Cahanda beş oğul varsa,sənsən biri, Xəlil Rza

Manera.az Xalq şairi Xəlil Rza Ulutürkün 85 illiyi münasibətilə şeirlərini təqdim edir:
AZADLIQ
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!
Azadlığı istəmirəm bir həb gibi, dərman gibi
İstəyirəm
SƏMA gibi,
GÜNƏŞ gibi,
CAHAN gibi!
Çəkil, çəkil, ey qəsbkar,
mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm!!!
YURDUM, SƏNİN SAĞLIĞINA
Bir məclisdə unuduldum,
Mey içdilər hər gələnin sağlığına
Hər gedənin sağlığına.
Yaxasına qonduğumuz mavi gölün sağlığına,
Mey gətirən şux gözəlin sağlığına.
Güldandakı qızıl gülün sağlığına,
Xoş qədəmli ayın, ilin sağlığına
Unuduldum.Nə tutuldum, nə pərt oldum
Pıçıldadım öz-özümə - Xəlil sənin sağlığına!
Dörd ümmanı qucaqlayan ürəyinin sağlığına!
Qoşqar, Savalan dayağı kürəyinin sağlığına!
Qibtə etsin qoy dan yeri saçlarının təkəm-seyrək ağlığına,
Ey dost sənin sağlığına!
Otuz illik döyüşündə bir əsrlik yol keçdin sən,
Basılmadın.Sarsılmadın.
Heç bir zaman qoltuqlara qısılmadın.
Şax yeridin öz yolunla,düz yolunla!
Mən heyranam sənin qaya dözümünə,dağlığına.
Dodağıma sıxa-sıxa piyaləni,
İçirəm bu şəlaləni,könlüm sənin sağlığına!
Dost, ya düşmən görüşünə bircə an da gecikməyən,
Heç bir zaman xəstələnməz,
Ruhu enməz, əhdə sadiq,beyni yanar,qəlbi qaynar
Bir oğul var—Xəlil sənin sağlığına!
Sən elə bir qartalsan ki, qalxmağın var, enməyin yox.
Sən elə bir ocaqsan ki, yanmağın var, sönməyin yox.
Sən elə bir yolçusan ki , məsləkindən dönməyin yox,
Tərif, çələng paylananda susmağın var, dinməyin yox.
Ayağın Yer kürəsində, əlin çatır Aya, Marsa,
Cahanda beş oğul varsa,sənsən biri, Xəlil Rza!
Şerimizin xoş taleyi, ağ baxtısan,
Döyüşkənmi deyim sənə, sən döyüşlər paytaxtısan!
Heç bilmirəm əfv elərmi dostlar məni?
Mən ötdüm bu təranəni, bürüyərkən vüqar məni.
Elim-günüm, səsim-ünüm,
Bu qənd-şəkər piyaləni vurdum sənin sağlığına,
Öz sağlığım bəhanədir, yurdum sənin sağlığına
DAVAM EDİR 37
Bu dünyada otun, suyun, torpağın da yaddaşı var.
Sındırılmış bir budağın,
söndürülmüş ocağın da yaddaşı var.
Ələk-vələk, darmadağın otağın da yaddaşı var.
Bayaq isti, indi bumbuz yatağın da yaddaşı var.
Nallı çəkmə altındaca qolu çıxan kuklacığın,
Miz üstündə yetim qalan bir qələmin,
varağın da yaddaşı var.
Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri,
Qara günlər gətirərkən qan qırmızı geyənləri.
Yox, unuda bilmərik biz xeyir cildi geyən şəri,
Yüz minləri… qanunsuz və məhkəməsiz
gülləbaran edənləri.
Qorxa-qorxa yarım addım ata-ata,
Ayaq üstə yata-yata,
Qurşağacan qanlı qara bata-bata
sürgünlərə gedənləri.
Ac, yuxusuz, nalan, üryan
Min-min qoca, min-min cavan
İş üstündə bir sümükdü, bir də dəri
Yox unuda bilmərik biz
Ac canavar iştahıyla yurdu söküb tökənləri,
Bir dəstəni qana çəkən dəstəbaşı təkələri.
Rəhbər, xadim sayılardı
baş kəsənlər, göz ovanlar
HAQ bağıran boğzlara qurşun tökdü
Markaryanlar, Qriqoryanlar.
Yanda durdu Topuridze, asta cəllad, usta cəllad.
Adı doğma, ürəyi yad.
Mir Cəfərin əllərilə viran qaldı xanimanlar.
74 min dustaq getdi, qayıtmadı yüzdə biri.
Çoxu güllə işığında öz əlilə qazdı qəbri.
Ən rəzili bu deyil, yox,
Ən rəzili odur ki, sən
Özün şair adlanasan, ədib, alim adlanasan,
Baxıb dustaq etdiyinə kam alasan, şadlanasan.
Yox, unuda bilmərik biz iş başında
omba duran gürzələri
Naxçıvanda DTK-nın çirmək dolu dilavəri.
Alnı kərpic, gözləri tum... mirzələri.
Əllərində daşdan keçən casusnamə ərzələri,
Kürsülərdə "Vətən"-deyə, "Millət"-deyə
vəz eləyən hərzələri.
Yox unuda bilmərik biz
Bircə üskük şöhrət üçün,
göz dikdiyi sərvət üçün
mənliyini satanları.
Xırtdəyəcən bataqlığa batanları.
Daloy muğam!
Daloy papaq!
Daloy tar da!
Daloy saz da!- deyib lığa batanları
Xəyanətə qurban getdi tər bənövşə,
bahar Müşfiq.
Hələ də bu cinayətə zirvələrdən baxar Müşfiq!
Xəyanətə qurban getdi neçə igid,
Pensneli, zər əsalı, nur heykəli ulu Cavid!
Qurban getdi dağ bülluru Yusif Vəzir!
Yalçın qaya- Əhməd Cavad!
Qoç Koroğlu, Sanı oğlu Hacı Kərim!
Ulduzları salxım kimi göydən dərən
Çobanzadə Bəkirimiz!
Güllələndi təpərimiz, kəsərimiz, hünərimiz.
Bu dərdləri öncə sezib
Tab etmədi Cəfərimiz!
Haray dünya!
Hələ durur o qansızlar.
Qəhrəmana, mərd baxışa aman verməz imansızlar.
Qırdığımız dişlərini zaman-zaman şaqqıldadan
Qan tökməyə, baş kəsməyə imkansızlar...
Elə bilmə o dəhşətli yanğın bitdi, batdı, getdi.
Hələ durur, davam edir 37!
O yaşayır, qorxularda, ürkülərdə.
-Bəlkə bir də qaytarıldı... bəlkələrdə
Vicdanları basıb yeyən ləkələrdə, kölgələrdə.
Nə qədər ki, bir milləti 70 yerə bölənlər var
Nə qədər ki, rütbə üçün, şöhrət üçün ölənlər var.
Nə qədər ki, kabineti, vəzifəni gözlərinə təpənlər var,
Tiranların yanbızını bir az altdan öpənlər var,
Nə qədər ki, istedadı addım-addım pusanlar var,
Xalq dərdini hayqırmağın əvəzinə
əqrəb kimi susanlar var.
Nə qədər ki, iş başında bunca kütbaş,
kəmsavad var.
Düz üç yüz min didərgindən heç nə yazmaz
mətbuat var.
Nə qədər ki, başçı olur başsız canlar,
Bir millətin mənliyini talam-talam talayanlar,
Nə qədər ki, mənə əxlaq dərsi verir
Fərarilər, boşqab dibi yalayanlar.
Nə qədədr ki, Demokrati! Aşkarlama!- deyə-deyə boğaz yırtır
bu züyçülər, zurnaçılar, şeypurçular.
Nə qədər ki, cəzasızdır
Xankəndimdə evlər yıxan, ürək yıxan yırtıcılar,
Davam edir 37-
Daha kəskin, daha ciddi!
Nə qədər ki, xalq şairi xalqa yaddır,
Nə qədər ki, rütbəlilər mütləq dahi, istedaddır,
Nə qədər ki, yallananlar harda aşdır, orda başdır.
Nə qədər ki, erkən duran, axşamacan kətmən vuran
anaların döşü südsüz, gözü yaşdır,
Davam edir 37 -
Daha kəskin, daha ciddi!
Diqqət! Diqqət!
Qapamasın gözlərini haray-həşir, çığır-bağır.
Qəzetləri lal eləmək xalqı lal etməkdən ağır.
Ruhun hələ ölməmişsə, hayqır-bağır:
Nə qədər ki, sıxıb məni limon kimi sümürən var.
Sümüyümü gəmirən var,
Nə qədər ki, Bakımıza püskürdülür ölüm tozu,
Təyyarələr zəhərləyir o kolxozu, bu sovxozu,
Nə qədər ki, cocuq qanı pestisidlə mayalanır,
Aşımıza qatır alçaq yüz fitnəni min yalanı,
Nə qədər ki, Ovçarenko dəstəkləyir Balayanı ,
Milli gəda Boroviki, Ağambekyan tək ilanı.
Nə qədər ki, canımızda qan sorucu min gənə var,
Mənim isti sözlərimə soyuq baxan biganə var,
O xəyanət sanma bitdi,
Davam edir 37.
O cinayət davam edir.
Mənim şeirim, mənim qanım cinayətlə davam edir.
Bir halda ki, davam edir 37.
Qorx ki, bir gün Vətən deyə:
- Xəlil balam qurban getdi!
SİLAHLAN
Bu sərt, ağır günlərdə
Mən - Ali Baş Komandan
olmasam, olmasam belə
Azərbaycan adından
Əmr edirəm: Silahlan!
Silahsız dayanmağa bir qırpım da haqqın yox,
Gözlərin - qoşalülə, kirpiklərin güllə, ox.
Bilirəm düşmənlərin bərk durub keşiyində,
Alınmışdır əlindən hətta ov tüfəngi də.
Nə qəm, kinlə silahlan!
Topdan, tüfəngdən üstün,
Tankdan, raketdən üstün
qeyrətinlə silahlan!
Arxalı köpəklərə nifrətinlə silahlan!
Xiyabani ruhunu alışdır nəfəsinlə,
cürətinlə silahlan!
Bilirəm, Elbrusdan, Savalandan ağırdır
çiynində sənin yükün.
Telegüzgü, radio, mətbuat çoxdan ölgün.
Yox... sən ölməməlisən!
Hələ ki, gedib gələn nəfəsinlə silahlan!
Qəfəsdəsənmi? Qır, sök, qəfəsinlə silahlan!
Sən bizim şeirimizdən, nəsrimizdən güclüsən.
Əsrimiz qəhrəmandır, əsrimizdən güclüsən.
37-də batmış, 46-da vurulmuş
nəslimizdən güclüsən.
Dodağından qopan neçin amandır, ahdır?
Alçaqlara qəzəbli bir baxış da silahdır.
Baxışınla, qanınla, vücudunla silahlan!
Dön Səməndər quşuna... Yan... Odunla silahlan!
Onlar səni silahsız, pənahsız görmək istər,
Sən nəğməylə, marş ilə, nümayişlə silahlan!
Bayraq elə özünsən,
Qalx döyüşlə silahlan!
Silahlan insanlığa sonsuz məhəbbətinlə,
Humanizm adlanan ən böyük sərvətinlə.
Hələ heç bir fitvaya, felə, mərkə uymayan,
Bircə qarışqanı da tapdamağa qıymayan
Qəlbi ümmandan dərin,
bənövşədən də kövrək,
Hətta düşməninə də duz-çörək verən xalqım!
Çəkinmə, bu döyüşdə aləm sənə pənahdır,
Sənin gül təmizliyin, saflığın da silahdır.
Qanında saflıq adlı daşqın ilə silahlan!
Dünyaya məhəbbətin, eşqin ilə silahlan!
Vur-çartlasın içində elə bilmə ki, təksən,
Yer də, göy də sənindir. Sən qalib gələcəksən!
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ