manera.az
manera.az

Zakir Məmməd timsalında ədəbiyyat adamının əsas cizgiləri

📅 29.01.2018 13:31

Zakir Məmməd timsalında ədəbiyyat adamının əsas cizgiləri

Oxunacaq ən böyük kitab insandır
Hacı Vəli Bektaşi


Allahdan aşağı bütün elmlərin başı İnsanlığı təbliğ etməkdir. Bəşər övladının hansı peşə, ixtisasa aidliyindən asılı olmayaraq birləşə bildikləri ortaq bir sahə var – hamının anlaya biləcəyi Ədəbiyyat elmi.

Ədəbiyyat insan sifətinin min bir çalarını, cilasını verə bilən ən kamil elmdir. Ədalət, rəhm, azadlıq, sevgi, xoşniyyətlik və s. bu kimi sifətlər ədəbiyyat elminin subyektləri olduğu kimi, eyni zamanda Ədəbiyyat Adamının da simasıdır. Onlar əsrlərdir ancaq bircə şey üçün çalışırlar – dünyanın yaşamaq üçün ən rahat və ən güvənli bir yer olduğunu insanlara inandırmaq. Buna inanan insan qalmayıbsa, ədəbiyyatın beş şahılıq dəyəri yoxdur, yox, buna inanan bircə bəşər övladı qalıbsa, demək, dünyanın xilası hələ də mümkündür!..İnsan sifətinə girib bu dediklərimizdən dəm vuranların isə ədəbiyyata heç bir dəxli yoxdur, onlarınkı uzağı qırx gün çəkər – bir gün üstü açılacaq və əsl sifəti üzə çıxacaqdır...

Ədəbiyyatın bir küncündə büzüşüb kənardan ürkək baxdığım vaxtları yaxşı xatırlayıram – məhləyə təzə salınmış toyuq kimi çəpərin dibində qısıldığım vaxtlar... Kiminsə səs-sədası, öyüd-nəsihəti uzaqdan qulağıma xoş gələndə axtarıb indiyədək yazdıqlarını – “içini” oxudum. İkiüzlü – dediyi ilə yazdığı uyuşmayan adamlara rast gəldikcə iyrənmədim Ədəbiyyatdan, əksinə, dedim, – “Adam ha öldürmür, özünü məhv edir, bundan kimə nə!” və daha dərin bucaqlarda sakitcə duran adamları daradı nəzərlərim. İnsan özünü yalnız başqa insanda tanıyır– susqunlara yaxınlaşdım, onları dindirdim və gördüm ki, arına qısılan dəyərli Ədəbiyyat Adamları da var bu cameədə. Və onda anladım ki, ədəbiyyatda hər kəs özünün kölgəsidir!..

...Və onların bir neçəsi məni bağrına basdı, qayğılarını hiss etdim, əmin oldum ki, bunlarla hara qədər desən Yol getmək olar, hansı səngərdə desən çiyin-çiyinə, kürək-kürəyə dayanmaq olar! Belə dəyərli İnsanlardan biri Ədəbiyyatımızın Quba “küncündə” nur saçan dostum Zakir Məmməddir. O, əsl insan oğlu kimi gülün, çiçəyin, dağın, bulağın, heyvanın haqlarına da insan haqları qədər dəyər verən incəqəlbli Adamdır. Çünki insanları tanıdıqca heyvanlara daha çox dəyər vermək təbiətin verdiyi ən acı və çətin dərkolunası dərslərdəndir. Zakir hərdən susur, təbiətin səsini dinləyir, gücssüzlüyünü anlayıb özünü için-için, söz-söz yeyir. Albert Kamyunun sözüdür, – “Bir insan söylədikləri qədər söyləmədikləri ilə də varlığına məna verməyi bacaran məxluqdur”– dostum susanda da çox mətləblərə işıq salıb başqalarının məhz həmin səmti necə görməsini izləyir...

Dünyanın təkcə öz oxu ətrafında döndüyünü qəbul etmək zəiflik əlamətidir, dünya həm də dəyərli Sözün ətrafında fırlanır! İnsan otyeyən, ətyeyən xasiyyətiylə heyvandırsa, təkcə, “Sözyeyən” olmasıyla insandır. Mərhəmət dairəsilə özünü çevrələyən insan hüzursuzdur, amma başqalarına hüzur vermək gücündədir. Zakir Məmməd ömrünü müəllimlik sənətinə həsr etməkdə özünü aldatmır, bundan heç vaxt peşiman deyil. O, yetişdirdiyi və ömrün həmişə belə qayğısız və rahat olacağını sanan gəncliyi ölümə yox, həyata məhkum edənlərdəndir. Adi müəllim kimi ümid verənlərdən deyil – bilir ki, ümidlərlə qandırılan insan intiharın qollarına qaçar – o, insan azadlığının fikir-söz azadlığından keçdiyini anladır şagirdlərinə, peşəsində öz üstünlüyünü qoruyur. Görmüşük da.., müəllim var ki, sinfə girməyə zillət çəkir, elə bil toyuğu ancaq yekələndən sonra başını kəsmək üçün bəsləyir! Gəncliyi xədim edən “mollaçılıq” tədrisindən daha zərərlidir belələrinin qanımıza yeritdiyi zəhər...

Həyatda cəmi iki dəfə canlı görüşümüz olub Zakir Məmmədlə. Amma hər iki görüşümüzdə onu yüz ildir tanıyırmışam kimi doğma, məhrəm biri bilmişəm. Kant demişkən, – “İnsanlar ışığı görməz, amma işıqla görərlər” – onun nuruyla baxdım ətrafa və Onun varlığını indi də öz fəaliyyətimdə vacib şərt hesab edirəm. Ən çox bilirsiniz niyə? Təsəvvür edin, bu qış günündə donmamaq üçün birlikdə isinməyə qərar verən 15-20 kirpi komalanır bir yerə. Amma heç canlarına isti keçməmiş oxları bir-birinin canını deşir və ayrılmaq məcburiyyətində qalırlar. Bax, indiki ədəbi mühitdə tikanlarını “yığışdırıb” isinmək üçün bir-birinə sığınmış qələm adamları var – 40 gündən sonra o birinə qılınc-nizə çıxardır – “qardaşı” yerini dar elədiyinə görə. Çünki müdriklik və rəhm, sevgi və məhrəmlik, insanlıq və qayğı çatışmır belələrində...

İnsan önünə çıxan yolların hamısını bir-bir qət etməyi qarşısına məqsəd qoysaydı, onda bu yollarda itib-batardı. Ədəbiyyatda səmtimi tutmaqda iki əziz insanın danılmaz əməyi, öyüd-nəsihəti var – Zakir Məmməd və Şakir Paşayev! Onların hesabına bilgim artdıqca hüzursuzluğum da artır, ədəbiyyatdan dördəlli yapışıram, faydalı bir işlə məşğul olduğuma daha çox inanıram...Ədəbi əsər, dəyərli mətn yaratmaq üçün sadəcə İnsan olmağı bacarmaq lazımdır, vəssəlam! Gerisini Allah özü nəsib edir.Əldə qayırma korifeylər, yalançı şedevrlər düzəltməklə deyil, əfəndilər, bunlar hamısı saxta həyəcanlardır. Hamı gözəl bilir ki, min tonluq dinozavrlar otyeyən heyvandır, nə vaxtsa ət yeməyəcəkdir. İnsan ağaca bənzər, nə qədər yüksəyə və işığa çıxmaq istərsə, kökləri o qədər çox torpaq zəbt edər və başqalarının yaşamağına mane olar. Zəngin insan odur ki, sahib olduğundan və layiq olduğundan artığına göz dikmir. Zakir Məmməd öz yaradıcılığından çox ümid etdiklərinin cəfasını çəkir, öz qol-qanadını yığıb cavanların Günəşə yolunu açır, özü də bunu minnətsiz, sevgiylə edir, zövqlə edir...

Hər gələn zəhərini dünyaya töküb gedir, elə bil dibsiz quyunu doldurmaq tapşırılıb bunlara. Nəvə-nəticələrimizə də dünyanın faniliyindən başqa bir şey öyrətmirik. Belə olanda, əlbəttə ki dünyanın bizi yaşatmağa üzü qalmayacaq. Bizə insanca yaşamağı öyrətmək lazımdır, “şərəflə ölməyi” yox! İnsan onsuz da özünün yaratdığını başqası uçuranda bunun adını vandalizm qoyur. Bəs təbiətin yaratdığını biz vəhşicəsinə dağıdanda buna nə ad verək?Gülməli fəlakətdir, vallah, fili ovlamağın adını idman qoyuruq, fil birimizi tapdalayıb xıncımlayanda isə deyirik,– “Qudurub! Bu vəhşətdir!”. Deyən lazımdır, –“Süd vermirsən, yumurta, ət vermirsən, sən ancaq hazıra nazirsən. Heç dovşan qədər qaçmağı da bacarmırsan, axı sən niyə heyvanların əfəndisi olmalısan!”...Dərd orasındadır ki, insan qabanı, kəkliyi ətindən çox onları öldürməyin zövqü üçün ovlayır. Bu əsrin insanı belədir və aramızda insan adam görəndə ona bağlanırıq. İnsan azadlığının içində saldırqanlıq yoxdur, əksinə, daha barışcıl olmalıdır. Zakir müəllim aza qane olan, yerini-yerişini, sözün qədrini, özünün dəyərini bilən səbrli adamdır adamdır...

Hər dərrakəli insan həyatın sıravi əsgəridir. Ölüm hər zaman var və bu, həyata sığan bir hadisədir, amma həyat təbiətdir, ölümü aşar. İnsan hər gün gözəl bir şey eşitməli, könülaçan bir kitab oxumalı, musiqi dinləməli, yaxud gözəl bir əməl sahibi olmalıdır. Əgər böcəklər dünyadan yox olsaydı, 50 il içində həyat sona çatardı deyirlər, amma insanoğlu dünyadan yox olsaydı, yəqin ki, 50 il ərzində təbiət yenilənər, bütün canlılar rahatlığa qovuşardı. Hər bir bitki bir azara çarə yaradıldığı kimi, insan da bir şeylərə yaramalıdır. Ədəbiyyatın çəyirdəyi insan, sitoplazması sevgi, protein qılafı isə mərhəmət olmalıdır. Zakir Məmməd ədəbiyyatı tam mənasıyla öz həyat tərzinə çevirmiş biridir, bu həyatın əzabından ləzzət alır, buna görə deyinmir, əksinə, bunun zövqünü durmadan anladır.

Mark Tvenin sözüdür, – “İnsan 80 yaşında doğulub 18 yaşınadək yavaş-yavaş yaşasaydı daha xoşbəxt olardı”. Amma ağlı olan kəs, Allahın verdiyi hər günü daha sağlam, həyat dolu, şən yaşamalıdır ki, daha da gənc qalsın. Bunun üçün sevənlərin, sevdiklərinin əhatəsində olmalısan. Zakir müəllimə sevdiklərilə, sevənlərilə birgə uzun, sağlam və firavan ömür arzu edirəm.

Rəşid BƏRGÜŞADLI
29 yanvar 2018


Baxış sayı - 1 965 | Yüklənmə tarixi: 29.01.2018 13:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031