"Azərbaycan nəsr antologiyası" nəşr olunur - Moldovada
Azərbaycan-Moldova ədəbi əlaqələrinin inkişaf etdirilməsi yönündə uğurlu addım atılıb.
Ötən gün Moldovanın Azərbaycandakı səfirliyində mətbuat konfransı keçirilərək jurnalistlərə bu barədə məlumat verilib.
Konfransda qeyd olunub ki, cari ilin may ayında AYB-nin Ədəbi əlaqələr və Bədii tərcümə mərkəzi ilə Moldova Yazıçılar İttifaqı arasında ədəbi əlaqələrin inkişaf etdirilməsi yönündə memorandum imzalanıb. Moldovanın Azərbaycandakı səfiri George Leuka qeyd edib ki, memorandumdan irəli gələn işlər sürətlə həyata keçirilir:
"Bura Azərbaycan dilində nəşr olunacaq Moldova Ədəbiyyatının antologiyası, daha doğursu “Dünya ədəbiyyatı” dərgisinin “Moldova ədəbiyyatı xüsusi sayı” və Moldovada rumın dilində nəşr olunacaq “Azərbaycan Nəsri Antologiyası” daxildir. Bu layihə Azərbaycan Yazıçılar Birliyi, Moldova Yazıçılar İttifaqı, eləcə də iki ölkənin mədəniyyət nazirlərinin dəstəyi ilə həyata keçirilir. Bu ideya bizim təşkilatlarımız arasındakı ünsiyyət zamanı yarandı. Mən əvvəlcə Azərbaycanda Yazıçılar Birliyinin rəhbər şəxsləri, ardınca isə Moldova Yazıçılar İttifaqının qabaqcıl nümayəndələri ilə bu ideyanı müzakirə etdim. Daha sonra cənab Səlim Babullaoğlu bu layihənin icrasını üzərinə götürdü. Mədəniyyət nazirlikləri ilə yanaşı, və nəhayət bu layihəyə Moldova Azərbaycanlıların Konqresi və bizim burdakı diasporumuz da dəstək verir”.
Ədəbi əlaqələr və Bədii tərcümə mərkəsinin sədri Səlim Babullaoğlu qeyd edib ki, hazırda hər iki ölkədə tərcümə işləri davam etdirilir:
"Azərbaycanda AYB-nin Bədii Tərcümə və Ədəbi əlaqələr mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” jurnalının bir sayını Moldova ədəbiyyatına həsr ediləcək. Jurnalda19 şair, 17 nasir, 4-5 ədəbiyyatşünasın mətnləri yer alacaq. Mətnlər artıq paylanıb, tərcümə prosesi gedir. Hətta bəzi mətnlər bitib, onların az bir hissəsini “Ədəbiyyat qəzeti”ndə çap etmişik”.
Səlim Babullaoğlu qeyd edib ki, ananloji proses Moldovada da öz axarı ilə davam edir:
“Moldovada nəşr olunacaq Azərbaycan nəsri antologiyasında bizdən 31 nəfər yazıçının mətnləri yer alacaq. Buraya hekayələr daxildir. Bu antolohgiyada həm orta nəsil, həm də gənc yazarların yazıları çap olunacaq. Məsələn, onlar arasında Etimad Başkeçid, Fəxri Uğurlu, İlqar Fəhmi, Mübariz Cəfərli, Varis, Mübariz Örən, Şərif Ağayar, Alpay Azər, Ülviyyə Tahir və başqaları var”.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində “ATV kitab” layihəsində Moldova yazıçısı İqor Volnitskinin “Mənə ölməyi öyrət” kitabı çap olunacaq. Həmçinin, görkəmli moldav şairi Arkadi Suçevianunun iki dildə şeir kitabını nəşr ediləcək. İlin sonuna yaxın Moldova mədəniyyəti günlərinin təşkili də planlar daxilindədir./Edebiyyatqazeti.az