manera.az
manera.az

“Allah bizi at da yarada bilərdi” - Azad Şükürovun müsahibəsi/ MANERA.AZ

“Allah bizi at da yarada bilərdi” -  Azad Şükürovun müsahibəsi/ MANERA.AZ


Əməkdar artist Azad Şükürovun fikrincə, uğur qazanmaq üçün cəsarətli olmaq kifayətdir.

Müsahibimiz Azərbaycanın tanınmış teatr və kino aktyoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasının müdiri, dosent, Əməkdar artist Azad Şükürovdu.


Ənənəmizə uyğun olaraq qonağımız haqqında kiçik bir məlumat verək:

Azad Hətəm oğlu Şükürov 1959-cu il fevralın 11-də Ağdam rayonunun Muğanlı kəndində müəllim ailəsində anadan olub. 1977-1981-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnsitutunun dram-kino aktyorluğu fakültəsində təhsil alıb, bir müddət aktyor kimi N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışıb. 1984-cü ildən indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris Teatrında fəaliyyət göstərib. 1990-cı ildən həmin ali təhsil ocağının “Səhnə danışığı” kafedrasında müəllim kimi çalışır, 2001-2006-cı illərdə kafedra müdiri olub. Bir müddət Bakı Bələdiyyə Teatrının aktyoru kimi səhnədə maraqlı obrazlar yaradıb, bu teatrdakı fəaliyyətinə görə 2002-ci ilin noyabrında Əməkdar artist fəxri adına layiq görülüb. Bir neçə xarici ölkədə mükafatlar alıb, 2003-cü ilin oktyabrında Tehranda keçirilən I Beynəlxalq Komediya Festivalında qızıl medal qazanıb.

Azad Şükürov tez-tez mətbuatda elmi məqalələrə çıxış edir. “Televiziyada danışıq” proqramı (1990), “Danışıq texnikası” fənninə dair proqram və metodik göstərişlər (1998) və “Televiziyada danışıq” fənninə dair proqram və metodik göstərişlərin (2006) müəllifidir.



“Tələbəyə “2” yazmağa nə var ki...”

- Azad müəllim, söhbət üçün vaxt ayırdığınız üçün minnətdarıq...

- Sizə və saytınızın rəhbərliyinə sənət adamlarını diqqət mərkəzində saxladığınız üçün təşəkkür edirəm. Sağ olun ki, bizə fikirlərimizi, düşüncələrimizi bölüşməyə şərait yaradırsınız.

- İlk baxışdan çox zəhimli bir insana bənzəyirsiz. Azad Şükürov tələbələr qarşısında da belə zəhimlidir?

- Vallah, bir az çətin sual oldu. Əslində mən özümü ürəyi yumşaq insana bənzədirəm. Hətta bəzən çox ürəyi yumşaqlıq elədiyimə görə də özümü danlayıram. Sonra fikirləşirəm ki, yox, Allah bizi insan yaradıb, biz də gərək bunu unutmayaq. Çünki Allah bizi at da yarada bilərdi, it də... Amma insan yaradıb, deməli biz Uca Yaradanın etimadını doğrutmalıyıq. Ona görə də hər gün oturub-duranda , sağa-sola baxanda, ailədə, qohum-əqrəba arasında, tələbələr qarşısında biz unutmamalıyıq ki, biz insanıq. Deyim ki, bu, çox vacib bir faktordu. Allah-Təala bizim məhz insan olmağımızı istəyibsə, biz də davranışımızda bunu nəzərə almalıyıq. Gərək unutmayaq ki, hər bir hərəkət üçün o dünyada cavab vermək var.

- Uzun müddətdir ki, pedaqoq kimi çalışırsınız. Tələbələrin hansı hərəkətləri sizi daha çox əsəbləşdirir?

- Bəzi tələbələrimdəki tənbəlliyi, qabiliyyətsizliyi heç vaxt qəbul edə bilmirəm və təbii ki, əsəbləşirəm. Çalışıram ki, bu mənfi xüsusiyyətlərini düzəltməkdə onlara yardımçı olum. Təəsüf ki, bu çox vaxt elə də asan başa gəlmir. Çünki əksər hallarda tələbənin böyüdüyü ailə mühitini, oxuduğu orta məkəbin ab-havasını onun başından çıxarmaq üçün xeyli vaxt lazım olur. Amma mənə elə gəlir ki, bu məsələlərdə indiyə kimi göstərdiyim cəhdlər tam boşa çıxmayıb, müəyyən müsbət nəticələr əldə edə bilmişəm. Bu illər ərzində özünü, xalqını, millətini tanımayan, hansı dövlətdə yaşadığının düz-əməlli fərqinə varmayan tələbələr qarşıma çox çıxıb. Lakin onları başa salmağa çalışmışam, çünki bir pedaqoq kimi bu, həm də mənim birbaşa borcumdu. Müəllimlik çox çətin, şərəfli və həm də böyük məsuliyyəti olan bir peşədir. Tələbəni incitməyə, döyməyə, ondan inciməyə nə var ki? Xoşun gəlməyəndə “2” yazıb qapını göstərməyə nə var ki? Amma bu pedaqoqluq, əsl müəllimə xas hərəkət deyil. Müəllim gərək yol göstərsin, səbrlə, təmkinlə öyrətsin.

“Allah bizi at da yarada bilərdi” -  Azad Şükürovun müsahibəsi/ MANERA.AZ


- Son illər bəzi rollarınızı nəzərə almasaq sırf pedoqoji fəaliyyətlə məşqulsuz. Birdən-birə sizi “Vicdan haqqı” serialında əsas rollarında birində- Telman kimi bir mürəkkəb obrazda gördük. Quruluşçu rejissor Rövşən İsax sizi nə ilə qane elədi, cəlbedici qonorarla, yoxsa maraqlı rejissor düşüncələri ilə?

- Belə məsələlərdə adətədən mənim öz ölçü vahidlərim var, onu heç kimə açıb danışmaq istəmirəm.

- Niyə?

- Çünki danışan kimi rejissor dostlarım öyrənəcək və sonra məni yoldan çıxartmaq üçün həmin ölçü vahidlərindən istifadə edəcəklər. 2009-cu ildən artıq heç bir teatrda çalışmıram, çox sağolsunlar kinorejissorlar, məni diqqətdən kənarda saxlamadılar. Bu illər ərzində bir çox filmlərə çəkildim, irili-xırdalı rollar oynadım. Nadir Muqbilov məni "Prokuror" filmində Prokuror roluna çəkdi. Maraqlı film idi, təəssüf ki, bu filmi geniş tamaşaçı auditoriyası görmədi. O ki, qaldı “Vicdan haqqı” teleserialına... Quruluşçu rejissor Rövşən İsax bizim universetin tələbəsi olub. Onu tələbə olduğu illərdən tanıyıram və yaradıcılığını izləyirəm, necə deyərlər, keçdiyi məktəbə, bacarığına bələdəm. Onunla çoxdandır ki, dostluq edirəm. Rövşənlə sənət barədə tez-tez söhbətləşir, müzakirə aparırıq. Rövşən İsaxın bundan əvvəl iki filminə baxmışam və bəyənmişəm. “Aktrisa” filmi ilə Rövşən İsax böyük uğur qazandı. A.Çexovun “Məmurun ölümü” hekayəsi əsasında çəkdiyi “Kiçik leytenant” filmi də mənə görə maraqlı alınıb.

- “Vicdan haqqı” serialı ilə bağlı sualdan deyəsən yayınmaq istəyirsiniz...

- Yox, yayınmıram. Deməli, bir gün mənə zəng vurdu, görüşdük. Teleserialin rejissoru və ssenari müəlliflərindən olan Vüqar Əmirov da orada idi. Vüqarı da çoxdan tanıyıram, Rövşəndən fərqli olaraq, Vüqara hətta dərs demişəm, təbii ki, bir-birimizi yaxşı tanıyırıq. Söhbət vaxtı bir çox fikirlərimiz üst-üstə düşdü,bayaq sənin dediyin maddi və mənəvi məsələlərdə də razılığa gəldik. Beləcə Telman roluna çəkilməyə razılaşdım. “Vicdan haqqı”nın necə maraqla qarşılandığı, reytinq qazandığı göz önündədir. Hazırda Azərbaycanın efir məkanında bu teleserialın özünəməxsus bir yeri var. Bu da səbəbsiz deyil. Çünki “Vicdan haqqı”nda peşəkarlar bir araya gəlib, komandada kinonu yaxşı bilən insanlar toplaşıb. Texniki heyət və aktyor truppası çox mükəmməl seçilib. Sənətdə yetərincə sözünü deyən yaşlı nəsil aktyorlar, həm də gənclər çəkilib. Belə deyək də, Rövşəngil çörəyi çörəkçiyə veriblər. Şəxsən mən onların işindən razıyam, elə bilirəm ki, onlar da mənim işimdən razıdırlar. Çox maraqlı bir iş görürük, sevinirəm ki, belə baxımlı bir serialda çəkilirəm. Hamı bilir ki, bu gün tamaşaçılar daha çox komediya tipli filmlərə baxırlar, bu da məncə təsadüf deyil. Camaat müharibə şəratində yaşayır, dünyada hər gün terror hadisələri barədə xəbərlər alır və bu hadisələrin fonunda bir az şənlənmək istəyir. Təəssüf ki, əksər hallarda biz tamaşaçılara səviyyəli teleseriallar göstərə bilmirik. Neyləmək olar, bu da bir dalğadı, yəqin ki, keçib gedəcək. Bəzi filmlərdə peşəkardan daha çox qeyri-peşəkarlar çəkilir, tamaşaçılar bəlkə də bunun fəqrini o qədər də bilməsələr də biz sənət adamları bunu başa düşürük və təbii ki, narahat oluruq.

“Poeziya ilə maraqlanmayan insanlar var...”

- Həm də bədii qirət ustası kimi tanınan Azad Şükürovun reperturadında daha çox yaşlı nəsil şairlərin şeirləri var. Gənc yazarları bəyənmirsiz?

- Yox, niyə ki? Bəyənirəm, amma... Mən adətən bədii-qiraətçiləri bal arısına bənzədirəm, yazıq gedir bütün günü kitabları, qəzet və jurnalları axtarır ki, yaxşı bir şeir tapsın. Tapan kimi də gedib gecə-gündüz şeir üzərində çalışır. Bal arısı da istehsal etdiyi balı süfərəyə gətirən kimi qiraətçi də şeiri tamaşaçıların qarşısına çıxarır ki, görün yaxşı şeir var. Açığını deyim ki, bəzən elə şeir var ki, şair müəllif kimi öz şeirinə o qədər də yadıcıı iş kimi yanaşmayıb. Mən o şeir üzərində işləmişəm, oxucu da həmin şeiri bəyənib və şairin artıq başqa şeirlərini də axtarıb tapır. Bəzən elə insanlar var ki, poeziya ilə heç maraqlanmır, amma mən onlarla oturub yarım saat söhbətləşirəm, görürəm ki, şeir artıq onların xoşuna gəlməyə başlayır.
Sualın ikinci hissəsinə gəlincə, onu deyim ki, gənclərin arasında da bəyəndiyim çox gözəl şairlər var. “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəslə hər görüşdə gənc şair və yazıçılar haqqında danışırıq, söhbətləşirik, ondan təzə imzalar barədə öyrənirəm. Ən azından mən bilməliyəm ki, ədəbi aləmdə nə proses gedir. Bir neçə gənc şair var ki, şeirlərini oxuyuram. Amma etiraf edim ki, daha çox sözünü demiş şairlərə müraciət edirəm.

- Uzun müddət teatrdan uzaqlaşan Azad Şükürovu yenidən nə vaxtsa səhnədə görə biləcəyik?

- 2009-cu ildə teatrdan uzaqlaşmışam, amma bunu bütövlükdə səhnədən uzaqlaşmaq kmi başa düşmək lazım deyil. Açığını deyim ki, səhnəyə qayıtmağımla bağlı müəyyən təkliflər var, mən də həmin təklifləri nəzərdən keçirirəm. Bizim universitetin rejissorluq fakültəsinin tələbəsi Nuranə Dadaşovanın diplom tamaşası üzərində işləyirk. Səhnədə mənlə bərabər universetimizin çox tanınmış müəllimi, bədii qiraətçi Məleykə Alıoğlu-Məleykə Məmmədova da rol alıb. Türkiyənin çox tanınmış yazıçısı Tuncər Cücenoğlunun “Matruşka” əsəri əsasında hazırlanan bir tamaşadır. Hələ ki, məşqlərə təzə başlamışıq, ümidvaram ki, çox uğurlu bir iş olacaq.
Teatrda çalışanda dəfələrlə rast gəlmişəm ki, dırnaqarası baxdığımız tamaşa sonda kifayət qədər uğurlu bir iş kimi qəbul edilib, anşlaq olub, uzun müddət repertuarda qalıb. Amma böyük ümidlə hazırladığımız bir tamaşa sonda istədiyimiz kimi nəticə verməyib. Tamaşaçının arxasınca qaçmaq yox, tamaşaçını arxamızca aparmağı bacarmalıyıq, mən bu prinsipin tərəfdarıyam. Təəssüf olsun ki, bu gün teatrda və kinoda tamaşaçının arxasınca qaçmaq bir növ dəbə düşüb. Mən belə şeylərin əleyhinəyəm. Azərbaycan teatr və kinosunun çox zəngin tarixi var. Biz bu kinonu, teatrı yaşatmağı bacarmalıyıq.

- Hər zaman peşəkar rejissorlarla çalışmışız, tələbə rejissorla işləmək sizi qane edirmi?

- Qane eləməsəydi, bir həftə sonra gedərdim, burda çətin bir şey yoxdu ki... Nuranə bizim universitetin tələbəsidir, istedadlı gəncdi, həvəslə birgə çalışırıq. Teatrda məndə belə şeylər olub, bəzən rejissor məni qane etməyib, ya da mən rejissoru qane etməmişəm, belə olanda əlimizi sıxıb hərəmiz öz yolumza getmişik. Teatra gələndə də, gedəndə də bunların hamısını sivil qaydada həll eləmək mümkündü.

“15 ildə teatra, kinoya getməyən də...”


- Bəzən deyirlər ki, Azərbaycanda nə kino var, nə teatr...

- Əvvəla bu sözü deyənlərə o saat bu sualı vermək lazımdı ki, sən özün sonuncu dəfə nə vaxt teatrda olmusan? Çox güman ki, son 15 ildə nə teatra gedib, nə də kinoteatra. Sadəcə, bir söz düşüb ağızlarına deyirlər... Teatr canlı orqanizmdi, onun xəstələnməsi də olur, yatağa düşməsi də. Dəryaz götürüb ot çalan vaxtı da olur, güləşib qalib gələn vaxtdı da... Bunlara normal baxmaq lazımdı. Bu dəqiqə Azərbaycan teatrı biz istədiyimiz tempdə olmasa da, hər-halda bir inkişaf yolundadı. Teatrda ayrı-ayrılıqda uğurlu tamaşalar var, istər Bakıda, istər bölgə teatrlarında maraqlı rejissor, aktyor işləri görmüşük. uğurlu aktyor işləri var.

- Yaşınızın müəyyən bir çağındasız. Hər şeydən uzaqlaşmaq istədiyiniz zamanlar olubmu?

- Yaşa görə deyil, ətrafımda olan bəzi hallar üzündən belə şeylər olub... Hətta müəyyən kəskin atımlar da atmalı olmuşam. ışam. Uğurlu pedoqoji fəaliyyət göstərdiyim məqamda universitetdən ərizə verib ayrılmışam, təxminən 2 il dərs deməmişəm. Teatrda da belə bir şey olub, Bakı Bələdiyyə Teatrında tamaşalarım, maraqlı obrazlarım var idi. Hətta Bakı Bələdiyyə Teatrında çalışdığım müddətdə 2002-ci ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə Əməkdar artisti fəxri adına layiq görülmüşəm. Allah Heydər Əliyevə rəhmət eləsin, Amaliya Pənahovaya da cansağlığı versin. Qəfildən tamaşaçıların bilməyinə məsləhət olmadığı səbəblərə görə fikirləşmişəm ki papağımı götürüb getsəm daha yaxşı olar. İnsan bəzən öz azadlığını, müstəqliyini saxlamaq üçün papağını paşına qoyub getməyi bacarmalıdır. O da azadlığı qorumaq kimi çətindir, amma yeri gələndə o addımıı atmağı bacarmalısan. İstər cəmiyyətdə, istər işlədiyin yerdə bunu etməyi bacarmalısan. Amma bəzən insanlar qorxur ki getsəm görəsən necə olar? Amma qorxmamalısan, cəsarətli olmalısan. Uğur qazanmaq üçün cəsarətli olmaq kifayətdi.

Turan Etibaroğlu
MANERA.AZ


“Allah bizi at da yarada bilərdi” -  Azad Şükürovun müsahibəsi/ MANERA.AZ


“Allah bizi at da yarada bilərdi” -  Azad Şükürovun müsahibəsi/ MANERA.AZ


“Allah bizi at da yarada bilərdi” -  Azad Şükürovun müsahibəsi/ MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031