Nağıl alverçisi - TƏRCÜMƏ| MANERA.AZ
Antonio Tabukki
(“Rekviyem” romanından novella)
Hekayətə qulaq asmaq üçün gecə istidi, gecə uzundu, gecə möhtəşəmdi, gəlib yanımda, Kral Dom Jozenin heykəlinin altlığında əyləşən adam dilləndi. Doğrudan da aylı, ilıq, məxməri, çox gözəl gecəydi, şəhvani və sehirli cəhəti vardı, böyük meydanda, demək olar, maşın yox idi, elə bil, bütün şəhər donmuşdu, adamlar, deyəsən, sahildə vaxt keçirirdilər, hələ gec qayıdacaqdılar. Terreyra do Poço meydanı qaranlıq idi, bir bərə hərəkətə gəlməmişdən əvvəl siqnal verdi, Tejo çayı üzərində görünən yeganə işıqlar bərənin işıqlarıydı, sehirdəki kimi, hər şey hərəkətsiz idi, qarşımdakı adama baxdım, rezin ayaqqabılar, sarı köynək geyinmişdi, uzun saqqallı, başı dazlaşmış, arıq-quru sərgərdan idi, yəqin mənimlə eyni yaşda, ya da məndən bir neçə yaş böyük idi, mənə baxıb teatrsayağı hərəkətlə əllərini qaldırdı. Bu ay şairlərin ayıdı, dedi, şairlərin, bir də nağılçıların, hekayət dinləmək, həm də danışmaq üçün çox gözəl gecədi, nağıla qulaq asmaq istəyirdinizmi? Bəs niyə nağıla qulaq asmalıyammış, dedim, buna heç bir səbəb görmürəm. Səbəbi sadədi, dedi, çünki bu gecə Ay bədirlənib, həm də siz təkcə oturub Tejo çayına baxırsınız, əhvalınız kədərlidi, sizin kefinizi yalnız nağıl aça bilər. Günüm nağıllarla dolu keçdi, həqiqətən yeni bir nağöla qulaq asmağa ehtiyac duymuram. O, qıçını qıçının üstünə aşırdı, əllərini çənəsinə dayaq verib mənə sarı döndü: Necə olur-olsun, insan kefi istəsə də, istəməsə də həmişə nağıla ehtiyac duyur. Bəs niyə mənə nağıl danışmaq istəyirsiniz, soruşdum, başa düşmürəm. Çünki mən nağıl satıram, cavab verdi, nağıl alverçisiyəm, peşəm budu, uydurduğum nağılları satıram. Başa düşmürəm, dedim. Bura baxın, dedi, bunu başa salmaq çox uzun çəkər, amma bu gecə sizə danışmaq istədiyim nağıl başqadı, mən özüm barədə danışmağı sevmirəm, yaratdığım adamlar barədə söz açmağa üstünlük verirəm. Yox, yox, dedim, sizin hekayətiniz məni çox maraqlandırır, mənə özünüz barədə danışın. Asan şeydi, Nağıl Alverçisi dilləndi, mən uğursuz yazıçıyam, bütün hekayətim bundan ibarətdi. Bağışlayın, dedim, amma sizi doğrudan da başa düşmürəm, zəhmət olmasa, bir qədər xırdalamazsınızmı? Yaxşı, dedi, mən həkiməm, tibb təhsili almışam, amma tibbi bilikləri öyrənmək istəmirdim, tələbə olanda gecələrimi yazmaqla keçirirdim, sonra diplomumu alıb peşəmə başladım, bir müayinəxanada işlədim, amma xəstələrimlə ünsiyyət məni bezdirir, onların problemləri məni maraqlandırmırdı, məni maraqlandıran yeganə şey masa arxasında əyləşib hekayələr yazmaq idi, öhdəsindən gələ bilmədiyim ağlagəlməz təxəyyülüm var, elə şeydi ki, məni ələ keçirib nağıllar – hər cür nağıl: faciəvi, komik, dramatik, nəşəli, səthi, dərin - uydurmağa məcbur eləyir; təxəyyülüm baş alıb gedəndə də artıq yaşaya bilmirəm, tərləməyə, özümü pis, narahat hiss eləməyə başlayıram, qəlbim dolub-daşır, elə vəziyyətə düşürəm ki, nağıllarımdan başqa bir şey barədə düşünə bilmirəm, başqa şeyə yer qalmır.
Nağıl Alverçisi bir anlığa duruxdu, yenə teatrsayağı hərəkətini təkrar elədi, sanki Ayı tutmaq istəyirdi. Bəs sonra, soruşdum. Sonra, dedi, məqamı çatdı, beynimə gələn nağılları kağıza köçürməli olduğum barədə fikirləşdim, on nağıl yazdım: bir faciəvi, bir komik, bir tragikomik, bir dramatik, bir kövrək, bir ironik, bir açıq-saçıq, bir satirik, bir fantastik və bir həqiqətəoxşar; sonra yazdıqlarımı bir naşirin yanına apardım. Ədəbiyyat şöbəsinin müdirilə danışdım, pambıq parçadan köynək geymiş, saqqız çeynəyən, əsl idmançı görkəmli bir sinyor idi. Dedi, bütün bunları oxuyacağam, gələn həftə gəlib mənə dəyərsən. Sonrakı həftə yenə getdim, ədəbiyyat şöbəsinin müdiri mənə belə dedi: Belə məlum olur ki, amerikan minimalizmindən qətiyyən xəbəriniz yoxdu, təəssüf eləyirəm, amma heyif ki, amerikan minimalizmindən xəbərinizin olmaması çatışmazlıqdı. Məğlubiyyəti qəbul eləməyib başqa naşirin yanına getdim. Qarşıma boynuna şərf salmış çox zərif bir xanım çıxdı, o da dedi, bir həftədən sonra gələrsən, mən də getdim. Hekayələrinizdə həddən artıq plot (qurama intriqa – tərc.) var, zərif xanım dedi, məlum olur ki, avanqard yazıçıları oxumamısınız, avanqardlar plotu çək-çevir elədilər, hörmətli sinyor, plot quraşdırmaq artıq keçmişdə qalıb. Məğlubiyyəti qəbul eləmədim, üçüncü naşirin yanına getdim. Orda qəlyan çəkən, son dərəcə ciddi bir sinyora rast gəldim, dedi, bir həftədən sonra gələrsən, mən də getdim. Praqmatizmlə qəti tanışlığınız yoxdu, həmin çox ciddi sinyor dilləndi, reallığınız tamamilə darmadağın olub, özünüzü psixiatra göstərməlisiniz. Ordan çıxıb şəhərdə boş-bekar gəzişməyə başladım. Müaiyinəxanam bağlıydı, artıq yanıma heç kəs gəlmirdi, kədərli və pulsuz idim, bəli, amma nağıllarımı adamlara danışmaq arzusuyla alışıb-yanırdım, beləcə, gəzə-gəzə fikirləşdim: Bəli, danışmağa bu qədər nağılım varsa, böyük bir şəhərdə həmin nağılları dinləyəcək adamlar da tapmaq olar, o gündən Lissabonu gəzə-gəzə nağıllarımı danışmağa başlarım, günlərim də beləcə keçib gedir.
Nağıl Alverçisi qolunu salıb nəsə verən kimi, əlini uzatdı. Sizə bu gecənin Ayını verirəm, dedi, bir nağıla qulaq asmaq istədiyinizi bilirəm. Düzdü, indi həqiqətən, nağıl dinləmək istəyirəm, dedim, doğrudan da qulaq asmaq istəyirəm, amma çox uzun nağıl olmamalıdı, çünki az sonra Alkantara körpüsündə görüşüm var, gecikmək də istəmirəm. Problem yoxdu, Nağıl Alverçisi dilləndi, bu gün necə nağıl eşitmək istəyirsiniz, onu deyin, kifayətdi.
Bura baxın, dedim, bayaqdan bəri sizdən bir şey soruşmaq istəyirəm, siz şəhəri yaxşı tanıyırsınız, mənə Alkantarada münasib restoran olub-olmadığını deyə bilərsinizmi? Əlbəttə, Nağıl Alverçisi dilləndi, düz körpüylə üzbəüzdə restoran var, ora bir vaxtlar, vağzal, ya da ona oxşar bir şey idi, bu gün dəyişikliklər eləyib camaatın ixtiyarına veriblər, içində restoran, bar, diskoteka-zad var, çox xoşagələn yerdi, deyəsən, postmodern məkandı.
Postmoderndi, soruşdum, hansı mənada postmoderndi? O qədər də bilmirəm, Nağıl Alverçisi dilləndi, demək olar hər bir formanı əhatə eləyən yerdi.
Bilmirəm gözləriniz qarşısında canlandıra bilirsinizmi, hər tərəfi güzgüylə örtülmüş, nə olduğundan o qədər də baş çıxarmadığınız yeməklər verən restorandı, qısası, bir tərəfdən ənənələrdən uzaqlaşanda, digər tərəfdən də ənənədən faydalanan yerdi, deyək ki, elə bil, bir çox fərqli formalar toplusundan ibarətdi, məndən soruşsanız, elə postmodernizmin də mənası budu. Lap Qonağım üçün münasib yerə oxşayır, dedim, sonra soruşdum: Bahalı deyil ki, üstümdə o qədər pul yoxdu, üstəlik, nağıllarından birini dinləmək istəyirəm, amma kifayət qədər pulum olduğuna inanmıram. Yox, yox, bahalı deyil, Nağıl Alverçisi dilləndi, istidriyə və qılıncbalığı yeməsəniz - əlbəttə ki, dəbdəbəli yer olduğuna görə bunların hamısından var – sizə baha başa gəlməz, üstəlik, mənim nağıllarım da o qədər o qədər bahalı olmaz, gec olduğuna və xüsusi vəziyyətdə olduğunuza görə, sizin üçün də xüsusi güzəşt eləyə bilərəm, hər şəraitdə mənim nağıllarımın qiymətləri növünə görə dəyişir. Bu axşam mənə nə təklif eləyirsiniz, soruşdum. Məsələn, dedi, belə bir axşamda sizi sakitləşdirəcək, kövrək hesab ediləcək bir nağılım var. Kövrək nağıllar qəti olmaz, dedim, onsuz da günüm kifayət qədər kövrək idi, artıq boğaza yığıb. Onda çox əyləncəli bir nağılım var, dedi, gülməkdən öləcəksiniz. Bu da mənlik deyil, dedim, gülməkdən ölmək istəmirəm. Nağıl Alverçisi köksünü ötürdü. Çətin bəyənən adamsınız, dedi. Zəhmət olmasa, dedim, mallarınızı sadalamağa davam eləyin, qiymətlərini də bildirin. İki yüz eskudoya (Portuqaliya pul vahidi – tərc.) xəyali nağılım var, dedi, çox qəribə nağıldı. Bu da olmaz, dedim, qəribə şeylər istəmirəm, onsuz da günümü çox qəribə şəkildə keçirmişəm. Nəhayət, üç yüz eskudoya uşaqlar üçün nağılım var, bir vaxtlar yatırmaq üçün uşaqlara söylənənlərə oxşayan nağıldı, sözün əsl mənasında pəri nağılı deyil, amma sehirli dünyadan bəhs eləyir, sirkdə işləyən, balıqçı Erikeyraya vurulmuş supərisi haqqındadı, bir az xəyalpərvər, gözəl nağıldı, sonu adamı ağladır. Yaxşı, dostum, dedim, bəlkə də bu axşam bir az ağlamaq istəyirəm, mənə supərisinin nağılını danışın, gözlərimi yumdum, yatmaq istəyən uşaq kimi sizə qulaq asacağam.
Kaçilxasdan gələn bərə körpüyə yan almaq üçün fit çaldı. Doğrudan da çox gözəl gecəydi, Ay Terreyro do Poçanın kəmərləri üzərində elə asılmışdı ki, əlini uzatsan çatardı. Gözlərimi Aya dikib siqaret yandırdım, Nağıl Alverçisi hekayətini danışmağa başladı.
MANERA.AZ
Çevirəni: Nəriman Əbdülrəhmanlı