatdıqca ağlayırdı. Davamlı şəkildə müsəlmanlıqla bağı suallar verirdi. Bir gün Fatihə surəsini mən dedim, o kiril hərifləriylə yazdı. Son dəfə görüşəndə surəni əzbərləmişdi. Mənə oxuyarkən həm uşaq kimi sevinir, həm də göz yaşlarında boğulurdu.
– Mənim günahım yoxdu, – deyirdi. – Təkbaşına qalmış, yetimxanalarda böyümüş, sonra bir alman əsilli ailəyə övladlığa verilmişəm. Türk olduğumu hardan bilə bilərdim?
– Əlbəttə, günahın yox, – dedim. – Hardan bilə bilərdin?
Qaldığım yerdən başqa bir şəhərə köçdüm. Bir neçə il sonra təsadüfən görüşdüyümüz pakistanlı qonşumuzdan Teymurun ölüm xəbərini aldım. Türk olduğunu kürəkəninə də söyləmişdi. Kürəkəni də qayınanasının icazəsini alaraq dəfninə bir molla gətirmiş və namazını qılmışdı. Ondan təsirlənən qızı da müsəlman olmuşdu.
İlk fürsətdə əvvəl yaşadığım kəndə getdim. Kiçik protestant qəbristanlığında Teymurun qəbrini tapmaq çətin olmadı. Çünki girişdə, bir kənarda tək bir qəbirdi. Qara qəbir daşına bir ay-ulduz çəkilmiş və altında da "Əkrəm oğlu Teymur" yazılmışdı.
Ona öyrətdiyim Fatihəni oxuyub ruhuna tapşırdım./artkaspi.az/

Türkiyə türkcəsindən uyğunlaşdıran: Eyvaz Zeynalov


Baxış sayı - 1 639 | Yüklənmə tarixi: 30.03.2018 15:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031