manera.az
manera.az

Bir sentyabrın sürüşməsi...

📅 01.09.2017 09:00

Bir sentyabrın sürüşməsi...
Yazmaq istədiyim, alınmayan bayram ovqatlı yazı

Çoxdandı Molla Pənaha rəhmət oxumurdum. Başım qarışmışdı öz dərdlərimə, öz problemlərimə. Amma indi həyatın axarı, günün ovqatı, bir də içində olduğumuz durum məni məcbur edir 300 il bundan öncə yaşamış Molla Pənah Vaqifin ruhuna bir rəhmət oxuyum, bir salavat çevirim. Düzdü, ondan gətirəcəyim sitat tamam fərqli ovqatla, fərqli niyyətlə və fərqli bir bayram üçün yazılıb. Amma nə fərqi var ki, bayram bayramdı da. Doğrudu, hərdən deyirlər ki, kasıbın süfrəsində nə vaxt ruzi oldu, həmin gün onun üçün bayramdı. Amma bir el qınağı da var də. Əgər məmləkətdə, məhəllədə, divar qonşunda hamı bayram ovqatı yaşayırsa, hamı bayramdan danışırsa, kasıb da heç olmasa üz-gözünə iynə ucu boyda bayram təbəssümü çəkməlidi. Ən azından evdəki cocuqların xatirinə. Nə isə...

Qayıdıram yenə Molla Pənaha tərəf və təkrar bir salavat çevirib xatırlayıram məşhur misrasını:

Bayram oldu heç bilmirəm
neyləyim...

Şeirin ardını yazmıram, istəsəniz zəhmət çəkib, axtarıb, tapıb oxuyarsınız. İstəməsəniz, yenə canınız sağ olsun. Yəni bu şeirsiz də bayram keçirmək olar. Amma baxır necə də. Biri var qurban kəsməyə, qurban əti almağa, qurban bayramı süfrəsi açmağa imkanın, həvəsin ola, biri də var bunu ancaq xəyal edəsən... Və nəhayət, lap biri də var ki, o da gözlərini yummaq, qulaqlarını qapamaqdı ki, unudasan bu bayram deyiləni, bu bayram ovqatını, bu bayram gününü!..

Eh, unut görüm unuda bilirsənmi?! Sən unutsan da evdəki oğul-uşaq, nəvə və bir də məhəllənin yuxarı başında, özü də yolun sağında və solunda üzü qibləyə kəsilən, alnına qırmızı rəng vurulmuş qoyunların, quzular mələrtisi unutmağa imkan verməyəcək... Nə isə...

Bəli, sentyabrın ilk günü indi məni m yaddaşımda Qurban bayramı kimi naxışlanır. Amma 1966-cı ildə ilk dəfə yaddaşıma 1 sentyabr dərs ilinin başlanğıcı kimi yazıldı. Məhz həmin gün əlimdən tutub məni məktəb aparan nənəmin arxasında gizlənməyə çalışırdım. Çünki onda məktəb də, müəllimdə başqa bir dünya idi. adama elə gəlirdi ki, möcüzələr, sirlər dünyasına qədəm qoyur. Çünki özümüzdən böyüklər məktəbdən, müəllimdən elə həvəslə danışırdılar ki, ürəyimiz atlanırdı. Müəllimi yolda görəndə tez istiqamətlərini dəyişirdilər... papaqlarını başlarından götürürdülər... müəllimin çörək yediyinə kimsə inanmırdı... müəllimin siqaret çəkdiyini kimsə görmürdü... təbii ki, söhbət şagirddən gedir... Burda ürəyimdən məşhur tamaşalarımızdan biri olan "Evləri köndələn yar"da Şakir Şəkəroviçin dediyi cümləsi gəlib keçir:

- Eh, keçən günlər, keçən günlər!

Doğurdan da keçən günlərin acılı-şirinli xatirələri hərdən mənə, daha doğrusu, ümidlərimə yavanlıq olur. Elə bilirəm ki, həmin o xatirələr bir loxma quru çörəyimin üstündəki şordu, pendirdi. Və beləcə, özümü ovuduram, başımı qatıram. Neyləyim, mən də həyatın bu üzündə dayanıb o biri üzünü haqq edənlər üçün sevirəm, arzulayıram. Özü də ürəyimə, fikrimə paxıllıq deyiləni gətirmədən. Axı nə olur-olsun, hər kəs öz çörəyini yeyir. Bəzən deyirlər ki, "səni çörək tapmayasan". Bu qarğışı edənlər unudur ki, çörəyi tapmaq kimi bir düşüncə yanlışdır. Çörəyi ya qazanırlar, ya da o qazanca Allah şərait yaradır, qapı açır, dəstək yaradır, başqa heç nə. Başqaları Allahın hökmünü müəyyən mənada gerçəkləşdirməkdə vasitəçilik edir. Qalanlar isə Allahla bəndə arasında olur. Bax, bu günün özündə də hər an xatırladığım, yazı-pozu dünyamda özəl izləri olan rəhmətlik, ilk redaktorum Əlisəfa Məmmədov, mənə söz dünyasında dəstək vermiş rəhmətlik Hüseyn Arif, Əlfi Qasımov, unudulmaz Nüsrət Kəsəmənli, həyatıma işıq salmış Nəriman Zeynalov... Mən bu insanları qələmlə qazandığım çörəyimin xeyir-duaçıları sayıram. Yəni Allahım onları mənim qarşıma çıxarmaqla mənə yardımçılar, himayədarlar, qayğımı çəkənlər timsallı kişilərin mövcudluğunu da göstərdi, sübut etdi...
İndi öz-özümə fikirləşirəm. Görəsən, Qurban bayramı bu il sentyabr ayının 1-nə düşməsəydi, onun nə vaxtsa dərs ilinin başlanğıcı olduğunu kimsə xatırlayaqdımı?! Burda söhbət mənim, sizin dövrünüzdən, birgə təhsil aldığınız həmyaşıdlarınızdan getmir. Söhbət ümumiyyətlə, tarixin bəzən lüzumsuz yerə dəyişdirilməsindən, onun unudulmasına cəhd, maraq göstərməsindən gedir. Axı, sentyabrın 1-ni sentyabrın 15 ilə əvəz etmək nəyi dəyişdi ki? Təhsildə hansı inqilab etdi? Bəlkə doğrudan nəsə dəyişib, mənim xəbərim yoxdu. Sağda, solda, yuxarıda, aşağıda nə dəyişir dəyişsin, mənim üçün dəyişməyən bir şey var - o da təhsilin özüdü, o da məktəbin özüdü, o da tədris olunan elmdi, bilikdi, əxlaqdı. Çox təəssüf ki, son illərdə bu sahədə heç də hər şey yerli-yerində deyil. Əksinə, yerində olanlar da indi yerindən sürüşdürülüb, oynadılıb. Hələ nə qədər də sürüşdürülüb oynadılacaq. Deməli, düşünməli, halına acımalı məsələlər qalmaqda davam edir. Ona görə də mən kəsilən qurbanların qəbul olunması istəyi ilə, ricası ilə Allahıma üz tutub demək istəyirəm ki, yaxşı ki, xatirələr var... yaxşı ki, o xatirələr bizi dünənə bağlayır və o dünəndə biz, yəni Sən və mən də varıq. Ona görə də yenə üzümü Sənə tuturam:

Çətindi tək qalmaq, tək də oturmaq
Xəyal kömək etmir, şəkilsə susur...
Sevginin işidi ümid gətirmək -
Vəkilim ürəkdi! - vəkilsə susur...

Dolur gözlərimə ulduzsuz ge cə
Barmaq arasında tütün közərir...
Sanki sıxışdırıb məni bir küncə -
Tənhalıq sonuncu gücün göstərir...

Bir boşluq içində qalmışam yəni
Nə əlim əldədi, nə özüm yerdə...
Bircə telinə də saymırsan məni -
Bəs onda mən necə de, dözüm yerdə?!

***
Hər dəfə yazı masasına və yaxud da bilgisayara yaxınlaşanda elə bilirəm ki, yazacağım bu yazı həyatımda nəyisə dəyişəcək, hansısa bir iz qoyacaq. Üstəlik, onu da fikirləşirəm ki, bu yazı yəqin ki, kimlərəsə, oxucuya da iynə ucu təsəlli olacaq və yaxud nəyisə xatırladacaq. Bax, bu inamla yazıdığım bütün yazılarımın mənim həyatımda nəyi dəyişdiyini görürəm. Duyuram, daha doğrusu, onu yaşayıram. Yəni yazılarım bir anlıq da olsa mənə rahatlıq gətirir, ürəyim boşalır və onun bir anlıq dinclik tapması bütün varlığıma, hətta ruhuma da sanki su çiləyir. Bunu yaşadığımdan məmnun qalıram. Amma oxucularım barəsində bircə onu deyə bilərəm ki, ara-sıra gələn telefon zəngləri və bir də internetdə yazdıqları 2-3 sözlük münasibətləri məndə illərdən bəri tutduğum yola daha sadiq olmaq istəyimi formalaşdırır. Bir az da aydın ifadə eləsəm, bir-iki oxucu münasibəti məni yazmağa həvəsləndirən amillərdən biri olur. Və bugünkü yazım bayram ovqatlı olmasa da, amma xatirə yaddaşına qığılcım salacaq bir istəyin ifadəsidir. İndi kimin yaddaşına qığılcım düşəcək, bilmirəm, o tamam fərqli bir mövzudu. Mən isə elə bu qığılcımın alova çevrilməsini gözləmədən həyatın yaşantılarını sıraya düzməyə, növbələşdirməyə çalışıram. Təbii ki, bu çalışmaq sözünü, fikrini bu yerdə mən məcazi mənada işlədirəm. Ona görə ki, nə gücüm həmin o xatirələrini danışdığım gücün eynidi, nə imkanım, nə də heç zaman da o zaman deyil. Ona görə də siz də çox dərinə getməyin. Və bir də özünüz yəqin ki, oxuyub eşitmiş olarsınız. Axı hərdən deyirlər, "inanma şair sözünə". Bax, bu da belə, mən özümü sığortaladım. Siz isə...
Tam səmimi deyəcəm. Yazının bu nöqtəyə qədər olan hissəsini başqa bir ovqatla yazmağa köklənmişdim. Və elə həmin ovqatla da yazırdım. Sonra telefonuma zəng gəldi... sonra xəstəxanaya qaçdım... sonra bu qəzetdə hamıdan çox yük çəkən bilgisayar mərkəzinin sahiblərindən olan (bu sözü xüsusi vurğulayıram. Çünki onunla nə gənclik, nə qocalıq dilində danışmaq olmur. Onunla danışmaq üçün sadəcə işini görməlisən və bir də sıranı pozmamalısan. Yoxsa vəziyyət qarışacaq. Ona görə də Şamxal bəyin adını ehtiyatla çəkirəm - Ə.M.) Şəxsiyyətin hüzuruna getdim. Birlikdə bu sayın səhifələrini nizama saldıq. Deməli, ötüb keçən bu iki-üç saatdan sonra yenidən qayıtdım bilgisayar arxasında əyləşib üz-gözündən yorğunluq və əsəb tökülən, aradabir də gözünün ucu ilə saata baxan Gülər xanımın hüzuruna... Başa düşdüm ki, Gülər xanımı əvvəlki ovqata gətirmək üçün mütləq sözümə, dilimə ən azından İsmayıllı balı qatmalıyam. Ona görə də başladım bir sevgi şeiri oxumağa:

Arxamca su atırsan
Kirpiyinin ucuyla...
Necə ayrılıb gedim -
Söylə, mən bu acıyla...

Ürəyim paralanır
Fikrim qalır yanında...
Əlim, gözüm axtarır -
Səni hər bir anımda!..

Kirpiyinin nəmini
Təbəssümünlə qurut!
Ayrılıq kəlməsini -
Sən bir dəfəlik unut!..

Təbii ki, bu sevgi şeirindən sonra Gülərin də, mənim də ovqatımda azacıq dəyişiklik baş verdi. Hiss etdim ki, məni sözə bağışladı. İndi o artıq əvvəlki halına qayıtmışdı, elə mən də!..
Hə, sabah Qurban bayramıdı. Təbii ki, bu sözü ilk çalarını, ilk istiliyni biz anamızın dilindən eşitmişik. Analarımız övladlarına "qurban olum" söyləyib, "boyuna qurban" deyib. Zaman keçdikcə biz bu sözün digər laylarına da baş vurmuşuq, qatlarını vərəqləmişik. Biz də sevdiklərimizə, sevənlərimizə özümüzü qurban demişik. Ən vacib məqamda isə özümüzü də, övladımızı da, malımızı-mülkümüzü də Vətənə qurban söyləmişik.
Mən bu yerdə müqəddəs bayramlardan olan Qurban bayramına toxunmuram. Onun mahiyyəti də, onun inancı da və nəhayət, onun bağışladığı gerçəkliklər də mənə məlumdu, az-çox bilirəm. Sadəcə, bugünkü bayramı qarşılamaq, onun nurunu, bərəkətini, halallığını, dünyamıza, eləcə də ailəmizə bağışlamaq gücümün olmaması məni sıxır. Və bu sıxıntı içərisində qəlbən, ruhən ağrısam da, ümidimi itirmirəm. Düşünürəm ki, nə vaxtsa bizim də məhəllədə toy olacaq, nə vaxtsa biz də o hikmətlərdən, o inanclardan yararlanacağıq. Ona qədər isə içimdən gəlib keçən misraları sizə söyləmək istəyirəm.

Hələ də güc gəlir, hələ də ütür
Günlərin, ayların istisi məni...
Əlimdən özün tut - sən özün ötür -
Qoyma kor eləsin tüstüsü məni!..

Sevgi xəstəsiyəm, Məcnun hallıyam
Bilinmir sabaha qalıb, qalmayam?!
Hər gün bu quyuya kəndir sallayam -
Hər gün də incidə "bəsdi!"si məni!..

Həsrət əlindədi hələ də yaxam
Buludla ağlayam, şimşəklə çaxam...
Gözüylə boylanam, gözüylə baxam -
Yaşada bu kəsmət kəsdisi məni!..

Fırlanır taleyim fələk pərində
Yaram görünmür ki?! - yaram dərində...
Köçürə dünyadan günün birində -
Dədə Süleymanın "Dəşti"si məni!..

Bəli, elə bu bayram ovqatına yaraşmayan, amma öz içimdə, öz dünyamda özümü qurban dediyim hər kəsə və dəyərli oxuculara "bayramınız mübarək!", "qurbanlarınız qəbul olunsun!" deyirəm.


Baxış sayı - 1 363 | Yüklənmə tarixi: 01.09.2017 09:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031