manera.az
manera.az

İndi gəl gözəl qadınları dərk elə... - Tərcümə | MANERA.AZ

İndi gəl gözəl qadınları dərk elə... - Tərcümə   | MANERA.AZ
Manera.az

Bu il görkəmli gürcü nasiri, məşhur “Pastoral” və “Arzu ağacı” filmlərinin ssenari müəllifi Revaz İnanişvilinin (1926-1991) anadan olmasının 90 illiyi qeyd olundu. Yazıçının artıq Tbilisidə dilimizə Mirzə Məmmədoğlunun çevirdiyi “Tənhalıq nəğməsi” kitabı işıq üzü görüb. Hazırda Nəriman Əbdülrəhmanlı ilə birgə nasirin daha bir hekayələr toplusu çapa hazırlanır. Həmin topludan bir hekayəni oxucularımıza təqdim edirik.


GÖZƏL QADIN


Yox, deyirlər, belə olmayacaq, biz axı, deyirlər, sodzerianlar, vadi canavarlarıyıq, - sonra üçüncü stəkanı içməyə məcbur elədilər. Üçüncünün arxasınca dördüncünü verdilər, amma bu artıq izafi idi; deyir, Allah üçlüyü sevir, sonra bud ətindən bir parça götürdü, çörəyin arasına qoyub bircə loğma elədi, atına doğru getdi. Atın başının yanında ayaq saxladı, geri döndü, əlini qamçının ilgəyinə keçirib dedi:
-Orda rastınıza belə hündür sarı şeylər çıxacaq, bax, onları xarab eləməyin.

“Vadi canavarları da artıq yerlərindən qalxırdılar, kürən Şaliko böyrünə yapışmış ayıpəncəsini qoparırdı, Andria isə əlində stəkan tutmuşdu, əyriçənə oğlan da ona bardaqdan araq süzürdü. Süzdü, stəkanı daşdırdı, - uh, uh, uh, eləyib təəssüfləndilər, - sonra Andria Datikoya doğru getdi. Datiko ağızlığı atın dişləri arasına keçirdi, yüyəni boynundan geri atıb asanlıqla yəhərə sıçradı. At ağırlığı hiss eləyib yerindən tərpənməyə hazırlaşdı, amma Datiko yüyəni dartıb atın başını yana döndərdi, onu ayıpəncələrini xışıltıyla tapdalaya-tapdalaya kiçik bir dövrə vurmağa məcbur elədi. Yırğalan Andria elə hey stəkanı yuxarı uzadır, qorxa-qorxa atdan yayınırdı.

-Bunu da, Datiko, təkcə bunu kurdgelaurili qadının sağlığına!

Kurdgelaurili qadının kim olduğunu, bu bədbəxt kuxililərin bütün kefli sağlıqlarını kimi sağlığına içdiklərini heç kəs bilmirdi.
Datiko şirin-şirin gülümsündü – daha bir damcı da içmərəm, dedi, bir daha xatırlatdı:

-Bura baxın, uşaqlar, incitməyin.
-Uşaq deyilik ki, Datiko!
-Onda, yaxşı, Allah amanında!

Dabanlarıyla atın böyürlərinə toxunub onu cığırla irəli qovdu. Bir müddət budaqlar hər iki tərəfdən cığırın üzərinə uzandıqlarına görə, qəddini əyib getdi, sonra budaqları geri çəkilib əngin səmanın qabağını açdı. At dağ yamacıyla köndələninə qalxırdı, cidd-cəhdlə yala qalxıb sola döndü, elə bil, dizlərinin yorğunluğunu çıxarmaq üçün bir neçə addım atıb dayandı. Onu Datiko saxlamadı, özü durdu. İndi adam da, at da, elə bil, sayrışan səmayla çulğaşmış halda vahid bir can kimi döyünürdülər.

Aşağıda, orda-burda nizamsız halda gözə dəyən qaya parçaları, Susuzluqdan quruyan palıd ağaclarına qarışmış yemişan və itburnu kollarının altında yarıqurumumuş çay yatağı ağarır, yatağın ortasıyla açıq-yaşıl rəngdə su axırdı, ordan, həmin çaydan da dağın yamacınacan, yaxud, daha doğrusu, o dağla bu dağın arasındakı nəhəng dərə təmiz sentyabr havası və günorta Günəşinin əzici şüalarıyla dolmuşdu. Hava hərəkətsiz idi, çəyirtkələr cırıldamırdılar, çay çox aşağıdaydı, şırıltısı bura gəlib çatmırdı. “İlahi, yoxsa yerə bərəkət bəxş eləyibsən?” – Datiko ucadan dilləndi, qamçısını yellətdi, at nallarından qığılcım saça-saça dağın ətəyinə enməyə başladı.
Eniş aşağı qara köynəkli bir atlı gedirdi, onun atının tayı-bərabəri tapılmazdı, özü də yaraşıqlıydı, özünü cənnətdə hiss eləyə-eləyə, üç stəkan araqdan sonra dünyanın ağası saya-saya oxuyurdu:

Eh, yazıq gününə, qarğa,
Lap cəsədimi dimdiklə.
Səndən qorxub eləmirəm,
Onsuz da bir qədər sonra
Qorxudan ölərsən özün...

Dağın yamacı bürkülüydü, qızmış daşların üzərində boz rəngli qaya kərtənkələləri sərələnmişdilər, atın yaxınlaşdığını görən kimi, arxalarına baxa-baxa qaçırdılar. At isə burun pərələrini şişirdir, kərtənkələlərə tərs-tərs baxır, kərtənkələ, yaxud onun hərəkəti nəzərinə qeyri-adi dəyəndə narahat halda fınxırırdı. Az sonra suyun şırıltısı da eşidilməyə başladı. “Çayın qırağına çatanda atı sulayım”, - Datiko beynindən keçirdi. Çay asta, boğuq səslə şırıldayırdı. Hətta burdan da hiss olunurdu ki, yazda gur axının yaladığı daşlar artıq sürüşkən olub, su o daşların üzərilə rahatca axıb gedir. Datiko özü də su içmək istədi. Çay yatağına yaxınlaşanda tələsdi, enib atı arxasınca apardı, onu şəffaf sulu çeşməyə yaxın çəkdi. At dərhal su içməyə başlamadı; Datiko onun xasiyyətinə yaxşı bələd olduğundan, daşın üstündə oturub papağını çıxardı, sağ əlini isladıb başına və sifətinə çəkdi.
O, oturub gülümsəyirdi. Datiko dünən də, ötən gün də burdaydı, amma ətrafa maraqla nəzər salırdı, sanki uzun səyahətdən yenicə qayıtmışdı. Datikoya elə gəlirdi, təbiət də onun kimi əsrarəngiz cənnətə qərq olub, şirin-şirin gülümsəyir, damarlarında isə içkinin coşdurduğu qan rəvan halda, asta-asta axıb gedir.

Datiko sudan bir ovuc da götürmək istəyirdi ki, çayın o tərəfindəki tutqun rəngli nohura günəş şüaları altında par-par parıldayan qara “Volqa” maşınının yaxınlaşdığını gördü. Maşın astaca yırğalana-yırğalana gəlirdi; adama elə gəlirdi ki, yer dənizin səthidi, əyilir, maşını yavaş-yavaş yuxarı qaldırır, sonra da eyni ehtiyatla aşağı endirirdi. “Volqa” çaya yaxınlaşıb dayandı. Maşından dörd nəfər endi, dördü də qarabasma kimi, ucaboy, arıq idi . Datiko onları görən kimi, o birilər sayaq şalvar və alabəzək köynək geyinmiş olsa da, aralarındakı qızı qadın hərəkətlərinə, yaxud ətrafına yayılan xüsusi bir işığa görə ayırd elədi. Onlar suya doğru əyilib əllərilə nəyisə göstərirdilər, arabir qırıq-qırıq sözləri eşitmək olurdu. Sonra hamısı yenə maşına əyləşdi. “Volqa” yerindən tərpənin axın yuxarı getməyə başladı. Su, yəqin ki, mühərrikin səsini batırır, maşın lap səssiz hərəkət eləyirdi. Maşın Datikonun bərabərini ötüb bir qədər yuxarı getdi və dayandı. Həmin yerdə çay səmtini dəyişir, üzbəüz tərəfdən ona kiçik bir qol qarışır, həmin yerdə Günəşin şüaları altında bərq vuran kiçik körfəz yaranırdı. Dörd nəfər yenə maşından endi. Hə, aralarında sarışın saçlı, yaraşıqlı bir qız vardı. Hamısı nə barədəsə danışıb-gülürdü. “Görünür, çiməcəklər... Maraqlıdı, qız da çiməcək?! Hə, o da çiməcək!.
At su içib doymuşdu, indi boynunu uzadıb daşların arasındakı yaşıl otları qırpırdı. “Heç olmasa, bircə dəfə görüm...” Qız Datikoya sarı çevrilib əyildi, qızılı rəngli saçları yanaqlarına töküldü, o, lap yüngülcə qəddini düzəldib çaya daş atdı. Oğlanlar ona baxa-baxa səs-küy saldılar. Qız gülə-gülə geri çəkildi. Saçları hələ də yanaqlarını bürümüşdü, Günəşin şüaları tellərində bərq vururdu, həm də çox təəccüblüydü ki, elə bil, parıltı qızın sifətinin ətrafındaydı. “Bax, keçmiş zamanlarda deyilən kimi, doğrudan da oda oxşayır, - Datiko gülümsündü. Getmək vaxtıdı, heç olmasa, bircə dəfə görəydim! Eh, bu cür qızların uğrunda ölməyə də dəyər!” Hardansa yadına bir şeir düşdü: “Sinəmdən elə bir inilti qopdu, titrədi altımda torpaq üç dəfə... titrədi altımda torpaq üç dəfə...” Əlini ata toxundurub qulaqlarının dibini qaşıdı. At fınxırıb başını onun sinəsinə toxundurdu. “Nədi, sən də getmək istəmirsən?” O taya, əlbəttə ki, qıza bir də nəzər saldı Bu nədi belə? Soyunmuş oğlanlar çömbəlib nəyləsə əlləşirdilər. “Yəqin ki, dinamit partlatmaq istəyirlər”. Onu sanki elektrik cərəyanı vurdu. Cəld atı selin kənara atdığı əyri iydə ağacına sarı çəkib bağladı, çəkmələrinin boğazını yuxarı dartdı, qamçının dəstəyindən yapışıb körfəzə doğru getdi. Oğlanlar artıq ayağa qalxmışdılar. Onlardan birinin əlində həqiqətən, dinamit vardı, digər iki oğlan ona müəyyən məsləhətlər verə-verə geri çəkilirdilər. Arxadasa qız yanar məşəl kimi dayanmışdı. Datiko körfəzə yaxınlaşdı, qamçı olan əlini yuxarı qaldırıb qışqırdı:

-Atma!
Oğlan onun dediklərini ayırd eləyə bilmədi, suya yaxınlaşıb siqareti dodaqlarının arasından götürdü, bir qulağını Datikoya sarı tutdu:
-Nə? Nə deyirsən?
-Atma!
-Niyə?
-Ona görə ki, qadağandı.
-Yaxşısı budur, de ki, qadağan deyil.
-Qadağandı.
Oğlan güldü:
-Yaxşısı budur, de ki, qadağan deyil.
-Bilmirəm, amma bu qadağandı.
-Bura bax, çıx öz yolunla get, işin-gücün yoxdu yoxsa?
-“İşin-gücün yoxdu” nə deməkdi? Mən meşəbəyiyəm.
-Oho-ho-ho, meşəbəyiymiş! Meşəbəyilər nə vaxtdan belə qanunpərəst olublar?
“Bunlarla niyə ağız-ağıza vermişəm axı?!”
-Bəsdi, dedim, atma, vəssalam!

Geri çəkilmiş oğlanlar da, qız da yaxınlaşdılar, əlində dinamit olan oğlandan onun nə istədiyini soruşdular. Oğlan Datikonun nə istədiyini dedi, o birilər təəccüblənib səs-küy qaldırdılar, əl-qollarını oynatmağa başladılar. Qız isə qansoran iblis kimi dayanmışdı, yüngül təbəssumdən aralanmış dodaqları dümağ dişlərini açıqda qoymuşdu, mavi gözlərini parıldada-parıldada maraqla Datikoya baxırdı. O, həqiqətən, çox gözəl idi. İncə, gündən yanmış qolları da gözəl idi. Qız əlində mavui rəngli, iri alma boyda daş tutmuşdu, daşı bu əlindən o əlinə ata-ata oynadırdı.
Datiko kişi sövqi-təbiiylə başa düşdü ki, qızın xoşuna gəlib.

-Bura bax, - oğlanlardan biri qışqırdı. – Sənin kimi meşəbəyiləri çox görmüşük, sürüş burdan!

Qan Datikonun beyninə vurdu. O, qamçının dəstəyini sıxmış əlində ağrı duydu. “Oğlanlar da şeytan balaları kimi gözəldilər!”

-Sənə deyirlər, atma!

-Mən indi atacağam, sənsə istəyirsən, elə ordaca dayan!

İndi dinamit gündən qaralmış, əzələli və yalmanlı oğlanın əlindəydi. O, yoldaşından siqaret aldı, bir qullab vurdu, partlayıcının başını düzəltdi, o birilərə işarə elədi ki, geri çəkilsinlər. Oğlanlar və qız gülümsəyə-gülümsəyə geri çəkilməyə başladılar. Olanın “sənin kimi meşəbəyiləri çox görmüşük” sözləri Datikoya qamçı kimi dəymişdi. “Görək necə meşəbəyilər görmüşünüz...”

-At görüm, necə atırsan!

Əlində dinamit olan oğlan qəfildən duruxdu. Sifətindəki gülüş yoxa çıxdı, irəli əyilib körfəzin ortasındakı adama baxmağa başladı. O birilər də qaçıb gəldilər. Bu dəfə qızın sifətində vəcd dolu ifadə vardı, daşı ovcunda bərk-bərk sıxdığı qolunu bir qədər irəli uzatmışdı.

-Nədi, dəli olubsan? Bizdən nə istəyirsən, burdan üzüsulu rədd ol, bizi işə salma!

Amma Datiko oğlanların səsində çəkingənlik hiss elədi, buna görə də qəlbinə bir qədər rahatlıq çökdü. Bir neçə sıçrayışla sahilə çıxdı, su dolmuş çəkmələrini bir neçə dəfə yerə döydü, əlini uzadıb mümkün qədər yumşaq tərzdə dilləndi:

-Dinamiti ver!

Yanmış, əzələli oğlan dinamiti arxasında gizlədib yanı-yanı uzaqlaşmağa başladı, elə bil, qaçmaq üçün münasib məqam axtarırdı. Datiko oğlanın görkəminə inanıb irəli getdi, ona lap yaxınlaşdı, az qala tutmuşdu ki, o, cəld yerə çökdü, bir xışma qum götürüb var gücüylə rəqibinin üzünə çırpdı. Həmin məqamda da qızın fəryadı eşidildi: “Ah!” Datiko orda nə baş verdiyini öyrənmək üçün geri dönmək istəyirdi ki, başına ağır bir şey endi...
Qız qabağa əyilmiş, qəddi hələ düzəlməmişdi. O, sağ əlini sol çiyni bərabərində tutmuşdu, dəhşətlə dolu olan gözləri az qala hədəqəsindən çıxacaqdı...

Özünə gələndə harda olduğunu, başına nə gəldiyini uzun müddət dərk eləyə bilmədi. Gözlərinin qarşısında qırmızı dairəciklər fırlanırdı. Qalxmağa cəhd elədi, başını azca dikəltdi, amma baş dərhal geri düşdü. “Üzüstə yıxılmışdım, niyə arxası üstəyəm axı?” Sol əlini boynunun ardına apardı. Əli qana bulaşmadı, quru qaldı, bu da onu bir qədər sakitləşdirdi. Qalxıb oturmaq üçün var gücünü topladı, bu dəfə istəyinə nail oldu. Çayın qırağı bomboş idi, nə maşın, nə də içindəki adamlar vardı. “İlahi, o qız neylədi, əməlli-başlı öldürdü...” Beyni çatlayırdı elə bil, içinə əridilmiş qurğuşun tökmüşdülər. Boynunun ardını bir də yoxladı, əlinə iri şiş dəydi. At o tayda dayanıb ona sarı baxırdı. Ayağa qalxmağa cəhd elədi, amma bacarmadı. “Adam öldürdü, ay səni, köpək qızı”. Acı-acı gülümsündü: “Axı nəyə görə?” Ürəkbulanması hiss elədi, diksinib utandı, elə bil, həmin gözəl qız hələ də gözlərini ona dikmişdi. Sürünə-sürünə çaya çatdı. Suya girib üzündə bir qədər çapaladı, beyni ayazıdı, it kimi qol-qıçlarını tərpədə-tərpədə üzdü; o tayda kefli kimi səndələyə-səndələyə ata yaxınlaşıb yəhərdən yapışdı. İndi atın belinə qalxmalıydı... Amma indi bu barədə düşünmürdü, gec-tez ata minəcəkdi, başqa çıxış yolu yox idi! Əvvəlcə baş vermiş hadisəyə aydınlıq gətirməliydi. “Niyə, nəyə görə, İlahi!” Alnını yəhərin tərliyinə söykəyib beynindən keçirdi. “Niyə, nəyə görə? Ay köpək uşaqları!..” Nəhayət, beyni ayazıdı. Əlinin köməyilə sol ayağını üzəngiyə keçirdi, var qüvvəsini toplayıb yəhərin üstünə qalxdı. Atın bağlı olduğunu yalnız indi xatırladı. Gülümsədi. Sinəsi üstə atın boynuna yatdı, əlini yüyənə çatdırıb dartdı, yüyənlə birgə ağacın qabığını da qopardı, at da sərbəstlik hiss eləyib yerindən tərpəndi. Atın belində yırğalanırdı, tamam islanmış, saçları alnına yapışmışdı, arabir gülümsünür, hey öz-özünə deyirdi: “İndi gəl gözəl qadınları dərk elə! Gəl indi dərk elə!” At çala-çuxur yerlərdə onu silkələyəndə, ya da özü tərpədəndə başının arxası yenə ağrımağa başlayır, təbəssümünə kədər qarışırdı:

“U-uh, ay sizin...”

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930