Arifdən mənə bir yığın xatirə qaldı...
![]()
Rüstəm Kamal
(tənqidçi,ədəbiyyatşünas)
“Azərbaycan” jurnalından Arif Əmrahoğlunun unudulmaz xatirəsi ilə bağlı yazı təklifi gələndə sevindim - Tanrı işarəti kimi qəbul etdim. Düşündüklərimi, xatirələrimi yazıya köçürmək imkanı əldə etmişdim.
Arif Əmrahoğlundan xatirə danışmaq yuxuları danışmaq və yozmaq kimiydi. Görüşlər, söhbətlər, dialoqlar ipə-sapa gəlmirdi.
Düz qırx gün məni otağının ağzındakı şəkli qarşıladı.
Artıq bu şəkil metafizik məna kəsb edir. Arifin ruhu ilə əlaqə saxlamaq, onunla virtual söhbətləşmək imkanıdır.
Nədənsə həmişə düşünmüşəm ki, ölən adamın hansı şəkli baş daşına vurulursa, mərasim çadırının başından asılırsa, Tanrı onu dərgahında elə qəbul edir.
Şəkillər isə, heç vaxt aldatmır.
Ondan mənə yadigar ad günümdə (50 yaşımda) çəkdirdiyimiz şəkil və “Ruhani” havasına oynadığımız anın foto təcəssümü də qalıb - bu, Ariflə dərdləşmək, Arifi anmaq üçün kifayətdir.
O danışanda, çıxışlar edəndə sanki susmağından yorulub, bezib danışır. Kimisə tərifləmək istəyəndə içindəki sükutu pozurdu.
O, çox şeyləri görmüşdü, bilirdi - susurdu.
Nədənsə və kimdənsə narazıydı - susurdu.
Ağrıyırdı - susurdu.
Özünü heç vaxt tərifləmədi - buna haqqı çatsa da.
Efiri, ekranı, qəzet səhifələrini yağır etmirdi - buna imkanı çatsa da.
Kənarda, qıraqda dururdu ki, hamını görə bilsin. Ancaq vəzifəsinə (AYB-nin katibi) görə ortada olmalı idi, Anar müəllimdən tutmuş Birliyin sıradan bir üzvünə qədər hamı onu görə bilirdi.
Ədəbi nəsillərin elə bir nümayəndəsi yoxdur ki, ərklə, inamla və ümidlə onun qapısını açmasın, dərdini söyləməsin, istəyini bildirməsin. Təqaüd istəyən də, “Ədəbiyyat qəzeti”ndə yubiley təbriki verdirmək istəyən də ona müraciət edirdi.
Onun sakit obrazının arxasında, belə demək mümkünsə, ehtiraslı bir narahatlıq və narazılıq vardı. Dəyərlərin aşındığı zamanda Dəyər kimi yaşamaq çətin idi.
Aradabir özünə ürək-dirək verirdi ki, bu millətin ali dəyərləri olan İ.Şıxlını görüb, K.Talıbzadəni görüb. Anar müəllimlə çiyin-çiyinə işləyib.
Dostları, xüsusən həmkarları ağızdolusu tərifləməkdən xoşu gəlirdi. Hətta deyərdim ki, bu tərifləri ayrıca bir emosiya ilə söyləyirdi. Tərifləmə - içindəki sevincin işığını paylaşmaq imkanı idi.
Nə gizlədim, bu tərifləmələrdən mənim də ünvanıma düşəni çox olubdur və indi də məmnunluq hissi ilə xatırlayıram.
Dostların, xüsusən ədəbiyyatşünas alimlərin kitablarını təbliğ edirdi, qoltuğuna vurub tələbələrinə, magistrlərinə, aspirantlarına aparırdı. Bir aspirantının məndən sitat gətirdiyini və kitabımı oxuduğunu eşidəndə çaşdım - “xatakarlıq” Arifdən gəlmişdi.
Öz kitablarını isə, utana-utana verirdi.
“Epik sözün gücü” adlı kitabı var. Azərbaycan nəsrinin (M.F.Axundov, Y.V.Çəmənzəminli, Ə.Haqverdiyev, S.M.Qənizadə, N.Nərimanov...) poetikasına həsr olunmuş monoqrafik araşdırmadır. Arif Əmrahoğlu araşdırmada ənənəvi filoloji təhkiyə ilə müasir metodoloji üsulları (semiotika, motiv analizi, neomifologizm) elə birləşdirmişdi ki, bu nəsri birləşdirən münasibətlər sistemi aydınca görünürdü.
Müasir metodoloji prinsipləri, ədəbiyyatşünaslıq cərəyanlarını (semiotika, strukturalizm, psixoanaliz və.s) çox yaxşı bilirdi. Ancaq özünü heç vaxt çoxbilmiş kimi aparmazdı, biliyini gözə soxmazdı.
Arif köhnə metodlarla təhlil aparmağın mümkünsüzlüyünü anlayırdı və dəfələrlə dəvətlərimizdə ədəbiyyatşünaslığımızda heç bir metodun kök atmamasından gileylənirdi. Azərbaycan filoloji fikrinin yeni üslublara, yanaşma tərzinə ehtiyacı var.
“Epik sözün gücü” monoqrafiyası bunun parlaq təsdiqidir. Təəssüf ki, bu sanballı monoqrafiyanı müdafiə etmədi. Deyərdim ki, ay Arif müəllim, adını yaza bilməyənlər doktor, professor oldu. Sən, axı, çoxdan hazırsan və layiqsən?! Kədərli təbəssümlə cavab verirdi...
Arif müəllim mənim ömür məkanımda az-az insanlardan biriydi ki, elmdə kişiliyin dəyərini saxlayırdı, bu dəyəri müəyyən edən epitetlər ona yaraşırdı. “Əmrahoğlu” adında Borçalı tərəkəmə gələnəyindən gələn hava vardı. Bəlkə də bu adın havası, Ata adına sayğı və sevgi onu bu dəyərlərlə yaşamağa vadar edirdi?!
Arifə bəylik də, müəllimlik də yaraşırdı. Dilimdə “Əmrahoğlu Arif bəy” adı səslənirdi.
Adətən, müasir ədəbi proses ədəbiyyatşünasdan, tənqidçidən başqa əxlaq, davranış tələb edir. Nəsillər arasında münasibətlərin zəifliyi, gənclərdə özünütəsdiq meyillərinin ifrat sürətlənməsi, ədəbi meyarların itdiyi bir vaxtda “əxlaqi müvazinəti” saxlamaq çətin olur.
Tənqidçi Arif Əmrahoğlunda klassik bir abır vardı. Melanxolik və kədərli bir abır.
Abır-qanacaq arif, tərbiyəli, özünün və sözünün yerini bilən insana xas olan keyfiyyətdir. Sözündə, davranışında, savadında da abır-həya vardı.
Şit zarafat, düşük replikalar, atmacalar onun ünsiyyət məkanında mümkünsüz idi. Söhbətə qəribə köklənməsi vardı həmişə.
Klassiklərə pardonsuz münasibəti sevmirdi. Klassika onun ləyaqət-mərifət dünyasının tərkib hissəsi idi. Klassika onun üçün millətin mənəvi gücü idi. İstənilən nihilist çıxışı xoş qarşılamırdı. XIX əsr Azərbaycan poeziyası ilə bağlı mənim emosional müsahibəmi və xalq yazıçısı Elçinin bu münasibətlə yazdığı məqaləni oxumuşdu.
Soyuq qarşılamasından anladım ki, milli klassika Arif üçün əxlaq məsələsidir, heç bir arxiv sənədi, tarixi fakt, filoloji yozum bu məsələni üstələyə bilməzdi.
Adıyla, soyadıyla, seçməsi, davranışı, fikri ilə Türk idi. Türk insanının başına gələnləri içində - şəxsi yaşantı kimi saxlayırdı. Millətin dərdi şəxsi dərd kimidir - onu çox danışsan, sirliyini, əfsunluğunu itirər.
Hərdən mən də Yazıçılar Birliyində onun hüzurunu pozurdum. Ədəbiyyatımızla bağlı söhbətlərə qarışırdım, mübahisələr edirdim, cığallıq etməyə çalışsam da, əxlaqı və məntiqi qarşısında razılaşmalı olurdum. Bir dəfə dedim ki, Arif müəllim, Füzuli dahi sənətkardır (bunu kim inkar edir ki!), amma onun yaradıcılıq metodunun və estetikasının olduğu kimi sovet dövründə və bu günümüzdə mütləqləşdirməyin gərəyi yoxdur. Axı, bütün zamanlar üçün universal poetika ola bilməz. Nə gizlədim, onun geniş kulturoloji fəhmi məni mənasız suallardan çəkindirdi.
Arif Əmrahoğlu adına, içinə xilaf çıxmadı. Şöhrətpərəstliyin fövqündə dayandı. Ədəbiyyatımızda baş verən hadisələrə, xoşagəlməz hallara arifanə yanaşdı.
Arif Əmrahoğlu arif adamıydı, postmodernizm dalğasının hardan gəlib hansı sahilə çıxacağını yaxşı bilirdi.
Postmodernizm onun üçün o qədər də cəlbedici mövzu deyildi. O, başa düşürdü və qəbul edirdi ki, postmodernizm gənc yazarları yeniliyi ilə, cəsarəti ilə ruhlandıra bilər, onların adlarını gündəmə gətirə bilər.
Arif Əmrahoğlu realist ədəbiyyatı sevirdi. Mifoloji qatı olan nəsri sevirdi. Ç.Aytmatovu, İ.Muğannanı, Anarı, Y.Səmədoğlunu, M.Süleymanlını oxuyanda təhlil edirdi.
Türk ədəbiyyatı onun stixiyası idi. Bu fəndən universitetdə mühazirə oxuyurdu. Arif Əmrahoğlu mifoloji özəyi, mifoloji variasiyaları bərpa etməyin tərəfdarıydı.
O, Mirzə Fətəli Axundovdan Çingiz Aytmatova qədər uzanan mif yolunu görə bilirdi.
Bir tənqidçi və ədəbiyyatşünas kimi (Yazıçılar Birliyinin katibi kimi də!) ədəbi prosesi diqqətlə izləyirdi. Məqalələrlə çıxış edirdi, kitablara ön söz yazırdı. O, bəzi tənqidçilərin ədəbi prosesdə ierarxiyalar qurması ilə razılaşmırdı.
Arifdən mənə bir yığın xatirə qaldı.
Ağırdı, Əmrahoğlu Arif bəy...
Poeziya tərcümələrinə çox etibar etmirdi. Poeziyanı konkret nitq məqamı, nitq hadisəsi kimi qəbul edirdi.
Bir dəfə Nazim Hikmətin acı taleyindən, vətənə qayıda bilməməsindən danışırdıq (Anarın "Kərəm kimi" romanından söz düşmüşdü). Dedim ki, İ.Brodski də mühacirətə gedəndən sonra bir dəfə də olsun Peterburqa qayıtmadı. Düzdür, Helsinkiden bərəylə gəlməyə hazırlaşırdı. Ancaq gəlmədi.
"Maqsud Şeyxzadə də, Almas İldırım da gəlmədi.Görünür, şair vətənə ancaq ruh kimi qayıda bilər" - bunları Arif söylədi.
O ruhların qayıdışına inanırdı.
Şairlər haqqında yazdığı məqalələrdə "işıq" sözündən çox istifadə edirdi. Arif Əmrahoğluda işıq mücərrəd metafizik kateqoriya deyil, həm də inandığı gerçəklik idi. Sözün mahiyyətini "işıq"la ölçürdü.
Sevdiyi şeirin işıq obrazını axtarırdı. Qəribədir: heç vaxt "işığın" antonimini axtarmırdı. İşıq var, deməli, söz var. İşığın yoxluğu sözün yoxluğu, yaxud bitməsi idi. Bu günlərdə sosial şəbəkələrdə bir səhifəlik sonuncu yarımçıq əlyazmasını paylaşdılar. Yazı Vaqif Səmədoğlu haqqındadır. Sonuncu abzasda " işıq" və "söz" yanaşı gəlirdi.
Arif son nəfəsdə bizə iki dəyəri - sözü və işığı vəsiyyət etdi. Sözün bitdiyi yerdə işıq söndü...
...İşığın mübarək, Əmrahoğlu Arif bəy!