manera.az
manera.az

“ Sərgüzəşti-vəziri-xani-Lənkəran ” Mingəçevir teatrının səhnəsində

📅 02.10.2017 10:18

“ Sərgüzəşti-vəziri-xani-Lənkəran ”  Mingəçevir teatrının səhnəsində
Bu gün danılmaz bir faktdır ki, bəşəri ideyalı pyeslər heç zaman ölmür. Dövrünün, zamanın ən aktual mövzuları ilə hər zaman yaşardır. Klassik dramaturgiya nə qədər öz dövrü üçün aktual olan məsələləri işıqlandırmış olsa da bu gündə maraqla izlənilir və tamaşaçılar tərəfindən sevilir. Səhnəyə gətirilən hər bir yeni əsər müasir Azərbaycan teatrında yeni rejissor traktofkası ilə daha da maraqla izlənilir. Hər bir rejissor öz quruluşunda yeni səhnə məziyyətlərilə mövzunu müasir dövrümüzlə bir daha əlaqələndirməklə bu kimi pyeslərə yeni bir ruh gətirir. Beləliklə klassik dramaturgiya öz aktuallığını qoruyub saxlaya bilir.

Mirzə Fətəli Axundzadə 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuş və Şərq aləmində dram yazmağın ən gözəl nümunəsini göstərə bilmişdir. Danılmaz bir faktordur ki, türk-müsəlman dünyasında dramaturgiya məhz Mirzə Fətəli Axundzadə əsərlərinin ənənələri işığında inkişaf etmişdir. Məhz Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranmışdır. 1873-cü ildə böyük mütəfəkkir Həsənbəy Zərdabi Nəcəf bəy Vəzirovla birlikdə Bakı məktəblərinin birində məşhur “ Hacı Qara ” əsərinin tamaşasını göstərməklə Azərbaycanda, eləçə də ümumən türk-müsəlman aləmində ilk teatr hərəkatının əsasını qoymuşdur. Mirzə Fətəli Axundzadənin komediyalarında Azərbaycan qadınlarının timsalında ilk dəfə Şərq qadınlarının səhnə obrazları böyük ustalıq və məharətlə yaradılmışdır. XIX əsrdə teatr səhnəsində Azərbaycan qadınının səhnədə kişilərlə birlikdə gülüb danışmasını göstərmək çox böyük hünər tələb edirdi. Zamanına görə məhz bu böyük işi də Mirzə Fətəli Axundzadənin əsərlərini səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri həyata keçirə bilmişlər. Təsadüfi deyil ki, Mirzə Fətəli Axundzadənin yaradıcılığı Avropa ədəbiyyatşünaslarının və teatrşünaslarının diqqətini çox tez cəlb edə bilmişdir. 1852-ci ilin avqustunda Alman jurnalı olan Magazin für die Literatur des Auslandes ( Xarici ədəbiyyat jurnalı – A.B ) yazırdı: “ Fikirləşmək olardı ki, Transqafqazın müsəlman əhalisi İslam ruhuna uyğun olaraq belə yeniliklərə ( teatra – A.B ) hələ uzun zaman yad qalacaqlar, lakin onların arasından qəflətən dramatik dahi meydana çıxdı, Tatar Molyeri, hansının ki, adı onun ölkəsinin sərhədlərindən kənarda da diqqətə layiqdir. O Mirzə Fətəli Axundzadədir ”.

Mirzə Fətəli Axundzadənin “ Sərgüzəşti-vəziri-xani-Lənkəran ” komediyası ilə 1873-cü ildə milli teatrımızın bünövrəsi qoyulmuşdur. Bu komediyaya müxtəlif illərdə, müxtəlif yozumlarda səhnə həyatı bəxş edilmişdir. Bu günlərdə Mingəçevir Dövlət Dram teatrı Milli Teatrımızın 144-cü il dönümü münasibətilə özünün 49-cu teatr mövsümünün acılışında da teatrsevərlərin qarşısında məhz bu komediya ilə çıxış etmişdir. Hər zaman müasir olan “ Sərgüzəşti-vəziri-xani-Lənkəran ” komediyası Mingəçevir teatrının səhnəsində baş rejissor, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin quruluşunda tamaşaçılara yeni səhnə traktofkası ilə təqdim edilmişdir. Tamaşa Xəzər Gəncəlinin quruluşunda milli kolorit, şən yumorla yanaşı, XVIII əsrdə hökm sürən idarəçilik üsul-idarəsinə sarkazmla işarələr vurur, dövrün, zamanın qisas, qorxu və ədalətsizlik üzərində bərqərar olmasını göstərə bilir. Rejissor ilk səhnələrdən tamaşaçının diqqətinə çatdırır ki, Xan sui-qəsd xofu ilə yaşayır və hətta bu qorxu digərlərinə də sirayət etməkdədir. Pərdə acılarkən səhnə böyük bir izdihamla nümayiş olunur. Sanki hər kəs öz işindəimiş kimi görünməyə calışır. Xanın ətrafı və yalanlarla dolu bir dünya. İlk andaca rejissor hər bir obrazı sujet xəttinə uyğun olaraq təqdim edir, səhnədə obrazlar daha canlı və dolğun görsənir.
Tamaşanın əsas qayəsində cərəyan edən hadisələrdən məlum olur ki, vəzir Mirzə Həbib ( aktyor Asim Məmmədov ) öz vəzifəsini qorumaq üçün baldızı Nisə xanımı ( aktrisa Aytən Allahverdiyeva ) Xana ( respublikanın əməkdar artisti Şıxı Yaqubov ) ərə vermək fikrindədir. Nisə xanım isə Xanın qardaşı oğlu Teymur ağanı (aktyor Paşa Salmanov) sevir. İki arvadının, qaynanası Pəri xanımın ( respublikanın əməkdar artisti Ella Yaqubova ) və baldızı Nisə xanımın kələkləri Mirzə Həbibi gülünc vəziyyətə salır.
Respublikanın əməkdar artisti Şıxı Məmmədovun ifasında Xan obrazı səhnədə özünəxas cizgilərilə diqqət mərkəzində dayanır. Aktyor öz ifasında obrazın ideya-bədii təqdimatını maraqlı ifası ilə təqdim edə bilir. Belə ki, xanın hər zaman məmləkətə dırnaqarası ədalətlə baxış və idarəetmə üsulları aktyorun ifasında tamam fərqli bir rakursda yanaşılmaqdadır. Şıxı Məmmədov səhnədə bir az da həyacanlı və qorxaqdır. Bu həyacan və qorxaqlıq hər zaman onun sui-qəsd xofu ilə yaşamasını əyani göstərə bilir. Xanın şikayətcilərin mürciətinə baxışı belə qisasçılıq zəminində qərarların verilməsi ilə ədalətin bərpasını tərənnüm edir. Aktyor səhnədə hər an hərəkətdədir. Bu hərəkət obrazın bədii üsul və vasitələrlə acılması baxımından maraqla izlənilir.

Respublikanın əməkdar artisti Ella Yaqubovanın yaratmış olduğu Pəri xanım obrazı isə tamaşaya başqa bir aləm qatır. Aktrisanın məharətli ifası bir daha səhnədə tərəfmüqabillərinin obraz üzərində necə işləməyin yollarının acıqlanması baxımından diqqəti cəlb edir. Aktrisanın səhnədə olan hər bir mizanı rejissor traktofkası ilə eynilik təşkil etməklə obrazın daha da maraqla qarşılanmasına səbəb olur. Həmçinin xüsusi bir ləhcə ilə səhnədə danışıq tərzi Pəri xanım obrazının uğurlu səhnə taleyindən xəbər verir. Qorxaq, iş bacarmaz həm də yaltaq vəzir kimi tanınan Mirzə Həbib kimilərinin əməllərinin ifşa edilməsi üçün aktrisa respublikanın əməkdar artisti Ella Yaqubova Pəri xanım obrazında maraqla qarşılanır. Hətta Pəri xanımın respublikanın əməkdar artisti Ella Yaqubovanın səhnədə caduya inanaraq mollaya getməsi və bununla da kürəkəni Vəzir Mirzə Həbibi də inandırmaq istəyi vəziyyətlərin dəyişməsi konseptində maraqla izlənilir.

Vəzir Mirzə Həbib obrazını aktyor Asim Məmmədov ifa edir. Onun səhnəyə hər bir gəlişi obraza xas ştrixlərlə göstərilir. Aktyor səhnədə yalanlar üzərində qurulan dünyasına inanmaqla Vəzir Mirzə Həbib obrazını rejissor traktofkasına uyğun olaraq təqdim edə bilir. Onun hadisələrin cərəyanında ikinci xanımı olan Şölə xanım üçün yeni bir bayramlıq paltarın şifariş etməsi təklifi ailə münaqişəsinin daha da gərginləşməsi fonunda maraqla baxılır. Bu gizli sövdələşmədən xəbər tutan Ziba xanım ( aktrisa Elmira İbrahimova ) iki qadın arasında Vəzir Mirzə Həbibin daxili aləminin acılmasında əsas amillərdəndir. Mirzə Həbib Şölə xanımın yalan və iftiralarına hər zaman inanaraq Ziba xanımı günahkar bilir. Hətta Xanın qardaşı oğlu Teymur ağa ( aktyor Paşa Salmanov ) belə baldızı Nisə xanımın ( aktrisa Aytən Allahverdiyeva ) görüşünə gəlsə də həyat yoldaşı Şölə xanımın fitnəsilə Ziba xanımla görüşürmüş kimi təqdim edilir. Bu da hadisələrin daha da gərginləşməsi fonunda səhnədə maraqla izlənilir. Aktyor Asim Məmmədov Mirzə Həbib obrazının dəqiq və daxili görüntülərinin xüsusi ştrixlərini böyük ustalıqla təqdim edə bilir.
Hər dəfə səhnədə maraqla baxılan iki obraz da diqqəti cəlb edir. Bu obrazlar Ziba xanım və Şölə xanım obrazlarıdır. Tamaşanın quluşuçu rejissoru Xəzər Gəncəli bu obrazları maraqlı ştrixlər fonunda təqdim edir. Belə ki, Şölə xanımın fitnə-fəsadı, Ziba xanımın isə həqiqətləri üzə cıxarmaq istəyi obrazların daxili aləminin acılmasına kömək edir. Ziba xanım obrazını aktrisa Elmira İbrahimova səhnədə hadisələrin cərəyanı fonunda hər zaman diqqət mərkəzində saxlaya bilir. O, Mirzə Həbibə baş verən hadisələrin dürüst formada catdırılmasına calışsa da Şölə xanımın fitnə-fəsadı buna imkan vermir. Mirzə Həbib isə cavan və gözəl olan Şölə xanımın bu fitnə-fəsadı qarşısında çox acizdir. Şölə xanım aktrisa Könül Hacıyeva səhnədə iti baxışları ilə hər zaman Mirzə Həbibi öz yalanlarına inandıra bilir. Bu iti baxışlar aktrisanın ifasında səhnədə xüsusi bir detal kimi oynanılır. Bir faktı da xüsusi olaraq qeyd etmək istəyirəm ki, aktrisa Könül Hacıyeva rejissor tərəfindən ona tapşırılan obrazın mahiyyət etibarı ilə daha dəqiq ştrixlərlə catdırılmasına müvəffəq ola bilmişdir.
Nisə xanımı obrazını ifa edən gənc aktrisa Aytən Allahverdiyeva öz sevgisinə sadiq olan və hər an bu sevgisi üçün carpışan bir obraz olaraq diqqət mərkəzində olmağı bacarır. Onun səhnəyə hər gəlişi bir şuxluq və məhəbbət gətirir. Gənc aktrisa Aytən Allahverdiyeva Nisə xanım obrazında həmçinin Şölə xanımın fitnə-fəsadına rəğmən yalanlar bataqlığında batır. Vəzir Mirzə Həbibin ətrafında cərəyan edən hadisələr fonunda Nisə xanım da öz rolu var. Rejissor tərəfindən verilən hər bir mizan gənc aktrisa Aytən Allahverdiyeva tərəfindən dəqiq məziyyətlərilə təqdim edilməklə baxılır və sevilir.
Tamaşada əsas obrazlardan biri də Xanın qardaşı oğlu Teymur ağa obrazıdır. Gənc aktyor Paşa Salmanov tamaşanın ilk səhnəsindən diqqəti cəlb edir. Onun Xandan qisas almaq istəyinin reallaşması tamaşanın kluminasiya nöqtəsini təşkil edir. Xanın dəryada batırılması, Teymur ağanın taxt-taca sahib olması həm də varislik və qisas hissinin obraz üzərində nə qədər böyük olduğunu göstərə bilir. Aktyor iti baxışları, səlist danışığı və səhnə hərəkətlərilə rejissor mizanlarının dəqiq formada oynanılmasını göstərə bilir.

Həmçinin tamaşada aktyor Aydın Quliyevin Hacı Salah və gənc aktyor Ceyhun Əhmədovun Xacə Məsud obrazları da hadisələrin fonunda diqqət mərkəzində olmağı bacarır və maraqla baxılır.
Tamaşanın quruluşçu rejissoru, Mingəçevir Dövlət Dram teatrının baş rejissoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəli öz quruluşu ilə Mirzə Fətəli Axundzadə ideyalarına, dramaturgiyanın ali məqsədinə və xüsusilə ana xəttinə sadiq qalaraq müasir dövrümüzə səslənməklə səhnədə yeni bir sintez təşkil edə bilmişdir. Pyesin təlqin etdiyi fikrə görə, baş verən hadisələr yalnız bir cənub şəhərində deyil, xanlıq üsul-idarəsi olan dünyanın hər bir ölkəsində, hər bir dövrdə və zamanında baş verə bilər. Məhz rejissor Xəzər Gəncəli bu ideyaya sadiq qalaraq pyesin əsas qayəsini diqqət mərkəzində saxlamaqla aktyorların ifasında yeni bir rejissor traktofkası təqdim edə bilmişdir. Rejissor tərəfindən verilən mizanlarda səhnədə olan hər bir detal belə vəziyyətlərin inkişafı fonunda oynayır, quruluşlarda süstlük və sakitlik yoxdur. Obrazlar hər an hərəkətdə və maraqla qarşılanır. On doqquzuncu yüz ilin saray mühitində baş verən ictimai-siyasi hadisələrinə ayna tutan “ Sərgüzəşti-vəziri-xani-Lənkəran ” komediyası Xəzər Gəncəlinin uğurlu səhnə taleyi bəxş etdiyi rejissor işi kimi dəyərləndirilməlidir.
Tamaşanın uğurlu taleyi həmçinin rəssam Kəmalə Əsgərova tərəfindən verilən maraqlı səhnə tərtibatı ilə də üzvü şəkildə bağlıdır. Kəmalə Əsgərovanın vermiş olduğu tərtibat həmçinin zəngin milli geyimlərimizə olan xüsusi diqqət və bununla da aktyorların koloritli oyunları baxış zamanı bizi XVIII əsrin sonlarına XIX əsrin əvvəllərinə aparan tamaşa problematikası və ideya-bədii təqdimatı etibarilə çox böyük təsir güçünə malikdir. Həmçinin Elnur Rəsulovun musiqi tərtibatı bu səhnə problematikası və ideya-bədii təqdimatının açılmasına böyük təkan vermiş olur. Səhnə tərtibatı və musiqi zənginliyi pyesin ideyası ilə eynilik təşkil etməklə rejissor traktofkasının tamaşaçıya catdırılması rakursunda maraqla izlənilir.

Anar Bürcəliyev,
Teatrşünas



Baxış sayı - 5 667 | Yüklənmə tarixi: 02.10.2017 10:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031