Azərbaycanın miniatur sənəti ilə bağlı seminar

17-22 Oktyabr tarixlərində Bakıda keçirilən "Türkiyə-Azərbaycan rəssamlarının görüşü" proqramı çərçivəsində Türkiyə səfirliyində professor Ziyadxan Əliyev seminar deyib.
Səfirliyin Mədəniyyət və Təbliğat Müşavirliyinin təşkilatçılığı ilə keçirilən seminara rəssamlar, sənət adamları və media nümayəndələri qatılıb.
Türkiyə səfirliyinin Mədəniyyət müşaviri İrfan Çiftçi məruzənin təşkilinin səbəbi haqqında məlumat verib:
"Türkiyə və Azərbaycan rəssamlarının rəsimlərinin sərgiləndiyi "Rənglərin qardaşlığı" rəsm sərgisinin açılışından öncə bütün türk dünyasının ortaq sənəti olan miniatür haqqında məlumatlanma məqsədi ilə təşkil olunub." - deyə müşavir bildirib.
Z.Əliyev məruzəsində miniatür sənətinin tarixi, Azərbaycan və Türkiyə təsviri sənətindəki rolu və əhəmiyyəti haqqında geniş məlumat verərək qeyd edib ki, tarix boyu miniatür sənəti haqqında yanlış düşüncə formalaşıb:
“Qərb rəssamlarının və xristian alimlərinin yanlış təqdimatı ilə miniatür sənətinin yalnız kitab tərtibatında tətbiq olunduğu düşünülüb. " deyə Z. Əliyev vurğulayıb.
Məruzəçi müxtəlif dövrlərdə yaşamış rəssamların yaradıcılıq nümunələrini nümayiş etdirərək sübut edib ki, bu sənət yalnız kitab tərtibatı ilə bağlı olan janr və ya sənət növü deyil: "Təsviri və tətbiqi yaradıcılığın yer aldığı bütün sahələrindəki nümunələrdən çıxış edərək demək olar ki, miniatür müsəlmanların, o cümlədən, türklərin və azərbaycanlıların tanıdıqları bədii üslubdur. Deməli, miniatür islam-türk təsviri sənətində tətbiq olunan universal bədii dil, üslubdur".
Prof. Z. Əliyevin "Miniatur sənəti və keçmişdən günümüzə Azərbaycan miniatürü" adlı seminarı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda Z.Əliyev və G.Mehdizadə rəssamlığın inkişafındakı rollarına görə səfirlik tərəfindən diplomla təltif olunublar.
MANERA.AZ tədbirdən fotoları təqdim edir:


