Teleaparıcı: "Sözün əbədiliynə inanıram" /MANERA.AZ
Azərbaycan ədəbiyyatından, incəsənətindən çox danışmaq lazımdır. Ədəbiyyatı və kültürü sevdirmək həm də onları gündəmə gətirməklə mümkündür. Qərara aldıq ki, Azərbaycan ədəbiyyatı və jurnalistikasının, incəsənətinin tanınan insanları ilə ədəbi və kültür mühitindəki hər şey barədə danışaq.
MANERA.AZ-da hər həftə yayımlanacaq “Ədəbi Künc” silsiləsinin bu dəfəki müsahibi teleaparıcı Murad Əzimzadədir.
- Bizim “küncümüzdə” ədəbiyyatsevər olaraq deyəcəklərin maraqlıdır.
- Adətən futbolda küncdən zərbələr bir komandanın qol ümidi olur. Müəyyən hədəflərimizi bizi sevənlərə, bizim tamaşaçılarımıza çatdıracağımız üçün düşünürəm ki, “Ədəbi Künc” də bizim qolumuza səbəb olacaq.
- İlk öncə bir az işlərdən bəhs et, yeniliklər var, necə gedir həyat?
- İşlər yaxşıdır. Yeni kanaldayam, yeni layihə var, yeni tanışlıqlar, yeni insanlar var. Ümumiyyətlə, bu yeniliklər rəng qatır həyatıma.
- Yeniliyi çox sevirsən?
- Yeniliyi sevirəm və düşünürəm ki, hər bir insan sevməlidir. Yenilik insana yaşam gücü verir, onun həyatını stimullaşdırır, insan yenilik vasitəsiylə öz yaşamında yaradıcı funksiyasını yüksəldə bilir.
- Cəmiyyətimizdə yeniliklərə qarşı aqressiyanın olması fikri ilə razısanmı?
- Bizdə aqressiya yeniliyə yönəlməyib. Biz bir-birimizi sevmirik. Cəmiyyət olaraq sevgimiz azdır. Gündəlik məişət qayğılarından ya şəxsi həyatdakı uğursuzluqlardan dolayı sanki insanlara nifrət edirik, hətta mən bunu psixoz da adlandırardım. Biz bir-birimizi görəndə əsəbləşirik, hamıya aid olmasa da. Biz sanki bir-birimizi görmək istəmirik. İnsanlar istədikləri, arzuladıqları həyatı yaşaya bilmədikləri üçün bunun acığını aqressiya ilə digərlərindən çıxırlar.
- Bəs sən? Özündə də varmı bu aqressivlik?
- Mən ancaq əsəbləşəndə aqressiv oluram. Bu da normaldır, canlı, bioloji varlığam, ətrafıma da əsəbləşə bilərəm, ailəyə də, işdə də əsəbi ola bilərəm. Deməzdim ki, çox aqressivəm. Cəmiyyəti müşahidə etdikcə də əsəbləşirəm. İnsanların kitaba olan marağının az olması xüsusilə məni aqressivləşdirir. Adi etiket qaydalarına riayət etməyən insanlar da məni əsəbləşdirir. Kimsə adi bir saqqızı yerə atanda aqressivləşirəm, siqareti maşının pəncərəsindən çölə atan insan görəndə, primitiv etiket qaydalarını dərk etməyəm adamlarla rastlaşanda əsəbləşirəm.
- Bayaq həyatdan narazılıq məsələsini vurğuladın. Öz həyatından razısanmı?
- Təbii ki arzuladığım həyat deyil. Ən azından hər axşam yatanda düşündüyüm rəngli həyat üçün çalışıram. Tək çalışmaqla deyil, gərək ətrafımda da düzgün insanlar olsun. İşimlə bağlı narazılığım yoxdur, amma o yaradıcı insanlara xas olan təklik, sıxıntı, depressivlik məndə də var.
- Sən həmişə mənə deyirsən ki, yazmaq istəyirəm. Arada həm də nəsə yazıb paylaşırsan da. Efir adamı olaraq yazıya və yazmağa olan bu tələbat nədən qaynaqlanır?
- Təəəsüf edirəm ki, sosial şəbəkələr var. Bu şəbəkələr insanın yazmaq aclığını məhv edir. Həvəs tükənir. Yazdıqlarım sosial şəbəkə sərhədindən kənara çıxmalıdır, buna görə yazmaq istəyirəm. Gənclik yaşantımı və sair yazmaq istəyirəm. Bəlkə də kiməsə yeni başlanğıc ya son ola bilərəm. İstiqamət üçün, kiminsə əvvəli yaxud finalı olmaq üçün yazmaq istəyirəm.
- Populizmə münasibətin necədir?
- Çox pisdir münasibətim. İnsanların tanımağı xoş hissdir, amma insanlar tanıyır deyə çənəni dik tutmaq axmaqlıqdır. Elə efir adamları var, insanlar onları tanımır, çünki içlərini tamaşaçıya çatdıra bilmirlər, özləri olmurlar, ona görə də tanınmırlar onları.
- Sən kitab oxuyursan, xeyli sayda da oxunmamış kitablar var rəfində, oxumayan həmkarların səndə qıcıq yaradır?
- Əllidən çox alıb, hələ oxumadığım kitab var indi evimdə. Gərgin iş qrafiki, şəxsi problemlər imkan vermir ki, hamısını bitirim. Hansısa tay-tuşum şəhərə çıxanda brend geyimə qaçır, amma mən kitab mağazalarından zövq alıram, yeni kitablar alıram və rəfimdə yeni kitabların olmağı və onları yavaş-yavaş oxumaq fikri məni məmnun edir. Bir köynək alasıyamsa, bir ay köynəksiz keçinirəm, amma mütləq hansısa yeni kitabı almalıyam. Amma oxumayan həmkarlarım və teleaparıcılar mənim üçün problem deyil, özlərini zənginləşdirmirlər sadəcə.
- Azərbaycan jurnalistikası səncə ədəbiyyatımız üçün ləngidici faktordurmu? Televiziyalara meyil ədəbiyyatı sıradan çıxarırmı?
- Aqşin Evrənlə müsahibəndə də bu məsələyə toxunmuşduz. Yaradıcılıqda sədd yoxdur. Yaradıcılığa mane ola bilərlər, amma bir insan şeir ya roman yazacaqsa, heç kim əlindən tutmayacaq onun. Yazsın, sandıq ədəbiyyatı etsin özü üçün. Hüseyn Cavid faktorunu unutmayaq. Saytlar, televiziyalar yaradıclığa mane olmur. Yazarların saytlarda baş redaktor kimi çalışmasına çox normal baxıram. Əfsuslar olsun ki, yerli yazarların kitabları baha qiymətə satılmır, tirajlanmır, bu, bir az da onların öz günahıdır. Sən bir kitab yazırsansa, bunun marketinq tərəflərini də fikirləşməlisən. Bizim ədəbiyyatçılar ciddi əsər yazdığını düşünüb kütləvilikdən təsəlli ilə qaçır. Hamı istəyər onu hər kəs oxusun. Ancaq beş-on nəfər üçün mən ciddi yazıram demək və kütləyə çıxa bilməmək mənə səmimi görünmür.
- Televiziya adamlarının ədəbiyyata münasibətini sən necə görürsən? Ədəbi gündəmdə baş verən hadisələrdən məlumatlıdırlarmı?
- Kitab oxuyan media nümayəndələri, xüsusən gənclər çox azdır. Yerli yazar və şairləri də əksəriyyət tanımır. Mənə elə gəlir ki, yazmağı bacaracaq adamlar ədəbiyyatı tanıya bilirlər. Mən şeiri, Nazim Hikməti, Cemal Süreyyanı sevirəm, onlardan təsirlənib, özüm də şeir yazıram arada. Ədəbiyyatı özüm cızma-qara edə bildiyim üçün sevirəm, həm də ədəbiyyat vurğunuyam. Televiziya adamının mütaliəli olub-olmamağını dərhal sezə bilirəm.
- Kimləri bəyənirsən həmkarlarından?
- Çətin və maraqlı sualdır. Çox ad çəkə bilərəm, amma mənə sənət baxımdan daha doğma olan sima Rafiq Haşımovdur.Rafiq Haşımov nə yaxşı ki efirdə olub. Savad baxımdan bu gün Turan İbrahimovun adını çəkə bilərəm.
- Ətrafında yazı-pozu adamları çoxdur yoxsa televiziya simaları?
- 9 ildən artıqdır ki, peşəkar televiziyadayam. Televiziya adamları ətrafımda çox azdır. Ədəbiyyat simaları ilə də tanışlığım var , Amma o qədər də yaxın deyiləm. Mən hər iki tərəfdə bir yarımçıqlıq görürəm. Rəqabətdən daha başqa şeylər var hər iki sahədə. Dostluq etdiyim ədəbiyyat adamı və televiziya işçisi yoxdur, sən, Rahil Sayadoğlu və Nazim, Elçin kimi dostları çıxmaq şərtilə.
- Sənin həmkarın Turan İbrahimov ötən müsahibələrindən birində deyirdi ki, ətrafında şou adamları yoxdur, o, yazı adamları ilə dostluğu daha önəmli sayır. Sənin bu prizmadan fikirlərin maraqlı gəldi sadəcə.
- Şou adamı artıq başqadır. Yaradıcı adamlara can atıram, istər ədəbiyyatçı olsun, istər televiziyaçı.
- Dünya ədəbiyyatından kimləri sevirsən?
- Banal səslənə bilər, Dostoyevski, Çexov, Tolstoyu-bütünlükdə klassik rus ədəbiyyatı möhtəşəmdir, Markes və Bulqakovu, Orxan Pamuku da sevirəm. Nazim Hikməti çox sevirəm, amma onun şəxsi həyatı ilə bağlı müəmmalar məndə həmişə bir kölgə kimi qalır. Ailəsini qoyub getməsi, qadınından qaçması və sair ciddi məqamlardır. Şairin, yazıçının qadınlarının sayı bilinməz deyirlər.(gülür) Şair, yazar sevməlidir ki, yenilənsin, yenilənməliir ki, yeni əsərlər yaza bilsin. Amma istənilən halda Nazim Himətin seçimləri mənə yaddır. Şairin sevgisi platonik olanda daha güclü yazır.
- Nazimin insana sevgisi daha böyük deyildimi?
- Onun insana sevgisi qadından başlayırdı. Onun üçün ən öndə duran qadın, uşaqlar və bəşəriyyətdir, dünyəvi şairdir, həmişə şeirlərində bir problemi göstərirdi. Bir məsələ də var ki, kişi qadın sevməlidir da, yəni, tam şərh vermək də olmur hardasa. Sevgi yaşanmayanda daha çox yazdırır.
- Şəxsi həyat yaradıcılığı qiymətləndirmədə rol oynaya bilməz axı...
- Nazim Hikmətdən bəhs ediriksə, rol oynamalıdır. Nazimin yaxşı şair olduğunu hamı qəbul edir, amma onun şəxsi problemləri onun haqqında neqativ fikir yaradır. O, axı belə etməməli idi, övladının yanında olmalı idi. Bir övlad səninkidirsə, anasını sevməsən belə, övladı atasız qoymamalısan.
- Nəzm sənə daha doğmadır ya nəsr?
- Tural, şeir anlıqdır. Amma nəsr ömürlükdür. Biz bir şeiri oxuyuruq, havasına düşürük, amma mən “Yüz İlin Tənhalığı”nı oxuyanda üç ay, dörd ay onun təsirindən çıxa bilmədim. Dostoyevskinin “Cinayət Və Cəza”sını oxuyanda intihar həddinə belə çatmışam. Şeir daha axıcıdır, amma nəsrin təsir gücü daha böyükdür. Şeir yadda qala bilər, amma təsir gücü zəifdir nəsrə baxanda. Roman, hekayə, povest daha samballıdır.
- Şeir yazmağını müşahidə edirik, paylaşırsan da arada, amma ciddi münasibətin yoxdur öz yazdıqlarına.
- Qələmi alıb şeir yazmıram. Anlıq hisslər gəlir, insanların reaksiyasını yoxlamaq üçün paylaşıram. Xanımlar daha yaxşı reaksiyalar verirlər şeirlərə. Dünyəvi nəsə yazanda reaksiya vermirlər, amma sevgi və sair daha ciddi qarşılanır təəssüf ki. Feysbukdakı şeirlərim ciddi deyil, eksperimentdir. Televiziya işi mənə yazmağa imkan vermir. Həyatımı qaydaya salıb, yazmaq istəyirəm. Roman yazmaq istəyirəm. Beynimdə ideyalar var. Bəlkə də kiçik şeirlərimdən ibarət bir kitabça çıxartdım, sonra nəsrə keçdim. Mənim 27 yaşım var, nələr yaşadığımı ailəm daha yaxşı bilir. 27 yaş ədəbiyyat üçün qeyri-səmimidir. Öz nəsrini yazmaq üçün bir yaşın, yaşantın olmalıdır. Mən yaşadıqlarımı ədəbiyyat bazası kimi yığıram. Mən əzabı sevirəm, özümü depressiyaya salıb, seyr edirəm. Hamını müşahidə edirəm, fahişəni də, yarpağı da.
- Mən anlamıram ki, niyə ədəbiyyat üçün mənəvi sarsıntı faktor olmalıdır. Necə izah edə bilərsən bunu?
- Aqşin Yeniseyin bir fikrinə rast gəldim ötənlərdə, məğzi belə idi ki, mənəvi ağrısı olmayan insan dahi ola bilməz. Qatılıram. Bir insan avtomobil sürə bilmirsə, onu idarə etməkdən danışa bilməz, bir insanın ata-anası ölməyibsə, o hissi izah edə bilməz. Biz ayın çıxmasından danışmamalıyıq artıq. Aqşin deyirdi ki, necə unuduluram? Bu şeiri yazmaq üçün o hissi yaşamalısan, mütləq unudulmalısan. Şeir şairi axtarmalıdır. Romanda isə ideyanı özün tutursan. Müşahidələrimi hekayərə də çevirmək istəyirəm. Ədəbiyyat sınağı sevir. İnsan uğur qazanmaq üçün ən dibə vurmalıdır. Ən dibdən yenidən uğura qalxmalısan. Televiziyada nə zaman bitəcəyimi deyə bilmərəm, amma ədəbiyyat üçün 35 yaşımda hazır olacam. Məni necə tanıyıırlarsa, tanısınlar, əsas odur yaradıcı adam kimi yaddaşlarda qalım, televiziya və ya ədəbiyyatda olmağımdan asılı olmayaraq.
- Çağdaş Azərbaycan ədəbiyyatında bəyəndiyin şairlər və yazarlar kimlərdir?
- Aqşin Yenisey. Dəfələrlə adını çəkmişəm, övladlarım olanda da deyəcəm. Aqşin Evrən də mükəmməl yazır. İlk dörd misrada onun şeiri insanı sarsıdır. Çox bəyənirəm onu, heç vaxt ünsiyyətdə olmamışam amma. Yazarlardan Şərif Ağayarı, Kəramət Böyükçölü oxuyuram. Və Qismətin də adını çəkim. Salam Sarvan isə ayrı bir yerdədir. “Ad gününə gül dərmək üçün sinəmə çəkdiyin dağa çıxıram” deyən bir şairdir.Dəyərlidir. Ramiz Rövşəni də sevirəm, Şəhriyar Del Geraninin də şeirlərini oxuyuram . Əsəd Qaraqaplanın trilogiyası da maraqlı idi mənə.
- Sən niyə ədəbiyyat adamları ilə yaxın deyilsən bəs?
- Vaxt olduqca, özəl günlərdə görüşürdük. Pis nəsə baş vermədi, sadəcə qələm nöqteyi nəzərindən özümü kiməsə bənzətməkdən qorxdum. Bir də ədəbi intiriqalar mənim xoşuma gəlmir. Bizim yazarlarımızın müğənni və şou-biznes cameəsindən fərqi beyin və yazıya önəm verməsidir, belə şeylər olmamalıdır.
- O vaxtlar AYO-AYB müzakirələri var idi. Səncə yenilikçi yazarlar oturuşmuş ədəbiyyat adamlarından nə istəyirdi?
- Gənclər yəqin ki, nələrsə istəyirdilər. Bu diqqət ola bilər, yenilik ola bilər. Anar yazıçı kimi mənim bəyəndiyim yazarlardandır. Onu ədəbiyyatımızda dana bilmərik. “Beşmərtəbəli Evin Altıncı Mərtəbəsi”, “Ağ Qoç, Qara Qoç”u necə dana bilərik ki? Hədəf xalq yazıçısı olmamalıdır, ədəbiyyat olmalıdır həmişə. Seymur Baycannla da ünsiyyətimiz olub, ədəbiyyatı yaxşı bilir. O, oxucunun diqqətini çəkə bilir.
- Aqşin Evrən də Nazim Himəti sevir. O deyirdi ki, hansısa şairdən böyük olmaq istəsəm, Nazimdən böyük olmaq istərdim. Şair şairdən böyük ola bilərmi?
- Mənim ədəbiyyat üçün qəlbimdəki yer o qədər böyükdür ki, orada böyüklük davası yoxdur. Orada hamıya yer var, əli qələm tutan, xalqa xidmət edən hər kəsə yer var.
- Televiziya ədəbiyyatı tanıtmağa borcludurmu?
- Əlbəttə mənəvi öhdəlik deyil. Amma tanıda bilər televiziya yazarlarımızı. Mirmehdi Ağaoğlunun “Alman Malı” hekayələr kitabı “ATV Kitab” layihəsi çərçivəsində çıxmışdı, şair Səlim Babullaoğlunun rəhbərliyi ilə. Bu özü dəstək deyilmi?!
- Ədəbiyyatçılar efirlərdən uzaq durur?
- Bu problem var. Verilişin formatından, çağırılanların kimliyindən asılı olmayaraq şair və yazarlar efirlərdən qaçmamalı, xalqla birbaşa ünsiyyət imkanlarından özlərini məhrum etməməlidir. Yaradıcı adamlar cəmiyyətdən küsüb, havaya girməməlidir. Özünü göstərməli və təqdim etməlisən. Mediadan küsmək lazım deyil. Orhan Pamuk müğənnilərdən də varlıdır. Amma Türkiyədə əhali sayı faktoru da var. Bu gün Elif Şafakı burda oxuyuramsa, deməli, o, bizim oxucuya təsir edə bilir. Bizim yazarlarımız da bu tendensiyaya keçməyi bacarmalıdır. “Patriarxın Payızı” ilə Markes insanı dəli edir, bizim yazarlarımız da bacara bilər.
- Kitab yazsan, tamamlanma müddəti necə olar?
- Bilmirəm, bəlkə də həyatımda bircə kitab yazdım. Bəlkə də tamamlanmamış öldüm. Bir kitab yazmalıyam və bir film çəkməliyəm, yoxsa ölmək istəmirəm. Film mənəvi borcumdur, kinorejissorluq ixtisasımdır, kitab isə ədəbiyyat sevgimdən qaynaqlanır. Əzabdan zövq alıb vaxtında yazmamaq bəlkə də içimə xəyanətdir, bəlkə də tirajlamaq üçün hələ tezdir. Arada kitab bitirə bilmirəm təəssüf, Can Dündarın kitabını hələ də bitirə bilmirəm işlərdən.
- Bir qadınla sosial şəbəkədə danışırıq saatlarla bəzən. Amma günlərlə kitab oxumuruq. Saxtakar deyilik, kitabdan danışan adamlar olaraq?
- Haqqlısan, saxtakarlığımız da var. “Tatar Çölünü” də hələ də oxuya bilməmişəm. Mütaliə hamı üçün vacibdir, istər rejissor olsun, istər montajor. Komandada isə müxbir, redaktor, aparıcı üçün xüsusi lazımdır.
- Filmdən danışdın. Bu çəkmək istədiyin film hansısa əsərdən olacaq?
- Öz yazacağım kitaba film çəkmək istərdim. Yalçın Əəfəndiyev və Tofiq İsmayılov kimi müəllimlərim qarşısında borcumdur mənim. Serdar Akar da Tofiq müəllimin tələbəsi olub, istedadlı insan idi.
- Cəhənnəmi təsəvvür edirsən?
- Nə varsa, bu həyatda var. Əksər insanlar bu dünyada öz düzənini qura bilmir, niyə cənnət və cəhənnəmi düşünür ki? Nəfəs aldığın kainatda yarımçıqsansa, gülümsəyə bilmirsənsə, söz deyə bilmirsənsə, nə cənnət, nə cəhənnəm?
- Ruhun əbədiliyinə inanırsan?
- Sözün əbədiliynə inanıram. Söz əbədi olanda həm ruh olur, həm cism.
- Hansı musiqilərlə aran var?
- Alternativ və akustik rok, pop, caz, milli musiqilər. Musiqi təhsilim var, özümü meloman sayıram. Meladzeni, Teomanı, Dumanı sevirəm. Dumanı üsyankar gənclik sevir daha çox. İnsan bir az sakit, bir az dəcəldir. Bir az da üsyankardır.
- Hansı yaşda ölmək mənasızdır?
- Hər yaşda. Yaşamaq istəyən insan üçün ölüm həmişə mənasızdır.
- Sevgi əzabından çox danışırsan. Sevgi insanı yaradıcılıqdan uzaqlaşdırmırmı?
- Başqa bir mərhələyə keçirir. Mən də hiss eləmişəm bu dadlı və şirin mərhələni. O mərhələdə şedevr də yarada bilərsiz, heç nə yazmaya da bilərsiz. Sükutla hissinin qanına qarışıb cismində dövr etməsini müşahidə edərsən...
- Boş vaxtında nə edirsən?
- Kitab, film. Arada sizin kimi dostlarla xəngəl yemək də maraqlıdır, Qara Dəniz sahilində olmaq da. Baxır hala.
- Mentallıq nədir?
- Mentallıq uzun ya gödək geyim, oğlanın sırqa taxması deyil. Mentallıq vicdandır.
- Cəsarət yaxud əzmkarlıq?
- Riski sevirəm mən. Bu risk də cəsarətdir. Risk boş çıxanda əzmkarlıq yarayır işə. Öncə cəsarət (risk), sonra əzmkarlıq .
Hazırladı:
Tural İsmayılov,
MANERA.AZ