manera.az
manera.az

Şəhla Nihanın qısa hekayələri/ MANERA.AZ

Şəhla Nihanın qısa hekayələri/ MANERA.AZ


Manera.az Şəhla Nihanın qısa hekayələrini təqdim edir.

1
Səadət, ülfət, sevinc, inam, xoşbəxtlik durmadan ard-arda həyatını tərk edib gedirdi. Birini yola salıb ardınca qapını bağladı, ikincini, üçü, dördü.... beşincidə anladı ki, öz həyat missiyasını və illərlə axtardığı ali məqsədini tapıb artıq - gedəni yola salmaq, yəni qapıçı.
***
2
Bir diyarda gözoxşayan stadionlar tikilərdi. Stadionlar çoxfunksiyalı olardı, yəni tək bircə top qovmazdılar orda. İstənilən vaxt konsertlər verilər, mağar qurub gəlinlər yola salınar, bəzən isə adına VİP məclis stadionu deyib yas məclisləri təşkil edərdilər. Qısası, xeyir-şər zonası idi burası.
O futbol meydançasının qapısı təkcə top ötürməmişdi, yox. O qapı kimi müdrik, həyatın hər üzünü görən, bərkə-boşa düşmüş qapı yoxuydu yer üzündə. O qapı bəzənmiş limuzinlərdən katafalklara qədər nələr-nələr yola salmadı...
***
3
Sən məni iflic edə biləcək əməllər törədəndə “gözlərini yum, görmə” dedin. Mən qapatdım gözlərimi.
Sən pisliklərə yol verəndə mən üsyan etdim. “Dinmə, sus” dedin. Susdum.
Ağlasığmaz hərəkətlər gördüm səndən, oturub hönkür-hönkür ağlamaq istədim. “Olmaz” dedin “eşidən olar, ayıbdı” Onu da yadırğadım.
Bağışla, mən bir az sarsağam, qaraya ağ, ağa qara deyə bilmirəm. Hər şeyi öz rəngində görürəm.
Nələr etmədin mənə, nələr?... Ayaqlar altına atdın, üzümü astarıma çevirdin, qara qəpiyə satdın məni. Məni uduzub, özün xürrəmlik qazandın..
İndi budur, əzik-üzük, bir dəri-bir sümük, çolaq, kor-kar, lal, tək bircə sualla hüzurundayam. Mənə düzünü de. O baş tutmayan tandemimizin şərəfinə yalan söyləmə. Sənə lazımammı? Lazım deyiləmsə burax məni, burax, qoy çıxım gedim. Bu dünyada başqasının itirdiyinə yiyə çıxanlar olmamış deyil. Burax, gedim onların yanına.
İmza: Vicdan.
***
4
Bir söz yaratdı biri. Bu çağa qədər deyilməmiş bir söz, eşidilməmiş, ama köhnə və qoca bir söz.
O qədər yüngül ki, doğulan tək fəzalara yüksəldi. O qədər ağır ki, qravitasiyanı qırdı qaçdı.
O qədər isti ki, küllər təzədən alovlandı. O qədər soyuq ki, başqa deyilənlər havadaca dondu.
O qədər doğma ki, hərə özününkü bildi onu, içinə buraxdı, təsəlli tapdı, dərdini dedi. Və yığdı söz, hərədən bir az, böyük yük topladı. Və döndü söz, sahibinə döndü, hamının ağrısıyla, acısıyla. Və yoluxdurdu söz. Sahibini. Tanrısını.
Və öldü Söz. O vaxtdan tanrı dərd saçır.
***
5
Paltarları tərs üzünə geyməklə qayğı-problemləri özündən uzaqlaşdırmaq kimi bir adəti vardı o qəbilənin. Qonşu qonşunun əlbisəsini geyərkən aralarındakı qada-qovğa bitmiş sayılar, bir-birini anlardılar. Biri digərinin həyatına müdaxilə etmək üçün onun papağını qoyardı başına. Nə xəstəxanası, nə məhkəməsi, nə təcridxanası vardı qəbilənin. Elə öz aralarında xətm olunardı hər şey. Fetişi paltar olan bu yerlərdə savaş, qətl, oğurluq, cinayət törədilməzdi. İnsanların etimadını doğrultmayan adamın paltarından bir qarış kəsərdilər. Hər səhv addım üçün cavabdeh əyindəki geyim olardı. Özünü apara bilməyənlər axırda lüt qalardı. Yazılmamış qəbilə qanunlarına görə belə adam uzaqlaşdırılardı ordan. Ətraf ərazi timsahlar qaynaşan bol sulu çaylar idi. Qəbilədən qovulan adam bir daha geri dönməzdi.
Ora istərəm.
***
6
Əgər bir gün əlini üzünə çəkəndə dərinin altından barmaqlarına dəyən biz-biz törəmələri hiss etməsəydi,
əgər krujevalı atlas alt paltarlarını aparıb zibil qabına atmaq zərurəti duymasaydı
əgər səsi yoğunlayıb onu ələ verməsəydi
əgər əzələləri şişmanlaşıb nazik ipək köynəyinin qollarını yırtmasaydı
əgər hər münaqişəni yumruq gücünə yoluna qoymaq impulsu doğmasaydı
əgər o müdhiş gün olmasaydı və o dəhşətli eksperimentdə iştirak etməyə razılıq verməsəydi
.... qadın doğulmuşdu, elə qadın kimi də gedəsiydi..
***
7
Cücələr böyüyüb fərə, sonra toyuq olurdular. Yenə yumurtadan çıxır, yenə böyüyürdülər. Heç sayan olmurdu onları. O saymalıydı, saymırdı. Payızı gözləyirdi.
Burası ekvatorun od püskürdüyü ərazi olduğundan payız-filan bilməzdilər nədi. Qarderobunda payız dəsti yoxuydu bu yerlərin.
Cücələr səbrsizliklə sayılmağı gözləyir, amma böyüməkdən də qalmırdılar. Narazı cikkiltilərini külək eşitdi, buludları qabagına qatıb gətirdi, yağış o yerlərə qonaq oldu. Bütün günəşə açılan yaşıl ovuclar avazıyıb saraldı, tökülüb torpağa qarışdı. Zorən payız iş başında, cücələr sevindi.
Amma yenə onları sayan olmadı. O saymağı bacarmırdı...
***
8
Dostlarla çimərliyə gəlmişdilər. Hamı çimərlik voleybolu oynamağa getdi, o isə dənizdən çıxıb isti qumun üstünə uzandı və mürgülədi. Ayılandan sonra dostlarıyçun baxdı, yox idilər. Darıxdığından bilmədi nə etsin. Qum və balıqqulağılarından iri bir su pərisi düzəltdi yerdə. Pəri gözəl alınmışdı. Yaratdığını süzməkdən doymurdu. Sonra zarafatyana öz telefon nömrəsini pərininkiymiş kimi torpağın üstünə həkk edib dostlarını axtarmağa getdi.
Onlarla voleybol oynadı, kafedə qəlyanaltı etdilər, dəfələrlə suya baş vurdular, katerdə dəniz gəzintisinə çıxdılar, maşının yanına qayıdanda hava qaralmışdı. Səs-küylü dəstə evə dönməyə hazırlaşanda onun diqqətini bir şey cəlb etdi. Su pərisi yox olmuşdu. Ətrafa boylandı, fikirləşdi, yəqin ayaqlayıb pozublar onun qum əsərini. Pəri yox idi, onun yerindən ta dənizə qədər uzun, ensiz zolaq uzanırdı.
Şəhərə qayıtdılar, hərə öz evinə yollandı. O evə çatanda gecə idi artıq. Duş qəbul edib yatağına uzanmaq istəyirdi ki, telefon zəng çaldı. Dəstəyi qaldırdı:
- Alo.
Küy doldu qulağına.
- Alo, eşidirəm.
............. – deyəsən dalğaların səsiydi.
- Dinsəniz!
Uzaqdan çox qəribə və boğuq səs eşidildi:
- Mənəm, su pərisi.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031