manera.az
manera.az

"Cəmiyyətimiz necədirsə, filmimiz, kinomuz da eynidir"-Müsahibə

📅 10.02.2018 12:12

"Cəmiyyətimiz necədirsə, filmimiz, kinomuz da eynidir"-Müsahibə
Elşən Rüstəmov: “Bir təlaş var. Bu təkcə bizdə deyil, dünyada belədi. Sanki hər kəs tələsir, temp sürətlidir, bir az mürəkkəbdi”

"Teatrda aktyor daha sərbəstdi. Orda sən bəzən istədiklərini tamaşaçıyla ünsiyyət zamanı improvizə edərək təqdim edə bilirsən. Kinoda bu baxımdan məhdudiyyətlər daha böyükdü. Aktyor rejissordan çəkiliş meydançasında daha asılı vəziyyətdə qala bilir”


Azərbaycan kinosunun bu günü barədə müxtəlif fikirlər səslənir. Çəkilən yeni kino işlərini bəyənənlər də olur, qəbul etməyənlər, zəif hesab edənlər də. Hər halda bu günün kino sahəsi barədə aktyorların da öz fikirləri formalaşıb. Azərbaycan kinosunun bu günü ilə bağlı əməkdar artist Elşən Rüstəmovla söhbətləşdik.

- Azərbaycan kinosunun vəziyyəti bir aktyor kimi sizi qane edirmi?


- Azərbaycan kinosunda inkişaf hiss olunur. Mükafat alan filmlərimiz, ən yaxşı aktyor ifalarına görə mükafatlandırılanlar var. Bu, sevindirici amildi. Amma bu o demək deyil ki, kino sahəsində qüsurlar yoxdu. Təbii ki, problemlər, kino sahəsində çatışmazlıqlarımız var. Əgər konkret fikrimi soruşsanız, məni tam qane etmir. Çünki potensialımız var, bundan daha güclü filmlər çəkə bilərik.

- Bəs niyə çəkə bilmirik? Niyə əvvəlki filmlərə bu gün də maraqla baxan tamaşaçı köhnə filmləri daha çox bəyənir? Niyə yeni filmlərlə tamaşaçıda o marağı yarada bilmirik?

- Bunun bir çox səbəbləri var. İlk növbədə cəmiyyətimizlə bağlıdı. Cəmiyyətimiz bu gün necədirsə, filmimiz, kinomuz, səhnəmiz də eynən çəkilir. Kino cəmiyyətin güzgüsü sayıla bilər. Qaldı əvvəlki filmlərə olan marağa, o zamanlar hər şey daha rahat və daha asta proseslərlə həyata keçirdi deyə kinoda da bu rəvanlıq hiss olunurdu. Bu gün cəmiyyətdə bir təlaş var. Bu təkcə bizdə deyil, dünyada belədi. Sanki hər kəs tələsir, temp sürətlidir, bir az mürəkkəbdi. Elə filmlərdə də bu özünü göstərə bilir.

- Tamaşaçı qazanmaq bu gün daha çətindi. Çünki ortada müqayisə və alternativ yaradıcılıq məhsulları var.

- Bəli, razıyam. Əvvəllər ancaq bəzi xarici filmləri izləmək imkanımız olurdu. Bu gün isə tamaşaçının izləmək, müqayisə etmək imkanları genişdi. Sosiallaşmış bir cəmiyyətdə yaşayırıq. Bu gün tamaşaçını təəccübləndirmək, təsirləndirmək də çətindi. İnsanlar süniliyi sevmir. Filmlərdə insanlar real həyatı görmək istəyirlər.

- Teatrda aktyor rejissordan daha çox asılıdı, ya kinoda?


- Mənə elə gəlir ki, teatrda aktyor daha sərbəstdi. Orda sən bəzən istədiklərini tamaşaçıyla ünsiyyət zamanı improvizə edərək təqdim edə bilirsən. Kinoda bu baxımdan məhdudiyyətlər daha böyükdü. Aktyor rejissordan çəkiliş meydançasında daha asılı vəziyyətdə qala bilir. Kino struktur baxımından teatrdan fərqlənir.

- Ssenarinin filmin baxımlılığına nə dərəcədə təsiri olur?

- Filmdə ssenari birbaşa filmin baxımlılığına təsir etmiş olur. Aktyor oyunu nə qədər güclü olsa da, ssenari zəifdisə, tamaşaçı üçün maraqlı görünməyə bilər.

- Özünüzü səhnədə daha sərbəst hiss edirsiz, ya kamera qarşısında?

- Təbii ki, hər ikisinin öz həyəcanı, gözəlliyi var. Amma teatr fərqlidir. Sən iki saat ərzində səhnədə o hadisələri yaşayırsan. Kinoda hər şey fraqmental, epizodlarla çəkildiyindən hadisələr də epizodla yaşanır. Filmdə proses darıxdırıcı olur. Teatrda canlı yaranır hadisələr, daha maraqla yaşanır. Filmdə isə ən böyük həyəcan filmin premyerası günü yaşanır. Filmdə aktyor çəkiliş dönəmində yaşadığı və ərsəyə gətirdiyi əməyinə yalnız sonda böyük ekranda premyerada baxa bilir. Teatrda aktyor səhnədə bu prosesləri yaşayır, tamaşaçı izləyir. Film bu baxımdan fərqlidir. Filmdə ümumi prosesin özü maraqlı olmur, darıxdırıcıdır. Amma teatrda o həyəcan fərqlidir.

- Son dönəmlər çəkilən filmlərin qala gecələrinə yəqin ki, dəvət alırsız. Bu gün çəkilən kommersiya xarakterli filmlər necə, sizə maraqlı gəlir?

- Sözün düzü, dəvətlər alıram, bəzən gedirəm. Təəssüf ki, qatıldığım qala gecələrinə qatıldıqdan sonra peşman olduğum vaxtlar da olub. Ora ayırdığım zamana, vaxta təəssüflənmişəm. Kino ciddi sənətdi. Hətta komik film də səni düşündürərək güldürməyə hesablanmalıdır. Düzdü, filmlərin çəkilməsi vacibdi, yaxşıdı. Amma keyfiyyətə də önəm verilməlidir. Elə filmlər də var ki, maraqlıdır. Misal üçün, "Pərdə 2” filmini izləmişəm. Çox bəyəndim. Mövzunun özü maraqlı idi. Bir qrup istedadlı uşaqların yığılıb belə bir yaradıcılıq işi ortaya qoymaları təqdirəlayiqdi. Aktyor manerasından tutmuş, ssenariyə qədər maraq yarada bildi. Yeni bir istiqamət hiss olunurdu filmdə. Mən filmi izlədiyim o müddətdə sanki o hissləri yaşadım. Filmdə bu vacibdi.

- Hər bir aktyorun ürəyindən bir dəfə də olsun rejissor olmaq arzusu keçir. Elşən Rüstəmov rejissor olaraq film çəkmiş olsa, hansı janra üstünlük verər?

- Sözün düzü, bir neçə dəfə rejissor kimi film çəkmək həvəsim yaranıb. Amma o həvəsi özüm də dərhal boğmağa çalışmışam.

- Səbəb. Niyə özünüzə qadağa qoymağa çalışırsız?

- Çünki rejissorun üzərinə daha böyük məsuliyyət düşür. Azərbaycanda rejissor işıq effektinə də özü diqqət verir, aktyor seçiminə də, prodüsser işi ilə də bəzən özü məşğul olur. Ona görə də istəməzdim bu yükü daşıyım. Aktyor ifasını oynayır, kamera qarşısında işi bitmiş olur. Amma rejissor filmi tam ərsəyə gətirənə qədər əmək sərf edir. Əslində əgər imkan yaransa, maliyyə tərəfdən məni qane edən vəsait olsa, film çəkərdim. Amma hansı janrda çəkməyimə gəlincə, bu, zaman tələb edə bilər. Düşünməliyəm. Fərqli janr, üslub olmalıdı. Əgər bunu bacarmırsansa, rejissor olaraq çəkiliş meydançasına gəlməyə dəyməz. Rejissor fərqli üslubu, filmə yanaşması ilə seçilməlidir. Əgər öz üslubunu, dəsti-xəttini təqdim edə bilmirsənsə, rejissor olaraq film çəkmək həvəsini zamanında boğmaq daha doğrudu.


Tahirə Məmmədqızı /sherg.az/


Baxış sayı - 1 400 | Yüklənmə tarixi: 10.02.2018 12:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031