"Yazarın rəsmi öhdəçiliyi olmamalıdır" - Murad Köhnəqala
Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim “söz” haqqında anlayışımıza yeni bir məna gətirir. “Söz adamı” layihəsinin növbəti qonağı şair Murad Köhnəqaladı.
-Murad Köhnəqala ədəbi mühitdə kifayət qədər tanınan və oxunan imzalardandır. Bu imzanın tanınmasında və oxunmasında zəruri keyfiyyətləri görmək üçün istər köşə yazılarında, istər şeirlərində, istərsə də hekayələrində daha çox bir üsyankarlıq, bir etiraz var. Bu nə ilə əlaqədardı? Yazıçı, şair daha çox nəyə və ya kimə etiraz edir?
-Fikrimcə yazarın heç kimin yanında rəsmi öhdəçiliyi olmamalıdı, lakin onun bir ictimai görəvi var ki, sultanı vicdandı. Yəni, yazarın çiynindəki ictimai öhdəçiliyi dümsükləyərək onu müxtəlif formalarda haqsızlığa, vəhşiliyə, qəddarlığa qarşı çıxarır. Həm də yazıçı, mürəkkəb vəziyətlərdə insanın necə davranmalı, nə cür yaşamalı olduğunu qurduğu, yaratdığı əsərlərdəki personajların həyatı, fəaliyyəti ilə nümunə kimi göstərərək çıxış yollarını oxucu üçün işarələməlidi. Yazıçı ideya və məqsədini toz-duman içində göstərməməli, fikrini parlaq formada çatdırmaq üçün yeni vasitələrdən istifadə etməkdən qorxmamalıdı. Bəzən yazıçı, yaxud şair üçün adi görünən həmin çıxış yolları sadə oxucu üçün üsyan kimi görünə bilər. Mənim bir yazar kimi ən çox üsyan elədiyim şey bayağılıq və köhnəlikdi.
- Moskvada ali təhsil almısınız. Ümumiyyətlə, təhsilin söz adamının həyatında yeri və rolunu nədə görürsünüz? Bu istedadlı bir insanın uğuru üçün vacibdirmi?
-Mən SSRİ Yazıçılar Birliyinin nəzdində olan M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişəm. Sırf yaradıcılıq məktəbidi. Poeziya, nəsr, dramaturgiya, tənqid adlı fakültələri var. Yaradıcı adam üçün beş il Moskvanın mərkəzində yaşayıb təhsil almaq bir azərbaycanlı yazar üçün fantastik bir şeydi. Kinodan, teatrdan, rəsmdən tutmuş dünya ədəbiyyatına, ən müasir rus ədəbiyyatına qədər keçirdilər. Bizi rəsm qalareyalarına, tarixi muzeylərə, ev muzeylərinə, təbiətin qoynunda gəzintiyə aparırdılar. Qızlı-oğlanlı hamımız - şairlər, nasirlər, tənqidçilər, tərcüməçilər - bir yataqxanada yaşayırdıq. Keçmiş SSRİ-nin hər yerindən, dünyanın bir çox ölkələrindən tələbələr gəlib oxuyurdu bizdə. Həmin yataqxanada gecə-gündüz həyat qaynayırdı. Dostluqlar, sevgilər, polemikalar, mübahisələr, davalar... Əlbəttə, belə bir təhsil yaradıcı adamın dolması, həyatı daha mükəmməl qavraması üçün ideal sayıla bilərdi.
- “Yuxularım” sürreal hekayələr kitabınız çap olundu. Bu kitabda daha çox öz həyatınızı təsvir etdiyinizi qeyd etmisiniz. Həyatınız yuxularda necə keçir?
-Əslində “Yuxularım” on dörd hekayədən ibarət bir povestdi, təkrar çap edəsi olsam hekayətlərin adını ulduz işarələri ilə əvəz eləyib bütövləşdirəcəm. Orda yazdıqlarım qətiyyən yuxu deyil, sadəcə, yuxugörmədən bədii vasitə kimi istifadə eləmişəm. Mən o hekayətləri yatarkən yox, yazarkən yaşamışam, görmüşəm. Həmin hekayətlərin hər biri sıxılmış bir romandı.
- Tarix, coğrafiya, ədəbiyyat. Bu siyahını uzatmaq da olar. Hansı istiqamət və ya elm sizə daha çox maraqlıdı...
-Orta məktəbdə sənin atan, mənim də əziz dostum Vaqif İsaqoğlu ilə on il bir sinifdə oxumuşam. Ondan soruşsan deyəcək, mən riyaziyat və həndəsəni daha çox sevirdim. Ancaq indiki ağlımla mümkün olsaydı, astrofizikanı öyrənərdim. Təsəvvür edin, kainatın özü bir yana dursun, müasir elmi nəzəriyyələr hətta alternativ kainatların olması ehtimalını irəli sürür. Bu haqda düşünəndə sonsuzluqdan adamın başı fırlanır.
- Bir vaxtlar təqribən 2000-ci illərin əvvələrində “Alatoran” adlı ədəbi camiyə, Azad Yazarlar Ocağı vardı. Burada kifayət qədər işlər görülürdü. Siz də həmçinin bu ədəbi istiqamətdə idiniz. Bu dövrü necə qiymətləndirib, şərh edərdiniz yaradıcılığınızda?
- 2001-ci ildə Azad Yazarlar Ocağını (AYO) təsis elədik. Özümüz üçün müstəqillik dövrünün ən yeni ədəbiyyatının konturlarını cızdıq. Ədəbi ortamı qızışdırdıq. Ədəbiyyatımızdakı donmuş kapilyarları cana gətirdik, keyimiş sinirləri qıcıqlandıra bildik, cəmiyətin söz sənətinə olan marağını mürgüdən oyatdıq, maraqlı polemikalar yaratdıq, haqlını-haqsızı qabartmağa çalışdıq. Böyük bir ədəbi gənclik ordusu yetişdirdik. Ədəbiyyatımızı ruh aləmində çalışan, irreal düşüncədə bostan becərən şair-şüəra və yazarlardan xilas etməyə çalışdıq, real həyat detallarını bədii söz sənətindən qaçaq salmış yazarları düz yola dəvət elədik, yaradıcı adamlarımızı ictimai yükü olan əsərlər yaratmağa səslədik.
- Müasir Azərbaycan ədəbiyyatında hansı imzaları misal çəkə bilərsiniz. Yeni yazmağa başlayan gənclərə tövsiyələriniz...
- Yəni, bizim ədəbi nəsildən sonra gələn nəslin parlayan nümayəndələrinin adını deyə bilərəm. Nərmin Kamal, Aqşin Yenisey, Şərif Ağayar, Sevinc Elsevər, Seymur Baycan. Onlardan sonra gələnlər də var: Mövlud Mövlud, Kəramət Böyükçöl, Şəhriyar Del Gerani, Ayxan Ayvaz, Aqşin Evren. Bədii yaradıcılıqla məşğul olanlarımız çoxdu. Hazırda heç bir tövsiyə etmək istəməzdim, qoy, kim necə istəyir elə də yazsın.
- Kirpi.info saytına redaktor təyin olundunuz. Bu istiqamətdə işlər necədi?
-Kirpi.info-da artıq iki aya yaxındı ki, işləyirəm. İşim və kollektivimiz ürəyimcədi.
- Yeni kitab nəşr etdirməyi düşünürsünüzmü?
-Azyaşlı uşaqlar üçün hazırladığım bir povest və hekayələrdən ibarət kitabımı yaxın vaxtlarda çap etdirmək fikrim var.
- Kitab təqdimatlarına nadir hallarda qatılırsınız. Bu nə ilə əlaqədardı?
-Biz kolxozçuluğu görüb bezmiş adamlarıq, ona görə belə tədbirlərə həvəsli deyiləm.
-Söz adamı kimi bu günə qədər hansı işlərinizi özünüz üçün uğur hesab edirsiniz?
-Bir neçə il bundan əvvəl lent.az saytına yazılar hazırlamaq üçün Gəncədə yaşayası olduq. Onda yoldaşımla Gəncənin bazarından anam üçün ayaqqabı, don və yaylıq alıb bizim kəndə getmişdik. Həmin günü həyatımın ən uğurlu günlərindən hesab edirəm. Yəni, yazıçı üçün təkcə yazmaq şərt deyil, ürəyindən gələn jestin özü də bir yaradıcılıqdı. Sənə əziz olan bir insanı yalnız qəlbində yad eləmək yox, həm də hədiyyə ilə anmaq, sevə-sevə, sevinə-sevinə onun zövqünə uyarlı hədiyyə seçmək bəzən yazdıqlarımdan da qiymətli olur mənə. Adətən biz ən əziz adamlarımızı tamam lazımsız işlərlə unudur, qəlbimizdə onun xatirini əziz tutmaqla kifayətlənirik. Ancaq bu, böyük yanlışdı. Hərdən qəlbimizin dərinliyindəki sevgini üzə çıxarıb sözlər, jestlər və hədiyyələr şəklində də göstərməliyik.
- Son olaraq hələlik söz haqqında sözünüz...
- Bacardıqca heç kimin sözünü yerə salma!
Manera.az
Tural Cəfərli