Ayının min oyunu var, bir armudun başında... -Hekayə |MANERA.AZ

Rəşid Bərgüşadlı
Sədrin yanındakı qonaq çox ləngiyirdi. Qəbul otağında var-gəl edib imzalatdıracağı kağız-kuğuza göz gəzdirdi, – Kimdi yanındakı adam? – başıyla hakimin qapısını göstərib katibədən soruşdu. – Prokuraturadan Seymur müəllim... – qız gözünü kompüterdən çəkmədən dilucu cavab verdi. İçəridəkilərin qəhqəhə ilə gülməyini eşidəndə, – Deyəsən çox çəkəcək bunlarınkı... – qəbul otağından çıxdı, amma heç beş dəqiqə keçməmiş yenidən qayıtdı. Bu dəfə qalstuk bağlamışdı. Oyana-buyana dönüb divardakı güzgüdə boy-buxununa baxdı, qalstukunu dartışdırıb nizamladı və əllərini dizləri arasında cütləyib təzədən divanda oturdu. Bir azdan Seymur müəllim otaqdan çıxanda dimdik yerindən qalxdı, qəddini azca əyib, – Salam, Seymur müəllim – dedisə də qarşı tərəfin başı hələ də onu qapıdan ötürən məhkəmə sədrinə qarışdığından onun salamını eşitmədi, ya da eşitdi, sadəcə vecə almadı. Cəfər müəllim əli Seymurun kürəyində qonağın ardınca çıxırdı, – İtburnudan-zaddan dəmlətdir iç, istiotlu araq da xeyirdir deyirlər... – Seymur müəllimə məsləhət verirdi. Sədr qonağı qəbul otağının qapısından yola salıb qayıdanda Ramizi gördü, – Hə, necəsən, Kərimov? Gəl, gəl içəri... – otağına keçib kabinetin həyətə baxan pəncərəsini açdı. Kreslosuna əyləşən kimi mizin daxılını çəkib odekolon şüşəsini açdı, ovcunu doldurub ağız-burnuna sürtdü, – Seymur müəllim qripi mənə keçirməsə yaxşıdır, yanımdan yel ötən kimi burnum axır... Hə, nə məsələdir? – ayaq üstə dayanmış Ramizin üzünə indi baxırdı.
– Qərarları hazırlamışam. Bu axırıncı boşanmaya görə uşağın əyyaş anadan alınıb ataya verilməsi barədə, bu isə laçınlı qaçqının zəbt elədiyi evdən çıxarılması barədə... – kağızları səliqə ilə bir-bir sədrin qarşısına qoydu. Sədr kağızların ikisini də imzalayaraq onu diqqətlə süzdü, – Adamlarla bir az mülayim rəftar eləyin, Kərimov. Məhkəmədə işləmək Allahın bacısı oğlu olmaq demək deyil. Qanunla nəzərdə tutulan cəzanı kəsmək bizim borcumuzdur, amma qərarın icrası zamanı məhkəmə adından insanlıq göstərmək sizin üzərinizə düşür. Unutma ki, biz dövlət adından hökm çıxarırıq. Qulağıma çatır ki, icra vaxtı əzazillik edirsiniz, insanların yalvarışına, göz yaşlarına baxmırsınız. Belə olmaz. Sizin hər kobud davranışınız xalqı hökumətin əleyhinə qaldırır, bunu unutmayın. Fikrim çatır?
– Çatır, niyə çatmır ki, Cəfər müəllim? Amma işimizin tələbi belədir – camaatın üzünə xoş baxsaq bizi saymazlar, adam yerinə qoyub sözümüzü vecə almazlar...
– A kişi, mən deyirəm camaatla insan kimi davranın, sənsə burda mənə moizə oxuyursan! Onsuz da bu camaatın dərisini soyanlar yetərincə var, bir az da yarasına siz duz tökməyin! Barənizdə prokurorluqda çoxlu şikayət məktubları var, xəbərin yoxdur heç nədən! Xoşuna gələr ki, sənə görə başımız ağrısın?
– Allah eləməsin, Cəfər müəllim! Hansı nanəcib yazıbsa, şikayəti alıb onun gözünə soxaram... Bilirəm, “Qanunlarımız aşsüzən, şadara kimi dəlik-deşikdir, istədiyin səmtə fırlatmaq olur” deyən kəmfürsətlərin çərənləməsidir bu – bildi ki, şər-şəmətə Seymur müəllimdən gəlir və bu saat prokuror köməkçisinin iç üzünü açıb tökməyə hazır idi. – Kimin nə hünəri var məhkəmənin çıxardığı qərarın icrasından boyun qaçırsın! Məhkəmənin hörməti bu rayonda həmişə birinci olub. Əvvəlki sədrimiz də deyirdi ki, icra olunmayan qərarlar məhkəməni, hakimi gözdən salar, xalqın yanında dilə-dişə salar hörmətimizi. Bu rayonda polis də, prokurorluq da, məhkəmə də sözdə qanunun keşiyində dayansalar da yağlı tikə üstündə bir-birinin qanını içməyə hazırdır. Keçmiş sədr heç vaxt onlara fürsət verməyib, ona görə də bizdən acıqlıdırlar... – sədrlə bir neçə dəfə təmasda olmaqla anlamışdı ki, o, heç də bərk qoz deyil, eləcə, əvvəlkilər kimi ədalətli hakim görüntüsü yaratmaq istəyir.
– Kərimov, sən deyəsən məni anlamaq istəmirsən, yenə öz havanı çalırsan! Keçmiş sədrlə necə işləmisən özün bilərsən, amma mənim səndən tələbim budur ki, camaatı üstümüzə qaldırma. Fikrim çatır?
– Əlbəttə, çatır, Cəfər müəllim. Sadəcə bu camaatı siz tanımırsınız, ona görə istəyirəm ki...
– Ramiz kişi! – sədr hiddətini gizlədə bilmirdi artıq – qulağında sırğa elə, camaat, hər yerdə camaatdır! Camaata yanaşma tərzini bir az yumşalt. Bir də sizin barədə şikayət eşitsəm, məndən inciməyin. Fikrim çatır?
– Baş üstə... – sözü çöndərməyə lüzum görmədi, daş dağa rast gəlmişdi – hazır icra sənədlərini də götürüb kabinetdən çıxdı. Qapını arxasınca örtən kimi qalstuku boynundan çəkib çıxartdı. “Əvvəlcə hamısı bu cür deyir, amma aradan bir ay keçməmiş, yığılmış icra işlərinə görə adama itin sözünü deyirlər. Gəldiyi üç gündür, haqqımızda bütün məlumatları toplayıb artıq... Gözünüzdən gəlsin sizə verdiklərim, adamı keçi qiymətinə satan qurumsaqlar..!” – otağına girən kimi əlindəki qalstuku kreslosuna tullayıb üstündə oturdu. Raqub kolleqasının sifətindəki həyəcanı sezən kimi, – Nədi, Kərimov, quyruğu qapı arasında qalan siçan kimi yenə büzüşmüsən, dil tapa bilmədin təzə sədrlə? – istehzayla qımışdı, – Nədən narazıdır, nə istəyir? – yaşda Ramizdən xeyli kiçik olsa da aralarındakı pərdəni çoxdan cırmışdılar.
– Deyir camaatı incitməyin, adam balası kimi davranın, məhkəmənin adını batırmayın, xalqı hökumətin əleyhinə qaldırmayın...
– Yəqin başını at təpib. Bilmir ki, xalq dediyin hökumətin birinci düşmənidir? Xalqı özbaşına qoysan təpəmizə çıxar... – qapını mərifətlə döyüb qorxa-qorxa içəri girən ağsaqqal kişi onların söhbətini yarımçıq qoydu, – Olar, Raqub müəllim?
– Gəl, gəl otur, Tapdıq kişi – Raqub qımıldanmadan qarşı stulda kişiyə yer göstərdi.
– Hər vaxtınız xeyir olsun, bala. Məni çağırtdırmısan... – keçib stulu altına çəkdi.
– Hə.., çağırmışam. Tapdıq kişi, bu yaxınlarda Novruz bayramı ilə əlaqədar olaraq Prezidentin əfv fərmanı olacaq, oğlun Mahmudu amnistiya siyahısına salmaq imkanı yaranıb, dedim bir fikrini öyrənim... Məsləhət bilirsənsə, adını salaq cənab Prezidentin əfv siyahısına, nəvələrin də rahat ata üzü görsünlər. Nə deyirsən? – cümlə ağzından qurtaran kimi Ramizin kinayə dolu təəccübünü üzündə hiss edib dodaqlarını bərk-bərk sıxdı.
– Axı... Raqub müəllim, o gün məhlədə savadlı adamlar söhbət edirdilər ki, Mahmudun maddəsi amnistiyaya düşür – adı mütləq, məcburən əfv olunanlar siyahısında olacaqdır...
– Onu səndən başqa deyən qələt eləyir! Mən oğlunun adını siyahıya salmadıqdan sonra cənab Prezidentin nə xəbəri olacaq ki, bu dünyada Çələbiyev Mahmud Tapdıq oğlu adda bir dustaq var!? Di get məhlənizdəki həmin “savadlı adam” oğlunu əfv eləsin! Bu millətə yaxşılıq yoxdur, vallah! – Raqubun qaşları çatıldı, qələmini mizin üstünə tullayıb ayağa qalxdı, özünə bir stəkan su süzüb birnəfəsə başına çəkdi.
– Başına dönüm, ay oğul, nə deyim, vallah... İnan ki, oğlumun öz tifillərinə qovuşmağından böyük arzum yoxdur. Allah şeytana lənət eləsin, dörd ildir bir haramzadanın şər-böhtanı ucbatından içəridə çürüyür. Qaçqın adamam, gücüm çatan nədirsə, qulluğunda hazıram, ömrüm boyu da sənə duaçı olaram, yetər ki, oğlumu balalarına qovuşdur... – biləyi ilə alnının tərini silib gözlərini Raqubun ağzına marıtladı. Raqubun hirsi “soyumuşdu”, – Tapdıq dayı, işim-gücüm başımdan aşır, qısaca deyəcəyəm. Təzə sudya ilə Mahmudun əfvi barədə danışmışam. Dedi ki, – “Qaçqın adamdır, nəyə gücü çatırsa razılaş. Elə yuxarıya çatacaq payı versin, bizə heç nə lazım deyil”. Yəqin ki, bizə də bir toğludan-zaddan pay verərsən.
– Həzrət Əli belinizi qurşasın – sudyanın da, sənin də. Hərənizə bir toğlu sizə qurbandır. Amma yuxarıya veriləsi “pay” nə qədərdir, de, işimi bilim?
– Dədəmin əziz goruna, səninlə kəsdiyimiz haqq-salama and olsun ki, nazirlikdə bu işə baxan adam on min manatdan aşağıya yaxın durmur... – qocanın sifətinin alacalandığını, yerində qurcuxduğunu görüb səsini azaltdı, – amma çox yalvar-yapış elədim ki, – Qaçqın adamdır, təmiz, halal kişidir, ancaq altı min manata gücü çata-çatmaya... Onlar da razılaşdılar ki, – “Səninlə uzun müddətdir birlikdə işləyirik, Raqub, yanımızda xətir-hörmətin var. Amma altı mindən bir qəpik də aşağıya mümkün deyil. Təsəvvür elə ki, cənab Prezidentin özünün qabağına gedəsi sənəddir, şəxsən özü imza atacaq fərmana, bütün dustaqları şəxsən çək-çevir edəcəkdir”... Mən də dedim qoy bir sənin fikrini öyrənim...
– Onlara deyə bilmirdin ki, ay Allah tifağınızı dağıtsın, bu qədər pul məndə haradandır? Paltar-palazımı da satsam bu pulu ortaya qoya bilmərəm... Yəni deyirsən 2-3 minə düzələn iş deyil – qoyun-quzunu satardım?..
– Kəsdiyimiz haqq-salam haqqı, dədəmin əziz goru haqqı, dedilər ki, sözü bir də çöndərsəm, sənə çatdırım ki, azı iki il oğlunun yolundan gözünü çəkəsən. Özü də “hə, yox” üçün sabah günortayadək vaxt veriblər – Ramizin onun alnını deşən baxışlarından qürur duyurdu. Tapdıq kişi kepkasını əlində fırlada-fırlada qalmışdı. Elə pörtmüşdü ki, burnunu sıxsaydın canı ağzından çıxardı. Beynində nəsə çək-çevir elədi və handan-hana sanki səsi quyunun dibindən çıxdı:
– Gümanım gələn bircə Əşrəfdi – peşə məktəbinin direktoru olan mamaoğlum – görüm varıdırsa, borc alaram. Ta neyləmək olar, pul oğlumdan əziz deyil ki, hardan olsa gərək tapam... – güc-bəla ilə qəddini dikəltdi, dizləri qəribanı qaldırmırdı. Sağollaşdı, key kimi otaqdan çıxdı. Tapdıq kişi qapını örtən kimi Ramiz iki əlini də heyrətlə mizin üstünə şappıldadıb dik atıldı, – Sən nə oğraş adamsan, ə! Sən dustaq əfv edənsən? Yazıq adamdır, onda bu qədər pul haradandı? Vallah, bu qaçqınların ahı bir gün səni tutacaq. Onsuz da əfv olunanlar siyahısına düşür da bu maddə. Adam öldürməyib, ev yarmayıb, işıq pulu yığanla dalaşıb yetim... Səni bildiyin qədər çəkəsən, gədə! Vallah, səndən qorxmayan ağılsızdır...
– Allah bu saf adamları dağdan-dərədən qaçqın salanın balasını saxlasın. Vicdanım haqqı, bunlar olmasaydı çörək puluna həsrət qalardıq. Nə varsa, elə bunlarda var – qalxıb otaqda fərəhlə var-gəl elədi, Ramizin yanağından ərkyana bir çimdik aldı. – Quzu balası kimi tapacaq, görərsən. Nə vaxtdandır pul yığdığından xəbərim var... Hə, deyirsən təzə sudya adamlarla kobud rəftarımızdan narazıdır? Hardan öyrəndi bunu belə tezlikdə?
– Sənə demirdim ki, camaat prokuraturaya şikayətlər yazıb göndərir? Seymur da hamısını gətirib qoyub ovcuna – yəqin çoxdanın tanışıdırlar, ya da özünü böyük adam göstərməyə gəlib... – telefon zəng çaldı. Katibə idi, hakim Ramizi çağırırdı. Ramiz durub altındakı qalstuku təzədən boğazına keçirdi. Raqub əzik-üzük qalstuka baxıb, – Qalstuksuz get, ədə, elə bil it ağzından çıxıb... – istehza ilə onun şişman, donqar boy-buxununa, oturmaqdan, ya da çox ütülənməkdən dalı parıldayan nimdaş şalvarına güldü, – Löyümsüz!
...İki ildən çox olardı ki, məhkəmə qərarlarının icrasına nəzarət bölməsinin rəisi yeri boş idi. Keçmiş sədr şifahi olaraq rəisin vəzifələrinin icrasını Ramizə həvalə etmişdi. Ramizin fəaliyyəti onu tam qane edirdi və boyun olmuşdu ki, onun rəis vəzifəsinə təyinatı barədə nazirliyə təqdimat yazacaq. Düzdü, Ramizin haqqında camaatdan çoxlu şikayətlər olsa da, hakimə belə bir arsız adam sərfəli idi. Elə vaxt olurdu ki, Ramiz hakimlə polis rəisinin, ya prokurorun arasında vasitəçilik edir, ən ağır və başağrıdan işin altına çiynini verib aşırır və hər kəsin payını da ədalətlə özü bölürdü. Ədliyyə polisinin rəisi yeri tam onun boyuna biçilmişdi və bu işdə onu çətin ki kimsə əvəz edə biləydi. Qırx doqquz illik ömrünün on iki ilini məhkəmə icraçılığına həsr etmişdi, bu işin cik-bikinə yaxşı bələd idi. Lakin, hakimlərin yerdəyişməsiylə əlaqədar olaraq təqdimat məsələsi gündəlikdən çıxmış oldu. Ramizin dilini gödək edən bircə əmma vardı – onun ali hüquq təhsili yox idi. Raqubun isə qiyabi də olsa ali hüquq təhsili vardı. Raqub ondan on bir yaş kiçik idi və keçmiş hakimin ondan zəhləsi gedirdi, ona etibarı yox idi. Hər dəfə onun üzünə deyirdi ki, – “Özün qədər də yerin altındadır boyun!”. Adamın üstündə Allah var, Ramiz şeytana papış tikən idisə, Raqub çarığın bağını düyünləyən idi – fərasətdə ona beş təpik də artıq vurardı. Üzdə çox görünməyi yox idi, elə xımır-xımır qıraqda qazandığını üyüdürdü, heç kimə də pay-zad vermirdi. Bu da Ramizi qane edirdi, – “Təki diplomunu gözə soxub qabağa hoppanmasın”. Raqub bu gün işə çıxmışdı və hakimlə görüşməmişdi. Rayona kimin məhkəmə sədri təyin olunacağını hələ məzuniyyətə çıxmamışdan qabaq Ramizə demişdi. Tükü qıldan seçən Ramizin ürəyinə dammışdı ki, Raqub havayı yerə bir aylıq məzuniyyət götürməyib, işini düzüb-qoşmaq üçün kiminsə qapısında doyunca sümsünüb gəlib. O əmin idi, – “Təzə hakimin qılığına girməyin əsl vaxtıdır. Cibində taxtabitilər oynayır deyə belə tələsikdə koma pul tapmaq üçün Tapdıq kimi avam adamdan yaxşısı ələ düşməz. Tapdığı havayı yerə çağırmayıb, pulu alan kimi girəcək hakimi təbrik eləməyə” – Raqubun üzü əvvəllər heç indiki kimi gülmürdü.
Sədr səsini qaldırdıqca Ramiz oturduğu yerdə dinməzcə büzüşür, özlüyündə düşünürdü, – “Tüpürüm hər şeyə, daha bəsdir bu qədər külüng çaldığım, çıxıb getməyin vaxtıdır! Onsuz da diplom məsələsini bir gün gözümə soxub it kimi qovacaqdılar. Bir də ki, son vaxtlar məhkəməyə iş verən yoxdur – polis, prokurorluq işləri yerində həll edir, məhkəməyə ancaq aliment, vərəsəlik mübahisələri, xırda dava-dalaş işlərini göndərirlər. Bununla da bala saxlamaq olmaz. Nə vaxtadək Tapdıq kimi bisavad, avam, fağır bədbəxtlərə qarmaq atmaqla məşğul olasıyıq? Ondansa, gedib kənddə əkin-biçinlə başımı saxlayaram”... – hakim dalbadal asqıranda xəyallardan ayrıldı...
Ramiz öz kabinetinə qayıdanda qaşqabağı yer süpürürdü, – Başına kül olsun, Ramiz. Gör nə günlərə qaldın!
– Noldu, ə, bu nə mısmırıqdı sallamısan? – Raqub arsız-arsız hırıldadı. Ramiz dim-dik onun gözlərinin içinə baxdı, – “Əclafın ürəyindən elə bil tikan çıxarıblar. Bəlkə də qəbul otağından məni necə danladığına qulaq asırmış”:
– Mənə deyir, ¬– “Get aptekdən qrip dərmanı al” – əclaf Seymur qrip salıb kişiyə... – pencəyini əyninə keçirib cibini çevirdi, – Xırda pulun var? – Raqubdan soruşdu.
– Dədəmin əziz goru haqqı...
– Sənin dədənin goruna da, kəsdiyimiz haqq-salama da... – sözünün gerisini udub qapını arxasınca çırpdı. Gec idi artıq, sədrin qırımından açıq-aydın hiss eləmişdi ki, onu sındırmaq, özünü göstərmək, gözünün odunu almaq istəyir. “Mənim bircə qulağımın dibi qalıb, cənab hakim. Hər şeyi üz-gözündən oxuyuram sənin. Mənimlə işləmək istəmirsən, özün bilərsən. Hər halda sən də daimi sədr deyilsən bu rayonda. “Yaz gələr, yonca bitər” – mənim qədrimi bilən yenə tapılar...” – onu sədrin gözündən əməlli-başlı salmışdılar. – “Yaxşı, Seymur, buynuzsuz qoçun qisası buynuzluda qalmaz! Sənə elə pəl gəlim ki, ölənə qədər adım yadından çıxmasın. Sənin acığına qalıb burda işləyəcəyəm. Sən sən ol, mən də mən! Sən hələ lələşini yaxşı tanımamısan, sənin ayağının altını elə qazım ki, quyuya özün guppultuyla yıxılasan. Mənim təcrübəm sənin kimi yüz satqının diplomundan üstündür, alçaq gəda!” – əsəbindən başı qazan kimi qaynayırdı. Salamsız-kalamsız aptekçi qıza bağırdı, – Qripə qarşı bir güclü zəhər ver!
Qız özünü itirdi, – Hansından, Ramiz müəllim? – soruşanda, – Nə bilim hansından, ucuz bir şey olsun, 50-60 qəpiklik bir şey! – qazanın qapağı pıqqıldayırdı indi, – Əl buyruqçusu kimi məni dərman dalınca göndərməyinə bax sən! – qız əlləri əsə-əsə qutunu Ramizə uzadıb bir addım geri çəkildi. Dərmanın qiymətini soruşmadan əlindəki qəpikləri piştaxtanın üstünə səpələyib aptekdən çıxdı.
Məhkəmənin binasına qayıdanadək əlli dərənin suyunu bir-birinə qatdı. Bildi ki, Raqubun yolu açılıb və balaca bir təkanla rəis olacaqdır. İndiyədək it yerinə qoymadığı iş yoldaşının tabeliyində işləməyi özünə sığışdıra bilmirdi. Tapdıq kişi binanın qabağında onun qabağını kəsdi, – Ramiz müəllim, məni balalarının başına çevir, oğul. Bakıyla, sudyayla sənin əlaqən daha etibarlı olar, bir danış, gör altı mini bir az aşağı saldıra bilərsənmi? Beş minə ancaq gücüm çatır, hərənizə də bir quyruqlu toğlu verərəm...
– A kişi, sən nə avam adamsan! Gir hakimin yanına, özün de ki, oğlumu əfv etmək üçün məndən altı min pul istəyirlər! – Raqubu şeytanlayıb ifşa etmək keçdi ağlından. Amma bildi ki, Raquba qarşı bunu etsə, öz əleyhinə daha sanballı ittihamlarla rastlaşacaq və heç nəyi sübut edə bilməyəcək. “Qoy cəhənnəm olsun hər şey!” – Ağsaqqal, artıq iş danışılıb, sən çalış düzəlt pulu... – deyib əlini qapıya atanda Tapdıq mızıldandı, – Neynək, onu da qonum-qonşudan taparam... – deyib pərişan halda ayaqlarını sürüyüb uzaqlaşdı.
Hakimin qapısına əl atanda ani olaraq dayandı, katibəyə baxdı – qız kompüterdə filmə baxırdı yenə. Var gücüylə burnunu sıxdı, gözlərini bər-bərk ovxalayıb qızartdı və hakimin qapısını döydü, – Deyəsən mən də sizdən yoluxdum, Cəfər müəllim... – “təngnəfəs” özünü içəri saldı, – Allah Seymur müəllimə insaf versin, gör ilin-günün, işlərin tökülüb-qalan vaxtında adamı qripə yoluxdurarlar heç? Gəl indi işləri yığışdır görüm necə bacarırsan... Buyurun, qız dedi, ən güclü qrip dərmanı budur – dərman qutusunu hakimə uzatdı.
– Çox sağ ol, Ramiz... Bayaq bir az kobud danışdım, incimə... Əyləş...
Ramiz doluxsunmuş uşaq kimi burnunu çəkib hakimlə qabaq-qənşər oturdu.
– Bilirsən, mən bu rayonda yadam, tanış-tunuşum da yoxdur, bilmirəm kimə etibar edə bilərəm, dost-düşməni qazanmamışam hələ. Sənin o fikrinlə razıyam ki, gərək məhkəmənin hörmətini qoruyub saxlayaq, həm də imkan olduqca xalqın bizə inamını artıraq.
– Düz buyurursunuz, Cəfər müəllim. İnanın ki, mən də bunu deməyə çalışırdım...
– Bayaq köhnə sədriniz Kamil müəllim zəng vurmuşdu. Məni təbrik edəndən sonra burdakı bəzi işçilər haqqında, rayondakı ümumi ab-havadan qısaca danışdıq. Düzü, onun sənə bu qədər güvəndiyini, sənin belə fərasətli olduğunu ağlıma gətirməzdim. Amma açıq danışacağam... Məhkəmə heyətinin hər bir üzvü haqqında kifayət qədər məlumatlıyam. Sənin iş yoldaşın barədə mənə ağız açıblar və deyəsən o ali təhsilli hüquqşünasdır... Amma Kamil müəllimin məni fikrimdən yayındırmağa çalışdığını hiss etdim... – o susdu və siqaret yandırdı. Aradakı sükutdan istifadə edərək Ramiz burnunu çəkib dedi:
– Cəfər müəllim, düzünü deyim ki, bayaqkı, – “İndiyədək qazandığın pullardan bir qrip dərmanı al” sözünüzdən incimişdim. İstəyirəm biləsiniz, mən artıq on ki ildir bu divarların arasındayam, bu binanın hər küncünə evimdən çox bələdəm, hər bir kağızın, sənədin yerini əzbərdən bilirəm. Kim məndən necə tələb edibsə, o cür də işimi qurmuşam. Çalışmışam ki, heç bir hakim məndən narazı getməsin. Seymur müəllim yəqin ki, hər şeyi sizə yerli-yataqlı deyib – düzü düz, əyrini də əyri. Qıraqdan əyri görünən nəsə olubsa, əmin olun ki, heç vaxt özümü düşünməmişəm, bunları məhkəmə heyətinin adını hər yerdə uca tutmaq üçün etmişəm. Amma inanmıram ki, bu rayonun camaatını, polis, prokurorluq işçilərini mənim kimi tanıyan ikinci adam tapasınız. Boynuma alıram, sizə ağız açacaq böyük adamım yoxdur, buraya qədər də öz fərasət və bacarığımın gücünə gəlmişəm, qazandığım etibarın hesabına işləmişəm. İşlərinizi yeni qaydalarla və yeni kadrlarla qurmaq sizin haqqınızdır – buna qarışmaq mənim həddim deyil. Mən sabah sizin yanınıza başqa cür – “təbrikə” gəlmək istəyirdim. Belə görürəm ki, indiyədək olan xidmətlərimi sizə lazımınca göstərmək əvəzinə, məni gözünüzdən salıblar. Bilin ki, mənə nə qədər ağır olsa da istədiyiniz vaxt ərizəmi yazıb işdən çıxmağa hazıram, amma güvənsəniz, sizi əmin edirəm, heç vaxt yanınızda üzüqara olmayacağam – hakimi inandırmaq üçün ağlamağa, ona yalvarmağa da hazır idi.
– Ramiz, sən özün haqqında bu cür bədgüman olma. Kim nə deyirsə, özü bilər. Mən də bu sistemdə az külüng çalmamışam, sənin kimi təcrübəli adamlara həmişə ehtiyac olub. Uğur zamanın qucağında oturmuş kəpənəkdir – uçub başına qonan anda sənindir o. Fikrim çatır? Get, sabah görüşərik...
Ramizin alnındakı qırışlar tarımlaşdı indi. Az qalırdı hakimi bağrına basıb üzündən öpsün. Kamil müəllimə ürəyində dua edə-edə sevincək eşiyə yüyürüb Tapdıq kişini axtardı. Onu tapa bilmədi. Yaxındakı taksi dayanacağına getdi, tanış maşına oturub, – Tez bazarın yanına sür! Kəlbəcərli Tapdıq kişini tanıyırsanmı? – soruşdu. Sürücü, – İndicə qabağımdan keçdi – deyəndə içi atlandı, – Tez ol, onu təcili tapmalıyıq! – maşın gedə-gedə dördgözlə ətrafı daradı.
Onu bazarın qabağında tapdılar, dayanacaqda avtobus gözləyirdi. Ramiz tələsik Tapdıq kişini yanlayıb dayanacaqdan araladı, – Allah sənə insaf versin, kişi, səni axtarmaqdan əldən düşdüm! Şad xəbərim var sənə! Sudyaya sənin xahişini elədim, o da Bakıyla danışdı, razılıqlarını aldı – beş min manata düzəldi oğlunun işi. Amma bu axşam pulu çatdırmalıyam...
– Allah köməyin olsun, Ramiz müəllim. Mən bilirdim ki, sən halal adamsan – mənim əlimi ətəyimdən uzun qoymayacaqsan. Gedək bizə, verim, pul evdədir, – əlavə borca girmədiyi üçün Tapdıq da sevinirdi, elə bil çiynindən ağır yük götürmüşdülər. – Bircə Raquba bu barədə heç nə demə, çağırsa da yanına gəlmə. Hər şeyə başımla cavabdehəm, heç nədən qorxub-çəkinmə, sən oğlun Mahmudu Novruz bayramında evində bil – Tapdığı maşına oturdub onlara sürdürdü. İşi düzəlmişdi, – “Allah balanı saxlasın, Kamil müəllim. Yaxşı ki, haqq-salamı itirməyən kişilər var... Ali təhsili gözümə soxsa, uzağı, elə rəis vəzifəsini icra etməyə də razı olacağam. Təki, dədəsi gorbagor olmuş Raqub üstümə xoruzlanmasın. Dünənki ətcəbala gəlib dədə sərçəyə cik-cik öyrədir!”.
Maşın kəndin torpaq yolunda tozanaq qaldırıb darvazaya çatana qədər Tapdıq kişi Ramizə dua eliyə-eliyə oğlunun tezliklə öz balalarına qovuşacağının sevincini yaşayırdı. Ramizin bu avam adamın sadəlövhlüyünə zərrə də olsa rəhmi gəlmir, – “Allah sizi qaçqınlıqdan əskik eləməsin” – ürəyində zavallı şikarına qımışırdı...