Hesablaşma ehtiyacının doğurduğu söhbət MANERA.AZ
![]()
“Beş şəhər”in əsl mövzusu həyatımızda itib gedən şeylərə görə duyulan kədər və yeniyə qarşı bəslənən həvəsdir.
İlk baxışda bir-birilə sanki ziddiyyətli görünən bu iki duygunu “sevgi” kəlməsində birləştirə bilərik. Bu sevginin özünə çərçivə kimi seçdiyi şəhərlər mənim həyatımın təsadüfləridir. Buna görə də onların arxasında öz insanımızı və həyatımızı, vətənin mənəvi siması olan mədəniyyətimizi görmək daha düzgün olar.
Bizdən əvvəlki nəsillər kimi bizim nəslimiz də bu dəyərlərə indi mədəniyyət dəyişməsi adlandırdığımız, bütün yaşamaq ümidlərimizin bağlı olduğu uzun və sarsılmaz təcrübənin bizi gətirib çıxardığı sərt döngələrdən baxdı. Yüz əlli ildir ki, elə hey onun uçurumlarına yıxıldıq. Onun döngələrindən arxada qoyduğumuz yola və uzaqdan zəhmətimizə gülən vahiməli mənzərəyə tamaşa elədik.
Tənqidin, bir yığın inkarın, təkrar qəbul və rəddin, ümid və xülyanın, bəzən də reallığın iqlimində yaşadığımız bu macəra, hələ uzun müddət, yəni hər mənada məhsuldar bir fəaliyyətin həyatımızı yenidən formalaşdıracağı günə qədər Türk cəmiyyətinin həqiqi dramı olacaq.
Gedəcəyimiz yol hamımıza məlumdur. Amma yol uzandıqca ayrıldığımız aləm, bizi gündən-günə daha çox məşgul edir. İndi onu şəxsiyyəttimizde getdikcə böyüyən boşluq kimi duyuruq, bir az sonra, bir küncdə atmaq üçün səbirsizlik göstərdiyimiz ağır yükə çevrilir. İradəmizin ən möhkəm olduğu anlarda belə, içimizdə heç olmasa, sızıltı, bəzən də vicdan əzabı kimi danışır.
Sadə millət və cəmiyyətlərin deyil, şəxsiyyətlərin də əsl məna və mənliyini, özəyini tarixilik adlanan şeyin təşkil etdiyini yadımıza salsaq, həmin daxili çarpışma heç də gözardı etmək olmaz. Keçmiş daim mövcuddur. Özümüz kimi yaşamaq için onunla hər an hesablaşmağa və dil tapmağa məcburuq.
“Beş şəhər” elə bu hesablaşma ehtiyacının doğurduğu söhbətdir. Bu çətin söhbəti əhəmiyyətsiz olan məsələlərə, daha aydın desək, "biz nə idik, nəyik və hara gedirik?" sualları səviyyəsinə endirmək və o cür cavab vermək bəlkə daha aydın, hətta daha da faydalı olardı. Amma mən bu məsələlərə həyatımın gedişatında rast gəldim. Onlar mənə Anadolunu dolduran Səlcuqlu sənət əsərlərini dolaşanda, Süleymaniyyənin qübbəsi altında kiçildiyimi hiss edəndə, Bursa mənzərələrində tənhalığımı ovudanda, divanlarımızı dolduran karvan səslərinə qarışmış su səslərinin qürbətini, İtrinin, Dədə Əfəndinin musiqisini dinləyəndə gəldilər.
Heç unutmaram: Uludağda bir vaxtı dinlədiyim çoban tütəyinin səsinə bir-birini çağıran qoyun və quzu səslərinin qarışdığını gördüyüm məqamda gözlərimdən sanki pərdə qalxmışdı. Türk şeirinin və Türk musiqisinin qürbət macərası olduğunu bilirdim, amma bunun həyatımızın bu tərəfilə çox möhkəm bağlı olduğunu bilmirdim. Mənzərə həqiqətən gözəl və təsirliydi, beş-on dəqiqə bir sənət əsəri kimi tamaşa elədim. Günlərin birində Anadolu insanının hiss tarixi yazılacaq və həyatımız bu cəhətdən həqiqi sorgu süzgəcindən keçirilsə, dəb güman elədiyimiz bir çox şeylərin həyatın öz məhvərindən gəldiyi məlum olar.
Bir sözlə, mənim üçün bu məsələlərin özləri qədər, onların beynimə gəlmələri, ruhi vəziyyətlərimə uyğunlaşmaları, daxilimdəki hərəkətləri də mühümdür. Elə kitab da parça-parça yaşanmış şeylərdən yarandı.
Kitabın ikinci nəşri üçün zəruri saydığım, əlavə və dəyişikliklərdə belə bu ilk təsadüfün izlərinin olduğu kimi qalmasına çalışdım.
Hər iki nəşri birdən oxuyanlar həmin əlavələr arasında xüsusilə Səlcuqlu dövrinə doğru genişlənmə görəcəklər. Tarixçilərimiz sanki Səlcuqlu ilə Osmanlı arasındaki fərqi, xanədan dəyişməsində görməkdə çox israr edirlər. Bizsə, bu fərqin yanaşı yaşamaqla, üsluba, insan və zövqə qədər dərinləşdiyinə inanırıq. Səlcuqluyla Osmanlı biri o birində az-çox davam eləyən iki ayrı aləm, yaxud daha dəqiq desək, böyük mənasında iki ayrı üslubdur. Geniş Rumeli coğrafiyasını və Ağdəniz tərbiyəsini də əhatə etmiş tərkib olan Osmanlını bizim İntibahımız saya bilərik. Biz bu gün Səlcuqlunu elə kəşf edirik ki, elə bil, keçən əsrin əvvəllərində Avropa Qotik və Roma üslublarını yenidən kəşf ediblər. Onu görməyimiz üçün Osmanlının içindən çıxmalı idik. Səlcuqlu sənət əsərlərinin bugünkü xaraba vəziyyətində yəqin ki, iqtisadi böhranlar qədər bu çox mühüm zövq fərqinin, daxilən qopmanın da payı var.
Oxucu “Beş şəhər”də buna oxşar bir çox təkliflərə və ya cəsarətli fikirlərə rast gələcək.
Hər bir fikir adamı kimi, mən də həyatımızın dəyişməsi üçün səbirsizlik göstərirəm. Daim heyranı olduğum əcnəbi romançının, demək olar, eyni vəziyyəti nəzərə alıb dediyi kimi, "köhnə qərbçiyəm". Amma canlı həyata, yaşayan və duyan insana cansız maddə müqabilindəki mühəndis kimi deyil, könül adamı sayaq yanaşmaq istədim. Elə əlimdən başqa cür iş də gəlmir. Ancaq sevdiyimiz şeylər bizimlə birgə dəyişirlər və dəyişdikləri üçün də həyatımızın zənginliyi təki bizimlə birgə yaşayırlar.
Ankara, 25 sentyabr 1960.
AHMET HAMDI TANPINAR
Tərcümə: Nəriman Əbdülrəhmanlı