manera.az
manera.az

Şəki məni sevərmi görən? - Şeirlər

Şəki məni sevərmi görən? - Şeirlər
Coşğun Qarabulud 1956-cı ildə Qarsın Sarıqamış elində doğulub. Ana dədələri əslən Şəkidəndir. Şair 1980- ci ildə Hacəttəpə Universitetinin Sosiologiya bölümünü bitirib. Mersin, Adana , Fəthiyə və Quşadasında müxtəlif banklarda müdir vəzifəsində çalışıb. 2005- 2014- cü illərdə Ölüdəniz Bələdiyyəsi Sənət evinə başçılıq etmişdir. Evlidir. 3 övladı var.

Manera.az ünlü türk şairi Coşğun Qarabuludun "Hardan haraya" kitabından şeirlər təqdim edir:

ŞƏKİ

Atalarımın yarısı gəlib,
Kimisi də orda qalıb.
Nə zamandır düşünürəm,
Ağlım Şəkidə qalıb.

Eşqləri,sevdaları,
Gülüşləri,baxışları,
Hopubmu hər bir yana.
O torpaqdan gəlirmi
Babalarımın ətri?
Hüzün yağarmı göydən?
Dolaşan ölməz ruhları,
"Xoş gəldin" deyərmi görən?

Ağlım Şəkidə qalıb.
Getsəm deyirəm bir gün,
Qollarını həsrətlə açıb
Sarılan olarmı mənə?

XƏTT

Hər şeyin bir yolu var həyatda
öz doğru xəttində .
Axıb gedir ömrü.

Gülmək düz xətt,
Ağlamaq əyri,
Sevda yüksələn,
Nifrət enən xətt.

Nazlı - nazlı yüyürmək –
nə gözəl xəttdi,
Sevgiylə qovuşmaq-
Kəsişən bir xətt.

Oxumaq, öyrənmək
incə bir xəttdi.
Laqeydlik də bir xətt.
Yaşamaq - xətlər çələngidir.
Ölüm – hər şeyin üstünə çəkilən xətt.

SƏNİNLƏ

Dünən dənizi seyr etdim
səninlə.
Sən görmədin.
Dəniz bu qədər mavi,
bu qədər sığalverici
olmamışdı.
Sən bilmədin,
bu gün yenə getdim oraya,
Seyr etdim doyunca.
Gördüyüm hər yerdə sən vardın.
Dalğalar səni gətirirdi
dalbadal.
Dəniz bilmədi.
Heç bu qədər
yaxın olmamışdın mənə,
heç bu qədər uzun- uzadıya
seyr etməmişdim dənizi.
Oxşadım səni.
Sinənə baş qoydum,
üfüqlərə daldım.
Dəniz görmədi,
“aldatdım beləcə” dalğaları,
“Aldatdım” dənizi.

BAYRAMINIZ MÜBARƏK

İçimiz çölümüzə çıxmış.
Bayırdan yeni içlər biçirlər bizə.
Biz bayramlar keçiririk,
ən içdən diləklərimizlə.

KİM BİLİR

Çox uzaqlarda qərib deyiləm.
Qürbət sənin yanında.
Burada içimə dönük baxışlarım,
üfüqə baxan gözlərim
məni arar.
Səndən və sənin iç dünyandan ayrı
indi bu gördüyün qovulmuş mən.
Hey özünə doğru baxır.
Özünə doğru yüyürür.
Nə zaman,
harda
və nə halda
tapacağam özümü kim bilir.
Haralardan haralara gələcəyəm,
sən kim olacaqsan mənə.
Mən kim olaraq dönəcəm,
kim bilir.

NƏ OLA

Qatı, bulanlıq bir suda gördüm özümü.
Ağzım palçıqla dolu.
Hayqırmaq gəldi içimdən.
Boğuluram,
səsim də çıxmır üstəlik.
Gedirəm, gedirəm vallah
göz görə- görə.
Boğulmaq alın yazımsa,
dibi görünən təmiz, mavi
dərin dənizlər olmalı.
Hətta okean olmalıydı
boğulacağım yer.
Gəl gör ki,
dayaz və pis bulanlıq suda
ağzım mədəmə qədər palçıq dolu.
Boğuluram.
Səssiz sədasız.
Deyirəm bir yağış yağsa anidən.
Bir sel gəlsə,
okeana qarışsam
və dibində tapsalar məni
mavi kəfən içində.
Oldüyümü burda bilsəydilər
nə olardı.



***
Bu da yeni çıxdı,
ürəyi qəlp olanlar
ən qəlbi duyğularla
salamlayırlar bizləri.

KÜRƏSƏL ŞEİR

Ay yuvarlaq,
Dünya yuvarlaq,
Günəş yuvarlaq.
Kainata uyğun olaq deyə ,
mən də yuvarlaq olmağa razıydım,
Yusyuvarlaq olduq, qardaş,
Içim döndü, vallah.

MƏNƏ BURAX

Çıxart
vəsiqəndən
ünvanını,
məkanını,
soyadın, adın nə varsa,
sənə aid olanları-
hamısını kənara qoy.
Yalnız baxışların qalsın,
bir də sən.
Gerisini mənə burax.



***
Bu yaşdan sonra
sən gəl dedin.
Mən də gəldim.
Soruşmadan,
düşünmədən
durub gəldim.
Oturmağa yerin yoxmuş,
gəldim ayaqüstə qaldım.
Vaxt çox gecdi,
həm də yorğundum.
Geriyə də dönəmmədim.
Beləcə donub qaldım.



***
Gəlirlər, gedirik.
İçimiz bir doğum evi.
Çölümüz müsəllah daşı.
Ölülər doğururuq.
Özümüz içimizdə ölürük
anbaan.
Gəlirlər.
Gedənlər bir- bir
çörək olurlar,
xiyar, pomidor,
qovun, qarpız olurlar.
Hüceyrələrimizə yerləşib
dolaşırlar damarlarımızda.
Ölülər yaşayır içərimizdə.
Biz hər an ölməkdəyik.
Minlərcə ölülər tökürük
hamam taslarına.
Ölülər yaşayırsa içimizdə,
biz yaşarkən ölüyüksə,
Ölən kim, yaşayan kim.
Ölüm bir az yaşamaq,
yaşamaq ölməksə tədricən.
Və yaşayarkən ölürük,
Ölərkən yaşayırıqsa durmadan,
Həm ölüb həm yaşayırıqsa,
nədən bu qədər qoxuruq ölümdən
Və yaşadığımıza sevinmək nədən.

NİYYƏT

Qırx hüri verilirmiş,
yolu cənnətə düşənə.
Qismət olsa,
getsəm əgər
təkcə səni istərəm,
bir dənəm.
təkcə səni.
Qırx - dəyişik biçimdə reklammı?
Torpaqdan gəlmişik,
Torpağa dönəcəyik.
Bu hökmdür!
Gəlişimiz, dolanbaclı,
gizli,
Gedişimiz açıq- aşkar, mərdanə.

QAZINTI

Tarixə qarışdıqca
Ar - namus.
Ən yaxşı peşə olacaq,
Arxeologiya.



***
Şeirim mənə bənzəyir.
Deyirlər ki, şeir qısa,
yığcam,
təsiredici olmalı.
Təmizlənməli
gərəksiz olanlardan.
Misralar işarələrə hörülməli,
hər oxunuşunda
duyğular oyandıran.
Nə yaxşi, qısayam.
Həm də özəl və cazibəli.
Hər sabah oyanışımda
başqa bir mən tapıram
yeni dadlara qarışımış.
Yoxsa ,
Yoxsa mən bir şeirəmmi..

QİSMƏT

Buludların toqquşması,
ölümüdür.
Yerə düşən hər damlada
canından can var buludun.
Torpaq yaşıllaşırsa,
çiçəklər açılırsa,
həna yaxsın oynasın,
bayramıdır torpağın.
Türkülər çiçəklərə söylənir,
öyünən torpaqdır nədənsə.
Sevgiylə bəslənən hər çiçəkdə
bir buludun gizli gözyaşları var.
Yəqin ona görədir ,
Hər çiçək görəndə
gözümüzün dolması.

UYĞUN CÜTLÜK

Biri arvad ,
biri ərdi..
Çalışırdı ikisi də.
Biri doğuzduran,
biri mollaydı.
Uyğun cütlüklərin
heç yarımçıq qalmazdı işləri
Birinin başladığını,
bitirirdi o biri.



***
Bəzən içimdən siyrılıb bayıra çıxıram.
Zamana baxıram.
Mən dururam,
keçir gözümün önündən zaman.
Sonra gəlib çatır o an.
Zaman durur ,
mən keçirəm.
Bir kəpənəyin qanadıyla
yarıram zamanı.
Bir quşun gözlərində
Göy üzünü gəzirəm.
Arxama baxıram ki,
nə duran var,
nə keçən.
Duran da mənəm,
keçən də.
Zaman deyə gördüyüm
bir az torpaq,
biz az mən.
Bəzən torpaq, bəzən mən.

HƏSRƏTƏM GÜNƏŞƏ

Qardan adamlara xidmətimin bədəli,
yığıb saxladığım qardır bir yığın
bu illər ərzində .
Elə ki, bir rüzgar gördü,
qar fırtınaları əsər içimdə.
Göz gözü görməz.
Ayazlı gecələrdə donub qalıram,
günəşdən də qorxuram,
əridər yığdıqlarımı.

BU EŞQ DƏ BİTƏCƏK BİR GÜN

Bilirəm, bu eşq də bitəcək bir gün.
Bir eşq necə bitərsə, elə o cür.
Pozulacaq sehri ömrün,
reallığına dönəcək hər şey.
Dünyanın düzəni düzələcək,
dönərkən sürgündən
bir- bir sərraf ustalar.
Nə var ki,
mənsiz doğacaq günəş.
rüzgar mənsiz əsəcək.
Tək başına dönəcək dünya,
kim necə bilirsə, elə.
Yenə də yığaraq bütün eşqləri,
özümü və dünyanı
Sənin gül üzünə tərəf döndərmək
azdırmı?
Və dünyanın buludunu
bir cüt gözə sığdırıb,
baxışlar göndərmək
yağmur dadında
azdırmı, sevgilim.
Bilirəm, bu eşq də bitəcək bir gün,
və mən baş götürüb gedəcəm,
bir şair necə gedərsə elə.

DEYƏK Kİ ÖLDÜK

Deyək ki öldük.
Olsun,
hər kəs ölür.
Amma baxışmalar nə olacaq.
Dup- dup ürək döyüntüləri,
səni sevirəm demələr,
sonra hey gözləmələr,
darıxmalar nə olacaq.

Deyək ki, öldük.
Olsun,
hər kəs ölür.
xəayala dalmalar nə olacaq sonra.
Uzaqlara getmələr,
ikiyə bölünmüş pəncərə şüşəsindən
boylanan təbəssüm,
hüznlər nə olacaq.

Rüzgar necə olacaq,
günəş, ay, ulduzlar,
buludlar nə olacaq.
Hey sənin üçün
yağışlar altında dayanmaq,
onlar nə olacaq.

Deyək ki, öldük.
Olsun,
hər kəs ölür.
Məni incidə bilməyəcəksən,
Sındıra bilməyəcəksən heç.
Sən nə edəcəksən,
ona yanaram.
Deyək ki, öldük.

İŞARƏ

Kaş ki, işarələr
qoyardım yollara.
İndi mən
azmadan
Necə dönərəm geriyə,
özümə.

Şeirləri dilimizə çevirən: şair Nazilə GÜLTAC

Şəki məni sevərmi görən? - ŞeirlərБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930