manera.az
manera.az

"Mənə ilham pərisi gecə saat dörddə-beşdə gəlir" - Nəriman Həsənzadə

"Mənə ilham pərisi gecə saat dörddə-beşdə gəlir" - Nəriman Həsənzadə

Manera.az Xalq şairi Nəriman Həsənzadəni "İsmin halları" layihəsində təqdim edir:

ADLIQ

Mən bir yaşında atamı, iyirmi üç yaşında anamı itirdim və qaldım tək.

Mən 12 yaşımda bilmişəm ki, mənim bacılarım var.

Mən həmişə böyüklərdən hörmət görmüşəm - Əli Vəliyevdən, İlyas Əfəndiyevdən və başqalarından...

Mən “Kimin sualı var?” deyəndə, sualı özümə verib, cavabı da özümdən istəyirdim.

Mən yoldaşımı itirdikdən sonra çoxlu şeir yazmağa başladım. O şeirlərə görə məni təbrik edirdilər.

Mən aspiranturanı qurtarandan sonra müəllim işləməyə başlamışam. O dövrdən indiyə kimi müəllim kimi fəaliyyət göstərirəm.

Mən dərs deməsəm, darıxaram, kimsəsizləşərəm, təklənərəm.

YİYƏLİK

Mənim adımı uşaq vaxtı Vaqif qoyublar. O vaxt atam dəmir yolunda yoldəyişən işləyirdi. Bir gün Nəriman Nərimanov bizim kəndə gəlir. Onun şərəfinə atam adımı dəyişib Nəriman qoyur...

Mənim anam da, bacım da, yoldaşım da – hamısı 50 yaşında vəfat elədi.

Mənim həmişə arzum olmuşdu ki, qonorarımla anama bir kələğayı alım. Onu eləyə bilmədim.

Mənim üçün anam ayaqqabı almışdı, ancaq ayağıma balaca idi. Anamın xətrinə geyinirdim, evdən çıxanda isə çıxardıb köhnəmi geyinib məktəbə gedirdim.

Xəlil Rzanın yoldaşı Firəngiz xanımla mənim yoldaşım rəfiqə idilər. Biz iki dost iki rəfiqəylə evləndik. Mən Xəlil Rzanın toyunda sağdış oldum, o da mənim toyumda.

Nazim Hikmət Xəlil Rzayla mənə dedi, şeir oxuyun. Əlavə də elədi ki, kimin şeiri xoşuma gəlsə, onlara qonaq gedəcəm. Hərəmiz bir şeir oxuduq, mənim şeirim xoşuna gəldi. Söz verdi ki, Nərimangilə qonaq gedəcəm. Mənim də evim yoxdur Bakıda. Onda İbrahim Kəbirli qayıtdı ki, axı heç Nərimanın evi yoxdur. O biri SV-də də Bakının o vaxtkı meri Nəcməddin Əhmədov gəlirdi. O da Nazim Hikmətlə görüşmək istəyirdi. İbrahim Kəbirli bu sözü deyəndən sonra araya sükut çökdü. Bir də gördük Nazim Hikmət qalxdı, getdi Əhmədovun yanına. İndi vaqondakılar məni təbrik edirlər ki, artıq evin var.

Gəncədə - bibimgildə yaşayanda bir qız var idi, onu sevirdim. Sonralar həyat yoldaşım olmuş Sara da mənim otaq yoldaşım idi. O, yeznəmin qardaşı qızıydı. Məni bibim gətirmişdi yanına, onu da əmisi. Mən Saranı göndərirdim ki, get gör o qızın işləri necədi? Haçan göndərirdim, gəlib o qızı pisləyirdi. Sən demə, Sara özü məni sevirmiş.

1985-ci ildə Moskvaya Zərifə xanım Əliyevanı ziyarət eləməyə getmişdim. Sara xanım da orda xəstəxanada yatırdı. Vəziyyəti ağır idi. Bir də gördüm Heydər Əliyev gəlir. Gəldi, görüşdük, qucaqladı məni. Və biləndə ki, mənim yoldaşım burda yatır, ertəsi gün xəstəxanaya gedəndə məni axtarmadıqları, soruşmadıqları yer qalmamışdı. Heydər Əliyevin nüfuzu öz işini görmüşdü. Xəstəxananın baş həkimi, tapılmayan dərmanları da tapıb gətirmişdi. Buna görə mənim yoldaşım bir il artıq yaşadı.

Mənim qarşıma həmişə xeyirxah insanlar çıxıb. Bəlkə də, həmin insanlar qarşıma çıxmasa idi, indi mən itib batmışdım.

Mənim yalnız atamın bibisi oğlunun gözəl şairlik qabiliyyəti var. Ancaq oğlum və qızım tamam başqa sahənin adamlarıdırlar. Onlar ağıllıdırlar, ona görə də bu sahəni seçmədilər. Şairlərdə ağıl olmur ki...

YÖNLÜK

Nazim Hikmət olmasaydı, mənə ev verən olmayacaqdı.

Mir Cəlal özün həqiqi mənasında mənə atalıq elədi.

İkinci – indiki evimi Mir Cəlal müəllim öz oğlu Arif Paşayevin evini mənə verdirdi.

“Qorki”dəki ikinci ali təhsildən sonra ötkəm-ötkəm gəlmişdim ki, iki ali təhsillə yəqin mənə rahat iş verəcəklər. Gördüm heç məni sayan yoxdu.

İlk kitabımın qonorarını mənə vermədilər ki, əsgərə bu qədər pulu vermək olmaz.

Lap əvvəl İlyas Əfəndiyev İsmayıl Şıxlının Nəsimi bazarının yanında Ermənikənd deyilən ərazidə iki otaqlı mənzilini mənə vermişdi. Moskvada oxuyurdum onda. Xəlilin evi yox idi. Firəngiz xanımla təzə evlənmişdilər. İlyas müəllimin verdiyi evi Xəlilgilə verdim, dedim, siz qalın.

Bir dəfə televiziyada dedim, təklik istəyirəm, işləmək üçün. Maneçilik edirlər. Elə bil Allah eşitdi bunu. Saranı aldı əlimdən, mənə təklik verdi.

Mənə görə, şair olmaq bədbəxtlikdir. Belə olan halda insan kimi yaşamırsan. Həmin vaxt insan özündə olmur.

Mənə ilham pərisi həmişə gecə saat dörrdə-beşdə gəlir.

TƏSİRLİK

Ögey bacılarım və qardaşlarım məni uşaqlıqdan atıb gediblər.

Gəncədə institutu bitirib gəlmişdim Bakıya. Gəldim ki, anamı da gətirim özümlə. Bircə anam vardı, heç kəsim yox idi. Onda məni burda kiminsə yerinə əsgərliyə göndərdilər.

Məni Rəsul Rza və Nigar Rəfibəyli həbsdən qurtardılar. Yoxsa mənə altı il iş düşürdü.

Bakıya ilk dəfə gələndə, əsgərliyə getməmişdən qabaq məni göndərdilər Balaxanıya, axşam məktəbində dərs deməyə. Çox maraqlıdır. Gəlib oturdum və gözləyirəm ki, indi mənim tələbələrim gələcək axşam məktəbinə. Gördüm yaşlı kişilər gəlir, başıpapaqlı-filan. 60-70 yaşlarında. Mənim də 23 yaşım var. Dedim, siz kimsiniz? Dedilər biz Mirzə Ələkbər Sabirin tələbələriyik...

Gəncliyimdə məni çox uzağa – İrkutska əsgər aparmaq istəyirdilər. Amma Səməd Vurğun zəng eləyib Bakıda saxlatdırdı.

O vaxt Heydər Əliyev Moskvada olanda deyirdi ki, Azərbaycanın oxuduğum yeganə qəzeti Nərimanın baş redaktor olduğu “Ədəbiyyat qəzeti”di. Həmişə məni müdafiə edirdi.

Məni ittiham edirdilər ki, adını Nəriman qoyub hər şey deyirsən.

Yazıçılar İttifaqının nizamnaməsinə görə ittifaqın orqanlarında on ildən artıq işləmək olmazdı. Məni o vaxt plenumda “Ədəbiyyat qəzeti”ndən çıxartdılar. Mən də o vaxt deputat idim, a kişi, deputatı işdən çıxartmışdılar.

YERLİK

Məndə olan qənaət odur ki, istedada kömək olmasa, o, irəli gedə bilməz. Məsələn, mənim qarşıma Moskvada Nazim Hikmət, burda Mir Cəlal, sonra Heydər Əliyev çıxdı.

İstedadın ola və heç kəsin olmaya – məndə də bu, çox ağırdı, olub.

ÇIXIŞLIQ

Nazim Hikmətin evində Lui Araqonla görüşümüz oldu Moskvada. Nazim Hikmət də Peredelkinoda yaşayırdı. Onun evi bizim yataqxanaya yaxın idi. Nazimlə tez-tez görüşürdük. Sonra onun evində çilili şair, Nobel mükafatçısı Pablo Nerudayla görüşdük... Məndən soruşsan deyərəm ki, onların hamısı Nazim Hikmətə pərəstiş edirdilər.

Ramiz Rövşən mənim dərnəyimin üzvü olub, özü də çox istedadlı şairdir. İndi onu dindirsən, bir söz deyəcək, məndən soruşsan da deyəcəyəm ki, başqa cür olmalıdır.

TƏNHALIQ

Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.

Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla,
Deyirlər tanış ol...
Nə qəribədir?!

Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.

Qoluna girərdim... bu, yadındadır,
gedərdik... yolumuz , arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
toxunsa biz indi üzr istəyirik.

Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki, görəsən məni...

Layihə rəhbəri: Əsəd Qaraqaplan
kult.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31