"Qadınlar üçün dözülməz cəmiyyət yaradırıq"- Yalçın İslamzadə |MANERA.AZ

Manera.az araşdırmaçı yazar, fizik Yalçın İslamzadə ilə müsahibəni təqdim edir.
- Elmin populyarlaşdırılması nə üçün vacibdir?
- Elm, insanı və cəmiyyəti güclü edir. Elm bir insana dünyanı daha yaxşı anlama və onun həyatına təsir edən faktorları kontrol etmə imkanı tanıyır. Maraq duyğusu insanın instinktlərindən biridir. Təbii olaraq var olan maraq duyğusu, kiçik yaşlardan təşviq edilsə və bir uşaq ya da yeniyetmə bütün sualların cavabının olduğunu bilsə, “böyük danışanda kiçik susar”, “böyüyəndə bilərsən” kimi epistemolojik maneələrlə maraq duyğusu boğulmasa, azad düşüncəli fərd kimi yetişər və mümkündür ki, onların arasından bəziləri də professional elm adamları olarlar. Xüsusi metod olaraq uşaq və gənclər üçün elmin prinsiplərini izah edən müxtəlif təcrübələr, elmi populyar kitablar, elm və texnologiya muzeyləri və sənədli filmlər onlar üçün əlçatan olmalıdır. Professional elm adamları, həqiqətən öz sahələrinə maraq duyurlarsa və ictimai məsuliyyətə sahibdirlərsə, bu marağı ictimaiyyətlə paylaşmalıdırlar.
Çini araşdıran biri ispanca öyrənməz, çincə öyrənər. Şimal səyahətinə çıxacaq biri tropik xəstəliklərə qarşı peyvənd olunmaz, soyuğu diqqətə alar. Elm də obyektiv dünyanı anlayan sistemdir. Əgər obyektiv dünyada sürüklənmək yerinə öz mövqeyimizi seçmək istəyiriksə, poetik, mistik, teolojik, metafizik təfəkkür tərzlərinə üstünlük verib elmi ihmal etməməliyik.
Elm insanlar arasındakı baryerləri yıxır, ənənəvi olaraq dezavantajlı sayılan insan qruplarını ümumi insan anlayışı altında birləşdirir. Əgər uşağın cinsiyyətinin ana deyil ata tərəfindən müəyyən olunduğu çoxluq tərəfindən bilinsə, qadınların “oğlan doğmadılar” deyə təzyiqə məruz qalmalarına son verilər. Əgər elm tarixi yaxşı araşdırılsa və Emmi Noether, Rosalind Franklin, Hipatia kimi görkəmli elm qadınlarının cinsi ayri seçkiliklə qarşılaşdıqları anlaşılsa, qadın və kişi arasında əqli fərqlərin olmadığı, problemin patriarxal ayrı seçkilikdən qaynaqlandığı anlaşılar. Əslində daha sonrakı mərhələdə uşağın cinsiyyətinin də fərq etmədiyi qəbul edilər. Qadınlar üçün dözülməz cəmiyyət yaradırıq, sonra da qadınları qadın olduqları üçün günahlandırırıq.
Bir çox hallarda isə, sosiologiya bilgimiz olmadığı üçün “özü özünü doğruldan kəhanət” mexanizminin əsiri oluruq. Bir qrupu başdan ittiham edir, fürsətləri əllərindən alır, sonra da o qrupu içində olduqları şərtlərə görə yenidən ittiham edirsiniz. Halbuki, onların o şəraitdə olmasının səbəbi bizim stereotiplərimizdir. “Bizdən adam olmaz” deyib insanlara aşağılıq kompleksi aşılamaq, sonra da kompleksli insanları göstərib “mən demişdim” demək kimi.
Fərd və cəmiyyət həm problemlərə diaqnoz qoymaq, həm də həllini tapmaq üçün daima elmi baxışla refleksiya etməlidirlər.
- Elmin kütləviləşməsi üçün gənclər üçün xüsusi yol xəritəsi olmalıdırmı?
- Elmin təbliği sadəcə könüllü işi olmamalıdır. Müşahidə etsəniz, müxtəlif təbliğat qrupları aktiv şəkildə ölkəmizdə mifik təfəkkürün yerləşməsi üçün ciddi fəaliyyətlər aparırlar. Təkamül nəzəriyyəsinə dair dilimizdə bir kitab belə nəşr olunmadığı halda, təkamülün çökdüyünü iddia edən bir qrup öz əsassız iddialarını videolar, səhifələr, seminarlar, jurnallar vasitəsiylə ciddi cəhdlə təbliğ edirlər.
Ölkə ziyalıları ölkəninin düşüncə sağlamlığına məsuliyyət daşıyırlar. Burda sağlam elmi təfəkkürə sahib ziyalıların və rəsmi təhsil siyasətini müəyyən edənlərin üzərinə ciddi məsuliyyət düşür. Ümid edək ki bu yaxınlarda AMEA nəzdində yaradılmış komissiya bu sahədə əməli işlər görəcək. Yoxsa dünyanı mistika, komplolar, rəvayətlər vasitəsiylə “tanıyacaq” bir gəncliklə üz üzə qalacağıq.
- Gen mühəndisliyindən hamı danışır, amma konkret yeniliklər varmı? Durum sizi qane edir?
- Mən gen mühəndisliyindəki inkişafın bir neçə vacib problemə çarə tapmasına ümid edirəm. Bunlardan biri bəşəriyyəti gözləyən qida çatışmazlığının həllidir. Müxtəlif iqlim şəraitində-quraq ya da şaxtalı-məhsul verəcək qida bitkilərinin əldə edilməsi çox vacibdir. SSRİ-də bu problemin həlli üzərində işləyən Vavilov ideoloji oyunlara qurban verildi və SSRİ uzun illər qida problemini həll edə bilmədi. Təəssüf ki, alimlərin ictimai fikri nəzərə almaqda həvəssiz olmaları xalqda bəzən bu araşdırmalara qarşı əsassız aqressiya yaradır və bu aqressiyanı genetikanın Tanrının işinə müdaxilə olduğunu düşünən dini qruplar gücləndirib idarə edirlər.Gen mühəndisləri Şimal dənizində yaşayan bir balığın genini pomidora nəql etməklə soyuğa davamlı pomidor yetişdirmək istəyirdilər. Böyük protestlər oldu və proyekt yarımçıq qaldı. Dünya əhalisi 7.5 milyarddır, əkilən torpaqlar qlobal istiləşmənin dəniz səviyyəsini yüksəltməsi nəticəsində azalır, kimsə bu qədər insanın necə doyacağını düşünmür, ancaq protest edir. Yəqin düşünürlər ki, İsanın bir neçə balığı yüzlərlə adamı doyuracaq şəkildə bölməsi kimi, bir möcüzə baş verəcək. Ancaq elmə qarşı çıxanlar həmişə olublar, bu qarşı çıxışlar elmin inkişafını ləngitsə də, onu yolundan döndərə bilməyib. İnsan genomu proyekti tamamlananda, bir insan genomu xəritəsinin qiyməti 3,5 milyon dollar idi. Bu gün bir insanın genomu 700 dollara çıxarılır və onun riskli gen bölgələri təsbit edilə bilir. Gen texnologiyasındakı bu maliyyə azalması-3.5 milyon dollardan 700 dollara-sahənin kifayət qədər sürətlə inkişaf etdiyini göstərir.
- Robot mühəndisliyinin inkişafı gələcək üçün həm də xaosun siqnalı deyilmi?
- Robot mühəndisliyi çoxdan mövcuddur, robotlar həyatımızda getdikcə daha çox yer tuturlar. Təbii ki, “Boston Dynamics”-in robotları- müxətlif relyefli ərazilərdə rahatlıqla qaçan 4 ayaqlıları-ilk başda qorxu oyandırır. Belə robotlardan xilas əməliyyatlarında, insanın normal halda girə bilməyəcəyi ərazilərə girməsi üçün də istifadə oluna bilər, kiborq döyüşçülər də hazırlamaq olar. Vətəndaşlar elm haqqında daha çox bilgili olmalı, şüurlu olaraq hökümətlərin hansı araşdırmaları finans edib etmədikəri ilə maraqlanmalı, onları kontrol etməlidirlər. Genetikaya qarşı çıxıb silah sənayesinə nəzarət etməmək, ya da qaynaqların ətraf mühitn mühafizəsinə deyil, nəhəng “Nuhun gəmisi”-nin inşasına yönəltmək və sonra elmi ittiham etmək lazım deyil. Robotlar insanın səhvlər edə biləcəyi çox həssas bə təkrarlanan işləri qüsursuz görə bilərlər.
- Fizikanın sadə dildə anlatılması üçün nələr lazımdır?
- Riçard Feyman deyirdi ki, əgər bir mövzunu nənənizə izah edə bilmirsinizsə deməli özünüz də başa düşməmisiniz. Fizika bizim gündəlik anlayışlarımız-kütlə, sürət,ətalət, toqquşma, iş, güc vs.-üzərində qurulub. Fizikanı yaxşı bilirsizsə və bu marağı bölüşmək istəyirsinizsə bu, çətin deyil. Bizim fizikaya marağımız gündəlik hadisələri fizika qanunları ilə izah edən Perelmanın “Əyləncəli fizika” kitabı ilə başlamışdı.
- Astronomiya və fizika bu gün həmrəy ola bilirmi?
- Astronomiya göy cisimlərinin görünən hərəkətlərini müşahidə edir və bu hərəkətlərin qanunauyğunluqlarını tapır. Əsas maraq dairəsi görünən işıq və bizim qalaktika idi. Ancaq kosmosdan gələn sadəcə işıq deyil, elektromaqnit spektrin digər dalğa uzunluqlarını da tutan radyoteleskopların sayəsində daha uzaq və fərqli-planet, ulduz, komet, supernova, qara dəlik-kimi göy cisimlərini də öyrənmək mümkün oldu.Nüvə fizikasının inkişafı ulduzların daxilindəki prosesləri araşdırmağımıza və öyrənməmizə kömək etdi. İndi daha çox astrofizika araşdırmaları diqqət çəkir, astronomiyanın proqramı demək olar ki, tamamlanıb. İnsanlar bilinməyən qitələri, dənizin dibini, dağların zirvəsini fəth etdikdən, Aya endikdən sonra kosmosda başqa məskunlaşma yerləri axtarırlar. Mümkün həyatın olmasını və bizim insan koloniyaları qurmamızı astrofizika ilə yanaşı astrobiologiya da araşdırır.
- Medianın elmin təbliğində rolundan razısızmı?
- Gənc dostlarımızın redaktorları olduqları medya elmin təbliğinə dəstək verir. Kulis.az, manera.az, faktor.az, modern.az saytlarına dəstək üçün təşəkkür edirəm. Ümid edirəm ki elmin təbliği bir müddət sonra sadəcə könüllülərin təmannasız fəaliyyəti olmaqdan çıxacaq və elmi ədəbiyyatın ciddi oxucu kütləsi formalaşacaq. Belə olarsa nəşriyaytlar da maddi geri dönüşü olan elmi kütləvi kitabların və jurnalların nəşrinə həvəslənərlər.
- Ədəbiyyat saytlarının elm xəbərlərinə yönəlməsinni necə qarşılayırsız?
- Yaxşı qarşılayıram. Çünkü əslində bizim üçün başqa tribuna da yoxdur. Sadəcə sosial şəbəkələr və gənc dostların işlədikləri saytların dəstəyi nəticəsində elmi kütləvi mövzuların kifayət qədər oxucu kontingenti formalaşdıqdan sonra elmi saytlar müstəqil fəaliyyət göstərə bilərlər. Digər tərəfdən, ədəbiyyat həvəskarları da elmi ədəbiyyatla maraqlanmaqla dünyagörüşlərini genişləndirər və dərinləşdirərlər. Elmin heç bir oxucu ya da yaş qurupuna ziyanı yoxdur, əksinə faydası var.
- Müasir dövrün Karl Saqanı olmaq üçün Şərqdə maneələr çoxdurmu?
- Saqan da daxil, bir çox böyük alimin maraq duyğusu ailə mühitində inkişaf etdirilib dəstəklənib. Orta statistik bir Şərq ailəsi, uşaqlarının suallarına hansı dünyagörüşü çərçivəsində cavab verər? Canlılara dair yüzlərlə maraqlı suala hansı nəzəriyyə daxilində cavab verəcəklər? Təəssüf ki, Şərqdə epistemolojik maneələr çoxdur. Birincisi Şərqdə sual vermək xoş qarşılanan davranış deyil. Ənənəvi cəmiyyətlər keçmişin ideal olduğuna inanırlar. İstədikləri yenilik və yaradıclıq deyil, keçmişin sual və cavablarının təkrarıdır. Ona görə də ənənəvi cəmiyyətlərdə hərkəs bir birinə oxşayır. Yiyələnmək istədikləri ixtisasların sayı məhduddur və maddi gəliri qaranti olanlardır. Hansı ölkədə doğulmasından asılı olmayaraq uşaqlarda təbii maraq duyğsu var, ancaq ənənəvi cəmiyyətlərdə bu maraq duyğusu istiqamətləndirilmir, inkişaf etdirilmir. Uşaq onun inkişafı üçün nəzərdə tutulmuş elmə maraq yaradacaq çizgi filmləri, kitablar, bədiiləşdirilmiş elmi filmlərə baxmalıdır, muzeylərə, müxtəlif kurslara və düşərgələrə getməlidir. Uşaq beyni 12 yaşa qədər ən sürətli inkişaf mərhələsindədir, təəssüf ki, məhz bu kategoriyadakı uşaqlarımız üçün lazımlı material çox azdır. Ancaq dini təbliğat artıq uşaq baxçalarını da hədəf alır. Bu da mütləq həqiqətə inanan insanların seçim haqqı tanımamalarının nəticəsidir.
- Mikrobiologiyanın aktual problemlərini necə xarakterizə edərsiz?
- Dünya yaradılışçıların iddia etdikləri kimi, uyumlu, harmonik dünya deyil. Elmi terminologiyadan istifadə edirlər, ancaq onun nəticələrini qəbul etmirlər. Təbiət təsvirləri fonunda mümkün dünyaların ən yaxşısında yaşadığımızı-Panqloss kimi-iddia edirlər. Mikrobiologiyanın-canlıların əsas özəlliklərinin genlər tərəfindən müəyyən edildiyini nəzərə alsaq-əsas hədəfi 6000 genetik xəstəliyin daha yaxşı anlaşılması, mümkün yaxşılaşdırıcı müdaxilələrin, fərdə istiqamətlənmiş genetik dərmanların hazırlanmasıdır. İnsanlara digər təhdid patogen mikroorqanizmlərdən gəlir. Bunların iki əsas qaynağı antibiotiklərə müqavimət qazanmış, xəstəxanalarda çoxalan superbakteriyalardır. Digər problem qiqa tələbi artıqca milyonlarla canlının havalandırma, təmizlənmə şərtləri yetərsiz, yemlərinə antibiotik qatılaraq yetişdirildiyi fermalarda yaranan virus və bakteriyaların insanlar üçün yaratdıqları təhlükənin qarşısını almaqdır. Dünyanın ən böyük fermasında 1 milyon donuz yetişdirilir, mühit patogen mikroorqanizlərin qida yolu ilə insanlara yoluxması üçün çox əlverişlidir.
Tural İsmayılov
MANERA.AZ