Sevdiyimə qovuşmağa nə qalıb ki...- Hekayə |MANERA.AZ

Rəşid Bərgüşadlı
Hekayə
İndiki kimi yadımdadır, atam geyinib-kecinmişdi və heç olmayan kimi sübh ertədən yatağımdaca yuxulu üzümdən öpüb telimi sığalladı, sonra da evdən çıxdı. İçim sevincdən atlandı, – Hara gedirsən belə, ata? – soruşdum. – İndi qayıdıram – dedi. Baxdım ki, anam bikef deyil, – “Demək uzağa getmir. Bəs niyə hər səhər məni bax beləcə öpüb sığallamır?” – hiss edirdim ki, nəsə “torbada pişik var”, fərəhlə sərin, ipək üzlü yorğanımı qucaqlayıb ayaqlarımın arasında sıxcaladım. Bir azdan əlində balaca çemodanı olan 50-52 yaşlarında bir kişi atamla birlikdə otağa girdi, dallarınca da atamın dostu Cahangir əmi. Anam təm-təraqla onların qabağına mürəbbəli çay qoydu və eşiyə çıxanda mənə elə rəhmlə baxdı ki, çırtma vursaydın qanı çıxardı, himə bənd idi ki gözünün yaşını töksün. Dalağım sancdı ki, hər nədirsə, qəziyyə mənim başımdadır. Sidik kisəm dolmuşdu, peşaba çıxmaq istəyirdim, amma yanımdakı kişilərdən utanırdım ayağa çılpaq durmağa. Çaylarını içib qurtaran kimi, qonaq “bismillah” deyib çemodanını açdı, içindən qamış, ülgüc, dərman şüşəsi və pambıq çıxarıb, – Hə, başlayaq! – deyəndə, Cahangir əmi stulun birini yatağımın yanına qoyub, – Hə, dur görək, cəngavər kirvəm! – üzümə gülsə də eynimı aça bilmədi. – Siz neyləmək istəyirsiniz?! – atama baxdım, o isə yenə başımı sığalladı, – Mən bacarmaram… – dedi və dəvəsi ölmüş ərəb kimi başını aşağı dikib dinməzcə eşiyə çıxdı. Cahangir əmi yorğanı üstümdən götürüb biləyimdən yapışdı, – Kişilərin cərgəsinə qoşulmaq zamanın yetişdi, müsəlman edəcəyik səni.
Eyvanda qonşumuz Səltənət xalanın səsini eşitdim, anama deyirdi, – Gözün aydın olsun, a Südabə, o gün olsun toyun görək! Səltənət xala ağızdan bir az latayır arvad idi. Həmişə bizə gələndə padaraf zarafatlarından doymurduq. Anam hər dəfə göz-qaşla məni yanlarından qovsa da, mən onun zarafatlarına qulaq asmaq üçün özümü qanmazlığa vururdum. Baxırdın ki, biədəbin biridir, amma kənddə onun söz-söhbətindən inciyən, xətrini istəməyən yox idi. Mənə “Allahqulunun əbrəş danası” deyirdi. Kəndçimiz Allahqulu kişinin törəboy, qaşqalı herağaş danası düyəyə tullananda dalıqatda yerə sərilib özünü dilə-dişə salmışdı. Səltənət xala da gödək boyuma lağ üçün bu ayamanı qoşmuşdu mənə. Bizdə başı ağrıyanda mənə deyirdi ki, – Ə, Allahqulunun əbrəş danası, başımı əllə görüm. Özün də dua elə, deyirlər Allah uşaqların duasını tez eşidir. Mən də, – Allah baba, sən Səltənət xalanın başının ağrısını tez kəs – deyib onun alnını ovuşdurardım...
Ürəyimə damanı ağlıma sığışdıra bilmirdim və əlimlə qabağımı tutub mat-məəttəl ayağa qalxdım. Bir gözüm qapıdaydı ki, necə aradan çıxım. Dirəndim. Cahangir əmi gördü ki, təkbaşına mənimlə bacarmayacaq, onda Səltənət xalanı köməyə çağırdı. Arvad içəri girən kimi gülə-gülə, – Hə, əbrəş dana, indi sənin bəyirtini kəndlə bir edəcəyik! – qıpqırmızı üzümə belə deyəndə bildim ki, məni sünnət edirlər. Nitqim tutuldu, sidiyim kisəmdə yoxa çıxdı. Çabalayıb qolumu məngənədən qoparmaq istədim, amma bununla işi daha da sürətləndirmiş oldum. Cahangir əmi qoltuğumun altından iki biləyimi də qamarlayıb məni havaya qaldırdı. Dəllək tursiyimi bircə anda çəkib ayaqlarımdan çıxartdı. Məni basıb stula oturtdular. Səltənət xala ərinməz-ərinməz arxamızda yerə sərilib stulun altından ayaqlarımı qamarladı.
– Buraxın məni, istəmirəm! Müsəlman olmaq istəmirəm! – gücüm çatan qədər çabaladım.
– Özxoşunasan, ağzın nədir istəməyəsən!? Ölünü özbaşına buraxsan, kəfəni yırtar. İstəyirsən sənə heç kim qız verməsin, ay əbrəş dana!? – Səltənət xala Cahangir əmidən beşqat güclüymüş, – Di başlaginən, canım çıxdı burda! – hıqqıltıyla dəlləyə bağırdı. Elə bil ayaqlarımı stula qandallamışdı arvad.
– Cahangir əmi, qurban olum, burax qollarımı. Söz verirəm, sakitcə dayanacağam. Çişim gəlir, qoyun peşabımı eliyim, sonra neyliyirsiniz eliyin.
– Keçəl suya getməz... Ə, danabaş dəllək, sən də kəs qurtar dayna! – Səltənət xalanın hıqqıltısı stulun altından əsəblərimi oynadırdı. Əlimdə əlacım olsaydı bu saat onu ülgüclə qıyma-qıyma doğrayardım, – Səni görüm öləsən, Səltənət xala! – gücüm ancaq şüvən qoparmağa çatırdı. – Ya bismillah! – söz dəlləyin ağzından çıxan kimi əl-ayağımı elə bil stula mıxladılar – nə qədər qurcuxdumsa ülgücün iti ağzından canımı qurtara bilmədim. – Ata, kömək elə, yalvarıram, qoyma, axı məni incidirlər! Mən qorxu-u-uram..! Yan-dı-ıım, ana!!! – bircə anda elə bil paçamın arasından tutmuş ta boğazıma qədər qaratikan koluna bürədilər məni. Dəllək ülgücü yerə qoyanadək dişlərimi bərk-bərk sıxdım, pülüyümü çevirib yaraya rivanol vuranda ağzımı ayırıb sinədolusu bəyirdim, – Oğraşlar! Sizin ananızı..! Mən daha sizin balanız olmuram! – eşikdə mənim bağırtıma qulaq asan valideynlərimə idi son ismarıcım. Onlar əziz-xələf balalarını bir qansız, iki insafsıza tapşırıb, özləri də qorxaq kimi divar arxasında gizlənmişdilər. Bu anda hər kəsə nifrətimdən bağırırdım. Səsim məhəlləni başına götürmüşdü.
Gözlərimin nuru qayıdanda gördüm ki, Səltənət xalanın nəvəsi Ayşən eyvanın pəncərəsindən içəridəki həngaməni bayaqdan rahatca izləyirmiş. Onu elə vaxt gördüm ki, artıq sidiyimi saxlayacaq gücüm qalmamışdı – doğranmış sinirlərim mənə qulaq asmırdı. Və gözüm Ayşəndə ola-ola özümü buraxdım. Dəllək sinəsini ha çəkməyə çalışsa da çox gec idi, – boyun-boğazını yaxşıca islatdım. Ayşən sidiyi dəlləyin üzünə necə bızqırtdığıma baxıb şeytan kimi irişirdi. Səltənət xala yerdən deyirdi, – Eybi yoxdu, sidik daha tez sağaldır yaranı, qoy işəsin... Çox ağrıdır, ə, Allahqulunun əbrəş danası? – dəlləyin həşirindən xəbərsiz idi və bu halımda da məni cırnatmaqdan əl çəkmirdi. – Allah betərini başına gətirsin! – bağırdım. Cahangir əmi gülürdü, dəllək başıhəşirindəydi, bircə Səltənət xala insafa gəlib, ya da yorulub ayaqlarımı buraxdı. Amma nolsun, istəsəm də indi dizlərimi sıxa bilmirdim, ayağa qalxmağa taqətim yox idi – sanki, ülgüc məni ikişaqqa bölmüşdü. Yarama nəsə pudra səpib cunayla sarıdıqdan sonra valideynlərim və Ayşən içəri girdi. Anam atamın maykalarından birini əynimə geydirəndən sonra məni təzədən yatağa uzatdılar. Ayşən cibdolusu alma qaxı, bir də iki lalıxlamış pırnıx gətirmişdi mənə. Onun gülərüz sifəti mənə od qoyurdu, elə bilirdim ki, bu saat məni lağa qoyub qəşş eləməyə hazırdır. Təhqir olunduğuma, rəzil halıma dayanmadan ağlayırdım. Bir azdan ard-arda gələn qonşuların gətirdiyi konfet-şokalat, danqa manatlıqlar, pay-püşlər də dərdimin ağrısını unutdura bilmirdi mənə.
Bir həftə həyət-bacada atamın uzun köynəyində və sancaqlı tursiyində gəzdim. Bu halımla bostanqoruyan müqəvvaya oxşayırdım, Ayşən də hər dəfə tör-töküntülü halımı görəndə mənə gülürdü. Dünyada abrını itirmiş adamdan dəyərsiz, alçaq adam yoxmuş. O gündən sonra özümdən bir yaş balaca qızın yanında gözükölgəli oldum. O, görməli olmadığı hər şeyimi görmüşdü, yer yarılsaydı yerin altına girərdim utandığımdan.
Tez sağaldım. Yay tətili bitirdi. İndi 6-cı sinifə getməyə hazırlaşırdım. Məktəbdə tək qorxduğum insan Ayşən idi. Onun gülümsər baxışı məni rahat buraxmırdı. Amma Ayşən comərd tərpəndi – gördükləri barədə məktəbdə kimsəyə bir kəlmə də demədi. Sonra azca sırtıldım, – “Görüb, görsün da!” – indi üz-üzə gələndə sakitcə salam verib gözlərimi gizlədirdim, ancaq onunla tək qalmaqdan hələ də çəkinirdim.
Səltənət xalagilin evlərinə bitişik, toyuq hinindən bir az böyük balaca xosmaları vardı. “Yantey” dedikləri bu alçaq damın üstündə həmişə meyvə dilimlərini sərib qurudardılar. İstədiyim vaxt qonşuya keçib alça axtası və lavaşı, tut qaxı, ərik, gavalı qaysısı, zoğal muxəşərindən dədə malı kimi yeyərdim. Bir dəfə də nərdivanı divara söykəyib dama qalxanda yanteydən Səltənət xalanın acıqlı səsini eşitdim, – Dinc dur, köpəyin qızı! Dalını çevir görüm! Şüşəsi qırıq pəncərənin tuşuna boyum çatanda xəlvətcə içəri boylandım. Nənəsi Ayşəni dəmir tasda çimizdirirdi. Ayşənin sabunlu beli, lüt əndamı, ayaqları gözümün qabağındaydı. – Bəri çön! – Səltənət xalanın səsinə əyilib başımı gizlətdim. Balaca pəncərənin şüşəsinə iki dənə iri mismar vurmuşdular, görünür elə mismarlayan zaman şüşəni çatlatmışdılar və yarıqdan çeçələ barmağım keçərdi. Uslufca dikəlib yarıqdan yenə baxdım. İlk dəfə idi ki, lüt qız görürdüm və qızla oğlan arasındakı fərqə yaxından baxırdım. Özümü elə unutmuşdum ki, Ayşənin mənə lal-dinməz baxdığını görüb gizlənməyin çox gec olduğunu anladım. Səltənət xala su çömçəsini nəvəsinin başından əndərdi, qız üz-gözünü sığıyıb yenidən gözlərini üzümə zillədi. İkimiz də qımışdıq. – Nəyə baxırsan, ay qız!? – Səltənət xala geri qanrılıb məni gördü, – Buy, vurğun təpəndən çalsın səni, bizi pusursan?! Sənin gözlərini çıxarmaq mənə borc olsun, əbrəş dana! Qəysəvələri yeyib qurtarma, qışda aşın altına qoymağa da bir şey saxla! – heç nə olmamış kimi təzədən öz işinə girişdi. Damda yayxanıb şaftalı qaysılarından bir ovuc götürdüm, heyva qaxıyla cibimi doldurdum. Və ilk dəfə elə buradaca – “Əgər bu dünyada bir qız qismətimə yazılıbsa, o, Ayşən olmalıdır” – səbəbini bilmirəm, amma bu fikir ağlımdan o gün heç çıxmadı. Artıq içim rahatlanmışdı – “İndi hünəri varsa ağzından bir söz çıxarsın, mən də gördüklərimi hamıya car çəkib deyəcəyəm” – heç-heçəydik onunla. Onun hər məni görəndə necə utanacağını düşündükcə fərəhlənirdim. Di gəl, mat qalmışdım, – “Özünü gizlətməyə heç cəhd də eləmədi...” – sünnət olunan zaman keçirdiyim hisslərdən yenə burnumun ucu qızardı.
Bilmirəm 12-13 yaşlı oğlan uşaqları aşiq ola bilirlər, ya yox, amma indi hər gecə Ayşəni düşünürdüm, onun dəmir tasdakı çılpaq, şümal, qönçə bədəni məni sürətlə kişiləşdirirdi. Hətta, özümü, həmişə sığalladığı sevimli pişiyinin yerinə qoyub xəlvətcə xumarlanırdım. Düz 8-ci sinfədək Ayşənə qarşı ayıbdan doğan məhrəmlik daşıdım içimdə. Yaşımız çatmasa da, göz və ürəklərimiz bir-birimizə utana-utana da olsa nələrsə pıçıldamağa qadir idi.
* * *
Amma mən doqquzuncu sinifdə oxuyanda eşitdik ki, Ayşən xəstələnib, daha məktəbə getmir. O, indi tez yorulur, pis oxuyur, oynamağa həvəsini itirmişdi. “Həftə səkkiz-mən doqquz uşaq qripdir. İştahı kəsilib. Yanından yel ötən kimi düşür yatağa” – Səltənət xalanın üzü qayğılı olmuşdu, daha əvvəlki kimi deyib-gülmürdü, elə bil ürəyinə nəsə pis şey dammışdı. Qızın ayaqlarında və onurğasında ağrı meydana çıxanda, dərisi müntəzəm avazıyanda və bədənində göy ləkələr əmələ gələndə hamı əl-ayağa düşdü və Ayşəni həkimə apardılar. O gecə Səltənət xala hıçqıra-hıçqıra bizə gəldi, – “Qız ölüm ayağındaymış – ağ qan qırmızı qanı yeyirmiş. Həkim deyir ki, çox gecikmişik” ...
Acı xəbərdən içimdə boşluq yaranmışdı. Ayşənin ölə biləcəyini düşündükcə ətim ürpənir, özümə yer tapa bilmirdim, – “Bu yaşda adam ölərmi!?”. Özüm onun pərişan halını görmək istəməsəm də, gözüm Səltənət xalanın yollarında qalmışdı. Tərs kimi də Ayşən xəstələnəndən bəri arvadın ayağı bizdən kəsilmişdi. Bircə anam tez-tez onlara keçib Ayşəndən xəbər gətirirdi, – “Elə bil ölüm, ondan duyuq düşənlərin yolunu kəsmək üçün işini daha tez bitirməyə girişir. Qızın atası, əmi-dayısı nəyəsə qərar verməyə macal tapmamış, yazığın boyun-boğazında xırda düyünlər əmələ gəlib, tez-tez hərarəti qalxıb-düşür, sümüklərində dözülməz ağrılar başlayıb. Zavallıların nə mal-heyvanı vardısa dəyər-dəyməzinə satıblar ki, uşağı Bakıya aparsınlar. Amma yenə də pulları çatmır – yaman ağır xəstəlik imiş, zəhrimara qalmış”. Həkim növbəti müayinə zamanı dedi ki, – “İndiyədək sümük iliyi köçürülməyibsə, daha çox gecdir, dalaq və qaraciyər şişib. Uşağa əziyyət verməyin”. O gündən sonra Səltənət xalagilin evinə yas düşdü. Anam deyirdi ki, yazıqlar çarəsiz oturub ürək ağrısıyla Ayşənin dəhşətli sızıltılarına qulaq asır, için-için ağlayırlar, – Zavallı uşaq bir dəri-bir sümük qalıb. Ayaqyoluna getmək üçün eyvanda pərdədən arakəsmə çəkiblər, ortasıdeşik stul düzəldiblər”.
* * *
O gün günəşli, xoş hava vardı. Ayşən nazik xalatda, əllərini qalın şala bürmələyib həyətdəki heyva ağcının dibindəki taxtda tək-tənha oturmuşdu. Onu çoxdan görməmişdim. Ara yolağadan onların məhləsinə keçdim. Məni görcək o məsum gözlər güldüsə də gülüşün rəngindən ağrının şiddətini duydum. – İlman, niyə heç görünmürsən? – səsi incik idi.
– İndi necəsən? – əslində isə, görünməməyimin bircə səbəbi vardı – onu ölüm yatağında can çəkən, ağrıların əlində çarəsiz inləyən görmək istəmirdim.
– Ağrılar gah dayanır, gah da güclənir. Çoxdandır havaya çıxmırdım, dedim günəşi son dəfə görüm... – burnunu çəkdi, dərhal doluxsundu. “Demək öləcəyini bilir!” – bilmirdim nə təsəlli verim, özümü necə toxtaq tutum. – Sağalacaqsan... – təsəllimin gerisi gəlmədi, qəhər qırtlağımda ilişib qaldı.
– Üşüdüm. İçəri keçək. Kömək elə... – ağrıdan üz-gözünü turşuda-turşuda ayağa qalxdı. Qoluna girdim və onun istiliyini biləyimdə duydum. Bilirəm ki, xətriyaxınam və bircə kövrək kəlmə məni dolmuş bulud kimi yağdıracaqdı. Eyvanın açıq kəllə pəncərəsindən dolan meh “ayaqyolunun” pərdə arakəsməsini yelləyirdi. Onu yatağına oturtdum, – Təksən, nənən hardadır bəs? – biləyini şal dolağından çıxaranadək yorğanını açdım, yastığını yumşaldıb dikəltdim. – Nənə tütün aratlamağa gedib. Qınamıram heç birisini, artıq bu evdə bir-iki günlük qonağam. Məndən əllərini üzüblər, İlman. Mən indi onlara lazım olmayan əşya kimi bu evdə yerlərini dar eləyirəm...
– İnsafsız olma, onlar səni nə qədər çox istiyirlər, belə deyib niyə günaha batırsan?
– Kim dedi ki, çox istəmirlər? Amma hökmüm verilib, dərdimin əlacı yoxdur, məhkumam mən... Əllərimə bax, gör skeletim necə çıxıb? – həqiqətən əl sümükləri nazik, şəffaf dərinin altından aydınca görünürdü. – Bilirsən necə ağrıyır bu sümüklər? Elə bil ki, iliyimə biz soxub oyurlar, bumbuzdur əllərim, bir bax – iyrənmirsənsə... Bir əlini ovcuma aldım, doğrudan soyuq idi. Ehmalca ovdum dərisini, sonra necə oldusa dodaqlarıma yapışdırıb elə titrək öpdüm ki, gözümdən bir damla yaş öz əlimin üstünə düşdü, – Mən səni ölməyə qoymaram, izafa, özün də ölmək arzusundan əl çək. İstəyirənsə, hər gün yanına gəlim, səni darıxmağa qoymayım. Mən sənin bütün azarlarını, ağrılarını öz canıma çəkməyə hazıram... – hıçqırmağa başlamışdım, biləyimlə tez-tez gözümün mütüyünü silirdim. O əlini başıma çəkdi, yanaqlarımda saxladı. Düz gözlərimin içinə baxdı, – Sən cənnətdən gəlmiş qılmansan. Əvvəldən yanımda olsaydın mən heç xəstələnməzdim də, İlman... – “Bu onun sevgi etirafı deyildimi!?” – bir andaca özümü qayğı dəryasında üzən gördüm. Boynunu sinəmə sıxıb telini qoxladım, – Ayşən.., bu xəstəlik Allahın məsləhəti ola bilməz. Sən nə ömr sürmüsən, bu dünyada nə görmüsən ki? Yox, sən bütün gücünü toparlayıb ayağa qalxmalısan, sağalmalısan! Sənin xoşbəxt günlərin hələ qabaqdadır...
– Gecdir, İlman. Sən bu ağrıların bircəciyini duya bilsəydin, belə deməzdin. Ölüm qorxusu qanımı qatılaşdırıb, canımın bu əzabdan birdəfəlik qurtarmağını istəyirəm. Bu ağrı sənə tanış olan sünnət ağrısından deyil. O zaman sənin necə ağrıdığını mən öz canımda hiss eləmişdim, amma sən bu acıların dəhşətini bilməzsən. Heç kimə arzulamıram bu ağrı-acıları... Hər kəs necə sızladığımı görməmək üçün məndən qaçır. Bilmirəm nə günahın sahibiyəm ki, bəxtim içimi çölümə edam etdirir. Kim bilir, bəlkə də gələcək ağır bəlalardan canımı qurtarmaq istəyir yaradanım, axı qədəri bilən tək Odur. Qayğısız yaşda olan bir qızın ölüm ayağında nə qədər arzusu olurmuş, İlahi... Bilmirəm necə anladım sənə... Mən bu dar macalda hər şeyi dadmaq istəyirəm, həm də çox tələsik... Amma ağrılar bütün istəklərimin üstünə elə hücum çəkir ki, bəxtimdən son acığımı da çıxa bilmirəm – onu anlamağa çalışırdım, iradəsi və arzuları qarşısında özümü çox aciz və məhkum hiss edirdim. – Qismətimdə qadın, ana olmaq, xoşbəxtliyin dadını duymaq yox imiş. İstəklərim təzəcə yarandı və özümlə birlikdə qəbrə gedəcək. İnan ki, Allah məni təzədən diriltsəydi, nə geyim-kecim, nə yemək-içmək, nə də var-dövlət dərdi çəkərdim, sadəcə çox yaşamaq üçün nəfəs alardım. Bu da mümkün deyil artıq... Ancaq ən böyük arzularımdan birini sən həyata keçirə bilərsən... – həyəcanla onun gözlərinin içinə baxdım. Biləyilə burnunun qəhərini silib, – Öp məni... Səndən bircə öpüş də olsa özümlə axirətə yadigar aparmaq istəyirəm, bircə mənə bunu çox görmə – səsi titrəyirdi bunu deyəndə. Yanaqlarını əlimə alıb alnından, boyun-boğazından, nəmli gözlərindən, sonra isə dodaqlarından öpdüm, onu sinəmə sıxıb hıçqırdım, – Sən ölsən mən yetim qalaram, Ayşən. Mən səni çox istəyirəm, tanıdığım hər kəsdən çox...
Nənəsi gələnədək onun yanında qaldım. Onu bağrıma basmaqdan, öpməkdən doymurdum və o, sanki ağrılarını qismən də olsa unudurdu. Hətta, – Eşqlə çox oynama, vurularsan... – deyib mənim dəlisovluğuma güldü.
Sabahı gün isə yenidən soyuqlamış, hərarəti qalxmışdı. Yenə ağrıların əlində qovrulurdu. Yanında adamlar çox olduğundan ona baş çəkə bilmədim. Amma bilirdim ki, indi onun ağrılarını səngidəcək tək çarə mən idim. Yerimdə əlacsız vurnuxurdum. Gecəyarı Səltənət xalanın tükürpədən qıyyasını eşidən kimi onlara götürüldüm. Amma gec idi, Ayşən keçinmişdi...
* * *
Ayşənin ölümündən düz on dörd il ötsə də o qara matəmi ömrümün cırılmış səhifəsi kimi heç vaxt unuda bilmirəm. Ayşəngilin evlərinin arxasında Səltənət xalanın nəvəsinə dediyi ağıya gizlincə səs verərək hönkürməyim hələ də için-için davam etməkdədir. Kəfənə bükülü Ayşənimi evdən çıxaranda arvadların çığırtısından içimdə əbədi bir boşluq yarandı və bu boşluğu heç nə ilə doldurmaq mümkün deyil. Onu dar qəbrə qoyanda onun dodaqlarında, yanağında axirətə apardığı öpüşlərimi son dəfə görmək üçün adamları yarıb məzarın düz qırağınadək gəlmişdim. Ağappaq kəfənə bükülmüş gözəlimin ağrıdan azad olmuş üzünü görüb təsəlli tapmaq istəyirdim. O da nəsib olmadı, – “Allahsızlar, heç olmazsa üzünü azca açıq qoyun, bir az hava ala bilsin...” – onun üstünü torpaqlayanda zarıyıb daldaya çəkilmişdim.
Bir ara valideynlərim məcbur elədilər ki, evlənim, ailə-uşaq sahibi olum. Ancaq içimdəki boşluğu kiminsə doldura biləcəyinə inanmıram. Odur ki, heç kimi bədbəxt etməyə razı da olmaram. Bu qəlbin sahibi onu elə möhürləyib və açarını axirətdə elə gizləyib ki, fələk gəlsə də tapa bilməz. Yaşamaq üçün sadəcə nəfəs almaq mənə yetər. Sevdiyimə qovuşmağa nə qalıb ki, – “Ölüm, qaşla gözün arasındadır” – deyiblər...