Ata şilləsinə ehtiyacım var... - Şeirlər

Manera.az tanınmış şair Məzahir Hüseynzadənin şeirlərini təqdim edir:
Ehtiyac
Ağsaqqal şilləsi gərəkdi mənə,
Dəyə qulağımdan, deyəm ki, varam.
Ay ata, nisgilin ürəkdi mənə,
Nisgilin olmasa yaşayammaram.
Bu qəmə çatılıb ürəyim yanar,
Dönər od-ocağın gözünə indi.
Ay ata, bir şillə vurammayanlar
Şillə vuran tutur özünə indi.
Torpağı bölünən, torpaq bölən də,
İndi qalib kimi görür özünü.
Bir şapalaq fırla, sevinim mən də,
Şillən beş qitəyə bölsün üzümü.
Qığılcım bəxş eylə sönən gözlərə,
Mənim odsuz qalan qara sacım var.
Ehtiyacım yoxdu usta sözlərə,
Ata şilləsinə ehtiyacım var.
Geriyə baxanda
Ruzigar başıma qar ələyib, qar,
Dözümdən yapışıb sal dayanmışam.
Məni axtaranda tapmağa nə var,
Dərdimin dalında daldalanmışam.
Daş üstə daş qoyub ucaltdım göyə,
Yollara bircə daş diyirləmədim.
Evimiz var idi baş girləməyə,
İşimdə, gücümdə baş girləmədim.
Gözümün içində duran dünənim,
Nisgildən qalmadı, qəmdən qalmadı.
Taleyin tufanı çalxadı məni,
Əlimin tutalğac yeri qalmadı.
Başımın üstündə şimşək çaxanda,
Mən imdad dilədim, bircə dözümdən.
Çiynimə taleyin yükü çıxanda,
Tələbəliyim də düşdü gözümdən.
Darlıq eləyirdi papaq da mənə,
Ac kölgəm sürünüb yer yalayırdı.
Qənim kəsilmişdi yarpaq da mənə,
Düşəndə başımdan qapazlayırdı.
Tərslik eyləyirdi sərt illərimiz,
Elə bu xislətlə öyünürdülər.
Möhtacı olduğum şitillərimiz
Arxayın-arxayın böyüyürdülər.
Kədərin bircəsi, ərki idim mən,
Nə desəm edirdi,
Hamısı çin-çin.
Döyülə-döyülə bərkiyirdim mən,
Döyülə-döyülə sınmamaq üçün.
Atalar ölmür
Bir qəfil şıdırğı yağışa düşdüm,
Qopdu hıçqırığı kədər selinin.
Ölümün adını çox eşitmişdim,
Bu dəfə üzünü gördüm ölümün.
Bir ulduz axırdı ömrün göyündə,
Elə bil soğulub tükənirdi qan.
Dünyanın ən ağır yükü çiynimdə,
Yollar əyilirdi ağırlığımdan.
O qədər dolmuşdu, göllənmişdi ki,
Qəm-kədər sarıdan gözlər tox idi.
Göz yaşı yollara çilənmişdi ki,
Qəbiristan yolunun tozu yox idi.
Mən idim sevinci ölən, üzülən,
Bu da qəm küləyi,
Kədərin ətri.
Göz yaşım deyildi axan, süzülən,
Gözüm tökülürdü atamdan ötrü.
Kövrək xasiyyəti pilədən-pilə,
Can qurban edərdi adamdan ötrü.
Sən demə adamlar bir yana, hələ,
Ölüm də ölürmüş atamdan ötrü.
Nisgilim misrama, sözümə sığmır,
Harda göməşidi sevincim, nəşəm?!
Kiçik şəkillərin gözümə sığmır,
Ay ata,
Şəklini böyütdürmüşəm.
Səkkiz qat torpağa enibdi kökü,
Torpağa belə kök atan ölməyib.
Ölüm ürəyimə girib görsün ki,
Atalar ölməyir,
Atam ölməyib.
O kişi
Nəriman Həsənzadəyə
Çiyni tab gətirməz altında qəmin,
İşə gözlərində qəm gölü gələr.
Daha papağını yan qoymaq üçün
Nə ürəyi gələr, nə əli gələr.
Fikir qaşlarını qaynaq edibdi,
Daha az görünür daraqlı teli.
İndi necə desin vəfat edibdi,
"Sevirəm" deməyə gəlmirdi dili.
Evdə başıkəsik bir durna kimi,
Suyu sıpqarılan bir səhəng qalıb.
Qanı qaralıbdı,"ağarıb günü",
Ən çoxu yadında qara rəng qalıb.
İndi xatirədi ütüyə kimi,
Bu ütü qırışlar çəkir alında.
Siqareti çəkir kötüyə kimi,
Diksinir, dodağı qarsalananda.
Ölümü görəndə böyüyüb gözü,
Boyuna əbədi həsrət ölçülüb.
Bir az da saralıb, soluxub üzü,
Başını qoyduğu yastıq kiçilib.
Alışar gizlicə, yanar gizlicə,
Yanıb qurtarmağı eyninə gəlməz.
Sarası gözünə gələr həmişə,
Hayıf, bircə dəfə evinə gəlməz.
Anamın son qayğıları
Yaxşı ki, görmədi bu halı anam,
Alovum səngiyib, küldə qorammı?
Yüngül söhbətlərdən aralı anam,
Deyərdi, ölümə yaraşırammı?
Qəlbinin toxluğu gözündən daşar,
Deyərdi kasıb ol, çörəkli ol sən.
Deyərdi ki, armud ürəyə oxşar,
Çox ək ağacını, ürəkli ol sən.
Qadağa qoymuşdu naləyə, küyə,
Sıxıb dodağını səssiz danışdı.
Çiynim ağırlıqdan ağrıyar deyə
Anam bilə-bilə arıqlamışdı.
İpək saçlarımda dərd düyə-düyə,
Xına yox, saçına çəkmişdi qarı.
Şəklimi topraqda toz basar deyə
Yumdu gözlərini göz qapaqları.
Alım
Bir yorğun ayrılıq gəldi indicə,
Butası solğundan butamı alım?!
Şirinlik üzülüb, indi mən necə
Bu acı vüsaldan, o, tamı alım?!
Kiməsə söz dedi, sözgəlişidi,
Boylanır, boylanmır bu öz işidi.
Mənə elə gəlir əsdi, üşüdü
Onu kül altında odamı alım?
Uçan dağ onundur, əlçim də mənim,
Sevgi qısa gəldi ölçümdə mənim.
Bir yuva qurmuşdu içimdə mənim,
İxtiyarım yoxdur, o, damı alım.
…Olub keçənləri, danışdın harada,
Dərdini sərini bölüşdün harada.
Sən batmışdın harda, ölmüşdün harada,
Heç olmasa biraz sədanı alım.
Bir ümid qalmadı gələn sabaha,
Bu ucuz talehin sədası baha.
Qadanı alıblar, qadası, daha,
Daha qadan yoxdur, qadanı alım?!
Nə yaxşı
Nə yaxşı, qarşıma çıxdın, nə yaxşı,
Yolları mənsizmi görmüşdün belə…
Bəhanə eyləyib sürüşkən qışı,
Kimiydi, qoluna girmişdin belə.
Qar yağdı, bir gizlin yalan ağardı,
Ağardı yalançı sevirəm sözün.
Qar yağdı, bu dünya yaman ağardı,
Guya ki, bu qardan qamaşdı gözün.
Qorxdum baxışlarım yollarda dona,
Heyf gözlərimə, bu nə qubardı.
Sən torpaq olsaydın,..
Əgər mən səma,
Həmin gün aləmə alov yağardı.
O çinar neyləyər yoluna çıxsa,
Başında buludlar qaşını çatıb.
Yaxşı ki, torpağa bağlıdır, yoxsa,
Səni ayaqlardı bir addım atıb.
Əlvida deyirəm, soruşma niyə,
Ona bax, çinar da gizlətmir kini.
Sənin buz qəlbini görk olsun deyə,
Asıb budağından sırsıra kimi.
Bu yolda bir istək dönübdür buza,
Bu qarda kimsəsiz qaldı məhəbbət.
Sən o gün sürüşüb yıxılmadınsa,
Mənim ürəyimdən yıxıldın, fəqət…
Salam yazı masam
Salam, unutduğum, ay yazı masaam,
Qayğılar apardı sənə mehimi.
Qəmin sazağından ayazımasam,
Qələm açan deyil sirri-sehrimi.
Sərtliyim əzilib, dönmüşəm muma.
Bir dünya dözümüm qalıb bir çərək.
Ağ vərəq üstündə açdığım şumda,
Bilmirəm yamyaşıl nə göyərəcək.
Yarpaq dövrələyib yerdə budağı,
Küləyin qovduğu əklili gördüm.
Qızıl medalyondu payız yarpağı,
İçində baharın şəklini gördüm.
Çoxları döşümə sıxdı döşünü,
Sürüdü sağ-sola sənədlərimi.
Sınaqdan keçirib neçə kişini,
Sınaq gətirmişəm sənə qəlbimi.
Dəmir çarıq geyib Kəpəzə qalxdım,
Laçında yiyəsiz bir səs qalıbdı.
Qanlı Qarabağa qıraqdan baxdım,
Orda «Şikəstə»miz şikəst qalıbdı.
Dərdimə-sərimə qatdığım qələm,
Gah zilə, gah bəmə çəkdi səsimi.
Sağ əlim dünyadır,
Tutduğum qələm
Əyilməz oxudur yer kürəsinin.
Görüş yeri
Qəlbində,gözündə həsrətin odu,
Körpə uşaq kimi addımlayırdı.
İlk görüş yerinin xəncər sükutu
Yaşıl ümidini ondan ayırdı.
Kibriti cibindən aldı ki, ələ
Odu siqaretə uzadıb sıxsın.
Tüstünü içinə çəkdi ki,elə,
Kədəri tüstüyə bürünüb çıxsın.
Yanmış ümidini yerı tökürdü.
Ya kül ələyirdi əsən küləyə,
Tüstülü başını tüstü götürdü,
Çevrilib o yeri görməsin deyə.
Getdi tüstülənə-tüstülənə o,
Arabir torpağa göz sala-sala.
Getdi tüstülənə-tüstülənə o,
Yerdə də, göydə də iz sala-sala.
Gözləri bənzədi qara bir gölə,
Ordan baxışına qəm çilənirdi.
Yenə də sürünən addımlarıyla
İlk görüş yerinə zəncirlənirdi.
Tural Adışirinin təqdimatında..