manera.az
manera.az

Böyüklük görüntüsü... -

📅 26.08.2017 09:30

 Böyüklük görüntüsü... -

Maddiyyat onun üz örtüyünü açır

Dünyanın «quyruğu» uzundu deyirlər. Amma buna baxmayaraq, bu «quyruq»dan yapışmaq hər adama nəsib olmur. Əksinə, dünya bəzən hər adama «quyruq» göstərir. Özü də elə yerdə, elə məqamda ki, Allah bəndəsi heç nəfəs dərə bilmir, sadəcə susub qalır. İndi mən də «quyruğu» uzun olan dunyanın bir nöqtəsində susub qalmışam. Susmağımın səbəbi kimlər üçünsə adi görünə bilər, hətta gülüş də gələ bilər. Amma neyləyim ki, hər kəsin çəkdiyi özünün gücü yetən qədər olsaydı… Təəssüf ki, bu belə deyil. Diqqətli oxucu xatırlaya bilər: Çingiz Aytmatovun «Gün var əsrə bərabər» və Yusif Səmədoğlunun «Qətl günü» əsərlərinin demək olar ki, hər ikisində oxşar nöqtə var. Bunu mən öz oxucu mülahizəmə əsasən deyirəm. O nöqtə də belədir:

- DƏRD GƏLƏNDƏ BATMANLA GƏLİR!..

Doğrudan da belədi. Dərd bir yaxanı tanımasın. Tanıdısa, şirəsini sovurub cecəyini çıxarmayana qədər əl çəkməyəcək. O nöqtədə əl çəkəcək ki, həmin nöqtəyə bəzən şairanə bir şəkildə SON deyirik. SON isə özü-özlüyündə hər şeyi deməklə növbəti başlanğıcı da gündəmə gətirir. Amma necə, nə cür, bunu izah eləməkdə mən acizlik çəkirəm. Çünki başlanğıclar hamısı Tanrının qələmiylə yazılıb. Elə qələm demişkən, bu günlərin söhbətidi. Bir dəyər verdiyim, sözünə, özünə, şəxsiyyətinə böyük sevgi bəslədiyim söz adamlarından biri gözləmədiyim halda belə bir fikir səsləndirdi ki, yumuşaq desək, ayağımın altından yer, başımın üstündən göy qaçdı. Və heyrət içində düşündüm ki, bu qədər maraqlı, həm də adamın ruhunu oxşayan yazıların müəllifi nədən maddiyatı mənəviyyatın üstündə görür… Nədən gödəniyyəti mədəniyyəti tapdalayıb keçir. İnanın ki, indinin özündə də sadə dildə desək, qəpik-quruşu çox şeylərdən üstün görən, gərəkli sayan bu qələm adamı mənim üçün həmin gündən öz mövcudluğunu itirdi. Daha doğrusu, özü öz «sim-sim»ini açıb qoydu ortaya. Məndə anladım ki, müdriklər çox gözəl deyib «hər parıldayan qızıl deyilmiş!». Elə bu yazını da mənə yazdıran əslində mədə ilə mədəniyyət arasındakı mübarizədə itirdiklərimin həyatımda buraxdığı izlərdi. Hərdən o izlərin tozunu silmək gəlib keçir ağlımdan, amma əlim gəlmir, qolum qalxmır. Düşünürəm ki, bu gücsüzlüyün özü də bir yazıdı, bir qismətdi. Doğrudur, itirdikcə yaralar artır, amma o yaralar həm də dərs verir. Təəssüf ki, mən orta məktəbdə nümunəvi olsam da, həyat məktəbində heç nə öyrənə bilmədim. Bəlkə də bunun bir günahı da mənə həyatı öyrətməyənlərindi. Məktəb kitabında yazılanları canıma hopduranların günahıdı. Sən demə, hansısa riyazi termini, düsturu və yaxud da kimyadan, fizikadan bir laboratoriya işini öyrənmək heç nə deyilmiş. Bunu əzbərləmək də mümkündü. Amma həyatda insan tanımaq, insanlara dəyər vermək, mənəvi biliklərin əlifbasını öyrənmək… bu isə tamam fərqli bir elmdi. Çox təəssüf ki, bu elm zəif tədris olunur, bəlkə də heç olmur. Nə isə…
Hə, mən adamların iç dünyasını öyrənib axtardığım işığa tuş gəlməyəndə həmin o batmanla gələn dərdin ağırlığı altına düşürəm. Onda yaşadığım sarsıntı uzun müddət məni tərk etmir. Yaxşı ki, duyanım, dəyər verənim, oxucum və bir də Sən varsan. Onda üzümü sizlərə tuturam. Yaşadıqlarımı misralayıb sizə oxuyuram. Düzdü, bununla mən özümü bölüşsəm də, sözümü bölüşsəm də sizə də müəyyən ağırlıq yüklədiyimi anlayıram. Amma neyləyim ki, adamın ya gedən yeri olmalıdı, ya da gözləyəni. Mənim gedən yerim yoxdu. Daha doğrusu, gedəcəyim yer düşmən əlindədi, gözləyənim isə sizlər və Sənsən. Ona görə də siz də mənə dözməlisiz, elə Sən də!

Əzab nədir? – həyatın
Acısını yaşamaq…
Kədər nədir? – özünü
Öz çiynində daşımaq…

Sevinc nədir? – ürəyi
Baxışlardan oxumaq…
Sevgi nədir? – yenidən
Öz bətnində doğulmaq…

Vüsal nədir? – özünü
Bənövşə tək qoxumaq…
Həsrət nədir? – sevginin
Göz yaşında doğulmaq…

Ömür nədir? – özünü
Eşq oduna tuş etmək…
Zəhəri də bal kimi -
Bilə-bilə nuş etmək!..

***

Yazımın bir məqamında toxunduğum mətləbi uzun müddət unutmadığımı söylədim. Və hətta unuda bilmədiyim həmin məqama indi sizə oxuyacağım misraları həsr etdim. Bilmirəm, ona çatacaq, yoxsa yox, amma şıltaq uşaqların ərköyüncəsinə dediyi fikrə bənzər bir nüansla mən də deyirəm ki, çatsa da, çatmasa da yazmışam. Yəni yazmışam ki:

Vaxt-vədəsi dən kimi
Qəfil gələn çən kimi…
Aldadırsan sən kimi -
Küsdüyüm adam?!

Özün yazıb bəlamı
Topa tutdum qalamı…
Yarı yolda salamı -
Kəsdiyim adam!..

Torpaq kimin üstündə
Kim torpağın üstündə…
Yarpaq kimi üstündə -
Əsdiyim adam?..

Bax, elə mənim bu özüməməxsus fəlsəfəm nə qədər orijinaldı, deyə bilmərəm. Amma tam əminəm ki, torpağın hər üzü üst qat sayıla bilər - ölən üçün də, diri üçün də. Çünki yeganə hər şeyi udmaq qabiliyyəti torpağa məxsusdu, birmənalı şəkildə hər şeyi!!! Hətta «udan»ları da torpaq udur! Bu həqiqəti isə hamı bilir, mən sadəcə təkrar edirəm. Axı indi həyatımız o qədər boz-bulanıqdı ki, rəngi bilinmir, nimdaş köynək kimi gəzdiririk əynimizdə. Gəzdirməyə də məhkumuq. Sabaha iynə ucu boyda ümidimiz bizi buna məcbur edir. Düşünürük ki, mütləq sabah yaxşı gələcək, sabah nə isə yaxşı bir şey olacaq. Elə bu yerdə bir uşaqlıq xatirəsi…
Deməli, kənd uşaqlarının yadında olar: nənəmiz, anamız, qonşu xalalar, bibilər təndirə çörək yapanda Allaha yalvarırdıq ki, çörək küt getsin, ya da kündənin arxası yansın. Onu da bizə verib desinlər ki, bax, bu yanmış yeri yesəniz mütləq pul tapacaqsınız. Biz də uşaq ağlımızla həmin o yanıq çörəyi bəh-bəhlə yeyirdik və bütün günü də gözümüz yerdə olurdu, pul axtarırdıq – qəpik! Amma tapmırdıq. Lakin bir az böyüyüb ağlım kəsəndə anladım ki, biz həmin vaxt axtardığım qəpiyi tapırmışıq, özümüzdən xəbərsiz. Sən demə, o yanıq çörəyi yeməklə ailə büdcəmizə dəyən ziyanı ortadan götürürmüşük. Həmin gün bir çörəyin pulu qayıdırmış evin büdcəsinə. Daha onu itə-pişiyə atmırmışlar. Bu da nənələrimizin kəşfiymiş. Çörəyin qədrini bilən nənələrimizin təknənin, ocağın bərəkətini qorumağı imiş…Hə…
İndi bu xatirənin ovqatı içində bir anlıq susub durmaq istəyirəm. Çünki o uşaqlıq, o kənd gəlib keçir gözümün önündən. Və mən anlayıram ki, itirdiklərim nə boyda, qazandıqlarım isə… Elə ona görə də nə vaxtsa yazdığım misralara üz tuturam.

Sevincin ağlayıb
Kədərin güldüyün…
Göz yaşının pardaqlayıb
Təbəssümün öldüyün -
Təsəvvür edirsənmi
hıçqıra-hıçqıra?!

Şamın qəfil sönməsin
Günəşin tutulmasın…
Dumanın geri dönməsin
Ümidin unudulmasın
Təsəvvür edirsənmi
Qışqıra-qışqıra?!

Sevinc- kədər
Göz yaşı-təbəssüm…
Şam-günəş
Duman-ümid
Bütün bunlar
Bir tale, bir qədər
Sıxılıb
Qaralmış bulud -
Təsəvvür edirsənmi
Aha çevriləcək -
Qan kimi fışqıra-fışqıra…

***

İllər öncəsi ağlımda bir fikir vardı və mən o fikri arzuya çevirmişdim. Düzdü, illər öncəsi yaşım bu yaş deyildi. Heç ağlım da bu ağıl. Bir az dünya da başqaydı… bir az dizimin, qolumun təpəri də. Üstəlik, bir az da doğulduğum mühit, təmsilçisi olduğum cəmiyyət fərqli idi. Bir qırmızı pasportumla dünyanın az qala yarı hissəsini gəzirdim və düşünürdüm ki, gedib gəzib gördüyüm bu 15 respublikanın istənilən guşəsində yaşayıb ev sahibi ola bilərəm. Amma zaman dəyişdi, yaş da öz sözünü dedi, elə baş da. Və anladım ki, mənim bu torpaqdan, bu məmləkətdən və ətrafımdakı bu adamlardan (onların yaxşı-pis olmasından asılı olmayaraq – Ə.M.) uzaqlarda heç nəyim yoxdu, heç kimim yoxdu. Və orada yaşamaq da mənilik deyil. Çünki bağlandığım şah damar məni burdan uzaqda sadəcə bir sıra nəfəri edir, başqa heç nə. Amma burda mən ən azından aid olduğum ailənin bir sütunuyam. Aid olduğum məhəllənin bir ağacıyam… aid olduğum kəndin bir daşıyam. Və rəhmətlik Məmməd Araz demişkən, hardasa bu ölkənin vətəndaşıyam!
Bax, gəldiyim bu qənaət həmin o bir zamanlar içimdə olan istəyi, arzunu elə içimdə də dəfn etdi. İndi heç onun başdaşı da bilinmir. Üstəlik, o da bilinmir ki, bu ölümün sifraşçisi, cəlladı kim oldu – həyatmı, yoxsa mənim öz-özümü anlamağım. Suala bənzər bu fikirlər özü həm də özünün cavabıdı. Axı bütün cavabların ən azı tən yarısı sualın özünün içərisindədi. Öna görə də bir az ayıq, diqqətli olan insan ona ünvanlanan sualın özündən başlayır cavabı. Burda da bir xatirə iz salır yaddaşımın pəncərəsinə. Belə ki…
Universitetdə oxuduğumuz illər idi. Adını çəkmək istəmədiyim bir tələbə dostumuz (indi o vəzifə sahibi olduğundan adını çəkmirəm – Ə.M.) müəllim ona verdiyi sualın özünün ətrafında ən azı 3-4 dəqiqə danışırdı. Sualı söz-söz parçalayıb müəllimi az qala çaşdırırdı. Hətta rəhmətlik Aydın müəllim bir dəfə ona dedi ki, sən sualın özünü elə şərh edirsən ki, daha cavabı gözləməyə hövsələm çatmır. Ona görə də sualın cavabından başla danışmağa. O da heç buna əməl etmədi. Nə isə…
Bəli, indi mən də görürəm ki, ünvanladığım sualın cavabına qədər danışdıqlarım, yazdıqlarım hardasa sizləri yora bilər və yaxud da artıq yorub. Ona görə də elə həmin sualların ovqatından doğan misraları sizə ünvanlayıram. Lakin bu misralarda birbaşa sual yox, birbaşa cavab var. Təbii ki, həyat sualına cavab verməyi bacaranlar üçün. Yəni…

Kipriyinin çətiri
Yağış saxlamır daha….
Göz yaşının ətiri -
Baxış saxlamır daha…

Sıxıb gözün qorasın
Külək pozub sırasın -
Qan da boğub,
Yarasın -
Naxış saxlamır daha…

Qırıb sarı simi də
Sevmir, bir gör kimi də?!
Öldürdüyü ümidə -
Bax, iş saxlamır daha!..

Yazıya nöqtə qoymaq məqamı bəlkə də burda çatıb. Çünki «qorabişirənin» havası öz işini görür… Yəni mürgü gətirir. Mən də bu yazını oxuyanda sizlərin də mürgüləməyini istəmirəm. Əksinə, içimdən keçən odur ki, sizinlə bölüşdüklərimə siz də hansısa bir formada qoşulasınız… siz də mənim sizə etdiyim ərklə öz içinizdəki Sənə üz tutasınız. Axı, mən bütün müraciətlərimi Sənə edirəm, cavab verməsən də…







Baxış sayı - 1 495 | Yüklənmə tarixi: 26.08.2017 09:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031