manera.az
manera.az

Cəfər Cabbarlının yaradıcılığında erməni məsələsi: Milli ədavəti qızışdıranlar...

Cəfər Cabbarlının yaradıcılığında erməni məsələsi: Milli ədavəti qızışdıranlar...


Cəfər Cabbarlının yaradıcılığında erməni məsələsi: Milli ədavəti qızışdıranlar...

və alət kimi istifadə olunanlar...


Bakı general-qubernatoru bir tərəfdən azərbaycanlıları, digər tərəfdən erməniləri qızışdırır. Qubernator mədən sahibi Əmiraslan bəy Salamova deyir:

“Kürdləri mən çox sevirəm, igid tayfalardır. Onlar olmasa idi, Türkiyə bu ermənilərlə bacara bilməzdi”. Salamov isə: “Görmürsən, köpək uşağı gəmidə oturub, gəmiçi ilə savaşırlar. Bütün müsəlmanların əkin yerlərini saldırırlar öz adlarına, nə var ki, xəzinədən icarə eləmişik” deyir. Qubernator ermənilər barədə qızışdırıcı mövqeyini gizlətmir: “Yaman millətdirlər. Axır, o gün mən onlara açıq dedim. Dedim: siz türkiyədə döyülmüşsünüz, indi əvəzini buradakı müsəlmanlardan almaq istəyirsiniz”.

Qubernator Salamovu elə bir vəziyyətə gətirir ki, nəticədə o belə söyləyir: “Baxma ermənilər burada bir qələt eliyə bilməzlər. Papağımı götürüb bir hay deyərəm, beş yüz adam axar bura. Torpaqlarını torba ilə daşıtdıraram. Ancaq Türkiyə ilə ədavətləri var, bizə nə? Türkiyə bir padşahdır öz yerində. Eşşəyə gücləri çatmır, palanı nə üçün döyürlər?” Bu zaman qubernator özünə çox inamla: “Döyə bilməzlər. Nə qədər mən sağam, müsəlmanların başından bir tük belə əskik olmaz” deyir. Göründüyü kimi, “Türkiyədə ermənilərin törətdikləri”, “həmişə gəmidə oturub, gəmiçi ilə savaşmaları”, “müsəlmanlardan əvəz çıxmaq istəyində olmaları” və s. məsələlər “1905-ci ildə” əsərində verilir. C.Cabbarlı erməni məsələsini, erməni problemini ədəbiyyata gətirir. Onun yazdıqları erməninin kimliyini açır, oxucuda bu məsələ ilə bağlı geniş təsəvvür yaradır. Ancaq biz bunları oxuyuruqmu?! Oxuduqlarımızdan nəticə çıxarırıqmı?!

Cəfər Cabbarlı milli ədavəti qızışdıranların iç üzünü açır. Oxucu əsərdəki qubernatorun dedikləri əsasında çox mətləblərdən xəbərdar olur. Qubernator vasitəsilə həm ermənilərin xisləti açıqlanır, həm də ədavət qızışdırılır. Qubernator mədən sahibi Əmiraslan bəy Salamova deyir: “... Əmiraslan bəy, işlə göstərmək lazımdır. Ermənilər çalışırlar, padşaha azı on kağız göndərmişlər, siz birini də göndərməmisiniz”. Qubernatorun başqa bir fikri: “Yox, dostlar, elə iş olmaz. Bu ermənilərlə mümkün qədər ehtiyatlı olmaq lazımdır. Onsuz da onlar aranı qızışdırmaq üçün bəhanə axtarırlar. Onlar ancaq bizdən çəkinirlər, yoxsa dinc oturmazlar”. Qubernator özünü şirin edir. Müsəlmanlara (azərbaycanlılara) deyir ki, guya qubernator olmasa, ermənilər sakit dayanmazlar. Halbuki ermənilərin dinc oturmamalarının səbəbkarlarından biri də məhz qubernatordur. Qubernatorun “Onlar (yəni ermənilər – B.X.) ancaq bizdən çəkinirlər, yoxsa dinc oturmazlar” fikrinin müqabilində millətçi intelligent Bahadır bəyin “Lakin, general həzrətləri, ermənilərin bu kimi fikirləri olduğu nədən görünə bilər?” söyləməsini qubernator belə cavablandırır: “Nədən? Bahadırbəy, xahiş edirəm belə şeyləri məndən soruşmayasınız. Doğrudur, mən sizinlə dostam, ancaq vəzifəm belədir ki, hər şeyi açıb deyə bilmərəm. Nədən? Hər şeydən!.. Siz bilən mədənlərdəki bu şuluqluğun səbəbi nədir, əsl şuluq salan kimdir? Eyvaz Əsriyan, Dəmirçiyan, Nalbandyan, hamısı yan... yan...yan... Daha hər şeyi mən açıb deyə bilmirəm”. Qubernatorun “mən sizinlə dostam”, “ancaq... hər şeyi açıb deyə bilmərəm”, “... əsl şuluq salan kimdir? Eyvaz Əsriyan, Dəmirçiyan, Nalbandyan, hamısı yan...yan...yan... Daha hər şeyi mən açıb deyə bilmirəm” fikri bu gün də təkrarlanır. Bu gün də ermənilərin havadarları həmin fikirlə fəaliyyət göstərirlər. Ermənilər kimi onların da xisləti dəyişməyibdir. Bu gün də azərbaycanlılara vəd verilir, ermənilərə isə havadarlıq olunur. Bu gün də bir qisim beynəlxalq təşkilatlar, qurumlar, cəmiyyətlər, dövlətlər azərbaycanlılara vəd verir, ermənilərə isə havadarlıq edir, silah verir, pul verirlər.


Ağamyan erməni kapitalistidir, mədən sahibidir, Böyük Ermənistan planının iştirakçısıdır...


Maraqlı bir məqam var: erməni Ağamyan Bakıda kapitalistdir, mədən sahibidir. Görün ki, bu ermənilər Azərbaycanın sərvətlərinə necə sahib çıxıblar?! Bununla belə, rahat olmayıblar, ədavət toxumu səpənlərin dəyirmanına su töküblər. Naşükür və naxələf simasında yaşayıblar. Onların simasını bilənlər erməni alətini istədikləri kimi istifadə ediblər. Məsələn, qubernator kimi. O deyir: “Budur, Əmiraslan bəy deyir müsəlmanların yerləini alırlar, heç hələ bu neçə vaxtda gizlədirdim. O gün Ağamyan ərizə veribdir ki, Əmiraslan Salamovun fantan vuran iki buruğu mənim xəzinədən icarə etdiyim yerdədir. Bu nə deməkdir? Əmiraslan bəy demişkən: bu gəmidə oturub, gəmiçi ilə döyüşmək deyilmi? Diplomat tükü tükdən seçər”. Salamov isə deyir: “... O yer mənim babamın xırman yeridir, xəzinənin nə ixtiyarı var mənim yerimi icarəyə versin? Əlimdə kupçum var”. Deməli, əlində kupçası olan azərbaycanlıların dədə-baba torpaqlarında ermənilərin həmişə gözü olmuşdur. Hətta torpaqlarımızda fantan vuran buruqları mənimsəmiş, kapitalist olmuş, milyonlar qazanmışlar. Lazım gəldikdə torpaq davası salmış, lazım gəldikdə millət davası salmış, lazım gəldikdə dumaya üzv seçilmiş, lazım gəldikdə azərbaycanlıların hər hansı bir vəzifəyə təyin olunmasına etiraz etmişlər. Bunu təsdiq edən bəzi bədii parçalar:


“Qubernator. İş elə orasındadır ki, onlarlıq olsa (yəni ermənilik – B.X.), bütün müsəlmanları buradan qovarlar.

Salamov. Qoyarlar məgər onları? Ölünü öz başına qoyarsan, şıllaq atar, kəfəni cırar.

Bahadırbəy. Lakin bu, şəxsi bir dava kimi də tərəqqi edilə bilər.

Qubernator. Yox, bu sistemdir, plandır. Böyük Ermənistan planının bir hissəsidir, yoxsa o, buna cəsarət etməzdi. Onlar hər yeri qamarlamaq istəyirlər.

Salamov. Bəs bu millət davası deyil? Yaxşı, deginən, köpəy oğlu Ağamov (Ağamyan nəzərdə tutulur – B.X.), mən sabah o balaxanlıları doldurum o zala, iti selbə ilə qovan kimi Sovet-siyəzddən basım səni bayıra, özün də afərin de. Yox, atam, bu elə millət davasıdır. Eşitdim, mən sənə nə deyirəm! Biz də bir şey bilirik axı...

...

Qubernator. Vəziyyət çətindir. Sizin qabağa çıxan adamlarınız yoxdur. Olanlar da ağzına su alıb oturubdur. Müsəlmanlar demişkən: nə tüfəngə çaxmaqdır, nə də sümbəyə toxmaq...

Salamov. Elədir, elədir, canım, biz müsəlmanda qiryət yoxdur. O dumda (yəni dumada – B.X.) şar saldıda mən əgər bərkini tutsaydım, o Ağamov (Ağamyan – B.X.) heç duma keçə bilməzdi.

Qubernator. Amma mən o gün Bahadırbəyi qlava müavinliyinə təklif etdim, bütün ermənilər etiraz etdilər.

Bahadırbəy. Etiraz etdilər? Əlbəttə ki, onlar özlərininkini keçirmək istəyəcəklər. Heç şübhəsiz ki, milli çəkişmənin nəticəsidir”.


Qubernator vəd verir, nümayişə səsləyir, aranı qızışdırır...


Cəfər Cabbarlı “1905-ci ildə” əsərində elə məqamlara toxunur ki, onların hər biri həm tarixin, həm də bu gün də müşahidə etdiyimiz, qarşılaşdığımız məsələlərdir. Bu mənada Cəfər Cabbarlının “1905-ci ildə” əsəri erməni məsələsi ilə bağlı dəyərli bir mənbədir. Bu mənbəni dönə-dönə oxumaq, dönə-dönə təhlil etmək, dönə-dönə gənc nəslə çatdırmaq lazımdır. Erməni məsələsinin belə aydın şəkildə işıqlandırılmasına görə hər birimiz Cəfər Cabbarlıya minnətdar olmalıyıq.


Əsərdəki bir məqam da bu gün aktuallığını itirməyən məqamdır. Həmin məqamın özünü yenə də çoxlarımız görmüş və müşahidə etmişik. Məsələn, padşahın nümayəndəsi kimi qubernatorun özünü müsəlmanların dostu hesab etməsi, vəzifəyə keçirmək üçün müsəlmanlardan adam istəməsi, müsəlmanlardan padşaha qulluq etməyə hazır olduqlarını bildirmək üçün nümayişə qatılmalarını arzulaması və s. gizli oyunların bir hissəsi kimi diqqəti cəlb edir. Yenə də əsərdən bəzi parçalar:


“Qubernator. Siz bir görünüz ki, mən müsəlmanlarla dostam, ona görə padşaha şikayət yazıb, mənim geri çağırılmamı tələb etmişlər. Lakin mən qorxan deyiləm. İşi Peterburqda yazmışam. Mən elə sabah Bahadırbəyi qlavanın köməkçiliyinə keçirərəm. Siz ancaq adamlarınıza deyin ağızlarını yumub, teleqraf şalbanı kimi oturmasınlar. Siz mənə adam verin, mən hər yerə adam keçirim.

Salamov. A kişi, iş adama qalsa, sənə o qədər adam verim ki, lap itüvə tök.

Qubernator. Bir də ermənilər çalışırlar, siz də yığışın bir nümayiş düzəldin ki, padşaha qulluq etməyə hazırıq. Belə olsun ki, mənim də əlimdə bir dəstəvuz olsun.

Salamov. Nümayiş elə sabah! O bir iş deyil. O, bir bozbaşın başı altındadır. İstəyirsən elə sabah çıxım parapetin lap ortasında deyim: hər kim padşahı istəmir, onun hərçibətəri belə-belə olsun? Sonra kişi istəyirəm çıxsın ağacımın qabağına ağac uzatsın!

Bahadırbəy. General həzrətləri, siz ki, bizim hüquqi-milliyyəmizin naminə bu qədər kömək edirsiniz, nə etmək lazımdır, siz buyurunuz, biz türklər öz sədaqətimizi ibraz etməyə hazırız”.


Görün ki, qubernator Salamovu, Bahadırbəyi nə qədər inandırıbdır. Onlar qubernatorun hər fikrinə diqqət göstərir, əhəmiyyət verirlər. Bax bizim bu sadəlövlüyümüz, boş-boş vədlərə inanmağımız bəzi məsələlərdə bizi düzdə qoyubdur. Odur ki, Cəfər Cabbarlı bu cəhətləri elə dəqiq, elə aydın veribdir ki, bunları oxuyub başa düşməmək olmur. Onun yazdığı “1905-ci ildə” əsəri erməni-müsəlman məsələsinin açıqlamasında əvəzsiz bir mənbədir.


Qubernator çox təcrübəlidir. O bilir ki, harada nə danışır, necə danışır, kimdən və nədən danışır. Həm də onun danışdıqları nə ilə nəticələnə bilər və s. Özünü müsəlmana dost hesab edən qubernator birdən-birə elə fikir söyləyir ki, aranı qarışdırır. Əsərdəki bu səhnələri C.Cabbarlı olduqca inandırıcı bir şəkildə verir:


“Qubernator. Ancaq, dostlar, söz aramızda. Mən bu sözləri dostluqda dedim, hələ Ağamyan gərək ki, öz adamlarını göndərib, o buruqları öz hasarının içinə almaq istəyir. Ancaq xahiş edirəm bu işdən bir cəncəl çıxarmayasınız.

Salamov. Mənim buruqlarımı? Öz hasarı içinə? Alsın görüm necə alır!..” Qubernator yenə də Salamovu qızışdırır. Hətta ona silah verməyə hazır olduğunu da deyir: “Hər halda siz bir qədər ehtiyatlı olun, mümkün qədər dava salmayın. Mən Ağamyana demişəm, bu gün bəlkə o da gəldi. Yenə də ona tapşıraram. Ancaq onların, gərək ki, silahları da çoxdur”. Əslində həmin silahları da ağamyanlara qubernator veribdir. Onun əli ilə ermənilər silahlanıbdır. Silahla bağlı o, Salamova da kömək etməyə hazır olduğunu bildirir. O deyir: “O bir şey deyil. İş bərkə düşəndə mən sizə silah da verərəm. Mən əlimdən gələn köməyi etməyə hazıram. Hasar çəkməyə gəldi, qoyma, qurtardı getdi”. Bu cür yağlı vədləri qubernator hər iki tərəfə verir və hər iki tərəfi qızışdırır. O, müsəlmanlara yağlı vədlər verdikdən sonra erməni Ağamyanın gəldiyini görür və müsəlmanlara deyir ki, bu işlərin yaxşılıqla qurtarması barədə o, Ağamyana müəyyən sözlər deyəcəkdir. Ancaq Ağamyana nə deyir? Ona da qızışdırıcı vədlər, qızışdırıcı sözlər. Qubernatorun Ağamyana dediyi sözlərə diqqət edin: “Ancaq, başınıza dönüm, bu tatarlarla bir qədər ehtiyatlı olunuz. Özünüz görürsünüz vəhşi millətdirlər. Mən, əlbəttə, hər şeydə sizə kömək etməyə hazıram: silahla da, hətta lazım gəlsə, adamla da. Ancaq, başınıza dönüm, söz aramızda...” Qubernator erməni Ağamyanın başını doldurur, onu ələ alır. Canında, qanında nankorluq, naşükürlük olan Ağamyan bir az da xəbis hərəkətlərini sürətləndirir. Erməninin, o cümlədən Ağamyanın xislətini yaxşı bilən qubernator deyir: “Mən razı ola bilmərəm ki, onlar Türkiyədəki işlərin hesabını mənim idarə etdiyim bir məmləkətdə xristian bir millətdən, mənim öz dindaşlarımdan çəksinlər. Buna arxayın ola bilərsiniz. Ancaq, hər halda, dediyim kimi, o Əsriyanı tezliklə ələ almaq lazımdır. İşçilər arasında nüfuzu çoxdur”. Beləliklə, qubernator hər iki tərəfi qızışdırdığını bilir. Nəticədə Salamovla Ağamyanın üz-üzə gəldiyi məqamda çıxıb gedir. Təcrübədən çıxmış bu cür siyasət qubernator və onun kimi araqatan adamlar, qurumlar, təşkilatlar, dövlətlər tərəfindən aparılıb, indi də belədir. Nə is... Hər iki tərəfi qızışdıran qubernator hər iki tərəfi özünə “dost” kimi, qonaq kimi evinə dəvət etməklə də nə etdiyini yaxşı bilir. Hər iki tərəfin bir-biri ilə toqquşmasına nail olur. Əsərdən bəzi məqamlar:


“Salamov. ... Adə, Ağamov (Ağamyan – B.X.), köpəy oğlu, sən indi belə ağız-burun bəhəm eləmişsən ki, mənə pirod gedirsən, mənim quyularımı hasara alırsan?!

Ağamyan. ... Yer mənimdir, hasara da salaram, gözüvü də çıxardaram. Kişisən, bayırda danış, cavabını al.

Salamov. Çıx bu saat bayıra, bayırda ayırd edək. Bura sizin üçün İstanbul döyül, torpağınızı torba ilə daşıtdıraram. ...

Ağamyan. Nahaq yerə sizin Türkiyəyə fikriniz getməsin. Ağzını dağıtma, deyirəm. Dişlərini qıraram, verdirərəm hamınızı pulemyot ağzına”.


Beləliklə, qubernator istəyinə nail olur. Onun istəyi də budur ki, hər iki tərəf üz-üzə gəlsin, bir-birinə əl-qol atsın, bir-birini söysün, təhqir etsin. Belə olanda qubernatorun işi də rahat olur. O, niyyətini həyata keçirmək üçün hər iki tərəfdən istifadə edə bilir. Məsələni bir az da dərinləşdirmək üçün polismeysterə deyir:

“Polkovnik, yazdıqlarımın hamısına elə bu gecə əməl edilməlidir. İki gündən gec olmayaraq, dediyim iki nəfər ölməlidir: biri türk, biri də erməni. Kimlər və nə sayaq, sən özün bilirsən. Hamısını mənə bildirin. Sən azadsan, gedə bilərsən”. Polismeyster qubernatorun qarşısında kimdir? Onun dediklərini, təbii ki, etməlidir. Ona görə də qubernatora deyir: “Baş üstə, general həzrətləri. Hamısı əmr etdiyiniz kimi, yerli-yerində ediləcəkdir”.


Buludxan Xəlilov, filologiya üzrə elmlər doktoru, professor http://modern.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930