Görkəmli bəstəkarın adına müsabiqə elan olundu
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyi münasibətilə “Tofiq Quliyev adına estrada mahnı janrında I respublika müsabiqəsi” elan edib.
Bəstəkarlar İttifaqından MANERA.AZ-a bildiriblər ki, müsabiqədə əsas məqsəd unudulmaz bəstəkar Tofiq Quliyevin yüksək peşəkarlıqla yaratdığı musiqi incilərini örnək götürərək müasir estrada mahnı janrında öz melodik zənginliyi, musiqi və mətnlərin vəhdəti, forma mükəmməlliyi, mətn mövzusunun diqqətli seçimi və mənəvi-estetik səviyyəsi ilə ədəbi-bədii meyarlara cavab verən yeni mahnıları aşkar etməkdir.
Şərtlərə görə müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni mahnılar təqdim edilməlidir. Mahnılar vokal ilə müxtəlif tərkibli instrumental ansambllar və ya estrada orkestri üçün nəzərdə tutularaq 3-5 dəqiqəlik vaxt həcmində olmalıdır.
Müsabiqə iştirakçıları əsərin klavirini (və ya partiturasını) və CD yazısını deviz yazılmış bağlı böyük zərfdə Bəstəkarlar İttifaqına təqdim еtməlidirlər. Əsərlər fortepiano ifasında və ya səsyazma studiyasında yazılmış şəkildə səsləndirilməli, işin səhifələrində müəllifin adı və soyadı yazılmamalıdır. Müəllif haqqında məlumatlar (ad, soyad, təhsil, ünvan, telefon) yalnız həmin deviz yazılmış kiçik zərfdə əlavə edilməlidir. Müsabiqədə peşəkar bəstəkarlarla yanaşı, həvəskar bəstəkarlar da iştirak edə bilərlər.
Müsabiqədə I, II, III yerlərin sahibləri müvafiq olaraq 2000, 1000, 600, üç həvəsləndirici yerin hər bir sahibi isə 400 manatla mükafatlandırılacaq.
Тəqdim olunacaq işlər 2018-ci il martın 1-dək Bəstəkarlar İttifaqında qəbul olunacaq.
Əsərlər Bəstəkarlar İttifaqının müəyyənləşdirdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək