manera.az
manera.az

"Bir sıra axmaq ithaf şeirlər müəllifiyəm" - MÜSAHİBƏ

"Bir sıra axmaq ithaf şeirlər müəllifiyəm" - MÜSAHİBƏ
Müsahibim Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax universitetinin tələbəsi,AYB-nin üzvü gənc şair Ruslan Dostəlidir.

Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Lütfən, özünüz barədə məlumat verin.

Yadımdadı, Bakıya təzə ayaq açan vaxtlarım idi. Haqqımda bir xoş söz eşidəndə yanaqlarım qızarırdı, özümü itirirdim. Ədəbi tədbirlərdə şeir demək növbəsi mənə çatanda yerimi başqasına verirdim. İstəmirdim kimsə məni tərifləsin, şeirlərim haqqında danışsın. Özüm haqda danışmaq lazım gələndə doğulduğum yeri və tarixi deyirdim. Вanışılası elə bir şey də yox idi. Bioqrafiyam da özüm kimi balacaydı. Heç indi də böyük deyil.

Bir gün yazar dostlarla "28 may" metro stansiyasının qarşısında Əsəd Cahangirlə rastlaşdıq. Mənə dedi, sən bu zərərli təvazökarlığından əl çək. Onda bildim, öz şeirlərini deməkdən çəkinən, özü haqqında danışmaqdan sıxılan, göz önündə, diqqət mərkəzində olmaqdan qorxan oğlan imici yaratmışam. Bu hal təxminən bir neçə il davam elədi. İndi öz şeirlərimi məmnuniyyətlə səsləndirirəm. Ancaq hesab edirəm ki, yaradıcı insan bütün hallarda təvazökar olmalıdır. Şairi istedadı özündən razı, qeyri-təvazökar olmağa qoymur. İstedad olmayanda isə əksinə olur.

Özümü təqdim etmək gərəksə, sadəcə Ruslan Dost Əli. 24 yaşım var. Qazaxıstanın Türküstan şəhərində, Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax universitetində təhsil alıram. Bir sıra axmaq ithaf şeirlər müəllifiyəm. Mənəvi rahatlığımı təmin etmək üçün bir-ikisini çıxmaq şərti ilə o şeirlərin hamısının altından imzamı götürürəm və bunu "Ulduz" vasitəsiylə açıqca bəyan edirəm!

1.Türk şairi Tofiq Fikrət deyirdi ki, mən qürbətdə deyiləm, qürbət mənim içimdədir. Siz necə düşünürsüz?

Şairin içində qürbət olar də. Bir də şair içindəki qürbətlə gedib qürbətə düşürsə, bax, əsl tənhalıq onda baş verir. Qazaxıstanı bütünlüklə qürbət də hesab eləmək olmaz. Ancaq dörd-beş min kilometrlik bir uzaqlığa da vətən deyəcək halımız yox. Necə deyərlər, vətəndən özgə hər yer qürbətdir. Qürbət insana öz ölkəsinə, mənsub olduğu millətə, içindən çıxdığı cəmiyyətə kənardan açıq-aydın baxmaq, orda baş verənləri daha yaxşı müşahidə eləmək fürsəti verir. Əgər-əskikləri, çatışmazlıqları daha yaxşı görə bilmək, çıxdığın mühitlə düşdüyün mühit arasında müqayisə aparmaq imkanı yaradır. Ancaq ən yaxın dostun-qardaşın evində belə öz evindəki rahatlığı hiss edə bilmədiyin kimi, qürbətdə də - hətta bu qürbət dediyin dili bir, dini bir, qardaş dediyin ölkə olsa belə - öz vətənində olduğun kimi rahat ola bilmirsən. Ən adi şeylər belə əlçatmaz olmağa başlayır və sən darıxdıqca onların qədrini bilməyə başlayırsan. Ağzının dadı da qaçır. Bir-iki yanğılı şeir yazıb, sözünü dada gətirməyə çalışırsan, o da gah alınır, gah alınmır. Qürbət içi olan adam üçün daha çətindir. Çünki onsuz da öz ölkəndə 5-10 nəfər güclə tapırdın çay içməyə, söhbət eləməyə. İndi o 5-10 nəfər üçün elə hey burnunun ucu göynəyir. Deyirsən, kaş biraz pulum olaydı, gedib Sədi Məmmədovla bir çay içib, gələydim...

2. Yaşadığınız ölkənin ədəbiyyatı, ədəbi mühiti barədə nə deyə bilərsiniz. Bu mühitə qoşulmağa cəhd edirsinizmi?

Qulu Ağsəs bir dəfə zaraftyana dedi, ta biz səni çap elədik, bəsdi. İndi də get, Qazaxıstanın "Jıldız"ı çap eləsin. Yəni burda da "Ulduz" jurnalı var. Şeirlərim qazax dilinə tərcümə edilib və bu jurnada çap olunub. Bir-iki dəfə də universitetimizin qəzetində çap olunmuşam. Demək olar hər il şeir müsabiqəsi keçirilir. Həmişə iştirak edirəm. Yer də tuturuq, azdan-çoxdan pul mükafatı da alırıq. Türküstan şəhəri haqqında bir məqalə yazmışam, onun da tərcüməsini yarımçıq qoymuşam. Boynuma alıram, belə işlərdə tənbələm. Bilirsiz, Qazaxıstan ərazi baxımından böyük ölkədir. Təkcə Çimkənd əyaləti Azərbaycanın ümumi ərazisinsən böyükdür. Nəzərə alsaq ki, Qazaxıstan 13 əyalətdən ibarətdir, onda bu böyüklüyü hardasa təsəvvür eləmək olar. Türküstan Qazaxıtanın cənubunda yerləşir. Mərkəzdən də xeyli uzaqdır. Gedib-gəlmək olmur. Ona görə də yerli gənc yazarlarla o qədər də əlaqəm yoxdur. Türküstana da görünür Əhməd Yasəvidən sonra bir şair gəlib, o da mənəm...

3. Olduğunuz məkandan ədəbiyyatımızın ümumi mənzərəsi necə görünür?

İndi hayandan baxırsan bax, Azərbaycan ədəbiyyatının ümumi mənzərəsi aydın deyil, bulanıqdır. Baxanda da adamın ürəyi bulanır. Ümumiyyətlə, əhalinin bir qismi özünü siyasətçi kimi aparır, bir qismi tarixçi kimi, bir qismi də "hərşeyşünas"dır. Bütövlükdə isə hamı şairdir. İstənilən sahədə özünə şair deyən adam tapmaq mümkündür. Bu o demək deyil ki, şair ancaq yazmalıdır və heç bir dövlət orqanında və ya başqa yerdə işləyə bilməz. Yox! Deməyim o ki, hansısa şair deputat deyil, amma hansısa deputat şairdir...

Heç kim öz sahəsi üzrə fəaliyyət göstərmək istəmir. Heç kim şair doğulmadığını qəbul eləmək istəmir. Əvvəllər ən səmimi, ən sadə insanlar ədəbiyyat adamları, şairlər hesab edilirdisə, indi bu adamlar kütlənin inandıqları siyahısında ən axırıncı sıralarda qərarlaşıb. Bütün bunlar da hamının şair olmaq istəməsi, şairlik xəstəliyinin nəticəsidir. Görmüşük adam bir işi yaxşı görməyəndə utanar və ikinci dəfə o işi görməyə cəhd eləməz. İsa Sevər deyir: "Təkəbbür insandan daşa keçibdir". Kaş çox demirəm, bir balaca içimizdə sevgi olaydı və biz o sevgini heç daşa demirəm, insanlara, bir-birimizə ötürə biləydik...

Bugünkü ədəbiyyatımızı 40-45 yaşlarından sonra meydana (yaradıcılığa yox ha! Məhz meydana) gələn xalalar, bibilər şəkilləndirməkdə. Yanmış yemək iyi verən şeirlərlə ruhumuzu zəhərləməkdə. Elə bil bu qadınlar Allaha inad yazırlar ki, bax, sən bizə istedad vermədin, amma biz yenə yazırıq. Elə bilirlər şeir də yemək kimidir, şit olanda dəftərin üstünə biraz duz səpən kimi düzələcək...

4. Bu gün dünyada ən çox hansı mövzulara və hansı janra daha çox müraciət olunur?

Əlavə dil biliklərim olmadığına görə dünya ədəbiyyatını əsasən öz dilimizdən, qismən Türkiyə mediyasından izləmək kimi bir məcburiyyətim var. Bizdə tərcümə işində problemlərin olduğunu və bu prosesin kifayət qədər ləng getdiyini xatırlatsaq, mənim müasir dünya ədəbiyyatından nə qədər məlumatlı olduğumu hardasa sıfırla birin arasında təyin etmək olar.

Fikrimcə, əsas mövzu deyil, onu necə yazmaqdı. Elə orijinallıq da budur. Hamının yazdığı mövzuda yazmaq, amma fərqli, özünəməxsus və yeni. Guya Ramiz Rövşəni poeziyanın zirvəsinə yalnız yeni mövzular qaldırdı? Əlbəttə yox! Yeni mövzularla yanaşı köhnə mövzulara yeni poetik yanaşması. Məsələn, sevgi mövzu olaraq köhnədir, həm də çox. Amma onu elə yazıb təqdim eləmək olur ki, hamı yeni olaraq qəbul edir. Bunun üçün də istedadlı olmaq lazım. Dünyada sevgidən yazmayan şair yoxdu, o cümlədən bizdə. Məsələn, Əli Kərimin sevgi şeirlərini hamı sevir. Ata haqqında yəqin, yüzlərlə şeir yazılıb. Mənə görə dünyanın ən gözəl ata şeirini iki şair yazıb. İkisi də bizimdir: Əli Kərim və İsa Sevər. Yəni mövzu, janr, forma - bunlar hamısı ikinci dərəcəli. Hərçənd, mənə görə şeir gələndə özü ilə formasını da gətirir və mövzunu da sən təyin eləmirsən... Bəzən, xarici görünüşü o qədər də xoşagəlməyən insanın ürəyinə vurulmamaq olmur. Nədən və hansı janrda yazırsan yaz, bizə yazı ver, şeir ver!

5.Öz həyatınızdan roman yazsaydınız adını nə qoyardınız və hansı cümləylə başlardınız?

Açığı hələ ki, romanlıq bir həyat yaşamamışam. Uzaqbaşı bir hekayə yazmaq olar. Onu da yazmağa artıq başlamışam. "Xəbər" adlı heykayəmin ilk cümləsini yox, elə ilk abzasını oxuyun.

Əli hər artıq bir kilo yükə görə aviaşirkətin satış kassasına 5.50 manat rüsum ödəməli olacaqdı. Buna görə də, işini ehtiyatlı tutur: yükü çamadana yığır, daha sonra əl tərəzisi ilə çəkir, normadan artıq olub olmadığını yoxlayırdı. Yük hər dəfə normadan ağır gələndə çamadanı yenidən açır, ən vacib olan şeyləri saxlayır, az vacib olan şeyləri - hansı ki, onlarsız da keçinmək olardı - isə götürüb kənara qoymağa məcbur olurdu. Yenə də nədənsə bu norma düzəlmirdi ki, düzəlmirdi...

Müsahibəni apardı: Fərqanə Mehdiyeva


***
çayxor çöllər qənimidir ay dədə,
körpülərin altdan axan çayların.
mən burda vurnuxuram, o tərəfdən səs gəlir:
arvad-uşaq sahibidir vallah sənin tayların.

gün də yanmır bu çöllərə ay dədə,
ha baxırısan, dərisini yandırır.
artırmadan yenə tanış səs gəlir:
dəstəmaz almalıyam, hanı mənim çəliyim -
tez tap gətir andırı.

yaşamağa qoymurlar ki, ay dədə,
qanmıramsa gəlin məni qandırın.
bax, gecənin bir aləmi qarellə istəyirəm,
nolar, nolar, cəmi beşcə dəqiqəlik
meşələrin işığını yandırın.

yenə, yenə sübh çağıdır, ciyərlərim kef eləyir,
kəndimizin bəstəsidir: qoyun-quzu mələşir.
qonum-qonşu tezdən qalxıb atını yəhərləyir,
bir şair də,
formasını bilmədiyi şeirin üstə əlləşir.

eheey Çoban!
sən də qəşəng bilirsən, gün yandırmaz dağları.
nəyə görə öz papağını dağın başına qoymusan?
bir də, bir də,
anasını sevmədiyim o qıza bir sözüm var:
bə sən niyə özünü (y)endiribsən,
dağın başına qoymusan?


* * *
pulu-parası olmur,
onçün arası olmur kənd balasının
yolboyu düzülmüş gözəlçələrnən.
nə sözünnən dönər, nə qılığı var,
qəribə bir doğmalığı var
daşnan öldürdüyü gölməçələrnən...

Ay oğul,
kənddə palçığa batırsan,
şəhərdə günah dizdəndi.
o qapqara,
çəlimsiz oğlan hara gedir getsin,
bizdəndi!

Zalımın oğlu,
atamnan çox səhvlərim döyüb məni,
onların əliynən ağıllanmışam.
biletlər bahadı, cəhənnəmə ki,
şəhərdən çıxmağın bircə yolu var,
ölümlər ucuzdur, maraqlanmışam.

iş də qurtarıb,
görməyə nə var ki, bircə yuxudu,
uşaqlar evində yaş da qurtarıb,
hamının gözünnən yetimlik yağır.
ilahi! deməyə biraz çəkinnəm,
heç kimə demərəm sənin canına,
yanında iş olsa məni də çağır!

...baş alıb gedirdim bir kəndirinən,
məni saxlamadı çəkil, ay bala.
göy üzü nə vaxtdı yaman tərpənir,
altında qalarsan, çəkil ay bala.


* * *
tale var ki, dumanında dağ azır,
bayrağ hazır, tabut hazır, ağ hazır:
ölüm elə bu vətəni hey yazır,
əsgər-əsgər cilidləyir nə vaxtdı.

solan gördüm yaz günündə gülləri,
səngər içir o qırmızı gölləri.
göy üzünə açdığımız əlləri,
tanrı tutub kilidləyir nə vaxtdı.

sərhəd boyu dəmir-dəmir ağaclar,
heç nə demir, heç nə demir ağaclar.
neçə vaxtı çiçəkləmir ağaclar,
bizim torpaq şəhidləyir nə vaxtdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031