manera.az
manera.az

Hər kəsin Tanrısı var... -Hekayə | MANERA.AZ

📅 03.10.2016 13:30

Hər kəsin Tanrısı var... -Hekayə | MANERA.AZ
Yaşar Bünyad

HƏR KƏSİN TANRISI VAR
(hekayə)

...Kilsə zəngləriylə əzan səsi şəhəri yuxudan oyatdı...

Geriyə baxmadan , tanıdığı dolanbac küçələrdən götürülərək , boğanaq şəhərdən çıxdı. Nəfəsi daralanacan , tövşüyə-tövşüyə qaçır, özü də bilmədən, çoxdan yadırğadığı, bəlkə də unutmaq istədiyi ifunət mənbəyi olan bu “məzarlığa” sığındı; yaxınlıqdakı nəhəng meqapolisin iti, pişiyi, siçovulları hökümranlıq elədiyi zibilxanaya : əli ətəklərdən, əlacı Allahdan kəsilənlərin də son ümid yeriydi buralar...

Azad idi.Bəlkə də bu, ona elə gəlirdi...

Sonu görünməyən qarmaqarışıqlığda , artıq heç nəyə yaramayan gilli torpaqla illərin, bəlkə də onilliklərin çürüntüsüylə “yoğrulmuş” qalaq-qalaq köhnə, təzə zibil təpəcikləri günbatanacan uzanırdı.

Əvvəllər buraları yaxşı tanıyırdı. Bilirdi ki , bura , yurdsuz-yuvasız, özbaşına can gəzdirən sahibsiz it-pişiklərdən savayı , insanlar da pənah gətirir ; doğmaları tərəfindən ev-eşiyi qəddarcasına əllərindən alınmış, təhqir edilərək qovulmuş qocalar, düşkün əyyaş bomjlar,bər-bəzəkli yapon gəlinciyi kimi donuq şəhərə yaraşmayan, cır-cındır içində gəzən qaraçı uşaqları, onlardan da betər sahibli səfillər...Adları daimi qeydiyyat kitabçasından əbədi silinmişlərin bəziləri son məzaracan güvəndikləri bu məkanın dərinliklərində özlərinə “ev-eşik” də qurmuşdular. Onlar, nəhəng meqapolislərdə çoxları üçün adi görünən səhər günəşinin doğmasına , təsadüfən, axşamın sərinində qalaq-qalaq zibil tayalarını yaydıqca uğultusu qulaq batıran ağır buldozerlərin tırtılları altında xırd-xəşil olmadıqlarına uşaq kimi sevinər, yeni günün sahibinə əl açardılar...
Ardı-arası kəsilməyən nəhəng zibil maşınlarının bura yan almasını səbirsizliklə gözləyən insanların çoxu, gözləri yox, qarınları doyunca yemək istədiklərindən burdaydı; təmənnasız , minnətsiz bir tikə üçün. Axı ən ucuz traktir, kafe sahibləri öz keyfiyyətsiz qəlyanaltısını, bəzən, hətta satılacağına ümid qalmayan, vaxtıötmüş , ucuz balıq tikəsini də onlara qıymayıb, it kimi çölə qovurdular ; ust-başlarından hürkərək...İnsafsızcasına, heç allahdan da qorxmadan!...Axı zillət içində sülənən bu məxluqlar , ətirli-makiyajlı, kraxmallı köynəkli, fraklı bəyzadələrin qənşərində kim idi ki?! Müqəvva?! Bəlkə elə, zibil?! Geniş mənzillərin mətbəxindəki gizlin yerdə, ağzı qapalı vedrələrdə parıltılı sellofan torbalara yığılıb sonda atılan zibil!... Bir vaxtlar mandatla toxunulmazlıq zirvəsinə qalxaraq fağır milləti zəlil edənlərə səs vermək səlahiyyəti olanlar indi , ancaq onildənbir keçirilən əhalinin siyahıyaalma anketində statistik rəqəm idilər. Quruca rəqəm!..

Səliqə-səhmanı, rəngarəng reklam şitləri olsaydı, bəlkə də , çeşid bolluğuna görə iri supermarketlərdən fərqlənməzdi bura; israfçı bəylərin, dəbli butiklərdən geyinən harınlamış xanım-xatunların bəyənmədiyi bir az əzik, balaca çürüyü olan meyvə-tərəvəz, iki-üç saat satış vaxtından ötmüş cürəbəcürə təamlar, oyuncaqlar, köhnə mebel, pal-paltar, qab-qacaqdan tutmuş, tutacağı azca çat vermiş bahalı “GİLLETTE” üzqırxanı, yarımçıq ətir və adekolnlar, qutusu əzik “NİVEA” kreminəcən vardı burda.Hələ çeşid-çeşid çörək-bulka məmulatlarını, şirniyyatları demirəm...Kimə zibilxana, kimə isə əsl xəzinəydi!

Həftədə bir dəfə xüsusi geyimli adamlar buranı dezinfeksiya etsələr də , zəhərli kimyəvi maddələrə qarşı imunitet yaranmış gəmiricilərin sonuna çıxa bilmirdilər ki, bilmirdilər. Milyonlarla insan məskunlaşmış şəhərin , baxdıqca göz qamaşdıran göydələnlərinin zirzəmilərində doğub çoxalan , lağım ataraq metro tunelləri boyunca , kanalizasiya və infrastruktur şəbəkələrdə qayğısız əl-ayaq açan bu , insanı vahiməyə salan gəmiricilər, şəhər böyüdükcə artıb çoxalır, yerləri darlıq edəndə bura axışırdılar... Çox vaxt, gün döyüb qaxac olmuş zibilləri yandırırlar. Bax , onda da min bir qoxu tüstüyə qarışıb havaya sovrulurdu...

Maşınlar yüklərini boşaldıb uzaqlaşan kimi hər kəs qabaqcadan bölüşdürülmüş ərazisinə hücum çəkir. Buranın öz yazılmayan qanunları var və heç kəs bu qanunları pozmağa cürət etməz -siçovullardan başqa. Burda da hər şey adi həyatdakı kimi bəxtə-bəxtdi ; kimi əlacsız dərdə tutulur, kimi sərvət sahibi , kimi də qəfil güllənin qurbanı olur. Hə, burada, hərdən-birdən güllə də açılır . Əsasən də gecələr-dünya ölüm yuxusunda olarkən...

Danışırlar ki, doqquz il əvvəl, Mövlud bayramı ərəfəsində , vərəmə tutulmuş Timur adlı oğlan , ərazisinə boşalan tullantıların arasında , içi ağzınacan qızıl-brilyantla dolu mücrü tapmışdı, üstündə də bir parça kağız. Orda yazılmışdı: “ Bu mənim nişanlıma bağışladığım toy hədiyyəsiydi. Bəyənmədiyi üçün geri qaytarıb. Qudurğan ..! Ondan zəhləm gedir! Zəhləm gedir!!!...Onu görməyə gözüm yoxdu! Elə , bu zibilləri də!..” Təsəvvür edirsən, Timur ,həmən “ zibillərin” hesabına vərəmdən qurtulub, ev-eşik sahibi olub, hələ evlənib də. Özü də, burda tanış olduğu Məryəmlə...Onu da deyirlər ki, hər Mövludda , Timur arvadı və ekiz oğlanlarıyla bura gəlir, elə bir ziyafət təşkil edir ki!.. Axı ,Timur, zibillik kralı idi !..

O qədər də uzaq olmayan nəhəng meqapolisdə yekəqarın , qudurğan əmilər gur işıqlı kazinolarda viski gillədərək milyonlarını əritdiyi bir vaxtda , tanrının üz döndərdiyi binəva səfillər bəxtlərini, qismətlərini gör harda sınayırdı !.. Rəngarəng paketləri, göz oxşayan qutuları hövsələylə , gözdən heç nə yayınmasın deyə diqqətlə yoxlayır, lazım olanı torbasına yığır , növbəti maşın gələn kimi ona sarı cumuşurdular. Elə həmən səbir və təmkinlə... Gec də olsa bəxti üzünə gülmüş , əfsanəvi Timur kimi yaşamağı kim arzulamazdıki?!
***
İki gün gecə-gündüz var-gəl etdi. Səfillər məmləkətinin “sakinləri” hərə öz işiylə məşqul idi. Gözləri öyrəşmişdi hər gün it-pişiklə rastlaşmağa.
Elə bil onlardan biriydi, özgə deyildi. İndiki üz tutmağa yeri yox idu, özünə sanballı bir guşə, yağışdan-qardan qorunmaq üçün daldalanacaq tapmaq gərəkdi. Hələki yaydı, birtəhər keçinmək olar, amma qarşıdan payız, qış gəlirdi...Daha insanlardan imdad gözləmir, bu xasiyyətlə ona sahib olacaq birisinin qənşərinə çıxacağına da ümid etmirdi.Tanrısına təpik atanın yeri harda olmalıdki?!

“Belə getsə, vegeterian olacam ! Bax da, ucu-bucağı görünməyən bu genişlikdə leş də qəhətə çıxıb. Əvvəllər ,nəinki eşşəyi, atı, iti-pişiyi, hətta xəstəlikdən ölən inək-camışın da leşini bura atardılar.Əvvəllər...Elə bil son vaxtlar heyvan-qara ölmürdü, qəhətə çıxmışdı ...Bəlkə ...bəlkə leşxanalar açılb, xəbərim yox?!...”

Pis öyrənmişdi. Zibillikdə vaxtı ötmüş kolbasa və sosislər çox olurdu, amma General , bişmiş , halal məhsullara öyrənmişdi. Əlacsız qalsaydı, bilirdi ki, lap o sososləri də dişinə çəkər, amma iy verib iylənirdi, həm də isti vurduğundan vakkumlu paketin içində göm-göy göyərib bişməcə olmuşdu.”Fuuu!!!”

Dişinə ət dəymədiyindən xifət eləyib səxavətli xozeynini yada saldı. Fikirləşdi ki, görəsən, səfərdən qayıdıb məni həyətdə görməyəndə, o da üzülüb, heyfislənib? Görəsən insanlar da heyvanlar kimi isinişib sevdiyinə həmişə sadiq qalmağı bacarır, ya yox?..Cavan xanım mənim dalımca nələr danışıb, adıma nələr qoşub ?... Bilsəydim...Keçirdiyi xoş günlər üçün darıxdı . Qızılı nimçəsi, şampunlu vannası, kəlməbaşı yalan danışan qulluqçu qız , geniş otağı, yay mətbəxinin yanındakı taxta evciyi yadına düşdü. Bir də qızardılmış mal əti.

Sahibinə xəyanət etmədiyinə peşiman deyildisə də, bundan sonrakı cəhənnəm əzabını, çəkəcəyi zilləti göz qabağına gətirib ulu babaları kimi ulamaq istədi. Uladı da...

Çox keçmədi ki, göy üzü ulduz zəmisinə döndü, ay bərqləndi, cansıxıcı bürkü ətrafdan çəkildi . Sərin gecə asta-asta qucağını açırdı...Bircə bu, iy-qoxu olmayaydı.

Bütün günü qənimət axtaranların səsi-sorağı kəsildi; elə bil od saçan günəş kimi qüruba çəkildilər...
Asta-asta, həvəssiz, ay işığında uyuyan kəhkəşanının tilsiminə düşübmüş kimi baş alıb gedirdi. Kim bilir, bəlkə ulduzları sayırdı, bəlkə aya vurulmuşdu...

Generalın burnuna toxunan qoxuydu, yoxsa, qulağınamı səs dəymişdi? Getdikcə də yaxınlaşırdı -səs də, qoxu da.

Ala, qəmli gözlərini göylərdən çəkəndə “köhnə zibilxana “ deyilən yerə çatdığını gördü. Şəhər salınan vaxtlarda çökəklikləri, kiçik gölməçələri doldurmaq üçün buradan daşınan torpağın yerində geniş yarğanlar əmələ gəlmişdi. Bax , sonralar həmən yarğanları şəhərin zir-zibiliylə doldurdular. Yağış suları tullantılara qarışdı, tullantılar üst-üstə qalaqlanıb ifunətə çevrildi və şəhər böyüdü, insanlar çoxaldı, zibilxana da genişləndi, genişləndi... İndi , istəsələr də ,köhnə zibilxana yerinə yaxın düşə bilmirdi maşınlar. Çünki bura şossedən çox aralıydı; yükü yol qırağına boşaltmaq rahat olduğu halda , boş yerə yanacaq yandırmaq axmaqlıq olardı axı. Bir növ, gözdən uzaq , könüldən iraq ... Generalın şəklənmiş qulaqlarına dolan səs də, qoxu da tanış gəldi. Ay işığında silueti aydınca bilinən , üstünə göyümtül brizent çəkilmiş, meyvə-tərəvəz yeşiklərindən, qalın karton qutulardan düzəldilmiş “ev”dən bu ölü səssizliyə yayılan insan pıçıltıları onu özünə çəkirdi. ”Evdə” yanan şam işığının titrəyən şöləsi qapını əvəz edən şəffaf sellofan örtüyün üzərində oynayırdı. Elə pıçıltılar da...

-Saş...
-Hə, mənim kraliçam.
-Hələ də unuda bilmirəm...
-Nəyi?..
-Ax, Saşa, Saşa , əlbətki onu...
-Axı nəyi ?
-Sən lap zaylamısan, Aleksandr Petroviç!..Arada fikirləşirəm , yaxşı ki, o vaxtlar sənə qoşulub qaçmadım.
-Niyə?

- Axı, ilk öpüşü, ilk sevgi etirafını necə unutmaq olar?! Yoxsa...yoxsa bu yuxuydu?...Ah,o vaxtlar necə də qızğın idin.
- Hər gün eyni şeyləri deyirsən. Gör neçə il keçib, Dusya...

-Cəmisi əlli doquz il , altı ay...Yeddincidə oxuyurdum.Sən qoca da doqqucuncuda... Oo-oyy, Saşenka, necə romantik idi!..
-Hə, səni idman zalında, qızların duşevoyunda yaxalamışdım...Heç unutmaq olarmı?!...

İkisi də xeyli susdu. Kimsə onları qəfildən dinləsəydi , yəqin ki, bu çılğın ehtiraslı pıçıltı sahiblərini , heç birinə bəlli olmayan səbəbdən qovuşa bilməyən ahıl insan deyil , şəhərin səs-küyündən baş götürüb qaçmış dəliqanlı sevgililər olduğunu zənn edərdi. Sükutu qadın pozdu:
-Saşa, məni sevirsənmi?
-..........................
-Mən axmaq, həmişə səni sevmişəm.İki dəfə ərdə olsam belə...
-Bağışla,Dusenka.Mən ...mən əsl yaramaz olmuşam .

-Ax, Saşa, Saşenka ...Elə əvvəlki Saşasan. Biyöndəmin biri!..Nə özünü sevdirməyi bacardın, nə də əməlli öpüşməyi...
İlahi, onlar necə də xoşbəxt idi!

General , illər sonra , özü də , qeyri-adi şəraitdə qismətlərinə birləşmək düşmüş bu ilıq duyğulu “sakinlər”in işığına sığındı; əyri-üyrü komacığın arxasında bir küncə qısılıb yuxulamağa başladı...
***
“Ulduzlar soyuqdu, yoxsa torpaq?”

General , qaxaca dönmüş karton qırıqları, əzik-üzük “Koka-kola”, “Pepsi” bankaları, etiketlərini çoxdan gün yandırmış plastik su butılkaları arasında vurnuxan siçovulların xışıltısına ayılanda gecədən xeyli keçmişdi. Komada səs-səmir kəsilmişdi, deməli qoca sevgililər uyuyurdu. Bir az kənara çəkildi. Ağzının seliyi köpükləndiyindən ac olduğunu yəqin etdi. Əlbəttə , əlindən içinin piyini əritməkdən savayı bir şey gəlirdi ki?.. Dilini uzadıb burnunu yaladı. Dünyanın ən aciz, ən zay məxluqu olduğunu düşündü birdən. Əmin oldu ki, gənc xanımın xəyanətinə göz yumsaydı, evə kimin gəlib- getdiyini vecinə almasaydı , hələ də, bir yeyib beş sədəqə verirdi. Yoxsa , nəyin qəhət idi, haran göynəyirdi ?... Son vaxtlar qarmaqarışıq yuxular da rahatlıq vermirdi. (Caynaqlarının altı stresdən tərlədisə, deməli pis yuxu görüb). Dikəlib, soyuq sudan çıxıbmış kimi silkələndi. Ətraf , ulduzlu yorğanın altında mürgü döyürdü...
***
Şosse ilə şəhərəsarı tək-tük maşınlar şütüyür...

Burun dəliklərindən axan acı su ağzının seliyinə qarışdı. Hər yan yem ilə doluykən, elə bil General üçün , dilə vurulası, dişə çəkiləsi şey qəhətə qalmışdı. Hannan-hana , dili sallana-sallana, burnu iy çəkə-çəkə, yola tərəf, axırıncı boşalan maşınların yerinə çatdı.Yarıdan çoxu eşələnmiş iri zibil topasının ətrafına fırlandı.

Birdən, bir cüt gur işıq seli havada oynadı, gah nöqtə kimi görünən ulduzların arasında əridi, gah buz üstə sürüşən uşaq kimi guruppultuyla yerə çırpıldı, sonda divardan yapışaraq tarazlığın güclə saxlayan sərxoşsayaq zibil topasının üstündə donub qaldı. Bu , şossedən dönüb , əyri-üyrü torpaq yol ilə zibilxanaya gələn maşının işığıydı. Gecənin bu dəmində gələn çağırılmamış qonaq maşını əylədisə də, hələ işığı keçirmədi. Bir vaxtlar, elə bu zibilliyin həndəvərində bəxti gətirmiş General, bəlkə də , yeni xozeyinə rast gələcəyi barədə düşünər, gedib-getməyəcəyini götür-qoy edərdi, əgər, faralardan axan sarımtıl işıq selinin “öpüşdüyü” yerdə yonulmuş, polietilen plyonkaya bükülü ağappaq toyuq onun gözlərinə girməsəydi! Lap market vitrinindəki kimi , necə də iştahlı görünürdü bu toyuq ! Bayaqdan onu narahat edən maşını allah yetirmişdi.Elə ruzusunu da!

Heç düşünmədən toyuğa sarı atıldı , iti dişlərini onun yağlı döşünə keçirib zibil topasının qaranlıq tərəfində gözdən itdi.
Həmən an faralar da qapandı. Başı, didib-parçaladığı toyuğu acgözlüklə yeməyə elə qarışmışdı ki, bilmədi , maşının iki qapısı birdən aşılıb çırpıldı, yoxsa ...

***

-Çox uzağa qoyma ! - Əsəbi kişi səsiydi.

-Bəlkə...Qurban olum, Ruslan, günaha batırma məni...-Qadının səsi titrəyir.

-Bitdi! Danışdıq axı...Başımı çöndərmə, yoxsa ...

-Yaxşı, yaxşı...Axı...Bəlkə...Gəl...

-Uzatma!..

-Ba-car-mı-ram...

-Məni cin atına mindirmə, sənin ananı..! Tez elə, yoxsa səni də... burda buraxıb gedərəm, qurd-quşa yem olarsan!

-Ruslan...

-Çəkmə adımı!.. Tələs..!

-İlahi, bu nə zülümdü...?!

-Sənə demişdim...mənə problem yaratma. Demişdim?!

Qadın için-için ağlayır.

-Demişdimmm?!

-Hıı...

- Zarıma!...Qoydun?.. Gedirik...Maşına..!

Kişi gecənin sakitliyinə elə bağırdı ki, sanki ulduzlar çilik-çilik olub yerə səpələnəcəkdi.

Nəhayət , General da hürdü.Sanki, “buralar sahibsiz deyil” demək istəyirdi. Qadın bərk qorxdu. “Ay it!...Cəhənnəm ol!.. Toxunma ona!” deyə qoyduğu əmanətdən uzaqlaşdırmaq üçün çığırdı, yerdən nəsə götürüb ona tərəf tulamazladı. General əsəbiləşdi. Mırıldadı. Bir də hürdü. Kişi:
-Tez maşına otur!-Bağırdı.-Bircə bu çatmırdı...

Qapılar çırpıldı, mator işə düşdü, faraların sarımtıl işığı ətrafa yayıldı.Çox keçmədi ki, maşını dalınca qovan işıq ağzını şosseyə tuşladı. General bu dəfə maşının arxasınca cumub hürdü, hirslə, hikkəylə hürdü, yolun kənarındakı səbəti unutduqları üçün hürdü...

Gözdən itən maşının geri dönəcəyini gözləmək mənasız idi. Boşluqda guruldayan hürüşməsindən özü də usandı. Tövşüyə-tövşüyə geriyə, atılmış bağlamaya sarı addımladı. Ürəyi çırpınırdı . Dilini çənəsi üstünə sallayaraq toxtamaq istədi. Dayanıb qarşısındakı səbətdən yayılan, bu yerlərə yad zərif süd qoxusunu burnuna çəkdi. Bir az da yaxınlaşdı. Toxunma səbətin içində dünyanın, insanların, sevginin , nifrətin varlığından bixəbər , səliqəylə bələnmiş məsum bir körpənin gözləri parıldayırdı. Harda olduğunu anlamasa da qaranlıqdan ona zillənmiş parıltılı yad baxışdan diksindi, bəlkə həmişəlik anasından ayrıldığını hiss etdiyindən qorxdu. Döş axtarırmış kimi qızılgül ləçəyinə bənzər dodağını açıb -yumdu, havanın boşluğunda süd qoxulu döşün giləsini duymadı, ağzını büzdü, bələyində qurcalanıb etiraz əlaməti olaraq , əvvəlcə hıqqıldadı, sonra qəfildən , gur səslə ağlamağa başladı...

Gecənin “yuxusu” qaçdı...

General nə edəcəyini bilmirdi. Heç belə zibilə düşməmişdi !

Lap körpə olarkən, hürməyi bacarmadığı üçün, qəzəblənib (pis söyüşlərlə) üzünə söyən, onu neçə dəfə azdırmaq istəyən Kərim kişi yadına düşdü.Əslində , Kərim kişini yadından çıxarmırdı. Ata-anası “Kamaz”ın altında qalanda qorxudan dili tutulan Generalın (onda adı-zadı yox idi, adi küçük idi) xilaskarı çobanlar olsa da, onu Kərim kişi böyütmüşdü. Südü süd, əti ət, sümüyü sümük, söyüşü də bolluca. Hürə bilmədiyi üçün söyərdi, çünki əsəbiydi, çünki söyməyi xoşlardı.Həm də o , təklikdən əzab çəkirdi.Sevgisizlikdən...

General , səbətdə çığıran körpəyə baxdı. Onu sakitləşdirmək üçün başını gah sağa, gah sola döndərdi, ilıq, nəm dilini sifətində gəzdirdi. Deyəsən bu, körpənin xoşuna gəldi.Sakitləşdi.

Səbətin qulpunu dişinə alıb ehtiyatla qaldırdı.Nəhəng palıd budağından asılmış yelləncək kimi möhkəm çənəsindən sallanan səbəti axşamdan sığındığı komanın ağzında yerə qoyandan sonra rahatlandı.Yumşaq polietilenlə örtülmüş “qapı”nı burnuyla aralayıb boylandı ; içəri dolan yad nəfəs şamın zəif şöləsini oynatdı. Ahıl sevgililər mışıl-mışıl uyuyurdu.

“Ham!..Ham-ham-hamm!”-General , sahibsiz körpəni təslim edəcəyi burdan etibarlı yer tanımırdı.
***
-Bu kimdi?.. Sa-şa!? Oyan görüm, Saaşş...İlahi!...-Qadın , kabus görürmüş kimi , gah iri qıllı başını içəri soxmuş vahiməli iti, gah da, onun ayaqları arasında qoyulmuş səbəti süzərək yanında uzanmış kişiyə qısıldı. Qorxuyla birgə boğuq sarımtıl şam işığı sifətini eybəcər hala salmışdı.”Sa-saşenka!” deyə kal səs çıxardı.Kişi yerindən qalxdısa da , bir şey anlamayıb qadını sinəsinə sıxdı və bu dəm körpə sancılı kimi ağlamağa başladı. İt də “ham” dedi.

Körpənin ürək dağlayan naləsini eşidəndən sonra ,elə bil qadın cana gəldi, sanki xatirə burulğanı onu qoynuna alaraq unutduğu, bəlkə də unutmaq istədiyi keçmişinə apardı. O da bir vaxtlar ana olmaq arzusuyla yaşamırdımı? Olmuşdu da. Birinci ərindən oğlu – Vasyası vardı; İki yaş tamamında metaləritmə sexində baş verən partlayışın qurbanı olan ərindən...Sonralar -üç il yas saxlayandan sonra- bir yaşlısına vuruldu. Evləndilər. Düşündü ki, özünə ömür-gün sirdaşı, yetiminə sahib çıxacaq. Sən demə onun uşaqlardan zəhləsi gedirmiş. Ona, işdən qayıdarkən qabağına isti borş, qızardılmış katlet qoyan arvad gərəkmiş! Ar-vad, başqa heç nə!... Beləcə, Vasyanı internata vermiş,analığına, gəncliyinə xəyanət edərək o vaxta kimi yaşamışdı ki, ərinin birinci arvadından olan oğlu peyda oldu, ömrüboyu aliment verməyən atasına hədə-qorxu gələrək ikiotaqlı mənzilini ələ keçirib özünü də evdən qovdu!...Atılmışların üsyanı dəhşətli olur, dəhşətli!...

Üstündəki nazik adeyalı kənara ataraq əlini səbətəsarı uzatdı. “İlahi!” deyib , yazıq-yazıq uşağa baxdı; “Deva-Mariya, sən özün kömək ol!” .Xaç çəkib körpəni ehtiyatla əllərinə aldı.Bələyin altında salfetə bükülü nəsə vardı.Açdı. Plastik əmzikli butulkaydı, içində də süd. “Bu lap göydəndüşməydiki!”
Butulkanın əmziyini körpənin dodağına sürtüşdürən kimi o, kiridi.Süd qoxusun duyub çənəsini işə saldı. Kişi də uşağa sarı əyildi. Kobud barmağını onun yanağına sürtərək oxşadı :”Tu-tu-tuu...Mu-mu-muu...U-tu-tu-tu...”

Qadın onu dürtməklədi.

-Saşenka,sən uşağı qorxudursan. ..Kobud!..Gör necə əmir, Saşa...Acgöz...Allah bilir nə vaxtdan acdı.-Qadının gözləri doldu.-Mənim Vaskam da doymaq bilmirdi-döşlərimi yara eləmişdi...

Uşağın kiridiyini görüb rahatlanan General , onu saya salmayan qocalara burda olduğunu bildirmək üçün bir ağız hürdü. Sonra da inciyibmiş kimi başını çölə çıxardı.Gecənin bu vaxtında sahibsiz itin südəmər uşaqla hardan peyda olduğunu hələ də anlaya bilməyən kişi onun dalınca çıxdı ; komanın arxasında böyrü üstə uzanan köpəyin məzlum gözlərinə baxdı.

-Ağıllı köpəy, ağıllı..!-deyib, başını, boynunu tumarlayaraq onun yanındaca çömbəldi.- Bura hardan gəlib çıxmısan, aa?...Sahibsizə bənzəmirsən, qaçmısan, ay şərəşur?! .. Uşağı hardan tapmısan?.. Oğurlamısan?...Din dəə...Adın da, yəqin , Kaştandı, ya da...ya da, Muxtar, hə? Ooo... multikdi, yox, kino var ee, hansıdı?...Zəhirmara qalsın, belə yaddaş!...Hə, danış da...Dinmirsən?
Qadın içəridən səsləndi:

-Saşa, indi də iti incidirsən? Axı o , danışa bilmir . Yaxşısı budu, gəl ,kalbasadan-zaddan ver, yesin. Yəqin acdı ,fağır...

***
Yəqin ki , hər yerdə səhər eyni cür açılmır...

Aleksandr Petroviç , onun huşsuzluğundan istifadə edərək təzə, daha geniş mənzil almaq üçün bir neçə sənədə imza atdırıb, mərkəzdəki mənzilini satdıqdan sonra onu eşiyə atan kürəkəniylə dava-dalaş salıb bura sığınmışdı. Heç pensiya kartını da götürməmişdi Yeganə qızının xoşbəxtliyi naminə əclaf kürəkənini polislə hədələsə də, onsuz da əlindən heç nə gəlməyəcəyini anlayıb susmuşdu, çünki kürəkəninin əli hər yerə çatırdı, çünki o, özü polis idi...Bir də, sevimli qızına gün verməyəcəyindən qorxurdu.Əclafın biridi.

Uğursuz ilk məhəbbətiylə-Dusyayla , şəhərin aliqarxlar yaşayan məhəlləsindəki zibil qutularından qənimət axtararkən rastlaşmış, handan-hana biri-birini tanıyıb, əvvəlcə binaların zirzəmisində, ordan qovulandan sonra dairəvi şossenin körpüsünün altında , indi də mərkəzi zibilxanada özlərinə “ev-eşik” qurmuşdular. Bütün məhrumiyyətlərə baxmayaraq çox xoşbəxt görünürdülər! Aleksandr Petroviç belə qərara gəlmişdi ki, qismətinə düşən həyatının son illərini, bəlkə də son günlərini yaşayan ,əldən düşmüş qoca üçün başı-qulağı dinc olmaq ən böyük səadətdi. Heç kimə boyun əymədən, minnətsiz ...İstəsəydi qocalar evinə sığınardı, ən azından metro keçidlərində dilənər, pul qazanardı; əl açan qocaya sədəqə verənlər tapılardı. Amma özünə sığışdırmadı. Keçmişinə boylanıb dilənməyi ar bildi özünə Aleksandr Petroviç!..Burda onu heç kim tanımırdı.
***
Səhər açılan kimi gələn ilk maşının qənşərinə çıxdı; gün ərzində topladığı metal tullantılarının müqabilində ona iki kanister içməli su, kofe, şam və bir butulka araq gətirmişdi. İndi vəziyyətin dəyişdiyini sürücüyə danışdı, xahiş etdi ki, ikinci reysdə iki-üç paket süd və pampers gətirsin.

Özünü ,sürücüylə söhbətləşən kişiyə çatdıran General, onların o üz, bu üzünə keçib zingildədi. Kişi ,Generalın boynunu tumarlayıb düşündü: “

Boynunda xaltası olmasa da, dəqiq, əl itidi...Hansı insafını allah kəsmiş onu azdırıb? Bəlkə , incidiblər yazığı? Heç vaxt bu itə rast gəlməmişəm axı?...

Bəs zavallı körpə? Onun günahı nəydi?...O ki ,ana südündən də pakdı!... Belə çıxır ki, körpəni xilas etmək üçün bu iti də Tanrı özü göndərib bura?!

...Vallah, möcüzədi!...”

Su qablarını, ərzaq paketini götürüb komaya sarı getdikcə qarşısında gah qaçan, gah da şıltaq uşaq kimi atılıb-düşən Generalı süzərək gülümsədi. Bəlkə də bu neçə vaxtda ilk dəfəydi belə məmnun göründü Aleksandr Petroviç.” Yüz adama dəyərsən!”- pıçıldadı.

Zibilxananın dərinliyindəki komasına çatanda gördüyü mənzərədən yorğunluğunu da tamam unutdu; Yevdakiya Zaxarovna , uşağı qucağında yelləyərək layla deyirdi. lap Rafael Santinin madonnası kimi...

General özünü dünyadakı bütün canlıların xoşbəxti sandı.Əgər gecə yuxusunu qarışdırıb durmasaydı, zibilxana boyu vurnuxmasaydı, körpəni görməsəydi , quduzlaşmış zibilxana itləri, siçovulları bu süd qoxulu gecə qonağını necə qarşılayardı?

Generala elə gəldi ki, o, indicə dil açıb danışacaq ! Hürməyəcək, yox, danışacaq.Əsl insan kimi. Öz halını unutmuş ahıl kişiyə, yatmış analıq , qadınlıq hissləri oyanan , canfəşanlıqla məsum körpəyə himayədarlıq edən qadına “çox sağ ol!” deyəcək, əllərindən öpəcək, ayaqlarına düşəcək.. Ancaq, ilıq nəm dilini körpəni sinəsinə basmış Yevdakiyanın qırışmış əllərinə sürtə bildi , istəsə də bir söz deyə bilmədi, çünki, gözləri nəmliydi - ağlayırdı General...
***

Şənbə günü axşam azanıyla kilsə zənginin “öpüşdüyü” hava qaralırdı.

Generala elə gəldi ki, Kərim kişi can verəndə uladığına bənzər səs dəydi qulağına. Boz-bənövşəyi tükləri üşəndi. Özünü ələ almaq üçün silkələndi, qulaqlarını dik tutub ətrafı dinlədi. Tükürpədən ulaşmaya bənzər səs yolun kənarından gəlirdi.Dözə bilmədi. Komanın astanasından başları körpəylə əylənməyə qarışmış qocaları süzdü, komanı dövrə vurdu və qəfildən səsə tərəf götürüldü...

Ağlını itirmiş bir qadın , zarıya-zarıya ,nəyisə axtarırmış kimi, yolun kənarıyla gəzinir, yanıqlı “ah-uf”yla ürək dağlayırdı. Ətrafda nə maşın , nə bir canlı görünürdü. General, sinəsində bir təlatüm duydu.Sanki balaca ürəyi qopub ayağı altına düşəcəkdi.

“Ham!!...Ham-ham-hammm!”-Axşamın alatoranını diskindirən bu səsdən qadın qorxdu. Bir ara hıçqırtısını içində boğub əllərini sinəsinə sıxdı.Heykəl kimi quruyub qaldı.Sonra ,yavaşca , aşağı əyilib nəsə qamarladı, ehtiyatla qəddini düzəldib əlindəkini zibilliyəsarı tolamazlayaraq boğuq səs çıxardı:”Ay it...İtil, itil burdan!...”

Səsi qorxudanmı, yoxsa , qaranlığın vahiməsindənmi , bir az da boğuldu...

General , sanki onu haylayan əlacsız qadının axşam vaxtı nə axtardığını anlamış kimi toxdadı. Ləhləməkdən sallanan dilini çənəsinə sürtərək mırıldadı. Bir də hürdü. İnsan olsaydı, “gedək, gedək mənimlə, səni körpənə aparım”- deyərdi. Ancaq General, neçənci dəfəydi it olduğuna peşiman göründü.

Qadın , itin xoş niyətini anlamışdı; “arxamca gəl” deyirirmiş kimi, irəli cumub , gahdan dayanaraq geri baxmasından ...Ürəkləndi. Handan –hana , yerə mıxlanmış ayaqlarının keyi açıldı. Əvvəlcə asta-asta, sonra yüyürək , itin getdiyi səmtə üz tutdu; biyöndəm yerin çala-çökəklərinə, narahat çəkmələrinə ilişən zir-zibilə fikir vermədən irəliləyirdi. Ona yol göstərən it , yosma komanın qənşərində dayananda, qadının damarlarında qanı dondu: kimsə , yanıqlı-yanıqlı layla deyirdi. Dünyanın çirkabı cəmlənmiş bu məkan ay işığındanmı, sevimli körpəsinə layla deyən qadının həzin laylasındanmı gözəlləşdi? Gənc qadının ürəyi daha sürətlə döyünməyə başladı.

Generalın, ev sahiblərini xəbərdar etmək üçün ağız dolusu hürməyilə , qucağında mışıl-mışıl uyuyan körpəylə Yevdakiyanın koma ağzında görünməyi bir oldu. Gənc qadın onu bələyindən tanıdı.Qarşısında canlanan mənzərə , günlərlə ağlamaqdan yaşı qurumuş gözlərinə nəm saldı. Nazik donunun altında bala dodağına həsrət , südlə dolub daşan döşlərinin gilələri sızıldadı. ”Bu mənim tifilimdi!”-deyə qışqırmaq, nalə çəkmək istədi. Boğazı qəhərdən qurumuşdu, səsini özü eşitdi. İndi başa düşdü ki, bu it , körpəsini ölümdən qoruyan mələk imiş!..”İlahi, bu ki ,möcüzədi!..”

Titrək əllərini körpəyəsarı açdı.Yevdakiya , yenicə isinişdiyi bu məsum varlığı vermək istəmirdi sanki; bir az da sinəsinə sıxdı, amma, nə fikirləşdisə, ananın iztirablarına son qoymaq üçün , ehtiyatla, bir az tərəddüdlə , bayaqdan havadan asılı qalmış qollarının üstünə qoydu.Ananın mavi gözlərinə işıq , ürəyinə toxtaqlıq gəldi.

-Tanrı sizi qorusun!-Titrək səslə deyib, bağrına basdığı körpəsiylə Evdakiyanın qarşısında diz çökdü - bir zamanlar, ana olacağını biləndə , kilsədə şam yandırıb çarmıxa çəkilmiş İsanın qənşərində çökdüyü kimi...

Ahıl qadın titrəyən əlini onun başına çəkdi.

-Dur,-dedi,-qızım, sən neynirsən?! Belə olmaz!...Mən...mən Tanrı deyiləm... Mən...mən, əslində , heç kiməm, heç kim...

Gənc qadın ayağa qalxıb ,onu öz anası kimi qucaqladı. Kənardan iki talesiz qadını seyr edən Aleksandr Petroviç , çömbələrək, günahsız körpənin məchul gələcəyini fikrləşib Generalın boynunu tumarlayırdı...

***

Acgözlüklə anasının döşünü əmən körpə tamarzı qaldığı halal ruzusundan əl çəkmək istəmirdi...

Sanki öz doğma balasına qovuşmuş Evdakiya , uzun illərdən bəri unutduğu Tanrısına şükürlər diləyirdi...

Aleksandr Petroviç , hələ də Generalın boynunu qucaqlayaraq oxşayırdı...

Uzaqda- aldadıcı, gözqamaşdıran işıqlarıyla , gecə-gündüz hay-küyüylə nabələd insanları özünə cəlb edib içində boğan nəhəng şəhər növbəti səhərinə göz açırdı...

Öz övladına qovuşmuş gənc ana əzildiyi, qovulduğu şəhərdə görə bilmədiyi sevgini tapdığına görə necə də xoşbəxt idi!..

Min illər boyu, ancaq ümidsizləri haraylayan kilsə zəngləriylə azan səsi açılmaqda olan havaya qarışaraq , yuxulu varlıqların qulağına dolmaq üçün bağlı qapıları, pəncərələri döyəcləyirdi...















Baxış sayı - 1 559 | Yüklənmə tarixi: 03.10.2016 13:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031