manera.az
manera.az

Göydən üç banan düşdü... – Kamal Aken yazır

📅 18.08.2017 18:40

Göydən üç banan düşdü... – Kamal Aken yazır

ADO Theatre – Collective 15 və 16 avqust tarixlərində yeni tamaşasının premyerasını keçirdi. Teatrın aktyoru və yazıçı Kamal Aken tamaşa haqqında fikrlərini yazıb.

Banan demişkən, fırlanan qara kreslolar yadıma düşdü. Bəşir Səfəroğlu küçəsindəki köhnə ünvanımıza təzə köçmüşdük, səhər teatra gələndə gördüm ki, girişdə qara fırlanan kreslo var, iki saat onun buraya necə düşdüyünü fikirləşdikdən sonra nəhayət Elminin yadına düşdü ki, sən demə gecə hansısa banan kreslonu küçədə yaddan çıxarıbmış, o da içkili olduğu üçün, özü də bilmədən gətirib atmışdı teatra.
İçəri girəndə pilləkənlər, təmirli məkan və böyük ADO logosu diqqətimi çəkdi, ADO inkişaf edib, böyük məkana köçüb, yaxşı zarafat edirəm, bu məkanı hamımız birlikdə təmir etmişik, sadəcə bir şeyi başa düşə bilmirəm ki, bu reportaj və ya köşə hazırlamağa gələn jurnalistlər niyə yazmağa teatrın qapısından girib tualetindən çıxırlar? Mövzu qalıb kənarda, adam zaldakı tamaşaçı sayından danışır.
İçəri girəndə ətrafda banan axtarırdım, ADO-du bu, bilmək olmaz, bir də gördünüz tamaşaçının ayağının altına banan qabığı qoyublar ki, sürüşüb yıxılsınlar, mən də banan axtarırdım ki, kənardakı beş litrlik şərab gördüm, gəlin akt tərtib edək, o ağ şərablar çox iyrənc olur, qırmızı şərab qoyun oraya.

Azərbaycanlılar hər yerə gecikdiyi üçün ADO-da tamaşalar 10 dəqiqə gec başlayır, tamaşaçılar da həmin 10 dəqiqəni nəzərdə tutduqları üçün həmişə onsuzda 10 dəqiqə gec başlayıb deyir və 20 dəqiqə gecikirlər. Həmişəki 15 dəqiqəlik gecikmədən sonra tamaşa başlandı, Elgün Həmidov masanın üstündə tavandan asılmış iplə intihar etməyə çalışır. Azərbaycan kimi ölkədə yaşayırıqsa minlərlə intihar səbəbi tapmaq olar, elə bunu fikirləşirdim ki, birdən həmin göydəki bananlar səhnəyə düşdü. Mənim gözüm hələ də ətrafda banan axtarırdı ki, bir də gördüm bananlar səhnədə rəqs edir, nə bilim, düşünmüşdüm ki, GOTT-da alma paylamışdılar, yəqin burda da banan verərlər. Biz göydə banan axtarırdıq, sən demə bunlar burnumuzun dibindəki bananlarmış.

Kamran Muradlı əlindəki unitazdan düzəldilmiş kreslonu səhnə boyunca gəzdirməyə başladı, Nurlan Süleymanlı da market səbətinin içinə yerləşməyi bacaran Aytən Əliyevanı o kreslonun arxasıyca hərəkət etdirirdi.

Baxırsan gül kimi uşaqlardı, di gəl ki, teatrla məşğuldular. Zarafat deyil e, bütün həyatını atıb, öz problemlərindən əl çəkib gəlirsən cəmiyyətin problemlərini işıqlandırmağa, başımızda qəfəs ola-ola banan rolunu oynamaq heç də asan deyil.

Bir müddət sonra səhnədəki bananlar həmin unitazın üstündə mübahisə etməyə başladı, tamaşaçılara əl sallayan aktyor mənə kimisə xatırladırdı, bananlardan biri isə saç quruluşu və və eynəyindən bizə çox doğma olan dövlət teatrlarından birinin rəhbərinə bənzəyirdi, Aytəni oxşatdığım adamın isə bığları da vardı.

Bu korrupsiya məsələləri şifahi xalq ədəbiyyatı yaranan tarixlərdən gəlib bizə çatıbmış, Cırttanın nənəsi Cırttanın yatması üçün ona yağ-yaxmac düzəldib verirdi, günümüzün oyaqlarını isə yağ-yaxmacla yatırmaq olmur, onların qiyməti bir az daha bahadır çünki.
Bir saatlıq tamaşa boyunca başımdakı qəfəsi çıxarmağa çalışırdım, heç olmazsa bu dəfə dəmir məftillər arxasından can qurtarıb olub-bitənlərə aydınlıq gətirmək istəyirdim. Bəlkə də hamımız intihara məhkumuq bu qəfəslərdən qurtula bilmədiyimiz üçün, düşüncələrimizin balaca bir qutuya sığdırabiləcək qədər dar pəncərədən baxırıq ətrafa. Bəzi səhnələrdə ayağa qalxıb onların etirazına qoşulmaq istəyirdim, sonra anladım ki, əslində bu etirazlar həm də mənə olur, axı hamımızın içində balaca, şirin bir diktator var.

Elgün beynindəki bananlardan xilas olub onları yola saldı, tamaşa boyunca qəfəsdəki iki göyərçinin çırpınışları aktyorların tempini daha da artırırdı, sanki onlar etiraz etdikcə göyərçinlər daha da sürətlə qanad çırpır, sonda o qəfəsdən qurtulacaqlarını düşünürdülər. Elgün ağlındakı fikirlərdən xilas olduqdan sonra tavandan asılmış ipi yerə saldı, göyərçinlərə yaxınlaşıb qəfəsin qapısını açdıqda isə tamaşaçıların üzündəki təbəssümdə “qələbə” hissi sezilirdi, bir anlıq düşünmüşdüm ki, sanki tamaşaçılar əllərində şüarlar yazılmış lövhələrlə hansısa yürüşdən gəlir, onlar ilk dəfə düşüncələrinin qəfəsdə olması ilə razılşadıqları üçün sevinirdilər bəlkə də, kim bilir onlar da haçansa qəfəsdən çıxmaq üçün çalışacaqlar haçansa, bəlkə də, bəlkə də, bəlkə də..

Tamaşa bitdi, hamı xoşbəxt sonluqla evinə yollandı, tamaşanın rejissoru Elmin Bədəlov isə həmin göyərçinləri tutub növbəti tamaşa üçün yenidən qəfəslərinə qaytardı.

MANERA.AZ


Baxış sayı - 3 284 | Yüklənmə tarixi: 18.08.2017 18:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031