manera.az
manera.az

Məgər insan məni dərk edə bilər? |MANERA.AZ

📅 08.10.2016 09:30

Məgər insan məni dərk edə bilər?  |MANERA.AZ

MANERA.AZ

Dostum Quldi Kaladzenin xatirəsinə ithaf edirəm


O, ilk dəfə Dənizə batan günəş diskində parlayan yaşıl həlqəni mənə göstərmişdi. Səhər saat altıda boylanan günəş Ertsaxu dağını qızıl tac kimi bəzədi: - Salam, Ertsaxu! - Ey Yaradan! Sən hardasan? Gözləməkdən qəlbim taqətdən düşüb! - Mən burdayam! - Günəş dilləndi. - Şaxta məni bərk-bərk sıxıb, başım partlayır, nəfəsim çatmır! Bütün gecəni gözlərimi yummamışam! Kömək et! - Dözməlisən!

Günəş yuxarı dikləndikcə dairəsindəki işıq artdı, par-par parıldadı. Birdən göylərdən yerə sarı hərarət və işıq seli axdı. Ertsaxunun qurşağını sıxmış buzlar xırçıldayaraq bir anlığa gərildi və qəfildən parçalandı. Ertsaxu diksindi. - Şükür sənə, ilahi! - alnından soyuq təri silən Dağ ucadan çığırdı. Günəş gülümsədi. Onun şahanə gözlərinin ətrafında xırda qırışlar peyda oldu. - Şükür sənə! - Ertsaxu təkrar edib susdu.

Günəş bir qədər də yuxarı qalxdı. Kavkasioninin ətəklərində, dərələrində, qobularında, yarğanlarında böyük hay-küy başlandı. Başgicəlləndirici yüksəkliklərdən gurultu sala-sala qar uçqunu aşağı yuvarlanırdı. Buxardan və qardan yaranmış toz dumanı Ertsaxunu bürümüşdü. Sonra duman seyrəkləşdi. Hər tərəf aydın surətdə görünməyə başladı. Dağ gözlərini ovuşdurub oğrunca Günəşə sarı boylandı. O, artıq çox yüksəkdə idi.
- Başlandı! - Dağ söylədi. - Nə? - Günəş soruşdu. - Doğuş! - Nəyin? - Uşaq və nəvələrimin - Kodori, Bsou, Kelasuri, Qalizqinin... - Bunlar hamısı sənindir? - Mənim və bacılarımındır . - Qoy nəsliniz daha da artsın. - Günəş Dağa xeyir-dua verdi. Ertsaxu gülümsədi:

- Yox, ey Yaradan! Bizim nəslimizdə əksinədir: uşaqlarımız saysız-hesabsız, nəvələrimiz azdır. Nəticələrimiz isə lap azdır. Və nəhayət yeganə nümayəndəmiz Dənizdir!

Əlçatmaz, gozişləməz nəhəng Dəniz Kavkazionunun ətəklərində sakitcə uyuyurdu. - Dəniz ! - Günəş xatırladı...
...Uşaq keçini həyətdən otlağa qovurdu. Darvazam bağlamaq üçün geri dönərkən birdən Günəşi və Ertsaxunu gördü. - Ana! - uşaq qışqırdı. - Dağa və Günəşə bax!

Anası ocaqda süd qaynadırdı. O, Günəş tərəfindən işıqlanmış Dağa baxanda süd daşdı. – Görüm, gözlərin çıxaydı, - ana ürəyində uşağın ardınca deyindi. - Sənə nə olub, arvad, ağlın çaşıb? - əri dilləndi. - Uşaq yuxudan yenicə oyanıb, sən isə onu qarğıyırsan. - Ertsaxuya bax, - qadın astadan ərinə işarə etdi. Kişi həyətdə qarğıdalının dibini yumşaldırdı. Gözlərini qıyaraq çoxdan adiləşmiş möcüzəyə baxdı. - Hava yaxşı olacaq, - deyərək işinə davam elədi. Dəniz hələ şirin-şirin yatır, ağ kirpiklərini sahil qumuna çırpırdı: şşrrr, şşrrr, şşrrr. - Sabahınız xeyr! - Günəş onu salamladı. - Ah, Parlaq Ulduz? Sabahın xeyir! - Sən nə edirsən? - Üç gün bundan əvvəl məndə bir nəfər batdı... itdi... Həyacandan elə coşub qaynayırdım ki! Onu heç yerdə görmək mümkün deyildi! Nəhayət, o tapıldı. Artıq mənim də həya- canım keçmişdi. - Kimdir o? - Bilmirəm... Heç kəs onu axtarmadı... dalğalarım sahilə çıxartdı... Sonra iki nəfər gəlib onu harasa apardı. - Hara? - bilmirəm. Axı mən sənin kimi adamların arxasınca gedəmmirəm ! - Dəniz gülümsədi. - Başlandı! - birdən Günəş dilləndi. - Nə? - Dəniz gözlərini geniş açaraq soruşdu. - Adamlar gəldilər.

İnsanlar dənizə sarı axışırdılar, soyunur, qaçır, mayallaq aşırdılar: yeyir, içirdilər; rəngbərəng daşlar və balıqqulağı yığırdılar. Çör-çöp yandırır, ya da sahildən dənizə daş atırdılar. Günəş yandırmağa başlayanda isə tələm-tələsik çətirlərin altında daldalanmağa başlayırdılar. O zaman Günəş onları görmürdü.

- Mən olmayanda onlar həftələrlə göyə baxır, intizarla görünməyimi gözləyirlər... Mən görünən kimi isə, onlar çətirlərin, çadırların, daha nələrin altında gizlənməyə can atmırlar. Onlar niyə belə qəribədirlər? - Günəş soruşdu. - Daha nələrdə onlar qəribə deyillər ki! - Dəniz söylədi.
Günəş bir qədər də yüksəyə ucaldı. Bu yüksəklikdən adamlar çox kiçik görünürdülər. Daş hasarla əhatələnmiş bağdan bir qoca çıxıb qaçdı. Yolun ortasında qoca qorxu içində donub qaldı. Özgə bir bağın qapısına özünü zorla çatdırdı, yerə sərilərək çığırmağa başladı: - Ey insan, kömək elə, oğlum ölüm ayağındadır. Kimsə ona ürək-dirək verdi: - Qorxma!- Necə qorxmayım ki, o, ölüm ayağındadır?

Sonra həmin ürək-dirək verən adam hardansa ətrafına bir dəstə insan topladı. Onlardan üç nəfər xəstənin yanına yollandı. - Professorlar gəldi! - kimsə söylədi. - Yox a? - Evdə qəribə bir ümid və sükut hökm sürürdü. - Şikayətiniz nədəndir? - birinci həkim xəstədən soruşdu və verdiyi sualdan özü də utandı: xəstənin danışmağa taqəti qalmamışdı. - O, çoxdan bu vəziyyətdədir? - ikinci həkim gənc qadından xəbər aldı. - Hava! - xəstə inildədi. Pəncərələri açdılar. - Arxa qapını bağlayın, o, soyuqlaya bilər! - üçüncü həkim mızıldandı. Elə bil qorxurdu ki, nəsə bir söz deməsə, adamlar onu susmaqda günahlandırarlar. Sözlərinin yersiz olduğunu anlayaraq, o da utandı. - Açın pəncərələri, qapıları, divarları sökün! Mənə hava verin! Nəfəs verin! - Gənc arvadının çiy-ninə söykənən xəstə özünü ora-bura çırpmağa başladı. O, ylnız bircə şey istəyirdi: hava. Ata birinci həkimi kənara çəkərək soruşdu: - Allah xatirinə, düzünü söyləyin, onun dərdi nədir?

- Vəziyyət həqiqətən də ağırdır, lakin vaxtında tədbir görülsə... - həkim yalan danışdı. - Bəs siz nə fikirləşirsiniz, doktor? - ata digər həkimə müraciət etdi.

- Hmm... Əgər təcili Moskvaya çatdırılsa... - o da yalan deyirdi. - Axı bu nə mərəzdir? Bu xəstəli-yin adı nədir? - ata üzünü üçüncü həkimə tutdu. - bu, ölümdür! - üçüncü həkim zorla dilləndi. - Necə? Nə dediniz? - heyrətlənmiş ata əndişələndi. - Ölüm!- Həkim təkrar etdi. - Bəs? Bəs dərman? Axı... - Bu xəstəliyin yeganə əlacı ölümdür... - həkim papağını başına qoyaraq evdən çıxdı. Həmkarları da onun arxasınca yollandılar. - Hə, nə oldu? Onlar nə dedilər?-gənc qadın atanın üstünə cumdu. - Dedilər ki, hər şey yaxşı olacaq... - ata yalan danışdı. - Orda nə baş verir?- Dəniz Günəşdən xəbər aldı. - İnsan ölür. - Necə, ölür? Bəs həkimlər neyləyirlər? - Həkimlər getdi. - Günəş çiyinlərini çəkdi. - Sən onlarla qal! Amma mənə dayanmaq olmaz! Onlarla qal, - Dəniz təkrar etdi. - Mən ona necə kömək edə bilərəm? Hətta adamlar da onu tərk etdilər. - Adamlar!.. Adamlar asanlıqla və tez-tez bir-birlərini tərk edirlər. Fəqət sən onu xilas edə bilərsən. Onunla qal! - Bacarmaram... İmkanım yalnız ona çatar ki, sabah yenidən onların yanına qayıdım, - Günəş otağı tərk edib, eyvanın sürahisindən adlayaraq yox oldu. - Gedirsən? - Dəniz soruşdu. - Bəli, - Günəş geri boylanmadan pıçıldadı.
- Məhəbbət yalnız adət halını almış yaxınlıq hissindən ibarətdir! - isti, ağ çınqılı arxası üstə uzanmış qızın göbəyinə qoyan oğlan dilləndi. - Sən belə fikirləşirsən? - gözlərini açmadan qız soruşdu. - Kifayət edər, artıq beş kalori var! İndi də üzü üstə uzanın! - reproduktor xırıltılı səslə elan etdi. Qız çevrildi. - Bunu mən fikirləşməmişəm, bu, həqiqətən də belədir! - gənc oğlan titrək əlləriylə qızın boynundan başlayaraq kürəyini və cəlbedici yumru əzalarını oxşadı. Qız qalxıb oturaraq qara tuş çəkilmiş kipriklərinin altından gözlərini ona zillədi. - Aha, yaman zirəngsən! - Oğlan qızın qaralmış elastik döşlərini və çəhrayı gilələrini görüb diksindi və: - Mənmi? - deyə axmaq bir sual verdi. - Bəli, sən! - qız təkrar edərək Günəşə baxdı. Nəfsini boğa bilməyən Günəş isti əlləriylə onun çiyinlərini, ombalarını qucaqladı. Ehtirası coşmuş qız dik ayağa qalxdı. Bu za-man Günəş onun sinəsini də qucaqladı. Qız ehtizaza gəldi. - Burax onu! - Dəniz çığırdı. Günəş xoşbəxtcəsinə gülümsədi. - Burax onu mənim qoynuma! - Dəniz xahiş etdi. - Götür! - Günəş qızı yavaşca itələdi. O, dənizə atıldı. Yüzlərlə tamahkar, ehtiraslı göz ona zillənmişdi. - Ah, həyat budur! - qız ləzzətdən keyiyərək inildədi. - Bax, həyat budur! - Günəş təsdiqlədi.
- Bax, burada, canım, elə buradaca soyunun! Burda adam azdır... - Milis nəfəri qumun üzərində oturaraq alnından axan təri şəhadət barmağı ilə silib atdı. Gənc ruhani ətrafa boylanaraq başındakı bənövşəyi keşiş papağını, sonra isə boynundakı ağır gümüş xaçı çıxartdı. - Sinop çimərliyində qalsaydılar daha yaxşı olardı, orda adam az olur, - keşiş istehza ilə söylədi. - Dəniz bu vaxtlar adamsız olmur! - milis cavab verdi. Sonra isə daxilində rəhbərliyi söyə-söyə soyunmağa başladı. «İş olmayanda da nəsə tapırlar. Günümə bax, bu keşişin qayğısını çəkməliyəm!..» Suya girdi. - İstidir? - ruhani soruşdu. - Qaynayır! Batyuşa, gəl! Keşiş qəfil dənizin dərinliyinə doğru cummaq istəyən milis nəfərini səslədi. - Eşidirsən, sən allah, yaxın gəl! Onları burdan kənara çək. Nəsə, yaxşı deyil... - O, çəpəki surətdə yanaşı qoyulmuş əbaya, milis furaşkasına və tapançaya baxdı. Milis həvəssiz halda sudan çıxdı. Bir qədər fikirləşdikdən sonra furaşkanı şalvarı, tapançanı isə köynəyi ilə örtdü. - İndi necədir? - Niyə sən onu bura gətirmisən? - ruhani suya daxil olarkən soruşdu. - Bəs nə edəydim, batyuşa? Səndə xaç var, məndə isə tapança. Mənim xaçım - silahımdır! - O, şeytanın xaçıdır! - ruhani xaç çəkərək suya cumdu. Bir neçə dəqiqədən sonra o, sudan çıxaraq ləzzətlə ətrafa boylandı. - Bax, həyat budur! Boynundakı qızıl xaçı, qara saqqalı, çiyinlərinə tökülmüş yaş, uzun saçlarıyla o, evdən qaçmış xippilərə bənzəyirdi. Düz qaməti, səliqə ilə kəsilmiş saçları, təzə qırxılmış üzü ilə milisioner daha mötəbər şəxsi xatırladırdı. - Bax, batyuşa, gör qızlar necə gözlərini sənə zilləyiblər! - Ruhani çevrildi. Onlardan bir neçə addım aralı bir dəstə lüt qız şadyanalıqla danışır, həyasızcasına gənc ruhaniyə baxırdılar. Məni rahib bilirlər, nədir! - Milis gülümsündü. - Kəklik kimi qızlardır! Bəlkə biz onları... hə, batyuşka? - Hmm... rədd eləmərəm, - ruhani dilləndi. «Qancığın qarnından çıxan əla oğlandır! Bəs necə olub sərsəm kimi meylini ruhaniliyə salıb?» - milis nəfəri düşünərək onun arxasınca getdi. - Batyuşka, arvadın, uşağın varmı? - ruhaniyə sarı üzərək soruşdu. - Hələlik, yox. - Sən nədir o, müqəddəs ruhsan? - Dünyada müqəddəs ruh bircə dənədir! - ruhani cavab verərək arxası üstə uzandı. -Bəs deyirdilər ki, üçdür? - milis güldü. - Necə yəni üç?! - Belə də! Ata, oğul və müqəddəs ruh! - milis şəstlə cavab verdi. - Üçü vahid bir surətdə, üçü bir sifətdə - məsələ belədir, anladınmı? - Belə deyil, batyuşka! - Belədir! Günəşi görürsən? O da üçü bir yerdədir: disk, halə və işıq. Aydındır? Üç bölünməz hissədən yaranan bütöv bir vahid! Başa düşdün? - Əlbəttə! - milis gülümsədi. Ruhani sudan çıxaraq qızmış qumun üstünə uzandı. - Batyuşka, səni necə çağırırlar? - birdən milis ondan soruşdu. - Nodar, - deyə ruhani bir daş götürüb ovcunda fırladaraq dənizə sarı tulladı.
Milis fısıldadı.
- Sənə nə oldu? - ruhani soruşdu.
- Mən elə düşünürdüm ki, sənin ya Orifey, ya Luka, ya da buna oxşar bir adın var... Bəlkə də Kalistrat! Sən demə, adın Nodar imiş! - və o uğunub getdi.
Qəhqəhə çəkən milisə baxan ruhani də gülməyə başladı. Sonra ayağa qalxıb onun kürəyinə vurdu:
- Yaxşı, bəsdir, geyin!
- Bir az da qalaq, batyuşka!
- Məmnuniyyətlə qalardım, ancaq tezliklə konfrans başlayır... - Ruhani geyinməyə başladı. Döngədən sonra «Volqa» göründü.
- Bax, görürsən, artıq maşın da gəldi.
- Bir qədər də gözlə, batyuşka!
- Sənə deyirəm ki, məmuniyyətlə burada səhərəcən qalardım, ancaq mən konfransda çıxış etməliyəm! Getdik!
Boynunda böyük xaç olan əbaya bürünmüş ruhani artıq formasını geyinmiş milisin yanında nədənsə dustağa oxşayırdı.
- Lap bişirir, lənətə gələsən! - milis mızıldandı.
- Sən günəş haqda belə deyirsən?
- Ay haqqında deməyəcəyəm ki!
- Bu saat xaç çək! Xaç çək və Allahdan üzr istə! - ruhani əmr etdi.
Milis təəccüblə ona baxdı. «O, məni nə hesab edir?» - düşünüb furajkasını düzəltdi. Ruhani öz səhvini başa düşüb sakitcə dilləndi:
- Günəşdən şikayətlənmək yaxşı iş deyil... Axı o - günəş, gecəsinin əbədi nümunəsidir!
- Görən, bu nə hədyandır? Günəş, gecə...
Ruhani donub qaldı:
- Ey tanrı! Bağışla onu - günahkarı, çünki ağılsız olduğundan nə dediyini başa düşmür!
- Yox, həqiqətən batyuşka, günəş gecə nə deməkdir?
- Allah!
- Necə yəni - həm günəş, həm də gecə?
- Bəli. Günəşi görürsən, onun işığı o qədər parlaqdır ki, insan baxanda gözlərinə qaranlıq çökür. Buna görə də gecə.
Milis inamsız halda gülümsədi.
- Günəşə bax! - Ruhani əmr etdi. Milis başını qaldırıb bir dəqiqəyə yaxın günəşə baxdı. Dözməyib, gözlərini yumdu.
- Nə oldu? Bax, bax!
- Bacarmıram, batyuşka!
- Amma sən özünü məcbur elə!
O tabe oldu. Günəşin şüaları qızdırılmış neştər kimi gözlərinə sancıldı. Amma milis dözürdü.
- Hə, o hansı rəngdədir? - ruhani soruşdu.
- Mis rəngində.
- Bir də bax!
Dözülməz ağrıdan bir dəqiqə sonra milis gözlərini əliylə örtdü. Örtüb qışqırdı.
- Qaranlıq oldu! Batyuşka, günəş qaraldı!
Ruhani sakitcə maşına tərəf yollandı...
- Eşidirsən? - dəniz soruşdu.
- Eşidirəm, - Günəş cavab verdi.
- Bu, həqiqətdir?
Axmaqlıqdır! Məgər insan məni dərk edə bilər?
- Sən ki, onu yaratmısan! - Dəniz gülümsədi.
- Doğru deyil! Onun yaranmasında mənim iştirakım olmayıb. Mənim gəlişimdən əvvəl o, var idi. Onu mən yox, o, özü- özünü İnsan adlandırıb. Mən heç bilmirəm o, kimdir, haçan və haradan gəlmişdir!
- Delfin, delfin! Mən qağayıyam! Sizin sağ tərəfinizdə böyük balıq sürüsü var! - vertalyotdan Senyerə radioqramma verdilər.
- Mən Delfinəm! Sizi başa düşdüm! - Seynerdən cavab verdilər. Həmin saat dənizə nəhəng tor buraxdılar. Dənizin mavi səthində ağ nişanlar oynamağa başladı.
- Uzağa gedin, adamlar sizin arxanızca gəlirlər! - Dəniz balıq karvanını xəbərdar etdi. Sürü istiqamətini dərhal dəyişdi.
- Delfin!
Kosyak sola gedir. Kursu günəşin əks istiqamətinə götürün! Günəşin əks istiqamətinə! Balıqçıları vertolyotdan xəbərdar etdilər. Seyner kursunu dəyişib günəşin əks istiqamətinə getməyə başladı və balıq karvanının qabağını kəsdi.
- Dərinə gedin!
Dərinə! - Dəniz çağırsa da artıq gec idi. Balıqlar torda idilər.
- Təbrik edirik! - vertolyotdan ismarıc göndərdilər.
- Sağ olun! - seynerdən cavab verdilər.
- Bu da axırı! - Dəniz dərindən ah çəkdi.
Toru qaldırdılar. Dənizin rəngi bir-birinin ağırlığından əzilmiş balıqların qanından alqırmızıya çaldı. Ağ qağayılar göyərtə üstündə dövrə vurmağa başladılar. Balıq həvəskarları sahilə tələsdilər. Günəş qızıl əliylə tordan bir çəngə balıq götürüb parıldayan gümüşü pul kimi göyərtəyə səpələdi.
- Allahın bəxş elədiyi hər gün belədir! - Günəş Dənizə şikayətlənib qanlı əllərini suya saldı. - Allahın bəxş etdiyi hər gün!
Dəniz ah çəkdi. Saat birlə dörd arası adamlar sahildən yoxa çıxdılar, sanki, torpaq onları udmuşdu. Sonra yenidən onlar gizləndikləri yuvalarından çıxıb səhər saat altıdan birə kimi nə etmişdilərsə, onunla da məşğul olmağa başladılar. Yüngül, ağ buludların üstündə uzanan Günəş gözucu yerə baxırdı. Axşama yaxın Günəş artıq istirahətə getməyə hazırlaşanda Dəniz sakitcə söylədi:
- Sənin səhər tərk etdiyin insan öldü...
- Necə? Öldü? Yox oldu? - Günəş kədərləndi.
- Yox. Adamlar yox olmur və qurtarmırlar.
Bəs ondan nə qaldı?
Bədbəxt atası və bədbəxt arvadı.
- Daha heç nə?
- Bir də başa çatdırılmamış bir fiqurun eskizi qalıb. Balaca, yarımçıq eskiz...
- Kimin fiqurudur?
- Bilmirəm, başsızdır...
- O, necə görünür?
Fiqurun hündür qaməti, yuxarı uzanmış gözəl əlləri var. O oxuyurmu, rəqs edirmi, üzürmü, uçuşa hazırlaşır, yaxud kimisə qucaqlayırmı, bilmirəm... Bəlkə də kiminsə yanına qaçır və ya kimdənsə qaçır. Bilmirəm...
- Görən, nə fiqurdur?
- Bu haqqda heç kəs bilmir. Öz düşüncələrini də insan özü ilə aparıb.
Adamlar özləri də bilmirlər ki, nə istəyirlər, - Günəş söylədi.
- Belə demə! - Dəniz etiraz etdi.
- Ölüm qabağı o, nə istəyib? - Günəş soruşdu.
- Hava! - Dəniz cavab verdi.
- Bəs sonra?
- Verdilər.
- Bəs sonra?
- Çatmadı!
- Hava çatmadı? - Günəş təəccübləndi.
- Çatmadı! - Dəniz ah çəkdi. Günəş sakit-sakit buludların arxasında gizləndi. Dəniz xəfifcə həyəcanlandı. Yatmamışdan qabaq Günəş bir daha Yerə baxdı. Lakin o çox aşağı durduğundan Günəşin batmasını gözləyən adamları - kişi və qadınları ayırd etmək mümkün deyildi. Bir-birinə oxşayn adamlar qumun üstündə uzanmışdı, onların isti bədənlərindən buxar çıxırdı. Onda Günəş uzun qızıl əlini uzadıb sahilə atılmış tirə toxunduraraq Dənizdən soruşdu:
- Bunu indi çıxarmısan, yoxsa mən diqqət yetirməmişəm?
Son beş ildə bu tiri Dəniz o qədər görmüşdü ki, daha ona diqqət də yetirmirdi. İndi isə Dəniz ona baxıb gülümsədi:
- Bu tir deyil, Günəş, bu insandır!
- Soruş ondan, o, burda nə edir?
- Lazım deyil... Mənim hər sualıma o xahişlə müraciət edir... onun istəkləri sonsuzdur... Axı o nə istəyir?
- Haçansa, o, məndən yaxşı hava istəyirdi. Sonra ağac, sonra balıq, qum, duz - daha sonra torpaq istədi... Artıq otuz üç ildir ki, o, oğlunun qaytarılmasını istəyir. Mən onu hardan tapım?!
- Əgər bu insanın oğlunu sən onun əlindən almısansa, sən də qaytarmalısan!
- Mən yox! Onun oğlunu başqası yox edib, amma günahı mənim boynuma atmışdır!
- Ona de ki, onunla danışmaq istəyirəm.
- İnsan! - Dəniz yaş əliylə onun yalın ayağına toxundu. - Günəş səninlə danışmaq istəyir. İnsan susurdu. Məni eşidirsən, İnsan? Mən Günəşəm, səninlə danışmaq istəyirəm!
- Danış, mən sənə qulaq asıram! - İnsan Günəşə çəpəki baxıb cavab verdi.
- Mənim dilimi başa düşürsən?
- Sənin də, Dənizin də dili mənə aydındır.
- Niyə ona cavab vermirsən?
- Hər şeyi mən ona gənclik illərində söyləmişəm... İndi mən ondan bir şey - oğlumu qaytarmağı istəyirəm!
- Sən mümkün olmayanı arzulayırsan!
- İanə istəmirəm, mənə aid olanı tələb edirəm!
- Sən qürurlusan İnsan! - Günəş söylədi.
- Bəli! Mən vüqarlı və güclüyəm! - İnsan cavab verdi. - Sən nəyə qadirsən?
- Hər şeyə! Mən dənizi quruda bilərəm. Meşəni səhraya çevirə bilərəm. Həyatı söndürə bi-lərəm...
- Daha nə? - İnsan güldü.
- Daha? İndi bax, görərsən! - və Günəş birdən ocağa çevrildi, sonra bardağa döndü, sonra göbələyə, sonra dovşana, sonra dovşanı yeyən canavara çevrildi: sonra fil, pələng, şir oldu. Bir anın içində çar tacı forması aldı. Nəhayət, yenidən Günəş oldu. - Tezliklə mən gedərəm, dünya qaranlığa bürünəcək. Bil, İnsan, qaranlıq da mənəm! Mən hər şeyəm! - söyləyən Günəş yorğun halda göyün kənarına uzandı.
İnsan gülümsədi.
- Sən nəyə gülürsən, - Günəş soruşdu.
Hər şeyə! Bu mənəm-İnsan! - o cavab verdi.
- Doğrudan? Bəs necə sübut edəcəksən?
- İstəsəm, sən yox olarsan, Günəş! Sən məndə yaşayırsan. Mənim bir hərəkətim lazımdır ki, sən yox olasan. Bax! - İnsan əliylə gözlərini yumdu. - Sən artıq yoxsan!...
- Sən həyasızsın, İnsan! - Günəş qışqırdı.
- Bəli! - İnsan razılaşdı. - Amma mən hələ hamısını deməmişəm. Mən səni parçalaya, xırdalaya, toza döndərə bilərəm! Bax! - İnsan barmaqlarıyla göz qapaqlarını uzatdı.
Və birdən Günəş hiss etdi ki, o, İnsan gözlrində parıldayan xırda hissəciklərə parçalandı. Günəşin nəfəsi darıxdı.
- Burax məni, İnsan! - Günəş yalvardı.
İnsan əllərini gözlərindən çəkdi. Günəş rahat nəfəs aldı.
- Bəs, mən sənə nə deyirdim? Kainat - İnsandır və sən də ona xidmət edirsən. Sən indi məni tərk edib, qardaşım insanın yanına gedirsən, sabah isə yenə bura qayıdıb mənə xidmət edəcəksən.
- Əgər qayıtmasam, necə?-Günəş soruşdu. Amma onun səsində inam yoxuydu.
- Qayıdacaqsan! Düz saat altıda qayıdagaq və bütün günü mənə xidmət edəcəksən!
- Eşidirsən? - təhqir olunmuş Günəş Dənizə müraciət etdi.
- Eşidir! - Dənizin əvəzinə İnsan cavab verdi.
Mürügüləyən Dəniz hər şeyi eşidirdi. Amma cavab verməyə tənbəllik edirdi. Və özünü yatmış kimi göstərməyə başladı. Günəş hirsləndi. İnsanın acığına o, yenidən geri qayıtmaq istəyirdi. Lakin Zaman - hər seyə və hamıya hakim olan zaman öz sözünü deyirdi. Günəş isə artıq yarıya qədər suda gizlənmişdi. Və onda Günəş öz sözünü demək üçün tələsə-tələsə qışqırdı:
- İnsan! Dünyada hamının öz yeri var! İnək bilir ki, o otlamalı və torpaq üstdə yaşamalıdır; delfinə bəllidir ki, həyat üçün ona dəniz verilib, yemək üçünsə - balıq; quşa uçmaq və ağaclarda yatmaq ayrılıb, böcəklərə qarnı üstə sürüşüb yuvalarında yatmaq qismətdir... Təkcə sən gəzirsən, axtarırsan, özünə yer tapmırsan, heç vaxt rahatlıq tapmırsan! Sakit ol, İnsan! Ya quruda, ya suda, ya da havada yaşa! Sən necə varlıqsan, İnsan! Sən hardan gəlmisən? Sən nə istəyirsən? Nəyə can atırsan?
İnsan Günəşin bu sözlərini eşitmirdi. Çünki o, artıq üfüqün arxasında gizlənmişdi. Sonuncu dəfə parlaq göy cismi gözünün ucu ilə boşalmış sahilə baxdı. İnsanın yanında onun kiçik oxşarı dayanmışdı. İnsancığaz.
- Baba, sən kimlə danışırsan? - İnsancığaz soruşdu.
- Öz-özümlə nəvəciyim! - İnsan cavab verdi.
- Bax, Baba! Günəş yaşıl işıq saçır! - «Günəşin yaşıl işıqlarını görən xoşbəxt olacaq» - atalar sözüdür deyən İnsan, mehribancasına İnsancığazın başını tumarladı. Günəşin gizləndiyi yerdə hələ bir müddət də yaşıl parıltı qaldı. Amma uşaqdan savayı adamlardan heç kəs onu görə bilmədi...
Sabahısı düz saat altıda Günəş yenidən doğdu, qızıl diadema kimi Ertsaxu dağını bəzədi.

Tərcümə: Sərraf Talıb



Baxış sayı - 2 053 | Yüklənmə tarixi: 08.10.2016 09:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031